- Daxili siyasət
- 10:15 25.09.2024
Prezident İlham Əliyev çıxışlarının birində azad edilmiş torpaqlarda böyük su mənbələrinin mövcud olduğunu və 30 ilə yaxın bir müddətdə bu potensialdan məhrum edildiyimizi bildirib. Ölkə rəhbəri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bu sahədə də apardığını və ekoloji terror həyata keçirdiyini vurğulayıb. Dövlətimizin başçısı daha sonra deyib: “Meşələrin qırılması, qoruqların məhv edilməsi–54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən, bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı indi də onların nəzarətindədir...”.
Xatırladaq ki, 1976-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırda Tərtər (keçmiş Ağdərə) ərazisində tikilən və ümumi sututumu 560 milyon kubmetr və hündürlüyü 125 metr olan Sərsəng su anbarı Azərbaycanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını qəsb etdiyi 30 ilə yaxın bir müddətdə bu ərazilərdəki yaşayış sahələrini xarabalığa çevirdi, tarixi abidələrimizi dağıtdı, bütün bunlarla bərabər genişmiqyaslı ekoloji terror həyata keçirdi. Böyük su mənbələrinin, o cümlədən Sərsəng su anbarının işğal altında saxlanılması isə bir sıra rayonlarımızın suvarma suyu ilə təmin edilməsində ciddi problemlər yaratdı. Bax, belə bir şəraitdə Qarabağ və Şərqi Zəngəzurun təbiətinə ciddi ziyan vuruldu, ekoloji tarazlıq pozuldu.
Xatırlatmaq yerinə düşər ki, uzun illik işğal dövründə qəsbkar ölkə tərəfindən Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 kilometrlik suvarma kanalları şəbəkəsi, 185 kilometrlik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyekti, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetr olan 8 su anbarı yararsız hala salınıb.
Azərbaycan hələ işğalın ilk vaxtlarından başlayaraq, erməni faşizminin törətdiyi ekoloji fəlakətlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb, beynəlxalq qurumları bu vəhşiliyə qarşı mübarizəyə səsləyib. Bunun nəticəsi olaraq 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edib. Bu sənədlə AŞPA tərəfindən Ermənistanı birmənalı şəkildə günahlandırıb, adıçəkilən anbardan Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının mütəmadi olaraq qəsdən alınmasını isə “ekoloji təcavüz” adlandırılıb. Yeri gəlmişkən, həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydalarına tam zidd olduğu bildirilib.
Xatırladaq ki, sözügedən qətnamədə Ermənistan silahlı qüvvələrinin respublikamızın işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilib, bu hal qeyri-insani hərəkət adlandırılıb. Lakin çox təəssüf ki, belə bir qətnamə, həmçinin bu cür vəhşiliyə qarşı imzalanan digər qərar və qətnamələr Ermənistanı faşizm əməllərindən çəkindirməyib.
Nəhayət, onu da bildirək ki, bir neçə gün bundan əvvəl Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən birgə bəyanat yayılıb. Bəyanatda 1976-cı ildə Tərtərçayın üzərində yaradılan və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarının 30 ildir ki, Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunduğu vurğulanıb. Eyni zamanda, qəza vəziyyətində olan su anbarının aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaratdığı xatırladılıb. Bununla əlaqədar AŞPA tərəfindən qəbul olunan 2016-cı il 26 yanvar tarixli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönələn ekoloji təcavüz kimi qiymətləndirilib.
Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yerləşən Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Həmçinin adıçəkilən Assambleya Ermənistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa çağırıb.
Bəyanatda daha sonra deyilir: “Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının düzgün və öz təyinatı üzrə idarə olunmaması, su ehtiyatlarından uğursuz, səmərəsiz istifadə edilməsi ətraf mühit və insan sağlamlığına, ümumilikdə regionun ekosisteminə ciddi mənfi təsir göstərməkdə, sosial-iqtisadi fəsadlar törətməkdə davam edir.
Belə ki, su anbarının idarə olunması zamanı ekoloji, o cümlədən, iqlim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsi ilə ekoloji risklərin daha da kəskinləşməsinə səbəb olur. Bu vəziyyət su anbarının fauna və florasına mənfi təsir göstərir, bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların təbii yaşayış areallarının itirilməsinə, ətrafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə ekosistemin tarazlığının pozulmasına gətirib çıxarır”.
Bəyanatı imzalayan dövlət qurumlarının qənaəti belədir ki, Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Bu su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub.
Nəhayət, bəyanatın sonunda Azərbaycanın dövlət qurumları tərəfindən Ermənistan himayə edildiyi qüvvələr vasitəsilə sözügedən rayonların əhalisinin insan hüquqlarının pozulmasına, regionun ekosisteminin deqradasiyasına, fauna və floranın itirilməsinə səbəb olan hərəkətlərindən əl çəkməyə çağırılır.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Sərsəng su anbarı ilə bağlı ekoloji tarazlığın bərpa edilməsi bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Əslində, burada söhbət, ilk növbədə, bu infrastrukturun ölkəmizin müvafiq dövlət qurumları tərəfindən idarə olunmasının gerçəkləşdirilməsidir. Digər tərəfdən məsələ sözügedən su anbarı ilə bağlı üzləşilən ekoloji fəlakətin qarşısının vaxt itirmədən alınması ilə bağlıdır. Bütün bunlar ona görə ciddi narahatlıq doğurur ki, hazırda 50-60 min hektar ərazimizin su ilə təminatında ciddi problemlər yaranıb. Ümumiyyətlə, Sərsəng su anbarının ciddi strateji əhəmiyyət daşıması və bu infrastruktura işğal müddətində texniki xidmət göstərilmədiyi üçün onun qəzalı vəziyyətə düşməsi Qarabağ iqtisadi rayonunda 300 mindən çox insanın həyatının təhlükə ilə üzləşməsi deməkdir.
Prezident İlham Əliyev hələ 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında illik ümumi müzakirələrdə videoformatda çıxış edərkən Ermənistanın işğal altında saxladığı ərazilərdə törətdiyi ekoloji cinayətlər barədə də məlumat verib. Dövlətimizin başçısı nitqində, eyni zamanda, işğalçı ölkənin respublikamızın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekosid – ətraf mühitə qarşı genosid törətdiyini xatırladaraq, beynəlxalq qurumları bu vəhşiliyə qarşı tədbirlər görməyə səsləyib. Bundan başqa, 2016-cı ilin yanvar ayında AŞPA tərəfindən Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə imzalanıb. Sənəddə Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulması tələb olunub.
Bütün digər qərar və qətnamələrdə olduğu kimi, “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı sənəd də səssiz qarşılanıb, Ermənistan tərəfindən bu qətnaməyə məhəl qoyulmayıb və Sərsəng su anbarını humanitar və ekoloji terror aləti kimi istifadəsi davam etdirilib.
Onu da deyim ki, qəsbkar ölkə adıçəkilən infrastrukturu işğal altında saxladığı uzun müddət ərzində qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edir.
BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası da Sərsəng su anbarına qarşı ekoloji terrorla əlaqədar təhlillər aparıb, müvafiq rəy verib. Missiya rəyində lazımi su təchizatının çatışmazlığının kənd təsərrüfatına ciddi ziyan vurduğunu və nəticədə meşə massivlərinin tamamilə məhv olması təhlükəsi ilə üzləşdiyini bildirib.
Vaqif BAYRAMOV