USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gedən getsin, qalan qalsın

“Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçən ermənilər onlara göstərilən xidmətdən razıdırlar


https://img.baki-baku.az/news/2023/08/photo_7746.png

Azərbaycanın beynəlxalq normalara uyğun olaraq aprelin 23-də Ermənistanla şərti sərhəddə yaratdığı sərhəd nəzarət-buraxılış məntəqəsi öz işini uğurla davam etdirməkdədir. Gün ərzində məntəqədən keçməklə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli onlarca Azərbaycan vətəndaşı Ermənistana səfər edir. Onların geri qayıdışı da eyni qaydada təmin edilir. Yəni, suveren dövlətlər arasında sərhədi keçməklə bağlı mövcud olan beynəlxalq praktika hazırda “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində tətbiq olunur.

Qarabağdakı erməni separatçılarının ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Azərbaycanda mərkəzi hakimiyyətin zəif olmasından istifadə edərək yaratdıqları qondarma “dqr”in tör-töküntüsünün başçılarının nə deməsindən, məntəqəni necə təqdim etməsindən asılı olmayaraq, sərhədi keçən erməni əsilli vətəndaşlar məmnundur. Elə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən avqustun 22-də keçid edən Elen Arstamyan sərbəst keçidin təmin olunmasından razılığını bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında BQXK əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Məntəqədən Gorusa doğru BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib. Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nın əməkdaşları, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət 57 nəfər olub. Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Buraxılış məntəqəsindən daha sonra da keçid olub. Belə ki, növbəti dəfə 60-a yaxın şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid edib.

Bu, bir daha mülki ermənilərin məntəqədən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Dünən yalnız Xankəndidən Ermənistana gedən bir erməni qadına çantasının üzərindəki qadağan olunmuş atributla (qondarma rejimin bayrağı adlanan əski parçası çanta üzərinə həkk olunmuşdu – S.H.) bağlı sərhədçilərimiz tərəfindən xəbərdarlıq edilib. Sərhədçilərimiz nəzakətlə bildiriblər ki, çantanı müsadirə etmirlər, ancaq bir daha belə hallar təkrarlanmamalıdır.

***

Sərhəddən heç bir maneə olmadan, asan və şəffaf qaydada keçidin baş verməsi Ermənistanın və Qarabağdakı ermənilərin bir yalan və böhtanının ifşa olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu da Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya edəcəkləri təqdirdə, guya, onları Vaqif Xaçatryanın aqibətinin gözləyəcəyi iftirasıdır. Məsələn, Ermənistanda revanşist kəsimi təmsil edən politoloq Armen Badalyan bugünlərdə deyib: “Qarabağın 120 min (?) sakini, o cümlədən siyasətçilər, generallar və ictimai xadimlər Vaqif Xaçatryanın taleyini yaşamaq və azərbaycanlı əsirliyinə düşmək istəyirlərsə, o zaman Xankəndi ilə Bakı arasında birbaşa danışıqlara razılıq versinlər. Əgər belə bir perspektiv onları qane etmirsə, o zaman, Arayik Arutyunyanın “istefası”na nail olmalı, “parlament” tərəfindən özlərinə yeni başçı seçməlidirlər”.

Bu məqam qondarma rejimin “qlavarı” Arayik Arutyunyanın avqustun 8-də beynəlxalq aktorlara etdiyi müraciətdə də öz əksini tapmışdı. O demişdi ki, 44 günlük müharibədən iki ildən çox vaxt keçsə də, Qarabağı hərbi yolla ermənisizləşdirməyə (?) nail ola bilməyən Azərbaycan məqsədlərinə güc yolu ilə deyil, başqa üsullarla nail olmaq üçün ardıcıl cəhdlərini davam etdirir. O, Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının erməni əhalinin sərbəst hərəkətinin qəsdən məhdudlaşdırılması məqsədi daşıdığını, sonra isə Qarabağ əhalisinin normal yaşayışını təmin etmək üçün həyata keçirilən humanitar yüklərin daşınmasının tamamilə dayandırıldığını (?) bildirmişdi. Onu da demişdi ki, bu “qanunsuz” yaradılmış keçid məntəqəsinin bilavasitə qurbanı “Artsax respublikası”nın “vətəndaşı” Vaqif Xaçatryan olub.

Ancaq zaman bu kimi separatçı başçıların dedikləri sözlərin heç bir əsasının olmasığını bir daha ortaya qoydu. Əvvəla, Azərbaycan qarşısına Qarabağı ermənisizləşdirmək kimi bir məqsəd qoymayıb. Ölkəmizin belə bir məqsədi heç zaman olmayıb, bu gün də yoxdur, gələcəkdə də olmayacaq. Əksinə, rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə yenidən inteqrasiyasına nail olmağa çalışır. Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında avqustun 16-da aparılmış müzakirələrə dair bəyanatında qeyd edildiyi kimi, ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Bu baxımdan, Arutyunyanın iddia etdiyi Qarabağın ermənisizləşdirilməsi iddiası tamamilə yalandır.

Onun sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Qarabağ ermənilərinin sərbəst hərəkətinə maneə törətdiyi fikri də böhtandır. Məsələ ondadır ki, Qarabağ erməniləri məntəqədən günün istənilən saatında sərbəst hərəkət edə bilirlər. Bu məqam artıq ermənilərin özləri tərəfindən də etiraf olunur. Sadəcə, Azərbaycan qanunvericiliyi çərçivəsində sərhəd nəzarət-buraxılış məntəqəsindən keçmək və aparılan-gətirilən yükləri bəyan etmək lazımdır.

Vaqif Xaçatryanın həbsinə gəldikdə isə 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində törədilən qətliamda iştirak etməkdə ittiham olunan bu şəxs sərhədi keçərkən saxlanılan yeganə şəxsdir. İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan V.Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Arutyunyan kimilərinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Beləliklə, A.Arutyunyanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün ortalığa atdığı daha bir iddianı ifşa olunmuş saya bilərik.

Bütün bunlardan əlavə, Azərbaycan Qarabağ ermənilərinə başqa seçim şansları da qoyub. Ölkəmiz qəti sözünü deyib və seçimi Qarabağ ermənilərinin özlərinin ixtiyarına buraxıb. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkəmizin normal vətəndaşları olmalı, qanunlarına sayğı durmalı, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmalıdırlar. Bununla razılaşmayanlar bölgəni tərk edib dünyanın istədikləri guşəsinə köç etməkdə sərbəstdirlər. Onlar dünyanın istənilən yerində “dqr” yaratmaq hüquqlarını da özlərində saxlayırlar. Baxaq görək, dünyanın hansı ölkəsi özünün suveren ərazisində onlara “dqr” yaratmaq hüququnu tanıyacaq?

Səxavət HƏMİD




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD