USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın “rəngarəng sülh yuxuları”

İrəvan sülh prosesini tormozlamaq, kövrək ümidlərin üzərindən xətt çəkmək yolunu tutub


https://img.baki-baku.az/news/2023/08/photo_7758.jpg?v=MjAyMy0wOC0yNSAxMTozMjoxNg==

Regional və beynəlxalq müstəvilərdə baş vurduğu bütün cəhdləri puça çıxdıqca, barışığa aparan yol gödəldikcə, İrəvan istər ikitərəfli sülh danışıqlarına, istərsə də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinə pəl vurmaqdan ötrü ən çirkin “siyasi üsullara” əl atmaqdan çəkinmir. Belə “üsullardan” birini dünən Nikol Paşinyan kabinetinin və nazirlərinin hüzurunda ərz elədi.  

Erməni mediası Hayastan baş nazirinin hökumətin həftəlik ənənəvi iclasında dediklərini tirajlamaqla məşğuldur. Bu dəfə iclasın ana mövzusu, Paşinyanın bəyan etdiyi əsas tezis kimi Ermənistanın Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verdiyi önə çıxarılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında deyib: “Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik”.

Paşinyan administrasiyanın hazırladığı və Bakıya göndərdiyi deyilən sülh müqaviləsinə yeni təkliflərin nədən ibarət olduğu açıqlanmasa da, bu faktın özü maraqlı məqamları ortaya qoyur. Birincisi, ikitətərfli sülh danışıqlarının gündəliyi hələ mart ayında müəyyənləşdirilib və bu şərtlər çərçivəsində beş aydan çoxdur ki, Moskva, Brüssel və Vaşinqton treklərində dialoq raundları davam etdirilir. İkincisi, düzdür, həmin danışıqlar paketində tərəflərin ümumi razılığa gəldiyi məsələlərlə yanaşı, mübahisə doğuran məqamlar da az deyil. Bu barədə isə vasitəçilik missiyasını yerinə yetirən siyasi fiqurlar – Lavrov, Şarl Mişel və Antoni Blinken tərəfindən vaxtaşırı müvafiq açıqlamalar verilib. Üçüncüsü, təkcə Qarabağda deyil, bütövlükdə, Cənubi Qafqazda hadisələrin gərgin məcrada cərəyan etdiyi indiki məqamda İrəvanın sülh müqaviləsinə “korrektələr” etmək təşəbbüsü onun yalnız və yalnız sülh prosesini ləngitmək, əldə edilmiş kövrək irəliləyişin üzərinə kölgə salmaq cəhdindən başqa bir şey ola bilməz. Paşinyanın “rəngarəng yuxularının” məhsulu sayıla biləcək sülh müqaviləsinə “təkliflərinin” mahiyyətinə varmadan deyə bilərik ki, bu paketdə Bakı üçün məqbul sayılmayacaq hansısa nüanslar yer alır. Belə bir ideyanın indi ortaya atılması sadəcə siyasi avantüradır.

           * * *  

Hökumətin məlum iclasında Nikol Paşinyan aldığı bir “maraqlı” məlumatı da toplantı iştirakçılarının nəzərinə çatdırıb. Onun sözlərinə görə, Bakı tərəfindən Laçın dəhlizinin (?) bir istiqamətdə açılması üzrə planlar qurulur və məqsəd sərhəd postunda yalnız Dağlıq Qarabağdan (?) gedənlərə icazə verməkdir.

Azərbaycan tərəfindən Laçın dəhlizinin (?) qeyri-qanuni olaraq blokadasının (?) davam etdiyini deyən hayların baş naziri bu zaman Ermənistan hökumətinin Dağlıq Qarabağ (?) üçün nəzərdə tutulmuş 400 tona yaxın humanitar yükün hələ də bölgəyə giriş yolunda gözlədiyini “ürək ağrısı” ilə yada salıb.

Paşinyan Dağlıq Qarabağda (?) humanitar vəziyyətin gərgin olaraq qaldığına diqqəti yönəldərək, çıxışında bunları da söyləyib: “Yaranmış situasiyada yeganə dəyişiklik ondan ibarətdir ki, Qırmızı Xaç Komitəsinin və Dağlıq Qarabağdakı (?) Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə müalicəyə ehtiyacı olan və digər şəxslərin Laçın dəhlizi (?) ilə müəyyən hərəkəti başlayıb. Eyni zamanda, əldə etdiyimiz mötəbər informasiyaya görə, Dağlıq Qarabağdan (?) çıxışa icazə verilir, amma girişə maneçilik törədilir”.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağın (?) çoxlu sayda sakini Ermənistan Respublikasındadır və onlar Dağlıq Qarabağa (?) qayıda bilmirlər. Bu zaman Paşinyan bu kateqoriyadan olan ermənilərin sayını da açıqlayıb: “Keçən ilin dekabrında Laçın dəhlizi (?) qanunsuz bağlanandan sonra 5 minə yaxın, 2020-ci il 10 noyabr Bəyanatının 7-ci bəndinin yerinə yetirilməməsi səbəbindən isə 30 minə yaxın erməni bölgəyə qayıda bilmir”.

Paşinyanın sözündən belə çıxır ki, hazırda Ermənistanda 35 min Qarabağ ermənisi intizarla evlərinə qayıdacağı günü gözləməkdədir. Bu uydurma rəqəmin gülüş doğurması bir yana, təəccüb yaradan tərəfi odur ki, indi şəffaf və obyektiv siyahıyaalınma keçirilsə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda bu saydan da az erməni sakinin qaldığı məlum olar.    

                                                           * * *

Bu yandan sülhdən danışan İrəvan o yandan Fransadan, Hindistandan, başqa ölkələrdən silah-sursat almaqla məşğuldur. Üstəlik, son vaxtlar Ermənistan cəmiyyətində daxili səfərbərlikdən danışılır. Açığı, Paşinyanın dəfələrlə təkrarlanan bu cür feyk-çağırışları yadımıza folklorumuzdakı yalançı çoban obrazını salır. Canavarların sürüyə hücum etdiyini kəndə car çəkən, hər dəfə yalanının üstü açılan və sonda yırtıcıların real basqını ilə üzləşəndə köməksiz və çarəsiz qalan cobanı deyirik. Müqayisə bir qədər qüsurlu görünə bilər. Amma biz Paşinyan iqtidarının heç bir müsbət sonluğa, məntiqi nəticəyə gətirməyən yalançı vədlərini, təkliflərini çox eşitmişik.

Üç ilə yaxındır onlar real və konkret addımlar atmağın əvəzinə yalnız sülh sazişinə əlavələrdən, düzəlişlərdən danışırlar. Amma ortalığa konkret heç nə qoya bilmirlər. Bunun qarşılığında Bakı özünün 5 şərtdən ibarət təkliflər zərfini rəsmən açıqladı, 3+3 formatına razılığını bildirdi, sülh danışıqlarının bütün treklərində iştirak etdi. Yəni, sözümüz və hərəkətimizlə göstərdik ki, biz doğrudan da, müharibə səhifəsini çevirmək istəyirik. Münasibətlərə dinc yanaşı yaşamağa aparan sülh və əmin-amanlıqla yeni abzasdan başlamağa hazırıq. Onları da bu yola dəvət edirik. Və bütün bu təklifləri müharibədən qalib çıxmış tərəf kapitulyasiyaya imzasını atmış rəqibinə verir. Bəs əvəzində nə görürük? Saxta, qeyri-səmimi, blef gedişlər. Yuxarıda qeyd etdiyimiz kimi, dünən Paşinyanın açıqlaması da rəngli röyasının, blef yuxusunun bəhrəsi idi.                              

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İmran BƏDİRXANLI