USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

28 May: İstiqlal şərbətini daddığımız gün!

Sən bizimsən, bizimsən, durduqca bədəndə can! Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!                                                                        Məhəmməd Əmin Rəsulzadə


https://img.baki-baku.az/news/2023/05/photo_7534.jpg?v=MjAyMy0wNS0yOCAxNTo1OToxNQ==

Taleyin sərt üzündən özü, öz tarixi torpaqları ilə həmsərhəd olan, Borçalıya, Dərbəndə, Təbrizə, İrəvana, Qərbi Azərbaycana, Güney və Quzeyə bölünən Odlar Yurdu Azərbaycan tarixin bütün dönəmlərində mücadilə edib. Mücadilə alın yazısı, Tanrıdan tale payı olub. 40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamağı üstün tutub. Babəkin budanan qolları əbədi İstiqlalın Bayraq Dirəyinə – Yaddaş yerinə – Qaba Ağaca dönüb!

Yurdunu, yuvasını bölüblər. Sinəsinə dağlar, düyünlər çəkiblər. Xudafərin körpüsündə, Dərbənd qalasında, İrəvan qalasında, Qarapapaqların diyarında, Buntürklərin tarixi torpaqlarında – Borçalıda Sınıq körpü ediblər. Vüqarını, qürurunu, birliyini, Diriliyini əlindən ala bilməyiblər. Milləti millət edən Ərənlərin, Tanrı üzü görənlərin İradəsi önündə diz çöküblər. Babək Xürrəmi düz 20 il Odlar Yurdunun haqqına girənlərin aşına zəhər qatdı. Qolları budananda Əbədiyyət üfüqlərində doğan Günəşə döndü. 500 il sonra Seyid İmadəddin Nəsimi doğuldu. Bədbəxtlərə, dinsizlərə, din libaslı “zınıqlara” üz turub: “Nəsimiyəm mən bilənlərə, bilməyənlərə müşkülatiliyəm”, söylədi – söyləmədi! Bir qaşıq qandan, daha doğrusu bir damcı qandan qorxanlara Azərlərin, Odərlərin, Oddan törəyən Ərlərin, İgidlərin dərsini verdi. O, Azərbaycandı!

Seyid İmadəddin Nəsimidən 400 il sonra bir başqa Ərən doğuldu. Dərbənd qalasının ətəyindən qopmuşdu. Dərbənd Şeyxülislamın oğlu, Peterburq Universitetinin Şərqşünaslıq bölümünün qurucusu, “Şeyx Şamil və müridizm” əsərinə “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman!” epiqrafını yazan, “Şərqi xilas və tərəqqi etdirərək adamlar Şərqin özündən çıxmalıdır” (Şərq deyəndə o zamanlar həm də Odlar Yurdu Azərbayan nəzərdə tutulurdu. Ş.C.) nidası ilə II Aleksandrı heyrətləndirən, I Pyotrdan üzü bu yana İstambul sevdasına Qafqazlara qılınc sıyıran Çar cəlladlarının gözünün içinə baxa-baxa bir Babək Xürrəmi, Seyid İmadəddin Nəsimi, Peterburqdan üstünə “Gəlirik!” xəbəri göndəriləndə “Qunib hündür bir dağdır. Mən onun üzərindəyəm. Arxamda xalq, başımın üstündə Allahdır! Gəlirlər qoy gəlsinlər! Nidası ilə GƏLMƏLƏRƏ yerini göstərən, düz 20 il Çar cəlladlarının qorxulu yuxusuna dönən İmam Şamil kimi o da, Türk, Müsəlman, Azərbaycandı!

Müridlərini qorumaq üçün qılıncını qına qoyan, Mürşid, Mücahid ucalığı ilə tarixdə qalan İmam Şamil II Aleksandrın şərəfinə, açdığı süfrənin başında onu düz iki dəfə heyrətləndirmişdi. Qafqaz Qartalına üz tutan Çar: “Sizi süfrəmin başında görməkdən qürur duyuram!” deyəndə, Şeyx Şamil bir Qafqazlıya xas cəsarət, ləyaqətlə, həm də sonsuz kədərlə cavab vermişdi: “Mən də Sizi süfrəmdə qonaq etsəydim, qürur duyardım”. Cavabdan heyrətlənən Çar: Böyük Adam! kəlməsini düz üç dəfə təkrarlamaq zorunda qalmış, ikinci tarixi sualını ünvanlamışdı: “Uğurunun mayası nəyə bağlıdır?” Müridi-kamil, mücahid İmam Şamil təhərini pozmadan söyləmişdi: “Öncə Anam, sonra Əyalım, sonra da Aulum mənə inandı!”

Babək Xürrəmi də, Seyid İmadəddin Nəsimi də, Mirzə Kazım bəy də, İmam Şamil də Türk və Müsəlman adına, Birlik, Dirilik, Əbədi İstiqlal adına Qılınc və Qələmin vəhdətində Milli Məfkurədən Milli Dövlətçiliyə yol gələn qüdrətli xalqın Əyilməzlik Simvolları idi.

Onların Əbədi İstiqlal sevdasından, mürid, mürşid ucalığından, müqəddəsliyindən bir başqa türk - müsəlman, Azərbaycanlının – Millət Atasının törəyişi ilə Odlar Yurdu Azərbaycanın milli məfkurə, milli mücadilə tarixində yeni mərhələ başladı.

II Nikolayın tacgülzarlıq mərasimində iştirak edərkən protokol nümayəndəsi ona, onun simasında isə Qəhrəmanlar yetirən Qəhrəman xalqına sayğısızlıq etmiş: “Tağıyev, vəhşi xalqın nümayəndəsi” – deyə Çara təqdim etmiş, düşünmüşdü ki, bir Qafqazlı ona böyük gələn dilini anlamaz. Tağıyev elə həmin an sərt bir baxışla onu susdurmuş, Çar Nikolayı heyrətləndirmiş, I Pyotrdan üzü bu yana, Port-Artur da daxil olmaqla Çar Rusiyasının qüdrətli ordusunun əsas heyətinin məhz həmin Vəhşi xalqdan olduğunu sübut üçün cəsarət, cəsarət qarışıq ləyaqətlə söyləmişd: “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!”

Tağıyev elə həmin tarixi mərasimdə bir qərar almışdı. Milli mətbuatı milli məfkurənin, milli məfkurəni milli dövlətçiliyin təməl prinsipinə çevrilmək üçün “Kaspi” mətbəəsini satın almış, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi qüdrətli mühərrirlərə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli, Şeyxülislam Ağa Əlizadə kimi fikir və düşüncə sahiblərinə, din xadimlərinə düz və doğru olan yolu göstərmiş, Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Məhəmməd Ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə kimi milli maarifçilərin ideoloji prinsiplərinin gerçəkləşdirilməsi üçün sərvətini sərmayə etmiş, ilk teatrın, qızlar məktəbinin qurulması üçün fədai ömrü sürmüş, Cümhuriyyət Qurucularının Fikir Atasına çevrilmişdi. O, Millət Atası – Azərbaycandı! Hacı Zeynalabdin Tağıyev adında bir ucalığı, müqəddəsliyi vardı! Babək Xürrəmidən min yüz, Seyid İmadəddin Nəsimidən yeddi yüz il sonra ruhunu cisminə geyib yer üzünə ensə də, Tanrı onun əyninə Mürşid, Mücahid müqəddəsliyi adında Xirqə biçmişdi. Eynən İmam Şamilə, Mirzə Kazım bəy, Həsən bəy Zərdabiyə, Mirzə Fətəli Axundzadəyə, Abbasqulu Ağa Bakıxanova biçdiyi kimi. O, Əbədiyyət üfüqlərində Günəş kimi parlayan, alma kimi dimlənən, dilim, gülüm, bülbülüm Odlar Yurdunun cəhalətdən qurtuluşu üçün, milli məfkurədən milli dövlətçiliyə yol gələn Ərənlərin fikrinin, düşüncəsinin Atası idi! Ata olmaq olur. Fikir Atası olmaq üçünsə doğulur! İstiqlal Bəyannaməsinə imza atan, milli dövlətçilik tariximizin şanlı səhifəsini yaradan Dahilər kimi!

28 may bir millət, məmləkət olaraq bizim Hürr olduğumuz, imperiyaları yenib də hüriyyət aldığımız, İstiqlal Şərbətini daddığımız, “Kəndimizə döndüyümüz”, “Səfər bizim Zəfər Allahındır!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə düşmənə göz dağı olduğumuz, haqqa, hüriyyətə əmin ərənlərin, Tanrı üzü görənlərin: Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski kimi hər biri bir Azərbaycan olan Mücahidlərin ruhundan cücərdiyimiz, Ərk, Əlincə, Təbriz, Dərbənd, Borçalı, İrəvan qalalarından Bayraqlarımızı endirən yağılardan öc aldığımız, Vətən – Azərbaycan olduğumuz, yoxdan var olduğumuz Dövlət qurub, Bayraq yapdığımız, Bayrağımızı bayraqlara qatdığımız, son nəfəsimizdə belə Məhəmməd Əmin Rəsulzadəyə dönüb: “Sən bizimsən, bizimsən, durduqca bədəndə can! Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” dediyimiz, səcdəsinə durduğumuz, Bayrağını Xirqə bildiyimiz, kəfən yerinə əynimizə geydiyimiz, Mücahid, Şəhid müqəddəsliyi ilə milli məfkurədən milli dövlətçiliyə yol gəldiyimiz Gündür!

Onu bizə Ərmağan edənlərin, Əmanət edənlərin fırtınalardan qoparıb Gətirənlərin, gələcəyə Götürənlərin ruhu şad, yolu açıq olsun!

28 May bir türk, müsəlman, Azərbaycanlı olaraq hər birimizin qədərimiz, alın yazımız, Tanrıdan tale payımızdı. O, gün əbədi İstiqlalın Şərbətini bizə daddıranlar Şərqin ilk Demokratik Cümhuriyyətini qurdular. Hilallı, ulduzlu, üçrəngli bayrağımızı Göy Tanrının dərgahından asdılar. Onun əbədiyyən dalğalanması, var olması, haqq etdiyi zirvələrdən enməməsi üçün hicrəti, mühacirəti, ölümü gözə aldılar. Tiflisdən Parisə, Parisdən Anadoluya, Ankaraya körpü saldılar. Üz qoyduqları torpaqları bizə Vətən etdilər. Şuşa Zəfərinin il dönümünü Ankarada – Böyük türklərdən birinin – Məhəmməd Əmin Rəsulzadənin məzarının başında sonsuz sevinc, qürur hissi ilə qeyd etmək otuz il öncə, Qarabağın qanlı köynəyinin sıxılanda qan damdığı illərdə xəyal belə etməzdim! Karı, koru, lalı çox dünyada ömürə vəfa yoxdu deyirdim. Yoxu var edən Tanrı bir millət, məmləkət olaraq bizi Bayrağa, Bayraqdarlara qoşub “Cəngi”nin, “Cahargah”ın, “Mehtər marşı”nın qüdrəti ilə Ruh yüksəkliyinə, Murovun zirvəsinə, Ağoğlan qəsrinə, Şuşa qalasına, Xudafərin körpüsünə yetirdi. 1918-ci il 2020-ci ildə təkrarlandı. Qazi Mustafa Kamal Paşanın, Ənvər Paşanın, Nuru Paşanın, Xəlil Paşanın, Kazım Qarabəkir Paşanın, Qafqaz İslam Ordusunun hər bir şanlı əsgərinin Azərbaycan sevdasına bürünən Prezident cənab Rəcəb Tayyib Ərdoğanın, Hulusi Akarın simasında bütün Osmanlının əzəmətini dizimizin təpəri, səngərimizin sipəri, düşmənlərimizin çəpəri Qüdrətli Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın Ərgənəkon müqəddəsliyi bildik! Hər günü bir dastan olan 44 günlük tarixi Zəfərə imza atdıq!

Bu gün 28 may – Türkiyə Cümhuriyyətində Seçim günüdür! Seçənin seçdiyi Bəndəsinin – TURANIN, QURANIN himayədarının, darda olan hər bir türkün, müsəlmanın, səfalətdən üzləşən dünya insanın Xızırının, xilaskarının, haqq səsinin Xalqdan Xirqə aldığı gündür! “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, qədəri qədərimiz, kədəri kədərimizdir!” nidası ilə Altaylardan Anadoluya, Anadoludan Zəngəzura, Zəngəzurdan Türküstana, Türküstandan İraq-Türkmən ellərinə Birliyin, Bütövlüyün yolunu göstərən, ən müqəddəs Bağı – Körpünü İpək Yolunun mələk donlu elçisi Odlar Yurdu Azərbaycanda görən cənab Rəcəb Tayyib Ərdoğanın səsi səsimiz, nəfəsi nəfəsimiz, varlığı bəsimizdir!

28 may bir türk, müsəlman olaraq dünyaya meydan oxunduğu gündür! O gün Güney Qafqazda dünyanın mizanı, düzəni dəyişdi. Odlar Yurdu Azərbaycana uzanan caynaqlar kəsildi. “Parçala, hökm sür!” siyasəti ilə Şərqi, TURANI, Türk dünyasını sümürüb soranların, yağmalayıb aparanların, min illər boyu kilsələrdə, sinaqoqlarda tədbirlər tökənlərin, imperiyaların, imperialistlərin murazı gözündə qaldı. Odlar Yurdundan bir Ər qopmuşdu. İstiqlaldan əmin Məhəmməd Əmin Rəsulzadənin ruhundan Azərbaycan doğulmuşdu! Üstündən 105 il ötür. Gün həmin gün, tarix həmin tarixdi. Dünyanı beşdən kiçik görənlər bu gün Metenin, Atillanın, Alp Arslanın, Məlik Şahın, Osman Qazinin, “Mutlu komutan” Fateh Mehmetin, Əmir Teymurun, Şah İsmayıl Xətainin, Sultan Bəyasitin, Sultan Səlimin, Sultan Süleymanın, Qazi Mustafa Kamal Paşa Atatürkün, Ulu öndər Heydər Əliyevin əzəmətinin, millət, məmləkət sevgisinin bir daha şahidi olacaq!

TURANA, Türküstana, Doğudan Batıya uzanan körpünü Odlar Yurdu Azərbaycandan qıraqda görənlər QIRAQDA QALACAQ! Kilsələrdə, sineqoqlarda matəm elan olunacaq!

Anadoludan Altaylara, Bozqırlardan İraq-Türkmən ellərinə, Təbrizdən Dəmirqapı Dərbəndə, Borçalıdan İrəvana, Zəngəzurdan Türküstana Zəfər, Qələbə tonqalı çatılacaq! İki dünya bir olsa belə, bu olacaq! Yazı yazan belə yazıb! Yazı yazanın yazısını pozan olmayıb! Tanrı Türkə yar olsun!




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət