- Daxili siyasət
- 10:15 25.09.2024
Azərbaycanda belə bir atalar sözü var: “Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız”. Bu günlərdə Belçikanın Xarici işlər naziri Haccə Lhəbibin Cənubi Qafqaz regionuna səfərindəki təfərrüatlara diqqət yetirərkən, məhz həmin atalar sözü yada düşür. Əlbəttə, kobud şəkildə deyə bilərik ki, ay Belçika, get işinlə məşğul ol. Amma nəzakət xatirinə demirik. Üstəlik, xanım Lhəbibin paytaxtımıza gəlməsi, Xarici İşlər Nazirliyində keçirdiyi görüş onu deməyə əsas verir ki, diplomatik etiketləri gözləyirik. Bəlkə, gözləniləsi deyil. Yəni, belə nəzakətli davranışımız Belçikanın xarici işlər naziri üçün həddindən artıqdır.
Birincisi, Belçika höküməti hara, Azərbaycan–Ermənistan münasibətləri hara? Paytaxt Brüsseldə bir sıra vacib beynəlxalq təşkilatların baş ofislərinin yerləşməsi hələ o demək deyil ki, ölkə dünyada, o cümlədən, Cənubi Qafqaz regionunda baş verən hadisə və proseslərdə söz demək imtiyazına malikdir. Belçika, ilk növbədə, gedib sözünü buyruğu ilə oturub-durduğu Fransaya desin. Bacarırsa, onun kurasiyasından çıxsın. Sanki regiona səfər reallaşdıran Belçikanın deyil, Fransanın xarici işlər naziri idi. Birincinin proqramı ikincidən heç nə ilə fərqlənmirdi...
İkincisi, tutalım dünyada hansısa qlobal dəyişiklik baş verib, Belçika söz sahibinə çevrilib. Hətta, belə olsa da, belə ölkənin Xarici işlər naziri İrəvanda peyda olarkən və bölgədə sülhün yaranmasını arzuladığını bildirərkən, heç bir halda tərəflərin hansısa birində qıcıq doğuran hərəkətlərə yol verməməlidir. Ancaq xanim Lhəbib bunu etdi. Gedib saxta “erməni soyqırımı” qurbanları üçün ucaldılmış şərəfsizlik abidəsinə baş çəkdi. Belə sülh istəyi olar? Axı, Lhəbib Fransanın xarici işlər naziri Katrin Kolonna deyil. Bilirik ki, xanım Kolonna İrəvana gedəndə sözügedən mənfur abidəyə baş çəkməsə, allergiyası tutur. Bunu başa düşürük. Belçikanın XİN rəhbərini nə üçün başa düşək? Yəni, onu da başa düşək? Başa düşək ki, ermənipərəstlərin sayı artsın?
Nəhayət, hansı səbəbdən Belçikanın Fransadan daha böyük ermənipərəst olmaq arzusunu anlayışla qarşılayaq? Hər halda, Roma papasından daha artıq katoliklik heç kəsə xeyir gətirməyib. Belçika da ermənipərəst olmağı düşünməsin və deməsin ki, Azərbaycan Laçın dəhlizini açmalıdır, ay nə bilim, insan hüquqları, filan.
Hələ xanım Lhəbib daha incə məqamlara, sarı simlərə toxunur. Onun sözlərindən belə anlaşılır ki, Azərbaycan uzun illər məhrumiyyət yaşayıb, indi erməniləri başa düşsün. Bir qədər kövrək adam həmin an cibindən dəsmal çıxarıb XİN rəhbərinə uzadardı ki, gözünün yaşını silsin. Gələcəyə doğru beləmi baxılır? Xanım Lhəbib İrəvana gedib saxta soyqırımı abidəsini ziyarəti proqrama daxil edirsə, Bakıda Xocalı abidəsinə baş çəkmirsə, bu, gələcəyə baxmaq olur?
Azərbaycan iki ildən artıqdır Ermənistana jest edir. Ölkənin durumu anlaması, vəziyyətlə barışması, ədalətli olması üçün şans da yaradır. Bunu İrəvan rəsmiləri anlayırlarmı? Yox! Krallığın XİN rəhbəri başa düşə bilmir ki, Ermənistan iqtidarını Qarabağ ermənilərinin taleyi qətiyyən maraqlandırmır. Onu düşündürən Qarabağ işğalının davamıdır. Ən pisi isə budur ki, lahbiblər, corclar və digərləri bu “davamlılığı” leqallaşdırmağa girişiblər.
Bakıda Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında “Sizin övladlarınız sizi bu jestinizlə xatırlayacaq” –deyir xanım Lhəbib. Yəni, ermənilərə güzəştə gedin, imkan verin, Laçın yolunu açıq qapı eləsinlər, istədikləri vaxt oradan gəlib-getsinlər, əlbəttə, sərhəd filan da olmasın. Görəsən, bircə dəfə avropalıların yadına düşürmü ki, o yoldan Azərbaycan vətəndaşının, sıravi azərbaycanlının keçib İrəvana getmək imkanı yoxdur? 1988-1991-ci illərdə Ermənistandan, öz doğma yurd-yavalarından, evlərindən didərgin salınmış soydaşlarımızın da, həmçinin. Xanım XİN başçısı bunu İrəvanda olarkən, dilinə gətirdimi? Yox! İndi durub Bakıda sentimentallıq havasına köklənib. Yox bir, jest edəcəkmişik. Biz nə vaxt erməni qövmünə jest etmişiksə, itirmişik. 1918-ci ildə jest etdik, İrəvanı itirdik, 1920-ci ildə jest etdik, Zəngəzurla vidalaşdıq. Yumşaq davrandıq, Qarabağı əldən verdik. İndi də güzəştə gedək ki, bir on ildən sonra oradakı separatçı rejim güclənib üstümüzə gəlsin! Yəqin, Belçikanın Xarici işlər nazirinin “dəsmal diplomatiyası” buna hesablanıb.
Bu, nə yanaşmadır? Bu, nə mənəvi oyunbazlıqdır xanım Lhəbib çıxarır? Qətiyyən anlamaq olmur. Bəlkə, adam heç nazir deyil, hansısa humanitar yönümlü qeyri-hökumət təşkilatının rəhbəridir və onu səhvən nazir kimi təqdim ediblər? Bəlkə, əlahəzrət kral, Belçika hökuməti nəyisə səhv salıb? Yəni, bir vəzifəli şəxs necə bu qədər mənasız söz danışa bilər? Mənasız danışmağı bir yana, adam beynəlxalq hüquqa da bələd deyil. Bilmir, yaxud bilmək istəmir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Azərbaycan rəsmilərinin Qarabağda humanitar böhran adı ilə beynəlxalq ictimai rəyə sırınan erməni şousuna reaksiyasından da xəbəri yoxdur?
...Ağdam–Xankəndi yolu. Axı, bu yolla bağlı Bakı ilə İrəvan arasında vasitəçilik missiyasını yerinə yetirən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dəfələrlə söz açıb. Bir neçə gün əvvəl də bu barədə fikirlərini bölüşmüşdü. Yəqin, həmin vaxt xanım Lhəbibin başı “erməni soyqırımı” abidəsi önünə hansı gülləri alıb qoymaq kimi “qlobal əhəmiyyətli” vəzifəyə qarışmışdı. Başqa nə düşünək? Deyirik ki, Qarabağdakı separatçı rejim Ağdam–Xankəndi yolunun işə düşməsinə, bölgə əhalisinə yardım göstərməyimizə imkan vermir, durub gözlərini döyürlər. Hələ bəziləri sırtıqcasına üzümüzə qayıdır ki, bəs, Ağdam – Xankəndi yolu Laçın yoluna alternativ ola bilməz. Niyə? Nə üçün? Yenə qanmaz-qanmaz üzümüzə baxırlar. Əslində, çox yaxşı qanırlar hər şeyi...
Belçikanın xarici işlər naziri deyir ki, tarixdə müharibələr olub, amma sülh əldə edilib, burada (Azərbaycanla Ermənistan arasında – red.) müxtəlif formatlar müzakirəyə çıxarıla və diskussiyalar açıla bilər. Görəsən, o, belə danışarkən, öz dediklərinə inanır? Yəni, həqiqətən, inanır ki, Ermənistan dövləti və başıpozuq erməni cəmiyyəti format və diskussiyanın nə olduğunu bilir? Əmin deyilik ki, Haccə xanım sadəlövhdür. Sadəcə,“dəsmal diplomatiyası”nda sabun köpürtmək üzrə mahirdir. Nə deyək, bəlkə bilməmişik, Cənubi Qafqaza Lhəbib yox, sülh ilahəsi Afina özü gəlibmiş?
Ölkəmizin XİN rəhbəri Ceyhun Bayramov sözügedən mətbuat konfransında belçikalı həmkarına replika kimi ikili standartlar məsələsini çox yerində xatırlatdı. Çünki Lhəbibin İrəvandakı və Bakıdakı danışıqları həmin ikili standartlar siyasətinin saxta humanizm sentimentallığı ilə maskalanmasından başqa bir şey deyildi. Nə isə...
Əvəz RÜSTƏMOV