- Daxili siyasət
- 10:15 25.09.2024
Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində baş verən proseslər ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Prosesləri izlədikcə hayların buradakı separatçı rejiminin başçılarının çıxılmaz vəziyyətə düşdüklərini artıq aydın görmək olar. Onlar ötən ilin dekabr ayından bəri, guya, blokadada olmaları barədə haray-həşir qaldıraraq beynəlxalq ictimaiyyətin gözündə özlərinin yazıq, miskin obrazlarını yaratmağa çalışırlar. Ancaq indi 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri deyil. Həmin vaxt ölkəmiz bir sıra çətinliklərlə yanaşı, həm də informasiya blokadasında idi. Hazırda isə Azərbaycan tərəfi ermənilərin bütün yalanlarını anındaca ifşa edir. Bu baxımdan, hayların dediklərinə indi yalnız özləri və onların pul kisəsindən asılı olan şəxslər inanırlar.
Gün keçdikcə dünyada daha çox insan əmin olur ki, Qarabağda hansısa blokadadan söhbət gedə bilməz. Qeyd etdiyimiz kimi, bu isə separatçı rejimin “qlavarları”nın çıxılmaz duruma düşməsini şərtləndirir. Eyni zamanda, Azərbaycanın aprelin 23-də yaratdığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən gediş-gəlişin intensivləşməsi də dünyanın, necə deyərlər, gözü önündədir. Ölkəmizi tənqid edən dairələr də insanların buraxılış məntəqəsindən sərbəst hərəkət etdiklərini görürlər. Elə dünən yüzdən artıq şəxs Qarabağı tərk edərək Ermənistana gedib. Ümumilikdə isə son bir neçə gün ərzində 500-ə yaxın şəxs məntəqədən sərbəst keçib.
***
Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunun açılış mərasimində Gürcüstandan Gela Vasadzenin sualını cavablandıran Prezident İlham Əliyev bildirmişdi ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüb. Dövlət başçımız qeyd etmişdi ki, ona görə indi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır: “İndi də istismar edirlər, çünki ekofəallar Laçın–Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam–Əsgəran yolunda beton plitələr qoyublar. Siz “Nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox! Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”.
Azərbaycan Prezidenti tamamilə haqlıdır. Qarabağda yaşayan erməni sakinlər xunta rejiminin girovluğundadır. Erməni əhaliyə öz fikrini ifadə etməyə imkan verilmir, əhali narazılığını bildirən kimi zorakılığa məruz qalır. Bunun örnəyi bu günlərdə Xankəndidə yaşanıb. Qarabağ ermənisi David Minasyan bildirib ki, o, Xankəndidə meydana çıxıb ərzağın əhali arasında düzgün bölüşdürülmədiyini bəyan etdiyi üçün “polis bölməsi”nə aparılaraq döyülüb. Minasyan deyib ki, heç bir siyasi qüvvənin təmsilçisi deyil. Onun çağırışından sonra bir qrup insan meydana çıxıb. Onlar qondarma “dqr”in başçısı Arayik Arutyunyanın “istefasını” və dükanlara ərzaq çatdırılmasını tələb ediblər. Minasyanın sözlərinə görə, əslində, Qarabağda anbarlarda ərzaq ehtiyatının olduğu barədə onun əlində faktlar var. Çünki helikopterlərlə Qarabağa ərzaq daşınmasının dayanmadığını bilir. Amma həmin ərzaq adi, sıravi insanlara çatmır. “Hökumət”ə yaxın adamlar isə həmin ərzaqdan istifadə edə bilir. O qeyd edib ki, evində ərzaq qurtarsa da, Qarabağa daşınan ərzaqdan ala bilmir.
David Minasyan deyib ki, qondarma polislər onu meydanda saxlamaq istəsə də, aksiya iştirakçıları buna imkan verməyib. Amma sonradan evinin yaxınlığında UAZ markalı maşından 6 nəfər düşərək onu saxlayıb. Saxlanmasını belə əsaslandırıblar ki, o, meydanda söyüş söyüb. Dediyinə görə, onun başına torba keçiriblər. Maşında da, “Əsgəran polis şöbəsi”ndə də “polislər” onu döyüblər. Onu döyənlər arasında “Əsgəran polis şöbəsinin rəisi” də olub. Bir gecə şəraitsiz yerdə saxlayıblar.
Qondarma Əsgəran polis şöbəsinin rəhbəri isə “Azadlıq” radiosunun erməni xidmətinə bidirib ki, Minasyan yalan danışır. Nə o, nə də başqa “polislər” Minasyana əl qaldırmayıb.
Qeyd edək ki, David Minsayan axır vaxtlar həm də eynək taxıb, qalstuk əvəzinə yaxasından corab asıb qondarma rejimin başçısı Arayik Arutyunyanı yamsılayırdı. Deyib ki, heç nəyə baxmayaraq, bu işə davam edəcək. Çünki Arutyunyanın ətrafı adı camaat kimi pis yaşamır.
***
Ermənistan ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Ayk Naqapetyan isə Ağdam-Xankəndi yolu barədə danışarkən bildirib ki, Qarabağın qapılarını içəridən açmağa cəhd edilir. Aysor.am saytına videomüsahibə verən Naqapetyan deyib ki, Xankəndiyə Ağdam vasitəsilə humanitar yük gələrsə, bu qapılar açılmış olacaq: “Ağdam–Xankəndi yolu humanitar dəhliz rolunu oynamağa başlayanda Laçın yolunu unutmaq olar. Hazırda bu qapının içəridən açılması prosesi gedir, bütün müqavimətlərə baxmayaraq, qapı açılacaq. Onu da deyim ki, Qarabağdakı “hakimiyyət” bu anı yaxınlaşdırır. Əvvəla, bu, o deməkdir ki, onlar vəziyyəti adekvat qiymətləndirməyib, ərzaq təhlükəsizliyinin qayğısına qalmayıblar. Yaxud da ərzaq var, amma qəsdən kritik vəziyyət yaradılıb ki, çıxış yolu yoxdur, yeganə seçim Ağdam yoludur. Digər tərəfdən, özünü könüllülərin komandiri adlandıran şəxsin peyda olması Ağdam-Xankəndi yolundan istifadə etmək üçün hərəkətlərdən biridir. Bununla rəqibləri qorxutmağa çalışırlar ki, Ağdam yolunun açılmasına mane olmasınlar”.
Ayk Naqapetyan deyib ki, bu, mütəşəkkil, əlaqələndirilmiş prosesdir, onun yeganə məqsədi Ağdam-Xankəndi yolunu açmaqdır: “Arayik Arutyunyan öz siyasi komandası ilə müəyyən təminatlara malik olaraq, Qarabağın qapılarını açmağa hazırdır və o, bu təhlükəsizlik zəmanətlərini Nikol Paşinyanın vasitəçiliyi ilə Qərbdən alıb”.
Ancaq gəzən söz-söhbətlərə baxmayaraq, qondarma rejimin rəhbərliyi Ağdam-Xankəndi yolunun açılmasına razılaşdığı haqda yayılan xəbərləri təkzib edib. A.Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan deyib ki, düzdür, rejim başçısı müxtəlif “dövlət, siyasi və ictimai dairələrlə” müzakirələr aparıb. Görüşlərdə humanitar vəziyyət, təhlükəsizlik məsələləri müzakirə edilib, amma hər hansı qərar qəbul edilməyib. L.Avanesyan onu da deyib ki, müzakirələr davam edir: “Arayik Arutyunyan tezliklə şəxsən vəziyyətlə bağlı açıqlama verəcək, öz yanaşmasını açıqlayacaq”.
Müxalifətdə olan “Ədalət partiyası”nın başçısı da A.Arutyunyanla görüşdə iştirak edib. Partiyanın “deputatı” Metakse Akopyan deyib ki, Ağdam-Xankəndi yolunun açılması ilə bağlı təzyiqlər var. A.Arutyunyan da bu görüşləri ona görə keçirir ki, məsələ ilə bağlı axırda öz qərarını açıqlasın. Qondarma deputat deyib ki, “Ədalət partiyası”nın başçısı Ağdam yolunun açılmasına mənfi münasibətini Arutyunyana çatdırıb. Bununla belə kompromis məsələləri də müzakirə etməyə hazırdırlar. Amma hesab edirlər ki, bu məsələlər şifahi razılaşdırıla bilməz və sənəd imzalanmalıdır.
Göründüyü kimi, Qarabağ separatçıları ciddi çaxnaşma içindədirlər. Onlar vəziyyətdən çıxmaq üçün müxtəlif yollar arayırlar. Aparılan müzakirələr də bunun bir göstəricisidir. Ümid edək ki, onların müzakirələri regionda yaranmış yeni reallıqların dərk edilməsinə gətirib çıxaracaq. Nəhayət, anlayacaqlar ki, müxtəlif instansiyalar, qonşulardan başlayaraq uzaqda yerləşən bəzi ölkələrə qədər müraciət edikləri ünvanlar onların dərdinə əlac etməyəcəklər. Dövlət başçımızın dediyi kimi, ağlı başında olan heç kim Azərbaycanın ərazisində bizimlə döyüşməyəcək. Ona görə də onlar sonda bu reallıqları başa düşməli və barışmalıdırlar.
Səxavət HƏMİD