USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Maliyyə naziri Samir Şərifov büdcə müzakirəsində - kiçilmədən dayanıqlılığa


https://img.baki-baku.az/news/2020/12/photo_2230.jpg

“Sona çatan 2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub: “Bu şanlı zəfərin təmin olunması üçün həyatlarını qurban vermiş şəhidləri böyük ehtiramla anırıq. Onların uğrunda şəhid olduqları vətən torpaqlarının yenidən qurulması bu gün qarşımızda duran ən ümdə məsələdir. Dövlət başçısının qeyd etdiyi kimi Qarabağ əsl cənnətə çevriləcək”. 

***

Qayıdış üçün 2.2 milyard manat

“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat məbləğ ayrılması nəzərdə tutulub”, - deyən maliyyə naziri Samir Şərifov eyni zamanda bildirib ki, Silahlı Qüvvələrə, müdafiə qüvvələrinin daha da yaxşılaşdırılmasına kifayət qədər çox vəsait ayrılması nəzərdə tutulur: “Ümumilikdə, müdafiə xərclərinin cəmi 4,6 milyard manata bərabərdir. Hərbi vəziyyətlə bağlı büdcə layihəsi parlamentdə fərqli tarixdə müzakirə edilir. Deputatlara təşəkkür edirəm ki, onlar sıx qrafik əsasında təqdim edilmiş layihənin müzakirəsinə şərait yaradıblar”.

***

Kiçilmə

 

S.Şərifov ilin sonuna iqtisadiyyatımızın 4%-dək kiçilməsinin gözlənildiyini vurğulayıb.

Nazir bildirib ki, 2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib: “2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək vacib tədbirlər var. Eyni zamanda dövlət sərhədlərinin bərpası üçün də vəsaitlər nəzərə alınıb. 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə qurulub. Prezidentin müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və s. əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb”. 

***

Qalıq

İlin sonuna kimi dövlət büdcəsinin icrası zamanı xəzinədə 500 mln. manat qalıq qalacağını deyən nazir bu qalığın dövlət büdcəsinin kəsrinin maliyyələşdirilməsi üçün istifadə olunacağını dilə gətirib.

Nazir bildirib ki, dövlət büdcəsinin kəsri hədəflərin təmin edilməsi məqsədilə ÜDM-nin 4,1%-dək genişləndirilir: “Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Əsasən, ortamüddətli xərclər çərçivəsinin, nəticə əsaslı büdcənin istifadəsinə başlanılacaq. Ortamüddətli xərclər üzrə nəticələrin əldə edilməsi üçün Təhsil, Kənd Təsərrüfatı nazirlikləri də müvafiq protokollar imzalayıb”.

***

İqisadi aktivlik üçün əlavə vəsait

“Növbəti ildə də dövlət tərəfindən iqtisadiyyata imkan daxilində əlavə vəsait təmin ediləcək. Bunun əsas hədəfi iqtisadi aktivliyin canlandırılmasıdır”, - deyən S.Şərifov bildirib ki, bu məqsədlə Dövlət Neft Fondundan da dövlət büdcəsinə transfert bu ildə olduğu kimi saxlanılır: “Əsasən fiskal gəlirlərimiz faktiki olaraq cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsindən sonrakı səviyyələrdə qalıb. Bunun üçün iqtisadi fəaliyyətdə aktivliyin təmin edilməsi məqsədilə Mərkəzi Bankın sərbəst mənfəətindən bir hissə dövlət büdcəsinə transfert olunacaq. Eyni zamanda dövlət borcundan da bir hissə bu yöndə transfert olunacaq. Dövlət borclanma səviyyəsinin artırılması barədə qərar qəbul edilib. Bu, daha çox daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi hesabına, digər tərəfdən, beynəlxalq maliyyə qurumlarından əlavə kreditlərin cəlb edilməsi nəzərdə tutulur”.

***

Qeyri-neft sektoru

 

S. Şərifov həmçinin deyib ki, növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin cari illə müqayisədə 5%-dən çoxu qeyri-neft sektorunun payına düşəcək”.

Nazirin sözlərinə görə, hökumətin əsas hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsidir: “Neft sektorundan əldə ediləcək gəlirlər cari illə müqayisədə 4% azalacaq. 2020-ci ilin dövlət büdcəsinin ilkin təsdiq olunmuş variantında gömrük daxilolmaları üzrə 4 milyard manatın daxil olması nəzərdə tutulurdu. Növbəti ildə bu 3,9 milyard manat gözlənilir. Eyni mənzərə vergi daxilolmalarında da müşahidə edilir. Gələn ildə isə qeyri-neft sektoru üzrə daxilolmaların artması nəzərdə tutulur. Bu il dövlət vergi xidməti xətti ilə dövlət büdcəsinə proqnozlardan daha artıq məbləğdə vəsaitlərin yığılması təmin olunmaqdadır”. 

***

Borc strategiyası, dövlət borcu

“2021-ci ilin dövlət büdcəsinin xərcləri 28,543 mlrd. manat səviyyəsində proqnozlaşdırılır”, deyən maliyyə naziri vurğulayıb ki, 2021-ci ilin dövlət büdcəsində maliyyə təminatının yaradılması əsas götürülüb: “Gələn il bir sıra sahələrin xərclərində artımlar nəzərdə tutulub. Sosialyönümlü xərclərə 38,9% ayırmalar nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosialyönümlü siyasətlə bağlıdır. Eyni zamanda gələn il ölkədə ərzaq təhlükəsizliyinin daha da təkmilləşdirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Dövlət büdcəsinin əsaslı xərcləri 8,3 mlrd. manat təşkil edir. 5 mlrd. manatdan yuxarı vəsaitlər investisiya proqramına yönəlmiş vəsaitlərdir. Bunlardan 2,2 mlrd. manatı Qarabağın yenidən qurulmasına yönəldiləcək. Dövlət borcu ilə bağlı xərclər gələn il cari illə müqayisədə artacaq ki, bu da dövlət tərəfindən orta müddətdə borc strategiyasına nəzərdə tutulan dəyişikliklərlə bağlıdır”.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət