- Daxili siyasət
- 09:43 19.09.2024
Azərbaycanın Qarabağ bölgəsində yaşayan separatçı ermənilərin yaratdıqları qondarma rejimin tör-töküntüsünə rəhbərlik edən şəxslər çaşqınlıq və ümidsizlik içindədirlər. Onların son vaxtlar atdıqları addımları nəzərdən keçirdikdə, səsləndirdikləri fikirləri oxuduqda, müxtəlif instansiyalara ünvanladıqları müraciətlərlə tanış olduqda bu qənaətə gəlmək olar. Əminliklə demək olar ki, aprelin 23-də “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə separatçıların əlləri hər yerdən üzülüb.
Qarabağda separatizm ocağı 1980-ci illərin sonunda əsasən İrəvandan körüklənməyə başlamışdı. SSRİ-nin dağılmasını istəyən Moskvadakı bəzi dairələr ermənilərə gen-bol dəstək verib onları qızışdırırdılar. Avropadan Fransa, okeanın o tayından – ABŞ-dan bəzi ermənipərəst dairələr hayların havadarı qismində çıxış edirdilər. Azərbaycanın apardığı uğurla balanslaşdırılmış xarici siyasət nəticəsində vaxtilə ermənilərə verilən dəstək hazırda əhəmiyyətli dərəcədə azalıb. Ermənistanın baş naziri bu il mayın 23-də Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. 2022-ci il fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkənin münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarıb. ABŞ Dövlət Departamenti Azərbaycan Prezidentinin Qarabağdakı separatçılarla bağlı amnistiya bəyanatını alqışlayıb. Fransanın qatı ermənipərəst addımları isə heç bir fayda vermir. Onun müxtəlif təşəbbüsləri uğursuzluğa düçar olur. Parisin atdığı addımlar Azərbaycanın siyasi iradəsinə təsir etmək gücündə deyil.
Bu səbəbdən, Qarabağdakı haylar hazırda giley-güzar edir, ittihamlar yağdırır, hamını, necə deyərlər, özlərinə borclu çıxarırlar. Ən çox narazılıq 2020-ci ilin noyabrın 10-u gecəsi bölgəyə gəlişini az qala xilaskar İsa Məsihin gəlişi kimi qiymətləndirdikləri Rusiya sülhməramlılarının fəaliyyətindəndir. Yeri gəlmişkən, qondarma rejimin “milli təhlükəsizlik xidməti”nin keçmiş direktoru Arşavir Qaramyan avqustun 28-də Azərbaycanın Dövlət bayrağına qarşı təhqiramiz hərəkətlər etdikləri üçün “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində üç erməni futbolçunun saxlanılmasına görə sülhməramlıları kəskin tənqid edib. O, “Facebook” səhifəsində yazıb ki, buraxılış məntəqəsində baş verən hadisə Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-polkovnik Aleksandr Lentsovun öz hərəkəti və ya bəlkə də qəsdən hərəkətsizliyi ilə ləğv olunmuş DQMV-nin ilk komendantı – ermənifob, bədnam general Safonovdan (1988-90-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik rayonlarının komendantı, general-mayor Vladislav Safonov nəzərdə tutulur-S.H) heç də geri qalmadığını növbəti dəfə sübut edir.
Rəsmi Bakı isə qarşısına qoyduğu dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərqərar olunması hədəfinə doğru təmkinlə, tələsmədən, lakin ləngimədən irəliləyir. Mayın 28-də Laçına qayıdan əhali ilə görüş zamanı Prezident İlham Əliyevin dediyi kimi, Vətən müharibəsinin başa çatmasından ötən dövr ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçib və biz öz planlarımızın son addımlığındayıq. Dövlət başçımız qeyd edib ki, o addım da atılacaq və buna şübhə etmir.
Qeyd etdiyimiz kimi, separatçıların çıxılmaz durumda olmasını onların atdıqları bir sıra addımlar da təsdiqləyir. Onlar bu yaxınlarda “parlamentin sədri” Artur Tovmasyanı David İşxanyanla əvəz ediblər. Tovmasyan separatçı rejimin “qlavar”ı Arayik Arutyunyanın rəhbərlik etdiyi qondarma “Azat ayrenik” adlanan “partiyanın” təmsilçisi idi. İşxanyan isə “Daşnaksütyun”un üzvüdür. Yəni, “Daşnaksütyun”, faktiki olaraq, A.Arutyunyana müxalifətdədir. Buna baxmayaraq, “hakim partiya” müxalifətçinin namizədliyini irəli sürüb ki, bu da edilən təzyiqlərlə bağlıdır.
Bundan əlavə, hazırda A.Arutyunyanın özünün də “istefası” gündəmdədir. “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, A.Arutyunyanın “istefa” verəcəyi təqdirdə Ermənistan hakimiyyətinin onun yerinə namizədi qondarma rejimin keçmiş “xarici işlər naziri” Masis Mailyan olacaq.
Qəzet qeyd edib ki, əgər Ağdam–Xankəndi yolunun açılması baş verməsə, o zaman A.Arutyunyanın “istefası” məsələsi, görünür, yenidən gündəmə gələcək. Nəşrin yazdığına görə, Mailyanın qarabağlılar arasında sabiq “müdafiə naziri” Samvel Babayan kimi mənfi reputasiyası yoxdur. Bu da onu Ermənistanın baş naziri Nikol Paşinyan üçün əlverişli namizəd edir.
Bildirilir ki, Arutyunyan “istefa” vermək qərarını iki həftə əvvəl elan edib, lakin Ermənistan hakimiyyətinin tələbi ilə sentyabrda İrəvan şəhər meriyasına keçiriləcək seçkiləri nəzərə alaraq, “istefasını” daha bir neçə həftə təxirə salmağa razılaşıb. Qəzet yazır ki, Arutyunyanın “istefası”nın təxirə salınması Ermənistan hakimiyyətinın İrəvan şəhər meri vəzifəsinə namizədi Tiqran Avinyanla bağlı “arzuolunmaz epizodların” ictimailəşməsindən sonra aşağı düşən reytinqinin daha da azalmasının qarşısını almağa xidmət edir. Belə ki, bugünlərdə Ermənistanın hakim “Mülki müqavilə” partiyasının namizədi T.Avinyanın 44 günlük müharibə zamanı Xankəndiyə gəldiyi və ağ ayaqqabı geyinərək şəhərdə gəzib dolaşdığı məlum olub.
***
Bu arada 3 erməni futbolçu ilə bağlı baş verənlər Xankəndidə anti-Azərbaycan isterikasının yeni fazasının baş qaldırmasına səbəb olub. Separatçıların cəmi 33 üzvü olan əldəqayırma parlamenti avqustun 28-də saat 21:00-da “növbədənkənar iclas” çağırıb. Bundan başqa, həmin gün separatçıların rəhbərliyinin yaranmış vəziyyətdən çıxış yolunun tapılması üçün qapalı iclas keçirdiyi bildirilir.
Futbolçularla bağlı məsələyə münasibət bildirən Ermənistan ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Ayk Naqapetyan “Hraparak” nəşrinə müsahibəsində bildirib ki, Qarabağın erməni futbolçuları qaçırılmayıb, dezinformasiyaya ehtiyac yoxdur: “Onları oğurlamayıblar, gəlin, hər şeyi öz adı ilə çağıraq. Dezinformasiya yaymaq lazım deyil, sonra yazacaqlar ki, bu hadisə rus sülhməramlılarının iştirakı ilə olub”.
O qeyd edib ki, azərbaycanlılar üç gənci saxlayıblar. Bunlar Xocavənd rayonundan olan tələbələrdir. Naqapetyan deyib ki, bununla bağlı video var. Həmin videoda futbolçuların stadiona daxil olmazdan əvvəl yerə sərilmiş Azərbaycanın Dövlət Bayrağının üstündə gəzdikləri görünür: “Dövlət rəmzinin bu cür təhqir olunması istənilən ölkədə cinayət sayılır. Qarabağdan Ermənistana gedən istənilən şəxs “milli təhlükəsizlik xidməti”nin siyahısından keçir. İndi sual yaranır ki, “milli təhlükəsizlik xidməti” Azərbaycan tərəfindən axtarışda olanların Həkəri körpüsündən keçməsinə niyə icazə verib? Məgər onlarda Azərbaycan tərəfindən axtarışda olan şəxslərin siyahısı yoxdurmu? Üstəlik, nəzərinizə çatdırım ki, 3 deyil, 11 futbolçu axtarılır. 2021-ci ildə həmin futbol matçında kim iştirak edib? 11 gənc. İndi mənim və hər kəsin sualı var: Necə oldu ki, axtarışda olsalar da “Qarabağ hakimiyyəti”nin bundan xəbəri olmayıb, gənclərin Həkəri körpüsünə getməsinə icazə veriblər?
Naqapetyan qeyd edib ki, onda olan məlumata görə, futbolçulardan biri azərbaycanlılarla münaqişə edib, hansısa kameranı sındırıb: “Bu, mənim ilkin məlumatımdır, amma çox güman ki, doğrudur”.
Ermənistanın “Demokratik alternativ” partiyasının sədri Suren Surenyants isə “Facebook” səhifəsində yazıb ki, “Laçın” sərhəd buraxılış məntəqəsində baş verən hadisə siyasi ehtirasları yenidən qızışdırıb. Ancaq o qeyd edib ki, bir neçə real qeydlər olmadan vəziyyəti obyektiv qiymətləndirə bilmərik. Onun sözlərinə görə, Paşinyanın devrilməsi Qarabağı xilas etməyəcək, amma ermənilər ən azından Ermənistan Respublikasını xilas edə bilərlər: “Qarabağ bu gün subyektivliyin bütün komponentlərini itirib. İndiki şəraitdə Qarabağın siyasi muxtariyyətini təmin edəcək hər hansı variantı müzakirə etmək belə mənasızdır. Kobud formada desək, “qırmızı xətləri” müəyyən etməyə imkanımız yoxdur. İndi ermənilərin Qarabağda yaşamaq hüququndan danışmaq olar. Bu sual bilavasitə Rusiya tərəfi qarşısında formalaşmalıdır: onlar ermənilərə bu hüquqa zəmanət verirlər, yoxsa humanitar dəhliz və soydaşlarımızın təxliyyəsi haqqında düşünməliyik? Zaman və beynəlxalq kontekst bizim əleyhimizə işləyir. İndi siyasi həll yolları tapılmasa, iki-üç aydan sonra bunun bədəlini daha yüksək qiymətə ödəməli olacağıq”.
S.Surenyants qeyd edib ki, Rusiya sülhməramlı missiyası öz mandatını çox vicdansızlıqla yerinə yetirir: “Burada mübahisə etməyin mənası yoxdur. Lakin beynəlxalq sülhməramlı missiyanın Qarabağa dəvət edilməsi ilə bağlı çağırışlar reallıqdan kənardır və vulqar manipulyasiyalardır. BMT, ATƏT belə bir qərar qəbul etməyəcək, Azərbaycan bu təklifi müzakirə belə etməyəcək. Fransa da daxil olmaqla dünyada elə bir ölkə yoxdur ki, Ermənistanın xatirinə Azərbaycan və Türkiyə ilə sərt münaqişəyə girməyə hazır olsun”.
Partiya sədri onu da bildirib ki, Ermənistanda mümkün hakimiyyət dəyişikliyi qlobal səviyyədə danışıqlar kontekstini dəyişməyəcək: “Paşinyan hakimiyyəti Qarabağı nəinki dağıdıb, həm də siyasi iradənin və gündəliyin olmaması, populizm və avantürizm nəticəsində Ermənistanı faktiki subyektivlikdən məhrum edib, onu danışıqların obyektinə çevirib”.
Göründüyü kimi, vaxt ötdükcə daha çox erməni obyektiv fikirlər söyləməyə başlayıb. Onların toplum olaraq obyektiv mövqe sərgiləyəcəkləri gün uzaqda deyil.
Zaur MƏMMƏDOV,
politoloq
– Separatçılar vurnuxma içindədirlər. Onlar Azərbaycanın beynəlxalq normalara uyğun olaraq apardığı reinteqrasiya siyasətinin qarşısına heç bir tutarlı arqument qoya bilmirlər. Bildiyiniz kimi, avqustun 29-da Bakıdan humanitar yardım karvanı Xankəndiyə doğru yola düşüb. Karvan Ağdam–Xankəndi yolu vasitəsilə yardımı Qarabağ ermənilərinə çatdırmalıdır.
Qeyd edək ki, bir neçə həftə əvvəl Ağdam–Xankəndi yolunun açılmasından sonra Laçın yolunun da açılacağı qərarlaşdırılmışdı. Hətta yolun açılacağı gün də müəyyənləşmişdi. Lakin bir sutka qalmış separatçılar razılaşmanı pozmuşdular. İndi isə separatçılar və Ermənistan hakimiyyəti ya dəmir iradə qarşısında geri çəkiləcək, ya da onların “humanitar böhran” mövzusunda spekulyasiya ilə məşğul olduqları bütün dünyaya bir daha məlum olacaq. Hər halda, Xankəndidə nəhayət, sağlam düşüncə üstün gəlməli, separatçılar Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yollarının olmadığı başa düşməlidirlər. Ağdam–Xankəndi yolu açılmasa, Qarabağdakı mülki əhalinin separatçı rejim üçün heç bir önəm daşımadığı, onlarla bağlı süni ajiotaj yaratdığı da bir daha bəlli olacaq.
Səxavət HƏMİD