USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xankəndidəki rus icması nə istəyir?

Yaxud Bordovun ətrafındakılar haqqında nekroloq əvəzi


https://img.baki-baku.az/news/2023/08/photo_7911.jpg

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Şuşanı nəzarət altına alıblar. Beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qa­rabağ, həm də ona bitişik rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissələri olublar, tərkib hissələridir... 

Heç kim Dağlıq Qarabağın statusunu, heç vaxt – nə o zaman, nə də indi, tanı­mır. Yeri gəlmişkən, Ermənistanın özü də tanımayıb... Mən artıq dedim ki, heç kim, hətta Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən nə deməkdir? O deməkdir ki, Azərbaycan özünün bildiyi və dünya birliyinin də onunku bildiyi əra­ziləri geri qaytardı”. 

Rusiya Prezidenti Vladimir Putin ölkənin Dövlət Televiziyasına müsahibə­sində 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı söz açarkən bunları bildirmişdi. Onun dediklərini nə üçün yada saldığı­mızın fərqinə mövzuya diqqət yetirdikcə varacaqsınız. Əlbəttə, sonda Rusiyanın dövlət başçısının fikirlərinə yenidən qayı­dacağıq. 

***

Qarabağda, necə deyərlər, aranın qa­rışıb məzhəbin itdiyi bir vaxtda separatçı rejimin “ictimai industriyasını” təşkil edən yerli rus icmasının təmsilçiləri də avantü­rizm naminə “züy tutmağa” girişiblər. Bəli, məhz “züy tutmağa”. Onlar sözügedən icmanın rəhbəri Aleksandr Bordovun ət­rafına yığışaraq, guya, “ölkənin” hazırkı çətin durumunun aradan qaldırılmasına öz “töhfələrini” vermək niyyətlərini ortaya qoyublar. Bununla bağlı keçirilmiş tədbi­rin erməni apostol və rus pravoslav kil­sələrinin ruhani atalarının xeyir-duası və dəstək sözləri ilə başlaması diqqət çəkir. Erməni kilsəsini anladıq, deməli, Rusi­yanın pravoslav kilsəsinin də toplantının təşkilinə xeyir-duası var imiş. Hər halda, erməni mediası belə yazır və mövcud du­rumda Rusiyadakı müqəddəs atanın təd­birə “dabro” verib-vermədiyini araşdırmaq lazım gələcək...

***

Mətləbdən yayınmayaraq bildirək ki, Qarabağdakı separatçı rejimdə fəaliyyət göstərən rus icmasının bölgə ilə bağlı ha­zırkı həssas məqamda ortaya düşməsi, heç şübhəsiz, ziddiyyətlərə özünəməx­sus rəng qatmaqdadır. Belə görüntü for­malaşır ki, kimlərsə Qarabağdakı azsaylı rusları “Azərbaycanın mümkün təcavü­zündən” qorumaq yolu tuturlar. O da mə­lumdur ki, bu mesaj Moskvaya ünvanla­nıb. Yaxud, kimlərsə görüntünün Rusiya rəhbərliyinə mesaj formasında çatdırıl­masında maraqlıdırlar. Yəqin, Kremlin Luqanskda, Donbasda və Krımda rusları müdafiə egidasını xatırlayıblar... 

Əlbəttə, separatçı rejim daxilində belələri az deyil. Onlardan olsa, Qarabağı da Rusiyanın tərkibinə qatarlar. Yeri gəl­mişkən, bu sayaq axmaq siqnallar ara-sı­ra ötürülür də. Ümumən, Qarabağın Rusiya bağlılığı qabardılır. Məsələn, bir müddət əvvəl rusiyalı Aleksey Muxin adlı “politoloq” sarsaqlamışdı ki, bəs, Ermə­nistan hakimiyyəti Rusiya ilə münaqişədə olduğundan, rusmeyilli Qarabağı Azər­baycana güzəştə getmək istəyir... 

Sözümüz odur ki, Qarabağ münaqişə­sində mütləq, belə demək mümkünsə, “rus özəyinin” yaradılmasına çalışılıb. Əslində, Aleksandr Bordovun 2021-ci ilin iyulunda icmaya sədr təyinatından sonrakı fəaliyyəti də bunu deməyə əsas verməkdədir. Bordov Rusiya mediasına müsahibələrində dəfələrlə əcdadlarının Qarabağla bağlılığını qabardıb. Əlbəttə, hərbçi nəslindən olan bu şəxsin bölgəyə dəxlinin olmadığını söyləmək doğru sa­yılmaz. Ancaq separatçı rejimin rəhbəri Arayik Arutyunyanın əraziyə nə qədər aidiyyatı varsa, Bordovun da eyni dərə­cədə var. Yəni, hər ikisi orada doğulub boya-başa çatıb. 

Ancaq onların heç birinin nə özləri, nə də əcdadları Qarabağı Azərbaycanın tər­kibindən kənarda görüb. Heç birinin keç­miş-keçənləri erməni dövləti adlı bir məf­humu ağıllarının uclarına gətirməyiblər. İndi siyasi hoqqabazlıq edib avantürizmin alətinə çevriliblər. Ən əsası, bu adamların ata-babaları Qarabağ ərazisinə 1828-ci ildən, yəni rus işğalından sonra gəliblər. Məlum olduğu kimi, o zaman ermənilərin bölgədə yerləşdirilməsi Osmanlı ilə Azər­baycan türkləri arasında xristian buferi yaratmağa hesablanmışdısa, Bordovun hərbçi əcdadları da həmin buferə nəzarət məqsədilə gətirilmişdilər. 

***

Arayiki bir kənara qoyub, bilavasitə Bordov üzərində dayanaq. Onun nə­sil-nəcabətini yada salması da siyasi avantürizmə hesablanmış yaramaz ge­dişdən başqa bir şey deyil. “Qarabağ xalqı” ifadəsini işlətməsi isə nəinki yara­mazlığın, eyni zamanda, alçaqlığın da kulminasiya nöqtəsidir. Həmin “xalqın”, guya ruhuna gücün və mətanətin hakim kəsildiyini iddia etməsi isə hədəfi separa­tizm olan ucuz populizmdir. 

“Biz xatırlayırıq ki, babalarımız və atalarımız üçün də asan olmayıb. Çünki müqəddəs Qarabağ torpağının bütün ta­rixi əcdadlarımızın öz torpağında azadlıq, yaşamaq hüququ uğrunda mübarizədir”, – deyə sərsəm fikirlər səsləndirən Bor­dovun məqsədi aydındır. O, heç də əbəs yerə çıxışında Rusiyanın Qarabağda mövcudluq tarixini yada salmır. Demək istəyir ki, Moskva bölgəyə yiyə durmalı­dır. Bu, aşkar təxribatdır.

Bordovun əcdad menyusu üçün onu da deyək ki, rəhbərlik etdiyi icma ilə bağ­lı məlumatda Qarabağ ərazisindəki rus kilsəsinin 1868-ci ildə inşa olunduğu və çar II Aleksandrın onun açılışında iştirak üçün Xankəndiyə gəldiyi yazılıb. Yeri gəl­mişkən, həmin məlumatda Xankəndinin 1923-cü ildən sonra Stepanakert adlan­dırıldığı da qeyd edilib. Bu da ermənilərin əcdad qədimliyinin “təsdiqi”. Yəni, adam oturub-durub özünün və ambisiyalarının müdafiəsinə qalxdığı ermənilərin əcdad­larından danışmamalıdır. Kimin Qaraba­ğın əsl sahibi olduğu əlahəzrət tarixdən yaxşı məlumdur. 

Əsrlər boyu (?) ermənilərlə ruslar ara­sında mənəvi bağların yarandığını deyən separatçı icma rəhbəri yaşadığı yerin Azərbaycan ərazisi olduğunu unutması bir yana, ölkəmizdə keçmiş postsovet mə­kanındakı ən böyük rus icmasının möv­cudluğunun da fərqinə varmır. Əlbəttə, belələri üçün Azərbaycanın rus icmasının Qarabağ münaqişəsindəki qəti, prinsipial və ədalətli mövqeyi tam əhəmiyyətsizdir. 

Bordov, onu da bildirir ki, hazırda “Qarabağ xalqı” ilə yanaşı, bölgədəki Rusiya sülhməramlıları da çətin vəziy­yətə düşüblər. Nəhayət, o, bu iki cinahın “barrikadanın eyni tərəfində dayanmalı” olduğunu deyib. Bu isə o deməkdir ki, rus sülhməramlı kontingenti ermənilərin Qa­rabağ avantürasına kömək göstərməlidir. 

Bəs, nə üçün Bordov belə danışa bilir? Nəyə görə Qarabağ ermənilərini, daha doğrusu, bölgədəki separatçılarla sülhməramlıları barrikadanın eyni tərə­finə yerləşdirir? Əlbəttə, icma rəhbərinin “ilham mənbəyi” var. Bu, elə həmin rus sülhməramlılarının özləridir. Daha doğ­rusu, Rusiya dövlətidir. Hər halda, Qa­rabağdakı hərbi kontingent bu dövlətə məxsusdur və onun hərəkətlərini koordi­nasiya edən Rusiya Müdafiə Nazirliyidir. 

Rusiya MN-dəkilər sülhməramlıla­rın Qarabağa əvvəllər saqqız, şokolad, dəftər-kitab, qələm, pampers, uşaq və qadın bezləri daşımaq kimi səlahiyyət­lərinə aid olmayan “şirinliklər” etdiklərini yaxşı bilirdilər. Onlar hərbi kontingentin zabitlərinin Bordov və separatçılarla bir­likdə 9 noyabr 2021-ci ildə, yəni Azərbay­can, Rusiya və Ermənistan lidelərinin üç­tərəfli bəyanatının imzalanmasından düz bir il sonra, Xocalıda rus kilsəsinin açılı­şında iştirakından da xəbərdar idilər. Bu, nə demək idi, hansı mesaj idi? Hamımıza çox yaxşı bəllidir. Elə ona görə də bu gün Bordov separatçılara qoşulub Rusiyadan, belə demək mümkünsə, mədət ummağa qalxıb. 

***

Sonda yenidən gələk Rusiya Prezi­denti Vladimir Putinin əvvəldə diqqətə çatdırdığımız fikirlərinə. Qeyd edək ki, 2020-ci ildə səslənmiş bu fikirlər Azər­baycan cəmiyyətində böyük rəğbətlə qar­şılanmışdı. Hər bir azərbaycanlı cənab Putinin məsələyə birbaşa, heç bir siya­si bəzək-düzəksiz qiymət verməsindən məmnunluğunu bildirmişdi. Hesab edi­rik ki, Moskvanın Qarabağı Luqansk və Donbas kimi təsəvvürə gətirməməsinin ən böyük göstəricisi elə dövlət başçısının məsələyə belə yanaşmasıdır. Arzulayı­rıq ki, Rusiyanın bəzi dairələri bordovları və digər qulbeçələri yuyulmamış çömçə kimi ortaya atanda Putinin söylədiklərini nəzərə alsınlar. Nəzərə alsınlar və dü­şünsünlər ki, Azərbaycan Qarabağdakı separatizmi tamamilə boğmağa qalxan­da ortalıqda qalıb əzilməsinlər. Həm də ona görə ki, onlar əslində, Azərbaycanın Qarabağ bölgəsində rus icmasının üzv­ləridir. Bizim onların keçmişləri ilə fəxr etdikləri əcdadları kimi, bölgədə qalma­larını, səhvlərini anlayıb ölkəmizin yuris­diksiyası altında yaşamalarını istədiyimizi yaxşıca düşünsünlər. Özü də çox tez bir zamanda.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV