USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmiz üzünü yeniliyə tutub

Köhnə vərdişlərindən əl çəkə bilməyənlər isə tərəqqini buxovlamaq barədə düşünürlər 


https://img.baki-baku.az/news/2024/09/photo_14776.jpg?v=MjAyNC0wOS0yNSAxMDowODo1OA==

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev Yeddinci çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitqində, bir növ, cəmiyyətin gələcək inkişafının yol xəritəsini göstərmiş oldu. Ölkə rəh­bəri həmin çıxışında gözlərimiz önündə cəmiyyətin bütün sahələrində baş verən­lərin xarakterini, eləcə də mütləq nəzərə almalı olduğumuz xarici amillərin geniş və dəqiq mənzərəsini canlandırdı. 

2024-cü ildə reallaşan prezident və parlament seçkilərinin müstəqil ölkəmizin tarixində ilk dəfə bütün ərazisində keçirilməsini tarixi hadisə ad­landıran dövlətimizin başçısı İkinci Qarabağ mü­haribəsinin nəticəsini və suverenliyimizin tam bərpa edilməsini beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edən tarixi hadisə kimi dəyərlən­dirdi. O, bu qələbələri şərtləndirən əsas amillər kimi Azərbaycan xalqının güclü iradəsini, bir yumruq ətrafında həmrəylik nümayiş etdirməsini xüsusi olaraq vurğuladı. 30 illik işğala son qo­yulmasında bu amilin misilsiz rolunu, həqiqətən də, qeyd etməmək mümkün deyil.

“Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”, – deyə qeyd edən İlham Əliyev İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nə­ticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açdı­ğını bildirdi. 30 illik işğaldan sonra Azərbayca­nın genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyduğunu və ilk nəticələrin göz qabağında ol­duğunu MM-in tribunasından bəyan edən cənab Prezident son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi məsələsini də önə çəkdi. 

Azərbaycanın İkinci Qarabağ müharibəsi­nin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildiyini deyən dövlətimizin başçısı bunu qəbul etmək istəməyən ölkələrin və dairələrin mövcudluğuna da diqqəti çəkdi: “Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız iddialar, ikili standartlar əsasında qurulmuş itti­hamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”.

* * * 

Birmənalı olaraq deyə bilərik ki, 2024-cü ildə bədxahlarımızın xoşuna gəlməyən, tarixi əhə­miyyətinə kölgə salmağa çalışdıqları ən önəmli hadisələr kimi prezident və parlament seçkilərini qeyd etməmək mümkün deyil. Həm fevralın 7-də Prezident seçkilərinin, həm də sentyabrın 1-də gerçəkləşən parlament seçkilərinin ölkənin bütün ərazisində keçirilməsi Azərbaycan dövlətinin gü­cünün, xalqın əyilməz ruhunun dünyaya nümayişi idi. Amma cənab Prezident MM-dəki çıxışında bunlara arxada qoyduğumuz mərhələ kimi bax­mağın, özümüzü qarşıda duran məsələlərin həllinə kökləməyimizin vacibliyini vurğuladı: “Dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il ke­çir. Üç gün bundan əvvəl biz artıq bu günü bayram günü kimi qeyd etmişik. Bununla bərabər, demək istərdim ki, arxayınlaşmaq üçün heç bir əsas yox­dur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşada­cağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək”.

Cənab Prezident bu vacib məsələlərin hamı­sını, qarşıda bizi gözləyən yeni, güclü və qürurlu Azərbaycanı gözlərimiz önündə sərgilədi. Bunun­la yanaşı, o, həm də ölkəmizə qarşı hansı ideoloji təxribatların baş verdiyini açıq şəkildə bəyan etdi. Digər tərəfdən, erməniləri silahlandıranlara, onla­rı Azərbaycana qarşı müharibəyə təhrik edənlərə, bölgədə sabitliyi pozmağa çalışanlara çox ciddi mesajlar göndərdi. Biz sülh haqqında düşündü­yümüz zaman, bədxahlarımız bunun “səhv yol” olduğunu sübuta yetirmək üçün hər cür təxribata əl atırlar. 

Əslində, sanki tarixin qaranlıq bir guşəsində fəaliyyət göstərən ABŞ-nin həmin konqresmen­ləri, senatorları, erməni lobbisinin çaldığı hava­ya oynayanlar özləri səhv yolun yolçularıdırlar. Azərbaycan beynəlxalq hüquqa, dünyanın düzə­ninə zidd heç bir hərəkətə yol verməyib. 

* * *

Şərqdə belə bir deyim var: “Təzəni tikməyənə qədər köhnəni sökməyin”. İndi durub bizə dünya­nın yeni düzənindən, müasir standartlardan danı­şanların diqqətinə çatdırmaq lazımdır ki, hələ təzə heç nə formalaşmayıb. Amma bu, o demək deyil ki, köhnəni də silib atmalıyıq. Nə qədər ki, yeni birgəyaşayış qaydaları, müasir dəyərlər sistemi gündəmə gəlməyib, köhnə qanunlar toplusu öz qüvvəsində qalır. Azərbaycan bu gün atdığı bütün addımlarını ədalət prinsipinin təsbit olunduğu hə­min qanunlarla tənzimləyir.

Təəssüf ki, həmin ermənipərəst qüvvələrin bö­yük qismi üçün neoimperializm, neomüstəmləkə­çilik keçmişdən qalma zərərli davranış sistemi sayılmır. Onlar nəinki arxivə göndərilməli olan bu pis vərdişlərdən əl çəkmək barədə düşünmürlər, əskinə, onları hələ də gündəmə gətirməyin yolları­nı arayır, yeni təşəbbüsləri buxovlamaq yolunu tu­tublar. Amma Azərbaycan və onun ətrafında cəm olmuş mütərəqqi birlik buna imkan verməyəcək. Bəli, onların məqsədi yeniliyi vurub dağıtmaq­dırsa, bizim missiyamız quruculuq, inteqrasiya və güclü dövlətdir. Azərbaycan bu aksiomu son 4 ildə təkrar sübuta yetirib. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı

Prezident İlham Əliyev yeni seçilmiş Milli Məclisin tribunasından çıxışı zamanı Azərbayca­nın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkə­mizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib. Bu təhlükələrdən ən başlıcası bir sıra dövlətlərin Ermənistanı Azərbaycana qarşı silah­landırmaları, onu yeni qarşıdurmaya təhrik et­mələridir. 

Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qaqfaz siyasətində dəyişən heç nə yoxdur. Rəsmi Paris tərəfindən Er­mənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiy­yətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azərbaycan qarşısında duruş gətirə bilsin. Aydın məsələdir ki, Ermənistanın silahlan­dırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Doğrudur, Ermənistanın baş naziri Ni­kol Paşinyan Azərbaycanla yeni müharibədə ma­raqlı olmadığını bildirir. Amma bu da faktdır ki, o, ordusuna tam nəzarət edə bilmir. Özü bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur. Bu isə o deməkdir ki, həmin “beşinci kolon” müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər. İrəvan yenə bölgədə öz maraqlarını təmin etməyə çalışan güc­lərin əlində “maşa”ya çevrilməkdədir. Ancaq, cənab Prezidentin dediyi kimi, bunlar xalqımızın iradəsinə heç cür təsir edə bilməzlər.

Tofiq ABBASOV, 
siyasi şərhçi

Prezident İlham Əliyevin VII çağı­rış Milli Məclisin ilk iclasındakı çıxışını hazırda dünyada cərəyan edən proseslər kontekstində qiymətləndirməliyik. Dövlət başçımızın bütün mesajları günün aktual məsələləri ilə səsləşən çağırışlardır. Bəli, dünyanın gündəmi durmadan dəyişir, dol­ğunlaşır. Amma burada bir iddia vardır ki, o, öz yerini başqa məqamlara vermir. Söh­bət təhlükəsizlik məsələsindən gedir. Çün­ki, təhlükəsizlik bütün uğurların rəhnidir. Onsuz heç bir tərəqqi, irəliləyiş mümkün deyil. Bu səbəbdən müəyyən xalqların, toplumların inkişafını ləngitməkdən ötrü güc mərkəzləri, ilk növbədə, həmin böl­gələrdə münaqişəli vəziyyətləri yarat­mağa çalışırlar. Yerli xalqları yolundan sapdırmağı hədəfləyən həmin qüvvələr öz maraqlarını təmin etməyi düşünürlər. 

Cənubi Qafqaz bölgəsi aktual məqam­lar çərçivəsində nümunə sayıla bilər. Bu­rada çoxlu risklərin kultivasiyası gedir. Ermənistanı silahlandırmağa girişənlərin məqsədi bölgədə eskalasiya ocağı ya­ratmaqdır. Bu mənada, Prezident İlham Əliyevin “Biz güclü olmalıyıq” tezisi, ça­ğırışı bütün zamanlar üçün aktual olaraq qalacaq. Dünyanın aparıcı dövlətlərinin riyakarlığını, ikiüzlülüyünü, saxta siyasət­lərini gördük. Onlar həm də Azrbayca­nın inkişafının qarşısını almaq istəyirlər. Bunlar artıq şübhə doğurmayan çılpaq həqiqətlərdir. Anti-Azərbaycan cəbhəsini formalaşdıran Fransanın yanında ABŞ, Kanada, Niderland, digərləri dayanıb. Dövlət başçımızın qeyd etdiyi kimi, məhz buna görə hərbi-sənaye kompleksimizi müasirləşdirmək, ordumuzu gücləndir­mək kimi ən vacib məsələlər günün tələ­bidir. 

Sanki ermənipərəst düşərgə Azərbay­canın işğalçının dərsini verərək ədaləti bərpa edən kimi hərəkətə keçdilər. İndi bizi küncə sıxışdırmağa, imtiyazlarımızı heçə çevirməyi düşünürlər ki, ermənilər üçün xüsusi şərait yaratsınlar. 

Bunlar hansı səbəbdən baş verir? Çün­ki Azərbaycan siyasi iradəyə malik, yeri gələndə “yox” deməyi bacaran müstəqil məmləkətdir. Əgər hansısa məsələ onun milli maraqları ilə üst-üstə düşmürsə, gələ­cəyə yönəlik planlarına ziddirsə, Azərbay­can bu təşəbbüsləri dərhal rədd edir və rəsmi Bakının qətiyyəti, bacarığı bəzilə­rində qıcıq doğurur, onlara rahatlıq vermir. Problemlər, maneələr təşkil etməklə Azər­baycanı ram etməyə girişənlər, əslində, Er­mənistanı özlərinin korporativ maraqlarına qurban verməyə hər an hazırdırlar

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İmran BƏDİRXANLI