USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağ və Nikol Paşinyan üçün “Troya atı”

1999-cu ilin parlament terroru, Ruben Vardanyan və tarixi təkrarlanmada Rusiya amili


https://img.baki-baku.az/news/2023/08/photo_7910.jpg

Qarabağdakı separatçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın bir müddət əvvəlki “Telegram manifesti”ndə Ermənistan hakimiyyətini devirməyə yönəlmiş çağırış ritorikası heç də adi məsələ sayıla bilməz. Bu, onu göstərdi ki, tarix təkrarlana bilər. 

Yəni, Ermənistandakı hakimiyyət təmsilçiliyində Qarabağ amilinin ön plana çıxma təhlükəsi var. Axı, uzun müddət bu tendensiya ölkənin siyasi mənzərəsini müəyyənləşdirmişdi. Əhali Koçaryan-Sarkisyan xuntasının illər ər­zində apardığı talançılıq siyasətinin şa­hidi olmuşdu. Ölkənin hakim “Vətəndaş sazişi” partiyasının deputatı Andranik Koçaryanın söylədikləri isə sanki təh­lükəyə qarşı müqavimət formalaşdırır. 

***

A.Koçaryan bildirir ki, Qarabağda problemləri həll edən gözəgörünməz oyunçular var. Ermənistan parlamen­tinin müdafiə və təhlükəsizlik komissi­yasının rəhbəri bu fikri dilə gətirərkən, R.Vardanyan amili üzərinə fokuslanır. Əvvəldə Rubenin “Telegram manifes­ti”ndən ona görə söz açdıq. 

Koçaryanın sözlərinə görə, Qara­bağdakı səkkiz nəfər (onlardan biri Var­danyandır – red.) separatçı rejimin rəh­bəri, “seçilmiş prezident” kimi qələmə verilən Arayik Arutyunyana qarşıdır. Deputat qəzəblənir: “Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anla­şılmazdır. Bəs qalan yeddi nəfər kim­lərdir? Qarabağın “seçilmiş preziden­ti”ni istefaya məcbur edən keçmiş və ya indiki məmurlar kimlərdir? Bilirəm. Bu məlumat ictimaiyyətə açıqlanmalı­dır”. Ancaq A.Koçaryan gizli məqamları açıqlamır. Ola bilər, Ermənistanın ha­kim partiyası hələlik gözləmə mövqe­yindədir. Bəs nəyi gözləyir? Nə üçün Koçaryan, el dilində deyildiyi kimi, oxu atıb yayı gizlətməklə məşğuldur? Bu kimi suallara cavab tapmağa çalışaca­ğıq. Amma başqa suallar da olacaq...

Məlum olduğu kimi, Ermənistanda bu ilin sentyabrında İrəvan meriyasına seçkilər ke­çiriləcək. Proses hakim komanda üçün son dərəcə vacibdir. Çünki paytaxt ölkənin yarısı deməkdir və Ermənistanın idarəçilik sistemi elə qurulub ki, İrəvanda hakim mövqe tutmaq, hazırkı iqtidarın qərarlarını mübahisələndir­mək üçün leqal platformanın qazanılmasıdır. Bir anlıq seçkidə baş nazir Nikol Paşinyana müxalif qüvvənin qələbə qazandığını təsəv­vürə gətirsək, bu, faktiki olaraq, ikihakimiyyət­lilik doğuracaq. 

Üstəlik, seçkidə hansısa müxalif qüvvənin qələbəsinin müstəsna siyasi dividend, mənə­vi üstünlük olduğunu da düşünməliyik. Elə bir üstünlük ki, onun nəticəsində bütövlükdə mövcud hakim qütbü siyasi səhnədən uzaq­laşdırmaq, daha doğrusu, bunun üçün münbit zəmin, perspektiv əldə etmək mümkündür. Görünür, elə buna görə R.Vardanyan özünə əl qataraq üsyankar çağırış səsləndirmişdi. Elə bu səbəbdən deputat A.Koçaryan, necə deyərlər, “həyəcan təbili” çalır.

Təhlükə isə deputatın bildirdiyi kimi, yal­nız Ruben deyil. Vardanyan, çox güman, aysberqin görünən tərəfidir. O anlamda ki, Ermənistan hakimiyyətini devirmək, pis hal­da seçkidə qalib gəlib Paşinyan iqtidarının mövqelərini sarsıtmaq planı hərəkətə gətirilib və Qarabağ separatçılarının keçmiş “dövlət naziri” də həmin “ssenaridə” yer alan önəmli füqurdur. Bəlkə də ən önəmli. 

Bəli, Qarabağda ötən ilin dekabrında azərbaycanlı mütəxəssislərin “Qızılbulaq” qı­zıl və “Dəmirli” mis yataqlarına girişini, eko­loji durumun monitorinqinin aparılmasını ən­gəlləyən də Vardanyan idi, Ağdam-Xankəndi yolunu beton plitələrlə qapadan da. Üstəlik, bir neçə gün əvvəl Azərbaycanın Xankən­diyə yollanmış humanitar yardımının qarşını kəsən də, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin təmsilçilərinə hücum çəkən də Rubenin dəstəsi olmuşdu. Deməli, bu məxluq var gücü ilə çalışır ki, həm bölgədəki mövcud status-kvo saxlanılsın, həm də... Həm də A.Koçaryan bildirir ki, Qarabağdakı qeyri-sabit­liyin Ermənistana keçməsini istəyənlər var. O, eyni zamanda, bədii təfəkkürünü işə salaraq belələrini “Troya atı”na bənzədir. 

***

Paşinyanın komandasındakı deputatın “Troya atı” obrazlı ifadəsinin üzərində da­yanmağa ehtiyac var. Ancaq qədim dövrdə yunanların Troya şəhərini ələ keçirmək üçün taxtadan hazırladıqları və sonradan “Troya atı” adı ilə məşhurlaşmış hücum vasitəsin­dən xüsusi söhbət açmağa ehtiyac yoxdur. Yalnız bu qənaətə gəlmək mümkündür ki, Qarabağda Ermənistana hesablanmış “Troya atı” hazırlanmaqdadır və onun məqsədi kim­lər üçünsə bağlı qalmış hakimiyyət qapıları­nı açmaq, daha doğrusu, qırıb-dağıtmaqdır. Həmin qüvvələr qapıları açmağın (qırmağın – red.), yəni seçkidə qalib gəlməyin müm­künsüzlüyünü yaxşı anlayırlar. Əlbəttə, onlar sırf prosesə yönələn siyasi-texnoloji planları da ikinci plana atmırlar. Hələlik, özlərini sivil göstərməyə çalışırlar... 

“Troya atı” ritorikasına güc verən Koçar­yan onu da bildirir ki, Qarabağ öz keçilməz­liyini “seçilmiş prezidentinin” funksiyaları olan dövlət institutları sistemi vasitəsilə əldə etmə­lidir. Bu nə deməkdir? O deməkdir ki, Qara­bağ üzərindən Ermənistanda hakimiyyətə gəlmək kimi avantürist meyillər yolverilməz­dir. Yəni, Koçaryan keçmişə qayıdış yolunun olmadığına eyham vurur. 

Əlbəttə, deputatın fikirlərində Qarabağı ayrıca tutmaq, İrəvana bağlı olmayan sub­yekt kimi göstərmək kimi ənənəvi sərsəmlik duyulmaqdadır. Ancaq hazırkı məqamda bu sərsəmlik Paşinyan administrasiyasını təh­lükələrdən sığortalamaq qiyafəsinə bürünüb. Ümumən, A.Koçaryanın açıqlaması göstərir ki, Ermənistanda 2018-ci il inqilabı üçün ən böyük təhdid “Qarabağ kartı”dır. Nəzərə alaq ki, bu kart müasir Ermənistan dövlətçiliyinin ideoloji əsasını təşkil etməkdədir. 

***

Azərbaycan 44 günlük müharibədə qalib gəlməklə, həmin ideoloji əsası məhvə məh­kum duruma saldı. Bu gün həm Ermənistan­da, həm də Qarabağdakı separatçı rejim daxi­lində gedən proseslər müharibənin vurduğu zərbənin təsirləridir. Hazırkı dolaşıq labirintdə görünən, eyni zamanda, budur ki, Qarabağ avantürizmini Ermənistanın ictimai-siyasi mü­hitinə təməlli keçirmək istəyən qüvvələr aktiv­ləşiblər. Onlar müharibə rüsvayçılığını Paşin­yan iqtidarına başa qaxınc şəklində, mənəvi məsuliyyət şəklində qabardaraq, onu nüfuz­dan salmaq, nəticə etibarilə siyasi səhnədən tamamilə uzaqlaşmasına nail olmaq istəyirlər. 

O da məlumdur ki, Nikolu seçki yolu ilə de­virmək üçün indiyədək edilmiş cəhdlər nəticə verməyib. Söhbət 2021-ci ilin növbədənkənar parlament seçkilərindən gedir. O zaman Pa­şinyan kreslosundan möhkəm yapışdı. Ona vurulan xain, satqın kimi damğalar da cəmiy­yətdə ciddi ictimai reaksiya doğurmadı. Ha­zırda baş nazirin nüfuzu aşağı düşsə də, bu, hələ o demək deyil ki, onu seçki yolu ilə uzaq­laşdırmaq və ya sarsıtmaq asan məsələdir. Deməli, Koçaryanın təbirincə desək, “Troya atı”nı işə salmaq zərurəti var. 

***

Bəs, Ermənistanın hakim siyasi elitası nə üçün Qarabağda hazırlanmış “Troya atı”ndan qorxur? Məsələyə izah vermək üçün yaxın keçmişə müraciət etmək zərurəti yaranır. Bu baxımdan üzərində dayanılmalı məqam baş nazir Nikol Paşinyanın vaxtaşırı dilə gətirdiyi bir fikirdir. Nikol tez-tez 1999-cu ilin oktyab­rında baş vermiş parlament terrorunu yada salır. Hadisəni ölkənin demokratik inkişafına vurulmuş ən böyük zərbə kimi qiymətləndirir və mövqeyində haqlıdır. 

Çünki məhz həmin parlament terroru, konkret olaraq, 1999-cu il oktyabrın 27-də Ermənistanın Milli Assambleyasına silahlı hücum ölkənin siyasi sistemini və gələcəyini dəyişdi. Həmin vaxt Nairi Hunanyan adlı ter­rorçunun başçılıq etdiyi beş nəfərdən ibarət dəstə Ermənistanın siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Də­mirçyan başda olmaqla, səkkiz nəfəri qətlə yetirdi. 

Yada salaq ki, Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası 1999-cu ilin mayın­da keçirilmiş parlament seçkilərini səs çoxlu­ğu ilə qazanmış və praktiki olaraq o zamankı prezident Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdı. O Koçaryanı ki, Ermənis­tanın özündən sonrakı üçüncü prezidenti Serj Sarkisyanla birlikdə “Qarabağ klanı”nı təmsil edirdi. O Koçaryan ki, Qarabağ mü­naqişəsində Azərbaycanın xeyrinə güzəştin qaçılmazlığını görmüş, “Qarabağ klanı”nın təhdiləri qarşısında istefa verməyə məcbur olmuş ikinci prezidenti Levon Ter-Petrosyanın gedişindən sonra dövlət başçısı postuna əy­ləşmişdi. Özü də saxtakarlıq yolu ilə. 

Bəli, 1999-cu ilin parlament terrorundan sonra xunta rejimi uzun illər Ermənistanda ha­kimiyyətdə qaldı. Ən əsası isə bu cinayətkar qruplaşma Qarabağ münaqişəsinin ədalətli həllinə maneçilik törətdi. Halbuki, 1999-cu ildə Dəmirçyan-Sarkisyan dueti, kifayət qədər pozitiv mövqe tutur, reallığı dərk edirdi. On­lar L.Ter-Petrosyanın yolu ilə gedib güzəştə razılıq verirdilər. Anlayırdılar ki, Qarabağı və digər işğal olunmuş torpaqları Azərbaycana geri qaytarmaqdan başqa yol yoxdur. 

***

Əlbəttə, indi demək olmaz ki, Paşinyan iqtidarı reallıqla hesablaşır və onu devirmək ssenarisinin işə düşməsi bununla əlaqədar­dır. Nikolun öz oyunu var. Həmin oyun göz qabağındadır. Onun uğursuzluğu da həmçi­nin. Mövcud situasiyadakı “Troya atı” isə həm uğursuzluğu aradan qaldırıb Qarabağ avan­türasının davamı üçün yaşıl işıq yandırmalı, həm də Paşinyanı hakimiyyətdən uzaqlaşdır­malıdır. 

Gələk, A.Koçaryanın nə üçün oxu atıb yayı gizlətməsinin üzərinə. Yəni, o niyə deyir ki, Qarabağdakı gərginliyi Ermənistana keçir­mək istəyən qüvvələr var? Bunu söyləyərkən, hansı səbəbdən yalnız Vardanyanın üzərində dayanır? Cavab çox sadədir. İstər deputat A.Koçaryan, istərsə də onun şefi Paşinyan yaxşı anlayırlar ki, erməni cəmiyyəti xəstədir. Bu xəstəliyin hər an aktiv fazaya daxil olması mümkündür. Loru dildə desək, xəstə cəmiy­yətin Qarabağ damarına basmaq olmaz. Pa­şinyanın komandası buna görə ehtiyatlıdır. 

Bəli, Nikolun iqtidarı seçkiyə Qarabağ ri­torikasını aktiv saxlayaraq getmək yolunu tutur. Buna görə mövcud müstəvidə spekul­yasiyalara baş vurur. Yeri gəlmişkən, onu da deyək ki, Nikol 2021-ci ilin növbədənkənar parlament seçkiləri zamanı da eyni “ritorikanı” əsas götürmüşdü. Hətta, seçkiqabağı platfor­masına Hadrutu və Şuşanı geri qaytarmaqla bağlı sərsəm müddəalar da daxil etmişdi. 

***

Bilavasitə A.Koçaryanın “Troya atı” mən­tiqinə söykənərək, onun ünvanladığı və ca­vabından xəbərdar olduğu sualların üzərində dayanaq – “Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılmazdır. Bəs qa­lan yeddi nəfər kimlərdir? Qarabağın seçilmiş prezidentini istefaya məcbur edən keçmiş və ya indiki məmurlar kimlərdir?” Əlbəttə, ehti­mallar olsa da, qalan yeddi nəfərin kim oldu­ğuna dair dəqiq fikir bildirmək çətindir. Ancaq Vardanyanın kim olduğu bəllidir. O, Rusiyada­kı siyasi dairələrin adamıdır. Paşinyanın haki­miyyətini devirmək istəyənlərin adamı. Demə­li, 1999-cu ilin parlament terrorunu əbəs yerə xatırlamamışıq.

Qeyd edək ki, 2005-ci ilin aprelində Rusi­ya məxfi xidmətinin keçmiş agenti Aleksandr Litvinenko ölkəmizin “Realniy Azerbaijan” qə­zetinə müsahibəsində ölkəsinin Silahlı Qüv­vələri Baş Qərargahının Baş Kəşfiyyat İdarə­sini Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq məqsədilə Ermənis­tan parlamentində terror aktı təşkil etməkdə ittiham etmişdi. Əlbəttə, ittihamını təsdiqləyə­cək dəlil yox idi. Buna görə Litvinenkonun söylədikləri çoxsaylı kənar təkziblərin nəti­cəsində havada qaldı. O zamankı prezident Robert Koçaryanın milli təhlükəsizlik üzrə müşaviri Qarnik İsaqulyan isə keçmiş agenti “xəstə” adlandırdı. 

27 oktyabr 2012-ci ildə, yəni məlum qətli­amın 13 ilinin tamam olduğu gün fransız əsilli erməni siyasi mühacir və keçmiş keşiş Ars­runi Avetisysan Ermənistanın “A1plus” tele­kanalına müsahibə verərək, Rusiyanın gizli xidmətlərinin hadisənin arxasında dayandığı­nı iddia etdi. O, 2013-cü ildə eyni agentliyə verdiyi daha bir müsahibədə Ermənistan par­lamentindəki terror aktının ölkənin müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan və o zaman milli təhlükəsizlik naziri olmuş (son­radan prezident -red.) Serj Sarkisyan tərəfin­dən törədildiyini bildirdi. Həmçinin, S.Sarkis­yanın və R.Koçaryanın “neo-bolşevik cinayət klanı”nın hakimiyyətə gətirilməsinə Rusiyanın xüsusi xidmət orqanlarının da kömək göstər­diyini vurğuladı. 

Sonda belə nəticəyə gəlmək mümkündür ki, hazırda 1999-cu ildə “Qarabağ klanı”nı təmsil edən Koçaryan-Sarkisyan tandeminin yerini Rusiyanın adamı olan Ruben Vardan­yan və Andranik Koçaryanın adını çəkmədi­yi qalan yeddi nəfər tutub. Elə bu səbəbdən yazımızın əvvəlində Ermənistanda tarixin təkrarlana biləcəyini vurğuladıq. Onu da diqqətə çatdırdıq ki, hakim “Vətəndaş sazişi” partiyasının deputatının söylədikləri həmin təkrarlanmanın qarşısını almaq üçün, bir növ, müqavimət hissi aşılayır. Görünür, İrəvan meriyasına seçkilər yaxınlaşdıqca, bu sayaq açıqlamaların sayı artacaq. Çünki Qarabağ müstəvisində Azərbaycanla olan ziddiyyətlə­rin get-gedə Ermənistana daha real bir forma­da sıçraması perspektivi görünməkdədir. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV