USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əlilliyin 4 dərəcəsi olacaq


https://img.baki-baku.az/news/2021/05/photo_3859.jpg

“Əlilliyin təyinatı ilə bağlı qanunvericiliyə çox ciddi dəyişikliklər olacaq”.

Bunu APA-ya müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, indiyə qədər əlilliyin təyin olunması sovet sisteminə, 1940-cı illərdən formalaşan 3 əlillik dərəcəsi ilə müəyyənləşib: “Amma Azərbaycan həm əlillərin hüquqları üzrə BMT Konvensiyasına qoşulub, həm də 2018-ci ildə əlillərin hüquqları haqqında yeni qanun qəbul olunub. O qanunun tələblərindən biri əlillik dərəcələrinin qruplar üzrə deyil, aparıcı ölkələrdə olduğu kimi, daha geniş şəkildə faizlər üzrə verilməsinə daha çox imkan yaradılmasını nəzərdə tutur. Əlillik dərəcələrinin verilməsi ilə bağlı Almaniyadakı kimi faiz göstəricilərinə keçəcəyik. Bu da kriteriyaları daha da yüngülləşdirəcək. Bir var, 3 dərəcə, bir də var, 4 dərəcə olsun. 4 dərəcə olacaq və bu zaman həkimin seçim imkanları da, qiymətləndirmə imkanları da geniş olur. Əlillik indiyə qədər əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə təyin olunub. Yəni, üçüncü qrup əmək qabiliyyəti məhduddur, amma öz işində işləyə bilər, ikinci qrup əmək qabiliyyətsizdir, amma həkimlərin verdiyi əmək zəmanətinə uyğun olaraq işlə məşğul ola bilər. Birinci qrupun isə əmək qabiliyyəti tam məhduddur, işləyə bilməz, yaxud onun üçün xüsusi yaradılmış şəraitdə işləyə bilər və başqasının köməyinə ehtiyacı var. Tutaq ki, insanın hər iki ayağı amputasiya olunub, durub harasa iş yerinə gedib işləyə bilməz, ancaq əlil arabasında işləyə bilər. Deməli, evində xüsusi şərait yaradılarsa, kompüterdə hansısa işi görə bilər. Amma yeni meyarlara görə əmək qabiliyyətinin saxlanılma dərəcəsi əsas götürülür. Yəni tutaq ki, 10 faiz əmək qabiliyyəti itirilibsə, 90 faiz saxlanılıbsa, buna bir cür, 90 faiz itirilib, 10 faiz saxlanılıbsa, başqa cür baxılacaq. Amma əsas mahiyyət odur ki, indiyə qədər əlillik dərəcəsi əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə müəyyənləşirdisə, indi əmək qabiliyyəti və həyat fəaliyyətinin saxlanılma dərəcəsi əsas götürüləcək, daha pozitiv yanaşma olacaq. Eyni zamanda reabilitasiya potensialı müəyyənləşəcək ki, 10 faiz əmək qabiliyyətini itiribsə, çalışaq 1-2 il ərzində 10 faizini də bərpa edək, sağlam həyata qayıtsın. 4 əlillik dərəcəsinə görə müavinətlər də fərqli olacaq, spektr daha da genişlənəcək. Bəzi müavinətlər cüzi, bəzi müavinətlər daha çox olacaq. Bununla bağlı qanun qəbul olunandan sonra həmin həkimlərə treninq də keçiriləcək”.

Parlamentin komitə sədri qeyd edib ki, eyni zamanda dəyişikliklərə əsasən, hər hansı səbəbdən əlillik təyinatı üçün gec müraciət olunubsa, təkrar müalicə və müayinəyə qayıdıbsa, ötürülən müddət üçün 6 ay geriyə imkan yaradılacaq ki, onun pensiyası verilsin: “Bu, yaxşı və vətəndaşın sosial müdafiəsini təmin edəcək bir təklifdir. Dəyişikliklər hazırdır, amma ona yəqin ki, növbədənkənar sessiyada baxacağıq”.

M. Quliyev bu sahədə yaranan problemlərin səbəbinə də toxunub: “2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin o vaxtkı rəhbərliyi tərəfindən doğru olmayan bir qərar qəbul edildi. O zaman bir deputat, bu sahədə uzun müddət işləmiş şəxs olaraq buna etiraz etdim. Bizim təkliflərimizə baxmayaraq qərar qəbul edildi. Bu, səhv qərar idi. Öncəki illərdə belə bir qayda var idi ki, təkrar əlillik ikinci qrupdursa, bir ildən bir təkrar ekspertizadan keçirdi. Həmin müddət ərzində onun reabilitasiya proqramı tərtib olunur, müalicəsi, yeni peşə öyrənilməsi, əmək qabiliyyətinin saxlanma dərəcəsi müəyyənləşir və ondan sonra müəyyən iş təklif olunurdu. Düzdür, insan orqan itiribsə, onu bərpa etmək mümkün olmur. Lakin hər hansı xroniki xəstəliyi varsa, o xəstəliyi yüngülləşdirmək, yaxud onu müalicə etmək, əmək qabiliyyətini bərpa etmək imkanı var. Ona görə də sovetlər dönəmindən ikinci qrup əlillər 10 il müddətində hər il dalbadal ekspertizadan keçirdi və 10 il ərzində onun əmək qabiliyyəti bərpa olunmurdusa, əlillik ömürlük verilirdi. 10 il ərzində şəxs həm tibbi-sosial ekspert komissiyasının, həm səhiyyə müəssisəsinin nəzarəti altında olurdu. Amma 2015-ci ildə belə bir qərar qəbul olundu ki, insanlar hər il ekspertizaya gəlməsinlər, 5 ildən bir gəlsinlər. Yəni şəxsə hər hansı xəstəliyə görə əlillik dərəcəsi verilibsə, 5 il müşahidədən kənarda qalırdı. Tutaq ki, 5 il əvvəl bu insan yıxılıb, bud sümüyü qırılıb, yerindən tərpənə, hərəkət edə bilmir. Buna birinci qrup əlillik dərəcəsi veriblər və doğru da veriblər. Amma 6 ay müddətində sağalacaq və sağlam həyata qayıdacaqdı. Amma bu insan 5 il əlilliyə görə pensiya alıb, evində oturub. Yaxud insan hər hansı stress, qəza keçirib, bir orqanı zədələnibsə, 1-2 ilə müalicə olunubsa, deməli, hər il gəlməli, ən azı həkim buna istiqamət verməlidir ki, filan sanatoriya, cərrahi müalicələri apar. Bunlar da müşahidədən kənarda qaldı. Təəssüflər olsun ki, həmin dövrdə müəyyən saxtakarlığa da yol verilib, bu, artıq faktdır. Əmək və Sosial Müdafiə Nazirliyinin apardığı monitorinq göstərir ki, saxta, yaxud əlilliyi düzgün müəyyənləşdirilməyən, həmin dövrdə əlillik vəziyyəti olan, amma hazırda sağalan xeyli insan var. 5 il ərzində bunlar üst-üstə yığılıb. Əgər 5 il ərzində onlar tibbi-sosial ekspertizadan keçsəydilər, daha keyfiyyətli ekspertiza aparmaq olardı. İndi elə bil, 5 il ərzində hər il ekspertizadan keçməli insanlar toplaşıb, bu il ekspertizadan keçməlidir. Üstəgəl, bu il ilkin əlillik üçün müraciət edən 60-70 min insan var. 160 min də 5 il ərzində toplananlardır. Bunların hamısını 1 il ərzində ekspertizadan keçirmək və düzgün qərar vermək olduqca çətindir. Ona görə də biz aprelin sonunda Milli Məclis rəhbərliyinin tövsiyəsi ilə geniş dinləmə keçirdik, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm İcbari Tibbi Sığorta Agentliyinin, həm Səhiyyə Nazirliyinin rəhbərliyini dəvət etdik. Çünki bir səhvi düzəldiriksə, heç bir halda başqa bir səhv etməli deyilik. Yəni biz saxta əlilliklə, doğru verilməyən əlilliklə mübarizə aparırıqsa, həqiqi əlil olan insan bu proses zamanı əziyyət çəkməli deyil. Tutaq ki, insanlar çox gəlir, həkimin ekspertiza aparmaq imkanı yoxdur, elə başdansovdu ona verilən sənəd doğrudur, yaxud yalandır, ona görə diaqnoz qoysun və əlillik dərəcəsi versin, yaxud verməsin… Bu, doğru deyil. Bəzən təkrar müayinələrə göndərirlər, çünki 5 il müayinə, müalicə almayıb, vəziyyəti qiymətləndirilməyib, indi tibbi-sosial ekspertizaya elektron qaydada müraciət edir. Həmin ekspert vətəndaşın da özünü görmür və onu hər hansı təkrar müayinəyə göndərir. Təkrar müayinə də bəzən aylarla uzana bilir. Bəzən isə növbə olduğuna görə məcburdur ki, növbəsini gözləsin, amma əlilliyin də müddəti qurtarıb. Ona görə də 6 ay geriyə pensiya verilməsi ilə bağlı dəyişikliyi gündəmə gətirdik ki, ən azı 6 ay müddətində vaxtı keçibsə, onun imkanı olsun ki, əlillik dərəcəsi bərpa olunanda ötürülmüş 6 ay müddəti ilə bağlı pensiyasını ala bilsin. Bu, dəyişikliklərdə əksini tapıb”.

Parlamentin komitə sədri vurğulayıb ki, bu gün heç kim əlillik sahəsində problem olmadığını demir: “Saxta əlillərlə mübarizə aparanda bəzən həqiqi əlillər də əziyyət çəkirlər. Yəqin ki, bu il ərzində bu problem çözülər və gələn il tam şəffaflığa nail olmuş olarıq. Bu, çox ciddi sosial problemdir. Amma bu, heç kimə əsas vermir ki, haqqı olanın haqqına girsin, eyni zamanda haqqı olmayan da dövlətdən müavinət, pensiya alsın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı monitorinqə əsasən, həqiqi əlilliyi olmayan insanlara il ərzində 270 milyon manat vəsait xərclənir. Bu vəsait büdcədə qalarsa, pensiyaları, müavinətləri artırarıq. O insanlar da artıq sağlam insanlardır, gedib əmək fəaliyyəti ilə məşğul ola bilərlər”.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Daxili siyasət