USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağ amili, İrəvan seçkisi və Ermənistan dövlətçiliyinin taleyi

Ruben Vardanyanın “Telegram manifesti”nə sözardı


https://img.baki-baku.az/news/2023/08/photo_7735.jpg?v=MjAyMy0wOC0yNSAxMTo0MjozMg==

Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın özünün “Telegram” kanalında son dəfə yazdığı fikirlər düşündürücüdür. O, faktiki olaraq, Ermənistandakı indiki iqtidarı devirməyə çağırır. Bunun üçün şans da yaranıb. Söhbət İrəvan rəhbərliyini müəyyənləşdirəcək sentyabr seçkilərindən gedir.

Baş nazir Nikol Paşinyan administrasiyasının var gücü ilə hazırlaşdığı proses çox önəmlidir. Çünki paytaxt ölkə əhalisinin yarısı deməkdir. Ona rəhbərlik isə hakimiyyətə alternativlik, onun qərarlarını mübahisələndirmək perspektivini leqallaşdırmağa doğru önəmli addımdır. Yəni, sentyabr seçkisi Vardanyanın da dediyi kimi, yalnız kanalizasiyalara, bələdiyyələrə və müxtəlif obyektlərə nəzarət şansı vermir.

Digər tərəfdən, proses həm də ona görə əhəmiyyətlidir ki, qalib özünü hazırkı iqtidara alternativ saymaq və bu düşüncəni xalq kütlələrinə yeritmək üçün müstəsna mənəvi dividend qazanmış olacaq. Deməli, Vardanyanın İrəvan meriyasına seçkilərə köklənməklə nə etmək istədiyi məlumdur. Məqsədi, paytaxtda ikihakimiyyətlilik formalaşdırmaqla “Paşinyan erasını” bitirməkdir.

***

Əlbəttə, Vardanyanın istəyinə çatması şübhəli məsələdir. Yəni, Rubenin dili ilə desək, “xədimlərin” “satqınlarla” psevdomübarizəsinin yerini hər şeyi bilən, istəyən və bacaran yeni qüvvənin tutub-tutmayacağı müəmmadır. Vacib məqam onun Qarabağ və seçki məsələsini bir müstəviyə gətirməsidir. Daha doğrusu, Qarabağ, seçki və Ermənistan dövlətçiliyi məsələsini.

Belə görüntü var ki, Qarabağ yoxdursa, erməni dövlətçiliyi də yoxdur. Özü də bu düşüncəni təlqin edən təkcə R.Vardanyan deyil. Ermənistan daxilində oxşar fikirdə olan kəsim kifayət qədər aktivdir. Ruben hazırda Paşinyan iqtidarına qarşı demarş xətti götürübsə, belələri baxışlarını hər zaman açıq şəkildə bildirməkdən çəkinməyiblər.

Bəli, əsas məsələ “Qarabağ yoxdursa, Ermənistan dövləti də yoxdur” deyimidir. Bu deyim, erməni ictimai rəyində, bir növ, klişeləşib, ehkamlaşaraq kif atıb. Əslində, müasir Ermənistan dövlətçiliyi məhz onun üzərində qurulub. Diqqət yetirək, keçmiş SSRİ dağılmağa doğru gedən vaxt, müttəfiq respublikalar müstəqilliklərini əldə etmək üçün mübarizə apardılar. Ayrı-ayrı xalqların məqsədi imperiya buxovlarından azad olmaq idi. Bəs, avantürizmə meyillənmiş erməni xalqı nə üçün mübarizə apardı? Qarabağ uğrunda. Başqasının torpağını əldə etmək naminə. “Qarabağ missiyası” uğur qazandı, torpaqlarımızı işğal etdilər, ancaq bu uğur tam qələbə demək deyildi. Qələbə qazanılsaydı, erməni avantürizmi Türkiyə ərazisinə keçid alacaqdı. Onun Ağrıdağ sevdası başlayacaqdı...

Sözümüz ondadır ki, erməni qövmü hələ lap əvvəldən özünün azadlığını və dövlətçiliyini əlindəkini qorumaq deyil, malik olmadığına sahiblənmək üzərində təsəvvürə gətirdi və bu təsəvvürünü reallaşdırmağa çalışdı. Ermənistan otuz ilə yaxın Azərbaycanın ərazilərini işğalda saxladı. Həmin müddətdə ölkədə hakimiyyətdə olmuş qüvvələr isə Qarabağ klanının təmsilçiləri idilər. Bəs, bu klan necə hakimiyyətə gəldi?

Qarabağ klanı iqtidara az-çox normal düşüncə sahiblərinə qarşı müqavimətlə, repressiyalarla və qətllərlə yiyələndi. 1997-ci ildə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın istefasını xatırlayaq. 1998-ci ildə həmin Qarabağ klanının təmsilçisi Robert Koçaryanın hakimiyyətə gəlişini də. Mənzərəni tamamlamaq üçün Koçaryanın 1999-cu ilin parlament seçkilərindən sonra faktiki olaraq əlini-qolunun bağlanmasına da nəzər salaq. Həmin vaxt Karen Demirçyan başda olmaqla bir sıra qüvvələr Azərbaycanla xoş münasibətlərin qurulmasında maraqlı idilər. Onlar anlayırdılar ki, ölkələri torpaqlarımızı işğal edib və işğal davamlı ola bilməz.

Bəs, sonra nə oldu? 1999-cu ilin oktyabrında Ermənistanda parlament terroru yaşandı. Demirçyan və tərəfdarları məhv edildilər. Bundan sonra Koçaryanın mütləq hakimiyyəti formalaşdı və Azərbaycanla müsbət nəticə vəd edən danışıqlar prosesi iflasa uğradı. Daha sonra baş verənlər isə məlumdur. Koçaryanı Qarabağ klanının digər nümayəndəsi Serj Sarkisyan əvəzlədi və Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanması tam şəkildə dalana dirəndi, mənasız və nəticəsiz danışıqlar mərhələsi başlandı. Rəsmi İrəvanın saysız-hesabsız manipulyasiyalarını, imitasiyalarını gördük...

***

Baxın, Ruben Vardanyan avqustun 22-dəki “Telegram manifesti”ndə erməni xalqını ittiham edir. O, “keçmişlər” ifadəsini işlədərkən, Ermənistanın əvvəlki rəhbərliyini nəzərdə tutur və yazır ki, “keçmişlər” mübarizədən üz döndərdilər. Çünki gördülər ki, xalq yuxudadır və yuxuda olmağı xalqa bağışlaya bilmədilər. Deməli, Paşinyan xalqın yuxuda olmasına görə hakimiyyətə gəldi.

Əslində, Nikolun iqtidara sahiblənməsi, böyük ölçüdə, erməni xalqının köhnə stereotiplərdən uzaqlaşmaq əzminin nəticəsi idi. Paşinyan seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Qarabağ klanına qarşı mübarizə apararkən, bütövlükdə, Azərbaycanla münaqişənin zərərlərini açıqlayır, Qarabağın Ermənistan üçün lazım olmadığını bildirirdi. Onun düşüncəsi xalq arasında da populyar idi.

Əlbəttə, populyarlığın bir səbəbi kimi, klanın illərlə erməni xalqına verdiyi zülmdən və məhrumiyyətlərdən söz aça bilərik. Hər bir halda sıravi erməninin “miatsum” xəstəliyindən qurtulma şansı yaranmışdı və bu cəhət Nikolu da şanslı elədi. Bəs, Paşinyan nə etdi? O, özünü “demokratiyanın qladiatoru” obrazında gördü və bildirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Əlqərəz, N.Paşinyan da Qarabağ avantürasından əl çəkmədi və bunun Ermənistan üçün qorxunc aqibətini 44 günlük müharibə tam şəkildə ortaya qoydu. Bəs, Nikol müharibə nəticəsində ölkəsinin üzləşdiyi rüsvayçılığa bəraət qazandırmaq üçün nə etdi? O, Rubenin nəzərində tutduğu “keçmişlər”i günahlandırmağa girişdi. “Keçmişlər”i ittiham etmək və “keçmişlər”ə xalq nifrətini körükləmək Paşinyana 2021-ci ilin növbədənkənar parlament seçkilərində uğur qazandırdı. Tarixdə müharibə məğlubu olan iqtidarın hakimiyyətdə qalması çox nadir hadisələrdəndir ki, Nikol belə bir şansı tutmağı bacardı. Üstəlik, “Qarabağ Ermənistandır və nöqtə” səhvini düzəltmək üçün şərait yarandı.

Paşinyan hər cür təxribatlarına və fitnə-fəsadlarına baxmayaraq, Azərbaycanın Qarabağ da daxil olmaqla 86,6 min kvadratkilometrlik ərazidə suveren hüquqlarını tanıdığını bildirdi. Ancaq indi görünür ki, Ermənistan hakimiyyəti var gücü ilə bu deyimdən imtina etməyə, yeni reallıqlar formalaşdırmağa çalışır. Hazırda Nikol iqtidarı Qarabağ məsələsinə münasibətdə Koçaryan-Sarkisyan tandemindən heç də az destruktiv mövqe tutmur. Ancaq onun ikincilərdən fərqli olaraq, lazımi siyasi və hərbi resursu yoxdur.

Bəli, Paşinyanın resursu yoxdur, həm də o səbəbdən ki, onun iqtidarı Ermənistanın Rusiyaya xəyanətinin nəticəsi kimi meydana çıxmış hadisədir. Rusiya Ermənistan iqtidarına nankor kimi baxır. Əlbəttə, belə yanaşma Moskvanın erməni sevdasını arxa plana keçirmir. Kremldə hələ də düşünürlər ki, İrəvan onların orbitinə qayıdacaq. Bunun üçün çeşidli siyasi texnologiyalara əl atırlar. Əslində, haqqında söz açdığımız 2021-ci ilin növbədənkənar parlament seçkisi həmin texnologiyaların işə düşməsindən xəbər verirdi. Lakin Rusiya istəyinə nail ola bilmədi.

***

İndi isə bilavasitə Vardanyan amili üzərində dayanaq. Məlum olduğu kimi, Ruben Rusiyanın dairələrinə yaxınlığı ilə seçilən yarısiyasət, yarıbazar təmayüllü çirkin bir fiqurdur. Onun Qarabağa yerləşdirilməsi həmin dairələrin bölgə üzərinə oynadıqları oyundan irəli gələn tədbirdir. Vardanyan 2018-ci il seçkilərində məğlubiyyətə uğramış Koçaryan-Sarkisyan xuntasının bir qədər fərqli zühurudur. Rusiya 2021-ci il seçkisində ölkə daxilindəki vardanyanları işə salmışdı ki, Paşinyanı devirsin.

Hazırda Rubenin Ermənistan hakimiyyəti əleyhinə açıq demarşları, erməni xalqında anti-Paşinyan ovqatı formalaşdırmağa hesablanmış qatı fikirləri onu deməyə əsas verir ki, Nikolu seçki yolu ilə uzaqlaşdırmaq planları aktuallığını saxlamaqdadır. Əlbəttə, bu fondakı ən maraqlı məqam Qarabağ kartının yenidən işə salınmasıdır.

Baxın, R.Vardanyanın seçkiyə hesablanmış Qarabağ ritorikasında erməni namusu və qeyrəti kimi məsələlər ön plandadır. O, bölgəni əldə saxlamağı, Azərbaycanın tabeçiliyinə keçməsinə imkan verməməyi, Ermənistan dövlətinin bütövlüyünü qorumaqla eyniləşdirir. Məlum “Qarabağ yoxdursa, Ermənistan da yoxdur” devizinə baş vurur. Yəni, faktiki olaraq, 1988-ci ilə qayıdır. Ona da diqqət yetirək ki, Paşinyan iqtidarı da artıq həmin devizin təsirinə məruz qalıb. Nikol və komandası hakimiyyətdə olduğu müddətdə bu mənfi tendensiyanı yenə bilmədi.

“Qarabağ Ermənistandır və nöqtə” bəyanatı və acınacaqlı müharibə məğlubiyyətindən sonrakı təzyiqlər Paşinyana imkan vermir ki, Qarabağ amilini ölkənin düşüncə seqmentindən birdəfəlik çıxarsın. Halbuki, bunun üçün lap əvvəldən yaxşı zəmin yarandığını vurğuladıq. Nikol sözünə və baxışına dönük çıxmaqla həmin zəmini yox elədi. İndi Qarabağ avantürizminin arxasınca sürünməyə məhkumdur. O, bir siyasətçinin şəxsi planda yaşayacağı ən böyük faciənin əsəridir.

Onu da nəzərə alaq ki, N.Paşinyanı hakimiyyətə gətirən qüvvələr onu Cənubi Qafqazda demokratiya örnəyi olmaq üçün “silahlandırmışdılar”. Yəni, demokratiya bölgəni rus təsirindən qurtarmaq hədəfinə köklənmişdi. Nikol siyasi əqidəsini Qarabağ avantürasına dəyişdi və hazırda avantüra o qədər güclənib ki, Paşinyan iqtidarı da hakimiyyətdə qalmağın yolunu barışmazlıq meyillərinə güc verməkdə görür.

Diqqət yetirək, İrəvan meriyasına seçkilər öncəsi Nikol və komandası anti-Azərbaycan bəyanatlarını sıralayır, artıq baş nazirin Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü tanımasına dair fikirləri, eləcə də mövcud xüsusda Bakı-İrəvan münasibətlərinin normallaşacağına, regionda sülhün yaranacağına dair təsəvvürləri arxa plana keçib. Üstəlik, Paşinyan ittihamla da üz-üzədir, reallıqla barışmaq yüklü əvvəlki açıqlamaları satqınlıq kimi qiymətləndirilir. Vardanyan və onun kimilər daha yaxşı erməni lider axtarışına çıxırlar. Elə bir lider ki, Azərbaycanın qarşısında dayanacaq, Qarabağı güzəştə getməyəcək, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış reallıqlara meydan oxuyacaq...

***

Bəli, Vardanyanın “Telegram manifesti”nin arxasında dayanan sadaladığımız amillərdir. İrəvan meriyasına seçki, sanki daha azğın ermənini müəyyənləşdirmək marafonudur. Ermənistanı keçmişə aparan bu baxış ölkənin varlığını Qarabağ məsələsinə bağlı saxlayır. Bu yanaşmada unutqanlıq da var, 44 günlük müharibədə Qarabağın və digər torpaqlarımızın çöllərinə səpələnmiş erməni leşlərini görməzdən gəlmək də. Nəhayət, Qarabağ amilini Ermənistan dövlətinin müasir təşəkkül düsturu kimi təsəvvürə gətirən bu düşüncə həmin amilin dövləti uçuruma, tamamilə məhvə apardığını hesablamayacaq qədər iflicdir.

Bu gün Vardanyan və onun arxasında dayanan qüvvələr Paşinyan iqtidarını devirməklə, Ermənistanın yenidən Rusiyanın orbitinə qaytarmaq niyyətindədirlər. Bunu edirlər ki, İrəvan Qarabağdan, necə deyərlər, ikiəlli yapışmaq imkanı qazansın. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, “dəmir yumruğ”un yerində olduğunu unudurlar. Unudurlar ki, üçüncü müharibə başlasa, bu dəfə Ermənistanı Azərbaycanın əlindən alacaq heç bir qüvvə olmayacaq.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV