USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vüqar Rəhimzadə: "Azərbaycan Prezidenti bütün kadrlara, o cümlədən məmurlara qarşı tələbkarlığı daha da artırır"


https://img.baki-baku.az/news/2020/08/photo_349.jpg

İdarəetmədə zəngin biliyi və böyük təcrübəsi olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik yeni təfəkkürlü kadrlar hazırlanaraq irəli çəkilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Baş redaktor bildirib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir. Bu hədəflərə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Görülən tədbirlər ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir. Son vaxtlar Prezident İlham Əliyevin rayon və şəhər icra hakimiyyətlərinə gənc rəhbərlər təyin etməsi, onlara etimad göstərməsi, xüsusilə də səlahiyyətlərinin icrasına başlamaları ərəfəsində onları qəbul edərək tövsiyələrini verməsi söylədiklərimizin əyani sübutudur. Dövlətimizin başçısı avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı kadr siyasətinə bir daha toxunub və dəyərli fikirlərini diqqətə çatdırıb. Məhz kadr siyasətində düzgün addımların atılmasının gərəkliliyindən danışan Prezident İlham Əliyev bəzi hallarda rəhbərlərin özlərinə yaxın olan, sadiq saydıqları kadrları önə çəkmələrini, lakin o kadrların digər xüsusiyyətlərinin nəzərə alınmamasını qəbuledilməz hesab etdiyini bildirib. Dövlətimizin başçısının kadr təyinatında irəli sürdüyü əsas tələb ondan ibarətdir ki, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Dövlətçiliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Eyni zamanda, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır.

“Kadr islahatları ölkənin inkişaf strategiyasının ana xəttini təşkil edir”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, aparılan düzgün kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir: “Bu gerçəkliklərin fonunda Azərbaycanda son vaxtlar dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafının idarəetmədə səmərəliliyinin artırılması təmin olunub. Bu məqsədlə dövlət idarəçiliyinin və dövlət qulluqçularının davamlı peşəkar təliminin və normativ-hüquqi bazasının yaradılması prosesi uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyev tərəfindən son dövrlərdə aparılan struktur və kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə stimul verməkdədir. Hər kəs şahidlik edir ki, Azərbaycan Prezidenti bütün kadrlara, o cümlədən məmurlara qarşı tələbkarlığı daha da artırır. Dövlətimizin başçısı yeni vəzifəyə təyin etdiyi icra başçısını qəbul edərək qarşısında ciddi tələblər qoyur. Tələb edir ki, ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara uyğunlaşdırılmalıdır. Şəhər və rayonlarda, ilk növbədə, iqtisadi inkişafa nail olunmalı, məşğulluq problemləri həllini tapmalıdır. Vətəndaşlarla məmurların təmas platforması genişləndirilməlidir. Bir sözlə, “xalqın gözü tərəzidir” prinsipi qarşıdakı dövrdə məmurların fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri elan olunur. Dövlətimizin başçısı bu proseslərin reallaşmayacağı təqdirdə, cəza tədbirlərinin görüləcəyini də açıq şəkildə bəyan edir”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu kadr islahatlarının gözdən salınması üçün qarayaxma kampaniyası aparan “beşinci kolon”un həddən artıq qıcıqlanması ölkədə bu sahədə həyata keçirilən işlərin düzgünlüyünü isbatlayır. “Azərbaycanın istənilən uğuruna sevinməyən bəzi ünsürlər həyata keçirilən müsbət dəyişiklikləri görməzdən gəlirlər. Belə qənaətə gəlinir ki, bu dövlətin, xalqın xeyrinə nə varsa, onların ziyanınadır. Anti-Azərbaycan şəbəkənin mənasız, boş iddiaları hər zamankı kimi iflasa məhkumdur. Bütün ölkə ictimaiyyəti görür ki, islahatlar Azərbaycanın dinamik inkişafının meydana gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Kadr islahatlarının həyata keçirilməsi isə əlbəttə ki, idarəetmənin təkmilləşdirilməsi məqsədinə xidmət edir”.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Daxili siyasət