USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Artsaxı diriltmək”lə Ermənistanı məhv etmək

Yaxud anti-Azərbaycan ritorikası və İrəvan üçün “pampers diplomatiyası” 


https://img.baki-baku.az/news/2024/09/photo_14747.jpg

Qəribə vəziyyət yaranıb. Ermənistan parlamentinin spikeri Alen Si­monyan bir müddət əvvəlki çıxışında təxminən belə deyib: qondarma “Artsax” cəhənnəmə vasil olduğundan, Ermənistan parlamentinin se­paratçı rejimlə parlamentlərarası işçi qrupunun mövcudluğuna ehtiyac qalmayıb. Amma kollektiv Qərbin siyasi kluarlarında “Artsaxı diriltmək” cəhdləri baş qaldırır. Söhbət ABŞ-nin və Fransanın Qarabağ məsələsini canlandırmaq yönümlü hərəkətlərindən gedir. Nəzərə alaq ki, son zaman­lar mövcud istiqamətdəki fəaliyyət, bir növ, rəngarənglik qazanmaqda, ciddi məzmun və xarakter almaqdadır. Bütün bunların Ermənistan üçün nə vəd edəcəyi barədə yazımızın sonunda söz açacağıq. Hələlik mövzuya keçid almaq üçün bəzi məqamları vurğulayaq. 

Ümumən, Qərb uzun müddət Qara­bağ məsələsinə Azərbaycanın başı üzərində asılmış “damokl qılıncı” kimi yanaşıb. Yəni, istəyib ki, problem va­sitəsi ilə ölkəmizi daimi təzyiq altında sax­lasın. Eyni zamanda, bu problem Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün də cəlbedici olub. Ancaq Qərb “erməni sev­dasını” məqsədinə qurban vermək istəmir. Buna görə fərqli yol seçərək, Ermənistan­da, faktiki olaraq, dövlət çevrilişi reallaş­dırıb, törətdiyi əmələ erməni inqilabı donu geyindirib. 

Bəli, baş nazir Nikol Paşinyanın haki­miyyətə gətirilməsi, prinsip etibarilə, Qər­bin Rusiyanın bölgədəki təsirini minimal­laşdırmağa və tamamilə heçə endirməyə yönəlmiş addımı idi. Qərb demokratiyanı bu məhfumun heç “d” hərfinin olmadığı Ermənistana Paşinyanın kirli saqqalının içərisinə soxmuşdu. Yəni, nəinki qapıdan və pəncərədən deyil, birbaşa bacadan. Öz aramızdı, Ermənistan, erməni qövmü, onun tayfa və qəbilə təfəkkürü hara, de­mokratiya hara?..

Deməli, Nikolun hakimiyyətdə möhkəmlənər-möhkəmlənməz “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməsi adi məsələ de­yildi. Axı o, iqtidara yiyələnməzdən əv­vəl bildirmişdi ki, Qarabağ Ermənistanın üzərindən asılmış ağır daşdır və ölkənin bu daşı çiyinlərindən atması mütləqdir. Görəsən, niyə belə demişdi? Səbəb çox sadə idi. Nikol Qarabağ məsələsinin Ru­siyanın egidası altında olduğunu bilirdi. Bilirdi ki, erməni xalqı Moskvanın dirijor çubuğu ilə oturub-duran Koçaryanlı – Sar­kisyanlı “Qarabağ xuntası”na nifrət bəslə­yir. Paşinyan “ağır yük” məntiqi ilə həmin nifrəti körükləyirdi. 

Nikolun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı erməni xislətinin ifadə tərzi kimi meydana çıxmış­dı. Qərb bu bəyanatın barıt çəlləyini vuran ildırım olduğunu gözəl anlayırdı. Anlayır­dı və hesab edirdi ki, Ermənistanın qələbə qazanması şəraitində qərbpərəst Paşinyan ölkəsindəki rus təsirinə ağır zərbə vura­caq. Həmçinin, İrəvanın uğuru Azərbay­canın inkişafına əngəl yaradacaq, Bakı Qərbdən asılı vəziyyətə düşəcək və onu qeyri-bərabər sazişlərə sürükləmək imkanı yaranacaq. Lakin hesablamalar özünü doğ­rultmadı. Azərbaycanın 44 günlük mühari­bədəki Zəfəri nəinki Ermənistanı rüsvayçı və acınacaqlı duruma saldı, eyni zamanda, Cənubi Qafqazı rus təsirindən qurtarmaq niyyətlərini alt-üst etdi. 

Əlbəttə, Rusiya 44 günlük müha­ribəyə son qoyan tərəfdir. Amma ona görə yox ki, burada əsas məsələ Bakının Moskvanın sözünü eşit­məsidir. 44 günlük müharibədən sonra bir çox məsələləri zamanın axarına buraxan Azərbaycan dövləti özünün məqsədyönlü siyasət xətti ilə topu ötürdüyü Rusiyanın o topla rəftarına diqqət yetirdi. Hər halda, ölkəmiz Qərbin Ermənistanı dirçəltmək məramının mümkünlüyünü bilməmiş de­yildi və mövcud platformada Rusiyaya ye­rin onsuz da olmadığını görürdü. Həm də ona görə görürdü ki, qərbpərəst Paşinyan hakimiyyətdə qalırdı. Kreml Ermənistan­dakı daxili qüvvələri Nikola qarşı səfərbər etməyi bacarmadı. Müharibədə dəhşətli məğlubiyyətə uğramış ölkənin rəhbəri – baş naziri yenə hakimiyyətdə qaldı. Belə bir durumda Qarabağdakı Rusiya sülhmə­ramlıları çox kiçik və mənasız mövcudiy­yət faktoruna çevrildilər. Onlar yerli ermə­nilər üçün pampers daşımaqdan başqa bir işə yaramadılar.

Əlbəttə, pampers daşımaq Rusiya sülh-məramlı kontingentinin Qarabağın erməni varlığı üçün yardımının, belə demək müm­künsə, ümumiləşdirilmiş görüntüsüdür. Möv­cud məsələdə başqa sentimental məsələlər də yer alırdı. Tezliklə pampersin minalarla əvəz­ləndiyini, silah-sursata çevrildiyini də gör­dük. Amma ilkin forma məzmununu itirmədi. Ölkəmizin 2023-cü ilin sentyabrında Qarabağ­da həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı separatçı rejimin təmsilçiləri üçün ən çox elə pampers lazım oldu, nəinki si­lah-sursat. 

Bəli, Azərbaycanın Qarabağda mütləq ha­kimiyyətini qurması həm Qərbə, həm də Ru­siyaya ağır zərbə idi. İkinci bölgəni öz egidası altında saxlaya bilmədi, yəni ənənəvi təzyiq rıçaqını itirdi, birinci isə Rusiyasızlıq mühitin­də heç bir üstünlük qazanmağı bacarmadı. Qa­rabağdakı Rusiya sülhməramlıları necə lazım­sız bir qruplaşmaya çevrildilərsə, eyni aqibəti Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində dayan­mış mülki müşahidə missiyası da yaşadı. Mis-ssiyanın üzvləri də ermənilər üçün pampers daşımaqdan başqa heç nə gerçəkləşdirə bil­mədilər.

Hazırda qətiyyətlə demək olar ki, Qərbin və Rusiyanın bir-birindən ayrı şəkildə “ermə­ni sevdası” naminə həyata keçirdiyi “pampers diplomatiyası” iflasa uğrayıb. Lakin Cənubi Qafqaz uğrunda mübarizə səngiməyib. Azər­baycan öz prinsiplərinə sadiqdir. Yəni ölkə­miz Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yol məsələsində is­rarlıdır. Bu, məğlub dövlət kimi Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Öhdəliyin icrası məsələsində Moskvanın mənafeyi baxımından bir məqam var ki, o da Naxçıvana yolda təh­lükəsizlik nəzarətinin Rusiya Federal Təhlükə­sizlik Xidməti tərəfindən gerçəkləşdirilməsidir. Hazırda məhz bu, Kremli Cənubi Qafqazda tutacaq, kifayət qədər, ciddi amildir. Ancaq Ermənistan və havadarları yolun açılmasına imkan vermirlər, “Dünyanın kəsişməsi” ide­yasını ortaya atırlar, erməni avantürizmi üçün mənəvi, iqtisadi və siyasi dividend qazandır­maq istəyirlər. Nəticə etibarilə, tranzit ölkəyə çevriləcək Ermənistanın Rusiyadan asılılığını heçə endirmək yolu tuturlar. Əlbəttə ki, güclü Ermənistan Azərbaycana təzyiq alətlərinin əldə saxlanılması baxımından da vacibdir. Bakının belə bir gedişata razılıq verməyəcəyi isə gün kimi aydındır. 

***

İndi isə bilavasitə mövzuya keçək. Bəli, vurğuladıqlarımız fonunda onu deyə bilərik ki, Azərbaycan dövləti prinsiplərində sadiq olduğuna görə kollektiv Qərb, daha doğrusu, onun başlıca aktorları olan ABŞ və Fransa “Artsaxı” diriltmək” oyununa baş vururlar. Yəni “ənənəvi” yolla gedirlər. Özlərini elə aparırlar ki, sanki Qarabağdakı qondarma rejim “sağdır”. Separatçıların tör-töküntülə­rinin ABŞ Konqresinə dəvət olunmaları, ora­da “Dağlıq Qarabağın süqutu”na həsr olun­muş tədbirlərin təşkilindən məqsəd, obrazlı desək, ölünü diriltməkdir. Zəncirin daha bir halqası kimi ABŞ-nin və Fransanın hökumət qurumlarının, parlament instansiyalarının və vətəndaş cəmiyyəti institutlarının Qarabağ ermənilərinə dəstək ritorikasına hesablanmış çoxsaylı təşəbbüsləri də vurğulanmalıdır. Təsəvvür edin ki, Birləşmiş Ştatların stajlı ermənipərəstləri olan konqresmenlər - Frank Pallone, Anna Eshoo, Gabe Amo, Joyce Beat­ty, Cim Costa, Josh Gottheimer, Doug LaMal­fa, Seth Magaziner, James McGovern, Grace Meng, Kevin Mullin, Qreys Napolitano, Ele­anor Holms Norton, Jan Schakovski, Linda Sanchez, Brad Sherman, Dina Titus və Lori Trahan tərəfindən “Artsax Gəlirlərinin Bərpa­sı Aktı”nı gündəmə gətirilir. Əlbəttə, yağışdan sonra çıxmış göbələkləri xatırladan bu şəxslər öz başlarına hərəkət etmirlər. Onlar Prezident Co Bayden administrasiyasının təlimatları əsasında ortaya atılırlar. ABŞ-nin aparıcı piar şirkətlərinin Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb edilmələri də pla­nın tərkib hissəsidir. 

Ayrıca vurğulayaq ki, yuxarıda adları çə­kilən şəxslərin Azərbaycana qarşı mübarizə tədbirləri Bayden administrasiyasının ölkəmizə şantajıdır. Çünki pallonelərin barəsində söz aç­dığımız “qanunvericilik təşəbbüsü” Azərbay­canın suveren aktivlərinə sahib olan Birləşmiş Ştatların bütün maliyyə institutlarının, bu ak­tivlərlə əlaqədar ölkənin Xəzinədarlığının Xa­rici Aktivlərə Nəzarət Ofisinə məlumat vermək məsuliyyətini müəyyənləşdirir. “Plana” görə, 60 gün ərzində Prezident həmin aktivlərlə əmə­liyyatları bloklamalı, bundan sonra isə 90 gün ərzində onlara həbs qoyulmalıdır. Müvafiq ola­raq, “Artsax Gəlirlərinin Bərpası Fondu” de­yilən qondarma qurum formalaşdırılır. Bu fond ölkəmizin müsadirə edilmiş aktivlərini alır və daha sonra həmin vəsaitlər əsasında Azərbay­canın “hərbi hücumu nəticəsində” əmlakını, biznesini və iş yerlərini itirmiş, “Artsaxdan” didərgin düşmüş ermənilərə təzminat verilir. 

Göründüyü kimi, ortada son dərəcə iy­rənc və namərd plan var. ABŞ başda olmaqla, kollektiv Qərb “Artsax”ı belə bərpa etməyi düşünür. Heç şübhəsiz ki, söhbət bilavasitə əmlakını, biznesini və iş yerlərini itirmiş Qa­rabağ ermənilərinə yardımdan getmir. Məqsəd Ermənistanı silahlandırmaqdır və bunu Azər­baycanın hesabına gerçəkləşdirmək kimi məkrli oyuna baş vurulur. Mövcud “trayekto­riyada” “Artsax”a hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbay­can nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi də nəzərdə tutulur, “köçkün ermənilərin” haqqın­da söz açdığımız fonddan təzminat almaq üçün müraciətinə imkan yaradan sadələşdi­rilmiş mexanizmin tətbiqindən də. Üstəlik, “Fredoom House” və digər özünü “sülh qa­ranquşu”na oxşadan qurumların Qarabağ er­mənilərinin hüquq və azadlıqları məsələsində hazırladıqları “hesabatlar”, həmçinin Avro­panın stajlı ermənipərəstlərindən olan fransız parlamentari Natali Luazonun “Dağlıq Qara­bağ ermənilərinin etnik təmizlənməsi günü”­nün Avropa Parlamentində qeyd edilməsinə dair təşəbbüsü də var. Siyahını daha bir ermə­nipərəst ABŞ Beynəlxalq İnkişaf Agentliyi­nin (USAİD) şefi Samanta Pauerin “USAID araşdırması, ermənilərin Qarabağdan kütləvi köçü” bəyanatı, ümumən onun başçılıq etdiyi qurumun Ermənistana dəstəyi ilə də davam et­dirə bilərik. Bunlar Qərbin son zamanlardakı aktiv anti-Azərbaycan fəaliyyətinin mühüm tərkib hissəsiləridir.

Bəli, Cənubi Qafqazdakı erməni avantü­rizmini saxlamaq naminə bütün imkanlardan məhrum duruma düşmüş kollektiv Qərb ha­zırda yuxarıda sadaladığımız məkrli oyunlara baş vurur. Bununla yanaşı, ABŞ və Fransanın Ermənistanı silahlandırmasından, habelə fran­sız lisenziyalı Hindistan silahlarının İrəvana verilməsindən də xəbərdarıq. Hələ Ermənis­tanı ayaqda saxlamaq naminə daha bir məkr və riyakarlıq var. Söhbət İrəvana anti-Rusiya sanksiyalarından yan keçmək və müvafiq ola­raq, böyük gəlirlər əldə etmək üçün imkanın yaradılmasından, ona Vaşinqtondan və Pa­risdən irimiqyaslı iqtisadi yardımların edil­məsindən gedir. Görünür, Qərb Ermənistanı Üçüncü Qarabağ müharibəsinə hazırlamaq məqsədi güdür. Bu, ölkənin düşdüyü illüziya bataqlığındakı yerini xeyli möhkəmləndirir. Diqqət yetirək, son günlər baş nazir Nikol Paşinyanın komandasında yer alan şəxslər dillərinə “Dağlıq Qarabağ” ifadəsini almağa, “etnik təmizləmədən” danışmağa başlayıblar. 

Sonda bir daha əvvəldə gəldiyimiz nə­ticəni təkrarlayaq – kollektiv Qərb Cənubi Qafqazda anti-Rusiya dalğasını genişləndir­mək, Moskvanı bölgədən tamamilə sıxışdır­maq, ən əsası isə Azərbaycana təzyiq üçün otuz ilə yaxın müddətdə istifadə etdiyi “ermə­ni kartını” onun avantürist mahiyyəti ilə birgə bərpa etmək, müvafiq olaraq, Qarabağla bağlı erməni iddialarını aktiv saxlamaq məqsədinə hesablanmış “fəaliyyət” gerçəkləşdirir. Ermə­nistan bu oyunda həmişəki kimi alətdir. Baş nazir Nikol Paşinyan son dövrlərdəki çıxışla­rında erməni dövlətçiliyindən, onun qorunub saxlanılmasından və sair bu sayaq məsələlər­dən dəm vurur. Müasir erməni varlığı üçün dövlət anlayışının Qarabağ iddiası üzərində qurulduğu reallığını və həmin reallığın ölkəyə hansı dəhşətləri yaşatdığını yada salaq. Görü­nür, Ermənistan keçmişin dərslərindən nəti­cə çıxarmır, yeni fiaskoya doğru addımlayır. Ancaq baş nazir Paşinyan administrasiyasının üzvləri böyük oyunlarda alətə çevrilməklə, odla oynadıqlarının fərqinə varmayacaq qədər iflic və rəzil durumdadırlar. Onlar 44 günlük müharibənin, bir ili tamam olmuş lokal xa­rakterli antiterror tədbirlərinin erməni qövmü üçün yaşatdığı fəlakətin miqyasının daha bö­yük olacağını düşünmürlər. Necə də düşün­sünlər? Axı ermənilər üçün dövləti başqaları yaradıb. Məsələyə mövcud prizmadan yanaş­saq, başqalarının həmin dövləti məhv etmələ­rində məntiq və qanunauyğunluq var. Bu məntiq və qanunauyğunluq fonunda Qərbin, Rusiyanın, hətta İranın öz oyununun olması reallığını düşünsək, tam əminliklə deyə bilə­rik ki, hazırda Paşinyan və komandası ölkəni tamamilə məhv aqibətinə doğru daşıyır. Özü də olduqca inamlı tərzdə.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Əvəz RÜSTƏMOV