USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfrans keçirilir


https://img.baki-baku.az/news/2022/04/photo_6664.jpg

Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti, ANAMA, BMTİP tərəfindən humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda beynəlxalq konfrans keçirilir.

APA xəbər verir ki, konfransda insanların həyatı və normal yaşayış şəraiti üçün mina təhlükələrinin aradan qaldırılmasında humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək məqsədilə beynəlxalq ictimaiyyət, mina əməliyyatları üzrə operatorlar, dövlət qurumları və vətəndaş cəmiyyətindən olan mühüm simaları hibrid formatda bir araya gətirir.

 

Tədbir, uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf üçün HMF-nin potensialı ilə 2030-cu ildə Davamlı İnkişaf gündəliyinin nailiyyəti arasındakı əlaqələri, daha konkret desək, "hər yerdə zorakılığın və onunla bağlı ölüm hallarının bütün formalarını əhəmiyyətli dərəcədə azaltmağa" çalışan 16-cı DİM-i araşdıracaq.

Bundan əlavə, məcburi köçkünlərin (MK) öz doğma yurdlarına “Böyük Qayıdış” adı ilə geri qaytarılması “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsidir ki, bu zaman DİM-lər vətəndaşların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə davamlı şəkildə köçürülməsində əsas sütuna çevrilir.

Konfrans Azərbaycanda HMF infrastrukturunun və potensialının gücləndirilməsi üzrə davamlı səylərə əsaslansa da, onun məqsədi həm də hazırda dünyada mövcud olan ən qabaqcıl texnologiyalar haqqında məlumatlılığı artırmaq və ölkə, Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma və bərpa işlərini həyata keçirdiyi üçün intensiv minatəmizləmə fəaliyyətlərindən əldə edilmiş ən yaxşı təcrübələri və öyrənilmiş dərsləri təklif etməkdir.

Konfransda minadan zərərçəkənlər də daxil olmaqla, həssas qrupların ehtiyacları, həmçinin HMF-nin ətraf mühitin mühafizəsində miqyası, o cümlədən vətəndaş cəmiyyətinin və medianın HMF-ni dəstəkləmək imkanları müzakirə olunacaq.

“Humanitar minatəmizləmə fəaliyyəti üzrə mükəmməllik laboratoriyası” kimi mövqe tutmaq məqsədi daşıyan Azərbaycan öz təcrübəsini dünya üzrə humanitar və inkişaf sahəsində fəaliyyət göstərən iş icraçıları ilə bölüşməyə, tərəfdaşlıq əlaqələrini gücləndirməyə və geniş əməkdaşlıq mexanizmləri yaratmağa çalışır.

BMTİP ilk dəfə 1993-cü ildə Kambocada HMF-ni dəstəkləməyə başladığı andan etibarən minatəmizləmə fəaliyyətinin inkişaf barədə müzakirələrə daxil edilməsinin güclü tərəfdarı olmuşdur. O vaxtdan etibarən, BMTİP 40-dan çox ölkədə minatəmizləmə fəaliyyəti üzrə proqramları dəstəkləmişdir və hazırda BMT-nin Minalarla Mübarizə Strategiyasına (2019-2023) uyğun olaraq minatəmizləmə fəaliyyətinə yanaşmaların inkişafı üzrə aparıcı təşkilatı hesab olunur.

BMTİP 1999-cu ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına kömək etmiş və hal-hazıradək onun işinə, o cümlədən 806,000-dən çox mina və partlamamış hərbi sursatın təmizlənməsi və insanların evlərinə təhlükəsiz qayıtmasının təmin edilməsinə dəstək göstərir. Daha sonra, BMTİP fövqəladə hallara cavab qruplarının təlimi, təchiz edilməsi və yerləşdirilməsi üçün maliyyə vəsaitinin təmin edilməsində də Agentliyə kömək etmişdir.

“Humanitar minatəmizləmə fəaliyyəti davamlı inkişaf üçün çox vacibdir. İnsanların həyatını xilas etmək və xəsarətlərin qarşısını almaqdan əlavə, minalardan təmizləmə infrastruktur, təhsil və kənd təsərrüfatının yenidən qurulması üçün həyati əhəmiyyət kəsb edir. O, həmçinin, xüsusilə qadınların və əlilliyi olan insanların inteqrasiyası üçün güclü təkan ola bilər. BMTİP-də biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün münbit zəmin yaradılmasında Azərbaycan Hökumətini dəstəkləmləyə sadiqik”, - BMTİP-nin müvəqqəti işlər vəkili cənab Suxrob Hojimatov bildirmişdir.

“Azərbaycan minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirklənmiş ölkəsi kimi qeydə alınıb. Minatəmizləmə işləri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində infrastrukturun təhlükəsiz bərpası, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması və sülhməramlı proseslərin gücləndirilməsi, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün ilkin şərtdir. ANAMA münaqişə zonasında zəruri infrastrukturun, o cümlədən yaşayış massivlərinin, qəbiristanlıqların, yolların, kanalların, elektrik xətlərinin çoxsaylı minalardan, improvizə olunmuş partlayıcı qurğulardan, iriçaplı raketlərdən təmizlənməsini davam etdirir”, - ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirmişdir.

Konfransın nəticələri və tövsiyələri beynəlxalq inkişaf və humanitar minatəmizləmə ictimaiyyətinə təqdim olunacaqdır ki, bu da gələcək əməkdaşlığa zəmin yaradacaq.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Daxili siyasət