USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

On yeddi yaşlı Elen “real təhlükə” mənbəyidir

Yeniyetmə qız bir cümləsi ilə qondarma rejimin yuxusunu necə ərşə çəkdi?   


https://img.baki-baku.az/news/2023/08/photo_7731.jpg?v=MjAyMy0wOC0yNCAxNToyMzo1NA==

Yalanla doğrunun, utopiya ilə reallığın sərhədində azıb qalmış erməni cəmiyyətinin başı hələ də daşnakların, radikal-revanşistlərin boş hay-küyünün yaratdığı dumandan ayılmır. İllərlə beynlərinə pərçim edilmiş ehkamları silib-təmizləmək nə qədər çətin olsa da, reallığa və həqiqətə qovuşmağın başqa yolu yoxdur. Xislətlərini sarımış şovinizm adlı xəstəliyin zərərli və yoluxucu virusundan xilas olmağın da bir yolu var: ədalətli olmaq, haqqı danmamaq! 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər Laçın yolundan qorxu-hürküsüz, rahat formada, son günlər isə kütləvi şəkildə istifadə etməyə başlayıblar. Bu zaman onlar yolun üstündəki Həkəri sərhəd postundakı pasport-gömrük nəzarətindən keçərkən öz razılıqlarını bildirməkdən də çəkinmirlər. Yazılı və elektron media özündə bu səhnələri əks etdirən foto, video-görüntülərlə doludur. Qarabağın erməni sakinləri onlara yaxınlaşan jurnalistlərin suallarını cavablandırmaqdan, sərhəd postunda gördükləri barədə fikirlərini bölüşməkdən çəkinmirlər. Düşünə bilərsiniz ki, burada qeyri-adi nə var? Amma var imiş. Belə açıqlamalar bəzi qüvvələr üçün qeyri-adidən daha böyük, ciddi “əhəmiyyət kəsb edən”, hər cür saxtakarlıqla apardıqları ideoloji müharibələrə qarşı “kompromat” xarakterli təhlükə mənbəyidir. 

Narahatlığın əsl səbəbi

Qarabağdan Ermənistan tərəfə keçən 17 yaşlı tələbə Elen Arustamyanın telekanala söylədikləri də, ilk baxışda normal, siyasətdən uzaq bir açıqlama idi. Gənc qız sadəcə sərhəd məntəqəmizdə şahidi olduğu vəziyyəti dilə gətirərək burada yaradılan şəraitdən razılığını ifadə edib, hər şeyin qaydasında olduğunu deyib. O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu da bildirib. Yəni, Elen özü, kənardan heç bir “öyrədilmə” olmadan həqiqəti söyləyib. İntəhası, onun ağlına da gəlməzdi ki, bu açıqlaması ilə Xankəndidəki separatçı rejimin “blokada”, “etnik təmizləmə”, “karvan şousu” kimi dezinformasiyalarını, yerli və beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı siyasi avantürasını göydən yerə çırpıb. Birinci kurs tələbəsi heç düşünməzdi ki, o, şahidi olduğu faktı, real mənzərəni dilə gətirməklə “blokada” təbliğatına, “soyqırımı” yalanına sarsıdıcı zərbə vura bilər. Elen yəqin ki, bu hərəkəti ilə həm də Qarabağda yaşayan həmyerlilərində Azərbaycan cəmiyyətinə reinteqrasiya meyillərinin cücərməyə başlamasına işarə vurduğunu da ağlının ucundan belə keçirməyib.

Xankəndidəki separatçı-kriminal ünsürlərin Laçın postunda baş verən “insidentdən” bərk narahat olduqları uzaqdan duyulur. Təkcə “Şeytan yuvasına” çevirdikləri Xankəndidə deyil, Hayastanın özündə də bomba effekti vermiş bu olay incə bir mətləbin də üzərindən boz pərdəni götürmüş oldu. Bu gün bir nəfərin, sabah on, o birisigün yüz nəfərin etiraf edəcəyi həqiqət Qarabağımızdakı  həmin xunta rejiminin sonunu yaxınlaşdıracaq.

Kəmsavad “ombudsman” çağırış edib    

İrəvanda təhsil alacaq 17 yaşlı erməni tələbə qıza qarşı qarayaxma, mənəvi zəhərləmə, psixoloji təzyiq kampaniyası başlayıb. Bu kampaniyaya “dqr rəsmisindən” maraqlı reaksiya gəlib. “Psixoloji toxunulmazlığına, 17 yaşlı uşağın şərəf və ləyaqətinə qeyri-qanunu müdaxilə ilə lentə aldığı video-görüntünü sosial şəbəkədə yayan Azərbaycanın çirkli təbliğat maşınının növbəti alçaq addımı” kimi qələmə verən, “dqr”-ın ombudsmanı” Qegam Stepanyan paylaşım edib. “Armenpress” Xankəndidəki separatçı rejimin “rəsmisinin” dilindən yazır ki, Azərbaycan tərəfi mediaməkanda yaydığı bu informasiyadan “özünün Laçın dəhlizi (?) ilə sərbəst hərəkətin təmin edilməsi barədə yalan bəyanatlarına haqq qazandırmaq üçün əvvəlcədən hazırlanmış və həyata keçirilmiş plandır”.

Elenə canıyananlıq göstərən “ombudsman” həmin videeo-materialı yaymaqdan çəkinməyə və 17 yaşlı qızın ünvanına yersiz hücumlara və təhqirlərə son qoymağa çağırıb. Yəni, o video-süjetə baxan Elen yaşındakı erməni gəncləri birdən özlərinə sual verə bilərlər ki, “blokada hansı yoldadır? Biz axı onu görmədik”. Sonra da o gənclər gözlərinin qarşısına BMT Təhlükəsizlik Şurasında Hayastan hakimiyyətinin sonuncu və rəzil məğlubiyyətini gətirsinlər və bu barədə yaxşı-yaxşı düşünsünlər. Beynəlxaq qurumun öz nizamnaməsini, üzvü olan Azərbaycanın sərhəd toxunulmazlığını əsas götürərək, erməni saxtakarlığına inanmadığına, suverenliyimizə sayğısızlıq göstərmədiyinə əmin olsunlar. Ondan sonra qərar verməyi, fikrində və mövqeyində düzgün seçim etməyi cavanların öz öhdəsinə buraxırıq...

Utanmadan, çəkinmədən hələ də Laçın yolundakı sərhəd postumuzu “qeyri-qanuni” adlandırmalarına, Vaqif Xaşatryan olayına baxmayaraq, son günlər daha çox Qarabağ ermənisi bu yoldan istifadə edir. Verilən məlumatlara görə, təkcə bir gün ərzində Həkəri nəzarət-buraxılış məntəqəsindən Gorus istiqamətinə 60-a yaxın erməni sərbəst keçid edib. Həm də tam sərbəst və rahat şəkildə.

Elenlərin sayı gündən-günə çoxalacaq

Qarabağda, Laçın yolunda Bakıdan asılı olmayan proses başlanıb. Bu prosesə “köç” də demək olar. Artıq neçə gündür Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Qarabağdan Ermənistan istiqamətinə 9 avtomobildən ibarət karvan buraxılıb. Həmin maşınların içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət, ümumilikdə, 57 şəxsin maneəsiz hərəkətinə şərait yaradılıb. Onların ardınca bir qrup tələbə Ermənistana keçmək üçün Həkəri körpüsündəki sərhəd nəzarət-buraxılış məntəqəsinə gəlib. Bu zaman Azərbaycan tekekanalının müxbiri Elen Arustamyan soyadlı tələbədən soruşub: “Sərhədi təhlükəsiz və maneəsiz keçdiniz? Razısınızmı?” Elen suala müsbət cavab verir və əlavə edir ki, hər şey normaldır. Video Facebook-un erməni domenində paylaşılandan sonra 17 yaşlı qız hayların hədəfinə çevrilib, sosial şəbəkədə ona qarşı təhqiramiz və alçaldıcı ifadələr baş alıb gedir. Qarabağdan Ermənistana təhsil almağa gedən 17 yaşlı Elen Arustamyana qarşı saysız – hesabsız təhqirlər, nalayiq söyüşlər, hədələr, son dərəcə dözülməz şərhlər dayanmaq bilmədən davam edir.  

Həqiqətdən qaçanların “hörümçək toru”

Polyak rejissoru Yeji Qofmanın 1982-ci ildə lentə aldığı “Loğman” («Знахарь») melodramı çox maraqlı süjet xəttinə malikdir. Ölümcül döyülərək qarət olunan, bu səbəbdən yaddaşını itirən, “itkin düşmüş” sayılan məşhur cərrah-professor Vilçurun Marısya adında qızı vardı. Atasız böyüyən Marısya təhsilini başa vurub paytaxt Varşavadan üz tutduğu yad əyalətdə mağazada satıcı işləməklə başını dolandırır. Bu kənddə hamı cəmiyyətin və təbiətin ədalət və paklıq qanunlarının əksinə yaşayır. Kişiləri əyyaş, qadınları pozğun olan bir mühitdə Marısya saflığın və təmizliyin rəmzidir. Qara qarğaların içində ağ qarğa kimi yaşamaq çətin və dözülməz olduğu kimi, Marısyanı da bu çirkaba bulaşmaq aqibəti gözləyir. Amma o, iradəsi və dürüstlüyü ilə onu izləyən acı taleyinə müqavimət göstərir. Hətta bu yolda “ölümə məhkum” edilsə belə, inadından dönmür, inandığı həqiqətə tapınır. Və sonda qələbə çalır. 

17 yaşlı Elen də gördüyü və əmin olduğu həqiqəti dilinə gətirib. Amma o, bununla həm də daşnak-separatçı-revanşist çetenin cinayət əməllərinin üzərindən yalan pərdəsini götürmüş oldu. İndi həmin quldur dəstəsinin və onların beyinlərini yuduğu kütlənin qınaq obyektinə çevrilən, sosial şəbəkədə iyrənc təhqirlərə, əxlaqsız söyüşlərə məruz qalan Elenin hansı hissləri keçirdiyini təsəvvür etmək çətin deyil. Qorxma, həqiqətin yanında dur, Elen! İnan, bu gün dediyin həqiqət çətin anlarında da, bütün həyatın boyunca da sənin yardımçın olacaq.

Yalanın, riyakarlığın deyil, həqiqətin yanında səf duracaq Elenlərin sayının artacağına əminik. Onlar çoxaldıqca xəstə hay çetesinin dairəsi qapanacaq və hörümçək kimi özlərinə toxuduqları xəyanət torunun içində məhv olacaqlar.

P.S. Dünən Xankəndi-Gorus istiqamətində Laçın nəzarət-buraxılış məntəqəsindən keçən yaşlı erməni postda sərbəst keçidin təmin olunmasından razılıq edib. O, bu barədə azərbaycanlı media mənsublarına açıqlamasında deyib. Jurnalistlərin “Necə keçdiniz, sizə hansısa maneə yaradıldımı?” – sualına Qarabağ ermənisi Azərbaycan dilində “qəşəng” cavabını verib. İndi doğrunu söyləyən bu ağsaqqalı bir kəlmə sözünə görə İrəvanda yüngülsaqqalmı edəcəklər?  

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İmran BƏDİRXANLI