USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Heydər Əliyevlə bir müsahibənin tarixçəsi və tarixi önəmi

33 əvvəl Ulu öndərin “Dönüş” qəzetinə verdiyi müsahibə Vətənə dönəndən sonra onun haqq səsini xalqa çatdırmışdı


https://img.baki-baku.az/news/2023/08/photo_7908.jpg

Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin zəngin və mənalı bioqrafiyası yaşadığı dövrün siyasi, iqtisadi və mədəni həyatı ilə əhatəli və dərin bağlılığına görə tarixi önəm daşıyır. Bu tarixin hər bir günü, hər bir hadisəsi və faktı yaxın keçmişimizdə silinməz izlər qoymuşdur.

1988-ci ildə Qarabağ münaqişəsinin alovlandırılması ilə başlanan xalqımızın məhrumiyyətli və faciəli günləri düşmən qüvvələrin əli ilə böyük siyasətdən uzaqlaşdırılmış, Azərbaycandan ayrı salınmış millət atası Heydər Əliyevin bioqrafiyasında da ağrılı bir dövr olmuş­dur. 

Sonralar o məşəqqətli günləri xa­tırlayan Ulu öndər bildirmişdi: “Mən 1987-ci ilin oktyabr ayında istefaya çıx­dıqdan sonra SSRİ və KP rəhbərliyinə qarşı münasibətim kəskinləşdi. Ondan qabaq da bu münasibətlər kəskin idi və bunun nəticəsində mən istefa verməli oldum.

Bundan təxminən 20 gün sonra akademik Aqanbekyan Parisdə “Hu­manite” qəzetinə verdiyi müsahibədə göstərmişdi ki, Qarabağ Ermənistanın ərazisinə daxil edilməlidir və bu məsələ Qorbaçovla razılaşdırılıb.

Siyasi Büroda olarkən Qarabağla əlaqədar kəskin sözlərimi Qorbaçova və Siyasi Büronun digər üzvlərinə deyə bilirdim. Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərləri son vaxtlar mənimlə əlaqələri kəsmişdilər və Azərbaycanda gedən proseslərə lazımi qiymət verib onların qarşısını vaxtında ala bilmə­dilər. Daha sonra Qarabağ hadisələri daha da kəskinləşdi”.

Belə bir vaxtda xalqını bu bəlalar­dan xilas etmək üçün onunla bir yerdə olmağa can atan dünya şöhrətli siyasət­çi, zəngin həyat və idarəetmə təcrübəsi olan Heydər Əliyevin Azərbaycana qa­yıdışı min bir bəhanə və maneə ilə ən­gəllənmişdi. Ümummilli liderin özünün dediyi kimi, “Vətən dar günlərdə onu çə­kirdi, bütün varlığı ilə Azərbaycana can atırdı”. SSRİ və Azərbaycan rəhbərliyi isə bu məsələdə həmrəy idilər: “Heydər Əliyevi Azərbaycana buraxmaq olmaz”. 

Bunun niyəsini Ulu öndər Vətənə gələndən sonra Naxçıvanda olarkən belə cavablandırmışdı: “Onların ye­ganə məqsədi Heydər Əliyevi Azərbay­candan təcrid etmək idi. Bu vaxt onlar Qarabağ məsələsini istədikləri kimi həll edə bilərdilər, çünki Heydər Əliyevin bu barədə bildikləri, təcrübəsi və məntiqi Azərbaycanda heç kəsdə yoxdur. Bu məntiqin qarşısında nə Qorbaçov, nə Liqaçov dura biləcəkdi. Ona görə də onlar hamısı mənimlə görüşməkdən qaçırdılar”.

Sovet rəhbərləri Heydər Əliyevlə təkcə görüşməkdən qaçmırdılar, həm də telefonla zəng vurub onu hədələ­yirdilər. Əslində, sovet dövlətinin sabiq ali rəhbərlərindən birini, dünya şöhrətli şəxsiyyəti ev dustağına çevirmiş, ciddi nəzarət altına almışdılar. Belə bir vaxt­da Ulu öndər ona müxtəlif yollarla xə­bər göndərən, öz böyük oğlunun yolunu səbirsizliklə gözləyən xalqımızın sevgi və sayğılarını dəyərləndirərək, 1990-cı ilin iyununda çətinliklə Bakıya gələ bildi. 

Respublika rəhbərliyinin xalqın böyük oğluna xəyanətkar münasibəti təhlükəli həddə çatdığından Ümummil­li lider bir neçə gündən sonra onu bir vaxtlar dünya siyasətinin zirvələrinə qa­nadlandırmış doğma torpağı Naxçıvana getməli oldu. Burada həmyerliləri onu misilsiz bir sevgi və ehtiramla qarşıladı­lar. Lakin siyasi mühitin cılızlığı, xəbislik və xəyanətkarlığın dövlət siyasəti sə­viyyəsinə qalxması nəticəsində xalqın XX əsrdə yetirdiyi ən böyük insan, Nax­çıvan şəhərində doğmalarının darısqal mənzilində sığınacaq tapdı.

SSRİ kimi superdövlətin rəhbərlə­rindən birinin Azərbaycanın ucqar, Qa­rabağ münaqişəsi ilə bağlı blokadaya alınmış bir diyarına getməsi o günlərdə dünyanın diqqət mərkəzində olsa da, bu barədə xəbərlər aləmi dolaşsa da, xalqımızın həqiqi liderinin səsi, sözü, Azərbaycanda ciddi yasaqlanmışdı. İs­tefaya getdiyi gündən barəsində başla­nan böhtan, iftira, yalan, qarayaxmalar böyük tirajlarla yayımlanmaqda davam edirdi.

Ümummilli lider Heydər Əliyev Naxçıvana təzəcə gəldiyi vaxtda respublikanın nəzər-diqqətdən uzaq bölgəsində baş verən bir hadisə Azərbaycanda ciddi bir informasiya təlatümü yaratdı. Saatlı rayonunda çıxan, mərkəzdə və ətraf bölgələrdə çoxlarının bu vaxtadək heç adını bil­mədiyi “Dönüş” qəzeti 23, 25 və 28 avqust 1990-cı il tarixli nömrələrində Heydər Əliyevlə redaksiyanın əmək­daşı Fəxrəddin Ağamirzəyevin geniş müsahibəsini dərc etdi. 

Saatlıdan blokadada olan Naxçıva­na gedərək, burada informasiya vaku­umuna salınmış Ulu öndərlə görüşmüş gənc jurnalistin aldığı geniş müsahi­bənin çap olunduğu “Dönüş” qəzetinin nüsxələri və onun Ulu öndəri sevənlər tərəfindən müxtəlif mətbəələrdə gizli yolla çoxaldılmış surətləri bütün res­publikaya yayıldı, əl-əl gəzdi. O ağır günlərdə respublikanın sükanı arxasın­da hər an yeri görünən, Ümummilli lider Heydər Əliyevin son illərdə baş verən hadisələrlə bağlı suallara verdiyi aydın, dolğun, prinsipial və kəskin cavablar bir çox mətləblərin üstünə işıq saldı.

Xatırladaq ki, həmin müsahibəni ər­səyə gətirən gənc jurnalist Ulu öndərin Vətənə dönəcəyindən gizli yolla xəbər tutmuş, heç kəsi duyuq salmadan on­dan müsahibə almaq üçün paytaxta gəl­miş, iyulun 20-də Bakı hava limanında Heydər Əliyevi qarşılamağa çıxanların sırasında olmuşdu. Lakin Ulu öndərlə nəinki müsahibə almağa, heç ona yaxın düşməyə belə imkan yaranmamışdı. 2 gün sonra doğulduğu şəhərə getməyə məcbur olmuş dünya şöhrətli siyasət­çi və dövlət xadimi ilə Fəxrəddin Ağa­mirzəyev sonrakı həftələrdə Saatlıdan Naxçıvana gedib orada görüşə bilmişdi.

“Dönüş” qəzeti müxbirinin irili-xırda­lı 30-dan artıq sualında o illərdə ölkə­mizdə baş verən hadisələrə, düşmən qüvvələrin xalqımıza qarşı qəsdlərinə, Heydər Əliyevlə bağlı söylənən ədalət­siz ittihamlara, Dağlıq Qarabağ böhra­nından çıxış yollarına və s. məsələlərə toxunulmuşdu. Həmin böyük müsahi­bədə Ulu öndərin məntiqli, obyektiv, inandırıcı cavabları əksini tapmışdı. O zaman xalq Vətəninin dar günündə onun harayına gəlmiş liderinin günün həqiqətləri barədə mötəbər fikirlərini, mülahizələrini onun öz dilindən eşitdi, bir sıra mətləblərdən xəbərdar oldu.

Bu fədakarlıq, jurnalist cəsarə­ti Fəxrəddin Ağamirzəyevə çox baha başa gəldi. Təqib və cəzadan yaxa qurtarmaq üçün, guya, “öz ərizəsi ilə” işdən çıxmalı oldu, “bir də əlinə qələm almayacağı” barədə yazılı iltizam ver­di. Əslində, jurnalist üçün bundan da ağır cəza ola bilməzdi. Həm də iş təkcə rəsmi dairələrin ona “divan” tutması ilə bitmədi. Qarabağ hadisələrinin ilk gün­lərindən Fəxrəddin Ağamirzəyevin Sa­atlıda öncüllük etdiyi xalq hərəkatındakı “demokrat dostlar” da onu “xəyanət”də suçladılar.

Beləliklə, Fəxrəddin “sağdan” və “sol”dan qınaqlarla, təqib və böhtanlar­la üzləşdi, 6 il işsiz qaldı. Bu müddətdə Heydər Əliyevin hakimiyyətə qayıdışı uğrunda hərəkata bacardığı köməyi elədi, dəfələrlə Ulu öndərlə telefon­la danışdı, Naxcıvan Ali Məclisində dəfələrlə onunla görüşüb məsləhətlər aldı, xalq atasının salamlarını Saatlı və Mil – Muğan camaatına çatdırdı.

Ötən əsrin 70 - 80-ci illərində BDU jurnalistika fakültəsində bir vaxtda oxuduğumuz tələbə yoldaşımız və həmkarımız Fəxrəddin Ağamirzə­yevlə bu mövzuda dəfələrlə söhbət etmiş, müxtəlif yazılar hazırlamışıq. 1990-cı ilin avqustunda onun Nax­çıvana getməsini, aləmə səs salmış həmin tarixi müsahibəni necə hazır­lamasını və çap etdirməsini bugün­lərdə yenidən yada saldıq. Fəxrəddin müəllim o vaxt Naxçıvana niyə və necə getməsini belə xatırladı:

– Qarabağ münaqişəsi mürəkkəb­ləşdikcə o vaxtkı respublika rəhbərliyi acizləşirdi. Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi erməniləri açıq-gizli himayə edirdi. Belə bir vaxtda Azər­baycan təcavüzü dəf etmək üçün aya­ğa qalxdı. Xalqa rəhbərlik etmək üçün meydan qəhrəmanlarının içərisin­dən layiqli lider çıxmadı. Xalq Heydər Əliyevi gözləyirdi. Lakin onu uzun müd­dət Azərbaycana buraxmadılar. Bakıya gələndə isə yerli rəhbərlər yasa batdı­lar, xalqın harayına gəlmiş lideri aradan götürmək yolları axtardılar.

Ulu öndər Naxçıvana üz tutdu. O vaxt mən də öz qəlbimin istəyi və ağ­lımın hökmü ilə xalqımızı bəlalardan yalnız Heydər Əliyevin xilas edə biləcə­yini düşünürdüm. Odur ki, Bakıya onu qarşılamağa bir neçə gündən sonra isə Naxçıvana getdim. Böyük xilaskarla həmin görüşüm və ondan müsahibə ala bilməyim həyatımın ən dəyərli, unudul­maz hadisəsidir. Müsahibənin ilk gün­lərdə doğurduğu qeyri-adi əks-səda öz yerində, sevimli rəhbərlə görüşün təəs­süratı ilə sonrakı illərdə maraqlananla­rın sayı da bitib-tükənmir.

Fəxrəddin Ağamirzəyevlə həmin tarixi müsahibəni aradan 33 il ötən­dən sonra bir daha nəzərdən keçir­dik. Doğrudan da, burada Ulu öndə­rin həyatının ən ağır bir dövrünün ciddi məqamları əksini tapıb. Bu mü­sahibədən bir neçə məqamı oxucu­larımızın diqqətinə çatdırırıq. Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və çıxış yolları barədə jurnalistin su­allarını Ulu öndər belə cavablandır­mışdı:

– Bəli, Dağlıq Qarabağ məsələsinin erməni millətçiləri tərəfindən keçmiş dövrlərdə bir neçə dəfə qaldırılması halları olub. Və mən Azərbaycan Kom­munist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyim dövrdə erməni mil­lətçiləri tərəfindən, xüsusən, Ermənis­tanda yaşayan erməni millətçiləri və əsasən, Dağlıq Qarabağda anadan olmuş adamlar Dağlıq Qarabağın Er­mənistana verilməsi məsələsi barədə cəhdlər ediblər. Onlar cürbəcür mək­tublar yazıb Moskvaya göndərib bu tələbləri irəli sürməyə çalışıblar. Ancaq bu məsələlərin hamısının qabağını o vaxtlarda biz almağa nail ola bilmişik. Və onların bu niyyətləri, arzuları ancaq məktub yazmaqdan ibarət olub. Ondan o tərəfə keçə bilmirdilər.

Mən Mərkəzi Komitəyə rəhbərlik et­diyim dövrdə bu məsələlərə çox ciddi fikir verirdim və Dağlıq Qarabağ Muxtar Vilayətinin həyatı həmişə mənim diqqət mərkəzimdə olmuşdur. Ona görə də orada baş verən lap xırda hadisələr də bizə məlum olubdur. Mən vaxtında bunların haqqında ölçü götürürdüm. Və onların genişlənməsinə mümkünat ver­mirdim. Buna görə də mən qətiyyətlə demişəm, yenə də deyirəm ki, Dağlıq Qarabağ haqqında 1987-ci ilin ikinci yarısında, sonunda başlanılan kam­paniyanın qarşısını elə o vaxt almaq mümkün idi.

1988-ci ildə də bu problemi həll edib tamamilə Dağlıq Qarabağ məsələsini aradan götürmək mümkün idi. Ancaq, çox təəssüf ki, bu sahədə həm Azər­baycan Respublikasının keçmiş rəh­bərləri, həm də ümumittifaq rəhbərləri lazımi tədbirlər görməmişlər. Və məhz bunun da nəticəsində Dağlıq Qarabağ məsələsi get-gedə şişmiş, çox əcaib şəkil almış, indi də iki respublika arasın­da, iki millət arasında böyük ziddiyyət yaranmasına səbəb olmuşdur.

Çıxış yolu çox aydındır. Burada sözlə yox, əməllə çıxış yolu axtarmaq lazımdır. Bir sözlə, gərək konkret fəa­liyyət göstərilsin. Çünki cürbəcür sözlər, deklorasiyalar - bunlar əgər həyata ke­çirilmirsə, onda demək, çıxış yolu da ta­pılmır. Çıxış yolu birdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibin­də olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur.

Jurnalist bu yerdə soruşmuşdu: “Lakin bizə məlum deyil ki, nəyə görə erməni ekstremistlərinə bu qə­dər güzəştlər edilir”.

– Mənə də məlum deyil. Ancaq eyni zamanda (acı-acı gülümsəyir – F.A.) məni təəccübləndirən məsələ odur ki, bu böyüklükdə ölkənin Prezidenti fər­man verir, 15 gün o fərmanın icrasına vaxt qoyur, Ermənistanda bu fərmanın əleyhinə qərar qəbul olunur və Ali Sovet qərara alır ki, SSRİ prezidentinin fərma­nı Ermənistanda qüvvədə olmamalıdır. SSRİ prezidenti də buna laqeyd yana­şır. Belə halda prezidentin qərarının tamamilə gücsüz olduğu aşkar görünür.

Müsahibə belə davam etmişdi: “Sizin haqqınızda çoxlu şayiələr gəzir. Siz bunları eşidirsinizmi? Eşi­dirsinizsə, bu məlumatları haradan alırsınız?

– Bilirsinizmi, şayiələri, adətən, ay­rı-ayrı insanlar yaradırlar. Və bəzən də onları hardansa götürüb uydururlar, heç bir əsası olmadan. Ona görə də buna belə yanaşıram ki, rəhbər səviyyədə olan şəxslər haqqında həmişə şayiələr yaranıbdır. Mən də uzun müddət Azər­baycan Respublikasının rəhbəri olmu­şam. Sonra bir neçə il Moskvada yük­sək səviyyədə fəaliyyət göstərmişəm. Odur ki, haqqımda cürbəcür şayiələrin yaranıb-yayılması mənim üçün o qədər də təəccüblü deyil. Çünki bu, bəzi in­sanlara xas olan keyfiyyətdir. 

Mənim haqqımda böhtanlar olub­dur, bu böhtanların bir hissəsi ayrı-ayrı mətbuat orqanlarında dərc olunub, bir hissəsi də ağızdan-ağıza şayiə kimi yayılıb. Mən bunların hamısına, necə deyərlər, nifrət edirəm. Çünki bunlar ha­mısı yalandır, uydurmadır, böhtandır və bu cür şayiə yayanları mən şəxsiyyətsiz adam kimi qəbul edirəm.

– Sizin tərəfdarlarınız olduqca çoxdur. Əleyhdarlarınız da var. Onla­ra sözünüz.

– Mən tərəfdarlarıma öz minnətdar­lığımı bildirirəm. Ancaq əleyhimə olan adamları isə demək istəyirəm ki, onla­rın heç birisinin ədalətli olaraq mənim əleyhimə çıxmalarına heç bir əsasları yoxdur. Mən əleyhimə söz gəzdirən, fikir söyləyən hər bir adamla görüşüb ona sübut etməyə qadirəm ki, onun mə­nim haqqımda yaydığı böhtanlar, yaxud da ki, mənim haqqımda pis fikirlərdə olmasına əsas yoxdur. Mən respubli­kanın rəhbəri olmuşam, özü də həmişə prinsipial mövqe tutmuşam. 

Xalqın mənafeyi üçün çalışmışam, xalqın hər bir sadə adamının hüquqla­rını qorumaq üçün çalışmışam. Və belə bir gərgin, mübariz iş də, şübhəsiz ki, - ayrı-ayrı adamlar istədiyi mövqelərdən uzaqlaşıblar, bəzən də məsələn, istə­diyi niyyətləri həyata keçirə bilməyiblər - onlar buna görə məndən narazıdırlar. Ancaq onlar özləri-özlərinə ədalətlə ya­naşsalar, onlarda özünütənqidi keyfiy­yət olsa, onlar bu öz xırda insan hiss­lərindən bir az yuxarıya baxsalar, gərək mənim əleyhimə olmasınlar.

– Respublikamızın gələcəkdə tam suverenliyinə, onun müstəqilli­yinə inamınız varmı? Bu mübarizədə xalqa məsləhətiniz.

– Mütləq, Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi, iqtisadi suverenliyini təmin et­məlidir və mən buna böyük ümid bəs­ləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır. Azərbaycan xalqı özü buna nail olmalıdır. Heç kəs ona belə bir azadlığı verməyəcəkdir.

– “Durğunluq illəri” – bu terminə münasibətiniz.

– Mənə belə gəlir ki, bu termin haqqında daha ədalətli söhbət apar­maq lazımdır. İndi adət olmuşdur, əsaslı da, əsassız da durğunluq illərini tənqid edirlər. Hər dövrün özünə görə nailiyyətləri də var, şübhəsiz ki, nöq­sanları, səhvləri də. Mən, ümumiyyətlə, bu barədə öz fikrimi demək istəmirəm. Ancaq Azərbaycanda mənim fikrim belədir ki, 70-ci illərdə durğunluq illəri olmayıbdır. O illər Azərbaycanın iqti­sadiyyatı, sosial sahəsi, mədəniyyəti yüksək templərlə inkişaf etmişdir və Azərbaycan Respublikası o illərdə çox böyük nailiyyətlər əldə etmişdir.

– İndiki bu qarışıq zamanda, açıq-aşkar təkləndiyimiz məqamda xalqımıza tövsiyəniz. Əlbəttə, xalqın narahatlığına səbəb amillər Sizə də aşkardır.

– Gərək indi xalq bütün gücünü, qüdrətini bir yerə toplasın. Xalq üçün ən təhlükəli olan məsələ erməni millətçilə­rinin Azərbaycana təcavüzüdür. Xalq gərək bax, bundan özünü qorusun. Əgər xalq özünü qoruyub suverenliyi­ni, ərazi bütövlüyünü təmin etmiş olsa, başqa məsələlərin hamısı həll oluna­caqdır.

Sonda bildirək ki, Ümummilli li­der Heydər Əliyevin səsini, sözünü sonrakı dövrdə xalqa çatdıran başqa yazarlar, qəzetlər də tapıldı. “Dö­nüş” qəzeti və onun həqiqətsevər əməkdaşı Fəxrəddin Ağamirzəyevin qismətinə isə bu addımı ilk olaraq at­maq düşmüşdü. Bu baxımdan “Hey­dər Əliyevlə müsahibə” adlı həmin yazı yeni, demokratik mətbuatımızın həmin vaxtlardan başlayan tarixinin dəyərli səhifələrindən biridir. 

Tahir AYDINOĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət