- Daxili siyasət
- 10:15 25.09.2024
Belə məlum olur ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla böynuna götürdüyü öhdəliklərin böyük qismini yerinə yetirməkdən boyun qaçıran Ermənistan hakimiyyəti Bakının xoşməramlı, humanist davranışından sui-istifadə etmək yolunu tutub. Əgər belə olmasaydı, İrəvanın ayağı bu dərəcədə yer almaz, özündə Azərbaycana qarşı xüsusi şərtlər irəli sürmək cəsarətini tapmazdı. Hayastan baş naziri Nikol Paşinyanın hökumətin iclasında dilə gətirdiyi bəyanat xarakterli açıqlamalarına da məhz bu nöqteyi-nəzərdən yanaşmaq daha düzgün olar. Məğlub ölkənin “komandanı” “daxili bazara” hesablandığı şübhə doğurmayan belə açıqlamaları ilə, az qala, Azərbaycana müharibə elan edirmiş kimi davranır.
Paşinyan deyir ki, “Bakı ən müxtəlif üsullarla Stepanakertlə (Xankəndi – red.) dialoqu “torpedolayır” və hər şeyə görə məsuliyyəti Dağlıq Qarabağın (?) üzərinə atmağa çalışır”. Dağlıq Qarabağ (?) ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələlər Bakı–Stepanakert (Xankəndi) dialoqu vasitəsilə, beynəlxalq mexanizm (?) çərçivəsində həll olunmalıdır. Bu məsələdə Ermənistan Respublikasının mövqeyi dəyişməz qalır”. O, üçtərəfli Bəyanatın 7-ci bəndinin yerinə yetirilməsinin vacibiyindən də danışıb.
“Yeddi”dən əvvəl “dörd” gəlir
Paşinyanınm son vaxtlar tez-tez müraciət etdiyi 10 noyabr Bəyanatının 7-ci bəndinə nəzər yetirək. Orada yazılıb: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır”. Bəs məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara qayıtması üçün hansı şərtlər yaradılmalıdır? Onların əvvəlki yaşayış yerlərinə dönmələrindən ötrü zəruri şərait kim tərəfindən təşkil edilməlidir? Baş nazir bundan bəhs etməyi, nədənsə, unudur. Axı buna qədər həmin bəyanatın 4-cü bəndi yerinə yetirilməlidir. Əgər Paşinyan, doğrudan da, bu bənddə yazılanları unudubsa, onda yadına salaq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Yəni, iki il doqquz ay bundan əvvəl Rusiya sülhməramlı hərbi kontingenti Qarabağa ayaq basdığı zaman Ermənistan silahlı qüvvələrinin tör-töküntüsü Azərbaycan torpağını tərk etməli idi. Bu məsələnin indiyədək reallaşmamasında İrəvan qədər Moskvanın da məsuliyyət daşıdığını qeyd etməliyik.
Nikol Paşinyanın hökumətin iclasındakı məsuliyyətsiz bəyanatına Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq Fərid Şəfiyevin şərhi də maraqlı oldu: “Adı çəkilən üçtərəfli bəyanat restoran menyusu deyil ki, orada ürəyin istədiyini seçib götürəsən. Sənəddə göstərilən bütün maddələr icra olunmalıdır. Biz görürük ki, misal üçün, Zəngəzur dəhlizi ilə bağlı doqquzuncu bənd yerinə yetirilməyib. Bundan savayı, Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin Azərbaycan ərazisindən dərhal çıxarılması nəzərdə tutulan dördüncü bənd hələ də qulaqardına vurulur. Xankəndi – Bakı dialoquna gəldikdə isə onu əngəlləyən Ermənistanın özü və onun Fransa kimi havadarlarıdır”.
İrəvanın faktiki olaraq yalnız Bakının təzyiqi altında müəyyən addımları atmağa məcbur olduğuna diqqəti yönəldən politoloq bu mənada Azırbaycanın ərazi bütövlüyünün tanınmasını misal çəkdi: “Hazırda İrəvan üçüncü ölkələrin, kənar qüvvələrin, beynəlxalq təşkilatların vasitəsilə Qarabağ erməniləri məsələsini gündəmdə saxlamağa çalışır. Aydın məsələdir ki, onlar sülh danışıqlarının bundan sonrakı raundlarında da deyəcəklər ki, bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma oradakı Qarabağ erməniləri ayrılmaq istəyirlər, çünki soyqırımına məruz qala bilərlər. Belə bir kampaniya artıq başlayıb. Laçın yolu üzərində sərhəd postunu yaratmağımız danışıqların dinamikasını tamamilə dəyişdirdi. Bəli, ermənilər düşünürdülər ki, Laçın yolu daim açıq qalacaq və rahat şəkildə Qarabağa silah-sursat, mina, qaçaqmal daşıyacaqlar. Bakı Laçın postunu yaratmaqla bu təxribatın qarşısını aldı. İndi onlar yenidən bu yolu ələ keçirmək üçün Azərbaycana hər cür təzyiq göstərirlər. Düzdür, İrəvan tərəfdarları ilə BMT Təhlükəsizlik Şurasında özünə sərfəli sənəd qəbul etdirməkdən ötrü üç dəfə cəhd edib və yenidən buna gedirlər. Hesab edirəm ki, əgər Təhlükəsizlik Şurası onların istəyinə uyğun hər-hansı sənədə səs verərsə, bu halda Azərbaycan, ümumiyyətlə, sülh danışıqlarında iştirakını dayandıra bilər”.
Bakının sözü qəti, mövqeyi dəyişməzdir
Beləliklə, həm İrəvandakı, həm də Xankəndidəki separatçılar kənar dəstəkçilərinin fitvası ilə Bakıya “meydan oxumağa” başlayıblar. Onları buna kimlərin və hansı məqsədlə təhrik etdiklərini Bakıda yaxşı bilirlər. Sadəcə bir şeyi unutmamalarını məsləhət görərdik ki, Azərbaycan özünün suveren ərazisində istədiyini etmək hüququna malikdir. Və bu zaman kiminləsə məsləhətləşməyə ehtiyac duymur. Ortada Qərbin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh danışıqlarının davam etdirilməsi istiqamətində səy və təşəbbüslərin zəiflədiyi mənzərəsi mövcuddur. Bu yöndə ikitərəfli dialoqun İspaniyada planlaşdırılan növbəti raunduna təxminən iki ay vaxt qalıb. Ermənistan iqtidarının o vaxta qədər danışıqlarda “söz sahibi” olmaqdan ötrü hər cür vasitəyə əl atacağı şübhəsizdir.
Elə Azərbaycanın diplomatik müstəvidə mövqelərinin möhkəmlənməsinə mane olmağa çalışan Xankəndidəki terrorçu rejimin sülh prosesini pozmaq üçün müxtəlif hərbi və siyasi təxribatlara əl atacağı da gözləniləndir. Son günlər Azərbaycan Ordusunun Qarabağdakı hərbi mövqelərinin tez-tez atəşə tutulması hayların dediyimiz niyyətində xəbər verir. Əslində, Qarabağda, bütövlükdə, bölgədə sabitliyin pozulmasında katalizator rolunu oynayan xarici dairələrdir. Onları narahat edən məqamlardan biri ABŞ-ın və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində sülh sazişini imzalamaq üçün Ermənistan hökumətinə təzyiq göstərməsi faktıdır. Bu situasiya isə sülhyaratma prosesindən kənarlaşdırılan Rusiya, Fransa kimi dövlətləri qətiyyən qane eləmir. Məhz bu kontekstdə Qarabağ iqtisadi rayonumuzda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının gözü qarşısında Xankəndidəki separatçıların törətdiyi təxribatların arxasında Kremlin və rəsmi Parisin dayandığını əminliklə söyləyə bilərik.
“Ermənistana vaxt verilməlidir”
Xankəndidəki qondarma rejimin başında duranların bir qismi Bakı ilə dialoqun əleyhinədir. O da məlumdur ki, dünyanın müxtəlif ölkələrindəki erməni diasporu Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını istəmir. Əvvəl Ruben Vardanyan Qarabağa Rusiyanın emissarı kimi göndərilmişdi, indi İrəvanın elçisi Samvel Babayan Xankəndidədir və Azərbaycanla dialoq təklif edir. Yaranmış mövcud durumun həm Qarabağdakı separatçılar arasında ziddiyyətlə, həm də Bakının Qarabağdakı erməni vətəndaşlarla dialoq təşəbbüsləri ilə bağlayan İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı deyir ki, son vaxtlar Qarabağda separatçılar tərəfindən törədilən təxribatlar sülh prosesinin reallaşmasına mane olmaq məqsədini daşıyır: “Bu səbəbdən Bakının xüsusi əməliyyatla bağlı planı gündəmə gətirilməlidir. İrəvan kimi bəzi dairələr də Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təminatı üçün beynəlxalq mexanizmlərin tətbiqini, həmçinin Laçın–Xankəndi yolunun açılmasını təklif edirlər. Daxildə isə “Qarabağı müdafiə komitəsi” adlı separatçı qurum yerli erməniləri gələcəkdə silahlandırıb Azərbaycana qarşı müqavimət təşkil etməyi irəli sürür. Hesab edirəm ki, erməni silahlılarının Qarabağdan çıxarılması tələbi bütün kəskinliyi ilə qoyulmalı və konkret tədbirlərin həyata keçirilməsi baş verməlidir. Bu tədbirlərin zəmini artıq Brüsseldə qoyulub.
Brüssel sülh danışıqlarında əsas mövzulardan biri məhz silahlı birləşmələrin Qarabağdan çıxarılması olub. Güman edirəm ki, Azərbaycan bununla bağlı Ermənistana vaxt verməlidir. Əgər verilən müddət ərzində qarşı tərəf tələbi yerinə yetirməsə, Azərbaycan antiterror əməliyyatı keçirə bilər. Bu ehtimalla bağlı Qarabağdakı ermənilər arasında gərginlik var”.
Q.Çaxmaqlının sözlərinə görə, Qarabağda müşahidə edilən gərginliyin fonunda sülh prosesini irəli aparmaq çətin olacaq: “Çünki İrəvan ən müxtəlif istansiyalarda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasının vacibliyi məsələsini qaldırır. Azərbaycan da rəsmən bəyan edib ki, öz vətəndaşları kimi, onların hüquq və təhlükəsizliyini təmin edəcək. Fəqət son olaylar onu göstərir ki, Ermənistanın özü sülhə yaxınlaşmaq fikrində deyil. Əksinə, sülh prosesinə zərbə vurmaq üçün fürsət arayır. “Humanitar böhran”, “blokada” hay-küyünü qaldıran Ermənistan bununla sülh prosesinə problem yaratmaq məqsədini güdür. Separatçılar Xankəndinin mərkəzində aksiyalar keçirməklə hadisələri 1988-1989-cu illərdəki vəziyyətə gətirmək istəyirlər. Ona görə də gərginlik hələ bir müddət davam edə bilər”.
“Dəfnə yarpağı”na çevrilənlər
Bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyan Qərbin Bakının qondarma rejimin “demontajı” ilə bağlı təklif-tələbini dəstəkləməsi daşnak-separatçı quldur çetesinin canına qorxu salıb. Xankəndidəki xunta rejimini gözləyən qaçılmaz de-folt İrəvanı da ciddi narahat etməyə başlayır. Düzdür, Qarabağda yaranmış gərginlik Ermənistan hakimiyyətinə sülh sazişindən yayınmaq, vaxtı uzatmaq üçün manevr imkanları yaradır. Belə situasiyada İrəvan indi açıq dialoqdan qaçmağa, “xalçaaltı savaşa” üstünlük verməyə çalışacaq. Bu, onlardan ötrü strateji əhəmiyyət kəsb edən məqamdır. Axı Ermənistan hökumətinin başında duranlar yaxşı bilirlər ki, Qarabağ məsələsinin Bakının istəyinə və beynəlxalq hüquqa, nəhayət, ədalətə uyğun həlli onların hakimiyyəti üçün risk yaratmağa qadirdir.
Deyəsən, haylar şüursuz müqavimətin, siyasi korafəhmliyin fəsadı olan inadkarlığın heç bir fayda verməyəcəyini anlamağa başlayıblar. Bunun bariz nümunəsi kimi separatçı-kriminal rejimdə qruplaşmalararası didişməni, bir-birinə hücum çəkmələrini göstərmək olar. İndi onlar nəinki beynəlxalq qurumlar tərəfindən, hətta bu günədək güvəndikləri İrəvan tərəfindən saya alınmadıqlarını, işlənmiş əşya kimi zibil qutusuna atıldıqlarını dərk edirlər. Bəs rusla, fransızla, digərləri ilə şübhəli biznesə girişəndə, çirkli pulların yuyulması ilə məşğul olanda bilmirdilər ki, su boğaza çatanda “şərikləri” onların başından basacaqlar? İrəvandakı isteblişment, eləcə də, Qərbdə və okeanın o tayındakı diaspor-lobbi təşkilatları isə öz siyasi bizneslərində sizdən dəfnə yarpağı kimi istifadə ediblər. İndi də onu həzmə yaramayan məhsul kimi çıxarıb atırlar. Bəs siz özünüzə başqa hansı aqibəti hesablamışdınız?
İmran BƏDİRXANLI