USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağdan erməni köçü


https://img.baki-baku.az/news/2023/08/photo_7730.jpg?v=MjAyMy0wOC0yNCAxNToyNDo1OQ==

Son üç gün ərzində 200-dən çox erməni əsilli şəxs Laçın yolu ilə Ermənistana gedib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan və separatizm tərəfdarı olan erməni əsilli şəxslərin Ermənistana köçü davam edir. Əgər əvvəlki günlərdə köç edənlər əsasən Ermənistan və Rusiya ali məktəblərində oxumağa gedən tələbələr idisə, dünən orta yaşlı insanların gedişi qeydə alınıb.

Ümumilikdə, son üç gün ərzində 200-dən çox şəxs “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Qarabağdan Ermənistana doğru hərəkət edib. Ölkəmizi tərk edənlər arasında Rusiya vətəndaşları da var. Azərbaycan televiziyalarının avqustun 23-də ərazidə apardığı çəkiliş zamanı Azərbaycan sərhədçiləri sərhədi keçən erməni qadından harada qeydiyyatda olduğunu soruşublar. O, Moskvada qeydiyyatda olduğunu bildirib.

Qeyd edək ki, buraxılış məntəqəsində sadələşdirilmiş sərhəd keçid proseduru tətbiq olunur. Erməni əsilli şəxslər sənədlərini təqdim edir, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yoxlayır, sonra isə onlar Ermənistana doğru hərəkət edirlər. Beləliklə, erməni əsilli şəxslər qalmaq və ya getməklə bağlı seçimlərini özləri etmiş olurlar. Bundan sonra onlar istədikləri yerdə yaşamaqda sərbəstdirlər.

Qarabağda qalmağın şərti isə məlumdur. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ərazimizdə yaşamaq istəyən şəxslər ölkənin qanunlarına hörmətlə yanaşmalı, dövlətçilik əleyhinə fəaliyyət göstərməməlidirlər.

Keçid edən şəxslər arasında etnik separatizmi dəstəkləyən şəxslər də var. Onlar Qarabağda öz planlarını həyata keçirməyə çalışırdılar. Müxtəlif mənbələr bölgədə 5 minə yaxın Rusiya vətəndaşının olduğunu iddia edir. Onların tez bir zamanda ərazini tərk edəcəkləri istisna olunmur. Bu şəxslərin əli ilə Qarabağda Dnestryanı modelinin təkrarlanmasına çalışılırdı. Lakin bu, alınmadı. Onlar Azərbaycanda separatçılığın heç bir nəticə vermədiyini görərək, ərazimizi tərk etmək qərarına gəliblər. Özləri Azərbaycan ərazisini tərk etməklə bağlı Rusiya sülhməramlılarına könüllü qaydada müraciət ediblər.

Qarabağdan ermənilərin köçü Ermənistan mediasının da yer ayırdığı məsələlərdəndir. Xankəndidən olan və adının açıqlanmasını istəməyən qadın hamının oradan getməyə çalışdığını deyib. Qarabağ ermənilərinin hansı əhval-ruhiyyədə olmaları barədə hazırlanan materialda həmin qadın təkcə “ərzaq növbələri”ndən deyil, əhalinin ovqatından da danışıb. Erməni qadın deyib: “Son günlər baş verən hadisələr insanlarda ümidsizliyə səbəb olub. Heç kim başa düşmür. Bəziləri iş yerini tərk edir, bəziləri yox. Hər gün yeni müdafiəçilərimiz peyda olur, amma, əslində, heç kim heç kimi müdafiə etmir. Nə olsa gedəcəklər, amma biz qalacağıq. İndi bütün insanlar getməyə çalışırlar. Çoxları getdi və belə davam edərsə, daha çox şəxs gedəcək”.

***

Bu arada Ermənistanın “Hraparak” qəzeti “Qarabağda təlatümlü daxili siyasi atmosfer mövcuddur” sərlövhəli yazı dərc edib. Yazıda bildirilib ki, bölgədə narahat daxili siyasi ab-hava hökm sürür: “Biz bugünlərdə Arayik Arutyunyanın “istefa” vermək niyyəti barədə yazmışdıq. Ötən həftənin əvvəlində keçirilən qapalı görüşdə tanınmış şəxslər, keçmiş başçılar buna mane olublar. Bazar günü Ruben Vardanyan, əslində, bu informasiyanı təsdiqləyib. Bununla belə, “istefa” mövzusunun bağlanmadığı barədə məlumat var: Arayik Arutyunyanın dostu Karen Matevosyanın başçılıq etdiyi özünü könüllü adlandıran bir qrup “parlament”ə soxularaq “spiker” David İşxanyanla haqq-hesab çəkməyə çalışıb”.

“Hraparak” yazıb ki, “istefa”dan xəbər tutan Matevosyan avqustun 17-də separatçı rejimin başçısı ilə görüşüb. O, məlumatı təsdiqləyib, deyib ki, yanında heç kim yoxdur, hamı onu günahlandırır, buna görə də “istefa” vermək qərarına gəlib. Belə olan təqdirdə Matevosyan bir qrup könüllü ilə birlikdə Arutyunyanı qorumaq və “deputatlar”ı, “parlament rəhbərliyi”ni onu dəstəkləməyə çağırmaq üçün “parlament”ə tələsib.

Bundan bir neçə gün sonra isə özünü könüllülərin rəhbəri adlandıran Matevosyan canlı efirə çıxaraq qarabağlılara deyib ki, o, öz “könüllüləri” ilə “dövlətin idarə olunmasının təşkili” və “parlament seçkilərinin keçirilməsi” məsuliyyətini öz üzərinə götürür. Üstəlik, o, Qarabağdakı vəziyyətə görə hamını, o cümlədən keçmiş başçıları günahlandırıb və az qala, hədələyib ki, əgər razılığa gəlməsələr, onlarla “məşğul” olacaq.

Qəzet yazır: “Qarabağdakı mənbələrimiz Matevosyanın Ermənistandan göndərildiyinə şübhə etmirlər. Hazırda Qarabağda müşahidə olunan xaos və anarxiya Paşinyanı qane edir və Matevosyan fors-major şəraitdə “hakimiyyəti” heç olmasa, Samvel Babayana ötürmək üçün aktivləşdirilib. Mənbəmiz bildirir ki, Matevosyan və Babayan yaxın dostdur və “blokada” zamanı Babayanın Qarabağa daxil olmasını məhz Matevosyan təşkil edib”.

Yeri gəlmişkən, K.Matevosyanın canlı yayımda səsləndirdiyi fikirlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu açıqlama yayıb. Açıqlamada deyilir ki, ölkəmizin Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də “Telegram” və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək, həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax respublikası” adlandırması, ərazimizdə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “yerli özünümüdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışları, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq xalqımızın milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə milli nifrət və düşmənçiliyə yönələn hərəkətlər müəyyən edilib.

Qeyd olunanlara əsasən Baş Prokurorluq tərəfindən fakta görə Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Panorama.am saytının dünən yaydığı məlumatda isə bildirilib ki, A.Arutyunyan avqustun 22-23-də bağlı qapı arxasında müxtəlif “dövlət, siyasi və ictimai dairələrlə” danışıqlar aparıb. Onun “mətbuat katibi” Lusine Avanesyan “Artsaxpress”ə bildirib ki, söhbətlər zamanı “blokada” nəticəsində yaranan “humanitar və təhlükəsizlik problemləri”, separatçı rejimin hərəkətləri və vəziyyəti nizamlamaq üçün müxtəlif mərkəzlərdən daxil olan vasitəçilik təklifləri müzakirə edilib. “Hələlik qərar verilməyib, lakin müzakirələr davam edir. Yaxın vaxtlarda Arayik Arutyunyan vəziyyət və onun yanaşması barədə informasiyanı şəxsən ictimailəşdirəcək”, – deyə Avanesyan bildirib.

Göründüyü kimi, Qarabağ separatçıları ciddi çaxnaşma içindədirlər. Bir tərəfdən, əhali bölgəni tərk edir, digər tərəfdən, rejimin onları saxlamaq istiqamətində səyləri nəticə vermir. Üstəlik, baş verən uğursuzluqlara görə, rejim daxilində müxtəlif siyasi qüvvələr bir-birini ittiham etməkdədirlər. Onlar indi Arutyunyanı baş verənlərdə təqsirli bilirlər. Ancaq unudurlar ki, onun yerinə kimin gəlməsindən asılı olmayaraq, əvvəlki siyasətin davam edəcəyi təqdirdə heç bir nəticə əldə etmək mümkün olmayacaq. Necə deyərlər, toplananların yeri dəyişdikdə cəm dəyişmir. Qarabağ separatçıları daşı ətəklərindən tökərək Azərbaycanın tələblərini qəbul etməlidirlər. Bunlar çox sadə və beynəlxalq hüquqa uyğun tələblərdir. Qanunsuz hərbi birləşmələr tərk-silah edilməli, Ağdam-Xankəndi yolu açılmalı, Xankəndidə və separatçı rejimin nəzarət etdiyi digər ərazilərdə Azərbaycanın Dövlət bayraqları ucaldılmalı, bölgədə suverenliyimiz tam bərqərar edilməlidir. Qarabağ erməniləri isə Azərbaycan pasportu alaraq öz evlərində yaşayışlarına davam edə bilərlər. Bunu istəməyənlərin ərazimizdə uzun müddət qalması mümkün olmayacaq.

Səxavət HƏMİD




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD