USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvan Qərbin sanksiya siyasətinə məhəl qoymur

Amma ona “gözün üstə qaşın var” deyən yoxdur


https://img.baki-baku.az/news/2024/09/photo_14748.jpg

Ermənistanda iqtidarlar dəyişsə də, ölkənin ikibaşlı siyasət yürütməsi, necə deyərlər, eyni vaxtda iki stulda əyləşmək ənənəsi dəyişməz olaraq qalır. Yeni gələnlər sələflərini əksər məsələdə tənqid etsələr də, bura­da əvvəlki dəst-xəttə sadiqdirlər. Söhbət Ermənistanın həm nüvəsin­də Rusiyanın dayandığı Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlarda təmsil olunmasından, həm də ABŞ, Fransa və Avropa İttifaqı başda olmaqla Qərb ölkələri və təsisatları ilə sıx əməkdaşlıq etməsindən gedir.

Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinə, eləcə də 3 il sonrakı lokal xarakterli antiter­ror tədbirlərinə Rusiyanın beynəlxalq hüquqa uyğun münasibətindən narazı qalan rəsmi İrəvan bir müddət adları yuxarıda qeyd olunan qurumların yük­sək səviyyəli tədbirlərində iştirak etmək­dən yayındı. Ancaq bu təşkilatları da tərk etmədi. Nikol Paşinyan ölkəsinin iqtisa­diyyatının Rusiyadan asılılığını nəzərə alaraq, nəticələri fəlakətli ola biləcək ad­dımlar atmaqdan çəkindi. Son iki ildə isə Ermənistanın iqtisadi göstəricilərində, ələlxüsus Rusiya ilə xarici ticarət döv­riyyəsində nəzərəçarpan artım müşahidə olunur.

Ölkələr arasında ticarət dövriyyəsi­nin həcmində ciddi artımın qeydə alın­masını rəsmi şəxslər də təsdiqləyirlər. 2024-cü il sentyabrın 14-də İrəvanda keçirilən Rusiya–Ermənistan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında çıxış edən Rusi­ya baş nazirinin müavini, komissiyanın həmsədri Aleksey Overçuk bildirmişdi ki, cari ildə iki ölkə arasında ticarət döv­riyyəsinin həcmi 14-16 milyard dollara çata bilər. Yəni iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ildəki 2,6 milyard dolları müqayisədə 6 dəfə arta­caq. İxrac əməliyyatları isə 2023-cü ildə 841 milyon dollardan 3,4 milyard dolla­ra yüksəlib. Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və bütün sahələri əhatə edir: “2023-cü ildə Ermənistanla Rusiya ara­sında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. 2024-cü ilin ilk altı ayında bu rəqəm artıq 8,4 mil­yard dolları keçib. Müqayisə üçün qeyd etmək istərdim ki, 2020-ci ildə ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib. Hazırkı rəqəmlər qarşılıqlı ticarətin sürətli artımını göstərir”.

Qeyd edək ki, Ermənistanın relye­fi əsasən dağlıqdır. Ölkə ərazisinin 90 faizdən çoxu dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşir. Ərazi­sində müxtəlif əlvan metal yataqları olsa da, Ermənistan neft-qaz, dəmir filizi, daş kömür kimi faydalı qazıntı yataqların­dan məhrumdur. Bu mənada Rusiyanın real iqtisadiyyatdan məhrum bir ölkə ilə ticarət dövriyyəsinin həcminin Cənubi Qafqazın ən böyük iqtisadiyyatına ma­lik Azərbaycanla ticarət dövriyyəsinin həcmindən az qala üç dəfə çox olması təəccüb doğurur. Burada da kələfin ucu yenə gedib İrəvanın həm Qərblə, həm də Rusiya ilə oyun oynamasının üstünə çıxır. Rusiya ilə qarşılıqlı ticarətdə qey­də alınan sıçrayış Ermənistanın Ukrayna müharibəsi ilə əlaqədar şimal qonşu­muza tətbiq edilən beynəlxalq sanksi­yalardan yayınaraq Moskva ilə təkrar ixrac (reeksport) əməliyyatlarını davam etdirdiyini əyani şəkildə göstərir. Amma İrəvan üzərində nəzarəti Kremldən ala­raq öz əlində cəmləşdirmək istəyən Qərb onun qadağalarına qətiyyən əhəmiyyət verməyən əlaltısının bu cür iqtisadi “za­rafatlarına” israrla göz yumur.

Sözdə Cənubi Qafqazda sülh və sabitliyin, təhlükəsizliyin təmin olun­masında maraqlı olduğunu bildirən həmin Qərb Ermənistana anti-Rusiya sanksiyalarından yan keçməyə və mü­vafiq olaraq böyük gəlirlər əldə etməyə imkan yaradır. Bundan əlavə, ABŞ və Fransadan Ermənistana böyük iqtisa­di yardımlar edilir. Bu da məqsədyönlü siyasətdir. Məqsəd Qarabağ problemini yenidən, necə deyərlər, canlandırmaq və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır. Bütün bun­lar onsuz da revanşist əhval-ruhiyyədə olan Ermənistanda yeni ümidlər yara­dır, onun mövqeyini sərtləşdirir. Artıq Ermənistan “Dağlıq Qarabağ”dan daha çox danışmağa başlayıb. Ölkənin xarici işlər nazirliyinin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin birin­ci ildönümünə dair yaydığı bəyanatda hamının gözü qarşısında baş vermiş hadisələr “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilmiş­di. Həmçinin ölkənin baş naziri də “etnik təmizləmə”dən danışır. Görünən odur ki, Ermənistan ötən il antiterror tədbirləri ilə nəticələnmiş köhnə səhvlərini yenə təkrarlamağa başlayır.

Mövzu üzrə fikirlərini “XQ” ilə bö­lüşən Dövlət İdarəçilik Akademiyası­nın müşaviri, Bakı Politoloqlar Klubu­nun rəhbəri Zaur Məmmədov bildirdi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulduğu və Ermənistanla sülh danı­şıqlarının aparıldığı bir vaxtda Qərb bu proseslərə dəstək vermək əvəzinə, yeni­dən prosesləri tam fərqli səmtə yönəlt­məyə çalışır. Onun sözlərinə görə, bu, əslində gözlənilməz deyil. Çünki Cənubi Qafqazda erməni dövlətinin yaradılması hazırda BMT Təhlükəsizlik Şurasında veto hüququna malik 5 dövlətdən dördü­nün bu və ya digər şəkildə iştirakı ilə baş verib: “1918-ci ildə bölgədə ermənilər üçün dövlət quran, sonra isə Zəngəzuru iki yerə bölərək onun qərb hissəsini Er­mənistana verən, Qarabağda ermənilər üçün muxtar vilayət yaradan həmin bey­nəlxalq subyektlər indi də anti-Azərbay­can siyasəti yürütməyə, bölgədə özlərini çirkin maraqlarını təmin etməyə davam edirlər. Azərbaycanın Ermənistana sülh təklif etdiyi bir zamanda məğlub və işğal­çı ölkəyə silah satmaq, onunla hərbi-tex­niki əməkdaşlığı gücləndirmək təbii ki, sülhə yox, yeni müharibəyə xidmət edən əlamət kimi qəbul olunmalıdır. XXI əsrdə işğalçı siyasət yürüdən ölkənin bəzi Qərb dairələri tərəfindən mükafatlandırılması, bütövlükdə, dünyadakı proseslər üçün çox pis örnəkdir”.

Z.Məmmədov qeyd etdi ki, bu az imiş kimi ölkəmiz Qarabağın dağlıq his­səsində “etnik təmizləmədə” suçlanır, kimlərsə öz müqəddəratını təyinetmə məsələsini yenidən gündəmə gətirir. Er­mənistana nəinki müdafiə, hücüm xarak­terli silahlar və hərbi texnika verilir. Av­ropa Sülh Fondu kimi fondlar vasitəsilə Ermənistan dövlətinə maliyyə yardımla­rı da davam edir.

Bəs belə olan təqdirdə Azərbaycan nə etməlidir? Bu sualı da cavablandıran politoloq bildirdi ki, əsas prioritet ordu quruculuğuna böyük diqqət ayrılması, müdafiə qüdrətimizin daha da artırılması olmalıdır: “Biz bu gün görürük ki, Er­mənistan nəinki silahlandırılır və böyük maliyyə vəsaitləri əldə edir, eləcə də ay­rı-ayrı ölkələrin qanunverici və icraedici orqanlarında anti-Azərbaycan ritorikası geniş vüsət alır. Bütün bunların səbəbi Bakıya təzyiq etmək, suveren hüquqları­mızı məhdudlaşdırmaq və sözsüz ki, böl­gədə öz maraqlarını həyata keçirməkdir. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi də bu aylar ərzində özünü adekvat apar­maq əvəzinə danışıqlar prosesini uzat­maqla məşğul oldu. Aydın görünür ki, İrəvan bu il sülh müqaviləsinin imzalan­masında maraqlı deyil”.

Müsahibimiz qeyd etdi ki, Ermə­nistanda “Dağlıq Qarabağ” haqda daha çox danışılmağa başlanılması, ölkənin xarici işlər və baş naziri tərəfindən “et­nik təmizləmə” ifadələrinin işlədilməsi, əsas qanunun dəyişdirilməməsi, ATƏT-in Minsk qrupu ilə bağlı tələbin yerinə yetirilməməsi bölgədə yeni müharibə potensialının və riskinin kifayət qədər artdığını göstərir: “Gələn ildən başla­yaraq şərti sərhəddə vəziyyətin daha da gərginləşməsi müşahidə oluna bilər. Əv­vəlcə Zəngəzur bölgəsinə mülki missiya adı altında kəşfiyyatçıları gətirən Avropa İttifaqı və ABŞ bölgə uğrunda Cənubi Qafqaza qonşu olan dövlətlərlə müba­rizədə vahid ssenari üzrə hərəkət etdiklə­rini ortaya qoydular. Bu, əlbəttə, Fransa və ABŞ-nin Ermənistanla ortaq planıdır. Rəsmi İrəvanın apardığı siyasət Cənubi Qafqazda yeni gərginlik ocağının ya­ranması ehtimalını yüksəldir. Amma hər kəs, xüsusilə Ermənistanın arxasında dayananlar bilməlidirlər ki, Azərbaycanı heç bir qüvvə öz yolundan döndərə bil­məz”.

Onu da qeyd edək ki, bir neçə gün öncə Azərbaycan qeyri-hökumət təş­kilatları ABŞ və Aİ-də Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıblar. Məktubda deyilir: “Biz – Azərbaycanın qeyri-hö­kumət təşkilatları Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradan Ermənistan Respublikası­nın fəaliyyətindən ciddi narahatlığımızı ifadə etmək üçün sizə müraciət edirik. Qərb ölkələri tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiyanı məsuliyyətə cəlb etmək və humanitar böhranın qar­şısını almaq məqsədi daşıyır. Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə, Ukraynadakı humani­tar böhranı dərinləşdirir”.

Bildirilib ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənis­tanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəs­kin artım müşahidə edilməyə başlanıb. Aİ və ABŞ tərəfindən Rusiyaya tətbiq edilən sanksiya paketinin əhatə dairə­si genişləndikcə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi mötəbər beynəlxalq hesabat­larda xüsusi vurğulanmaqdadır.

Ermənistanın özü kimi ikiüzlü və riyakar siyasət yürüdən bəzi Qərb ölkələrinin Bakıdan ucalan etiraz sə­dasına, rəsmi İrəvanın sanksiya siyasə­tinə məhəl qoymamasına necə reaksiya verəcəyi maraq doğurur. Onlar, nəhayət, maskalarını çıxarıb atmalı, gerçək sima­larını ortaya qoymalı və ikibaşlı oyun oynamağı dayandırmalıdırlar. Çünki su çanağı suda sındığı kimi onların oyunu da bir gün himayə etdikləri dövlətin ba­şında çatlayacaq. Ən azı yaxın keçmişin təcrübəsi bundan xəbər verir.

Səxavət HƏMİD




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Səxavət HƏMİD