USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İkiüzlülüyün “demokratik” siması

Yaxud ABŞ Dövlət Departamenti ermənipərəst “orkestrin dirijoru” rolunda


https://img.baki-baku.az/news/2024/09/photo_14746.jpg

Bu qədərini gözləmirdik. Çox uzaqlara deyil, ötən bir ilə nəzər salanda Ermənistan və Azərbaycan arasın­da sülhün əldə olunmasına hamıdan çox canfəşanlıq göstərən, bu məqsədlə Vaşinqtonda, Virciniyada, Brüsseldə üçtərəfli görüşlərin təşəbbüskarı olan, Bakıya xarici diploma­tiya idarəsindən ən yüksək səviyyədə telefon zənglərinə ara verməyən, eyni zamanda, bu qurumun rəsmi nümayəndələ­rinin Azərbaycana çoxsaylı səfərlərini təşkil edən Vaşinqton indi birtərəfli yanaşma, ikiüzlü siyasət nümayiş etdirir. 

Söhbət özünü dünyanın “super gücü” hesab edən ABŞ-nin Dövlət Departamentindən gedir.

Artıq əmin olmağa başlamışıq ki, sülh danışıqları pərdəsi altında Ağ ev Cənubi Qafqazda yeni müharibəyə təkan vermək siyasəti yü­rüdür. Əgər belə olmasaydı, qısa fasilədən sonra ABŞ Dövlət Depar­tamenti Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanmasına bu qədər maraq göstərməz, sülh müqaviləsinin tez bir zamanda imzalan­masına təkid etməzdi. 

Sentyabrın 16-da ABŞ-nin Dövlət katibi Antoni Blinken Azərbay­can Prezidenti İlham Əliyevlə telefonla danışarkən Vaşinqtonun Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylər göstərməyə hazır olduğunu bir daha bildirib: “Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın regiona təhlükəsizlik və rifah gə­tirmək qabiliyyətinə inanır, davamlı və ədalətli sülh sazişinə nail olmaq üçün səyləri dəstəkləyir. Tərəflər sazişin yekunlaşdırılması istiqamətin­də mühüm irəliləyiş əldə ediblər və Birləşmiş Ştatlar bu razılaşmaya sadiq qalır”. Çox yaxşı. Necə deyərlər, avazı yaxşı gəlir, təki oxuduğu Quran olsun. 

Bəs, ABŞ Konqresində Azərbaycanın “Qarabağa qarşı təcavüz” ak­tının müzakirəyə çıxarılması siyasəti nədən xəbər verir? Artıq gizlədil­məsi mümkün olmayan fakt ondan ibarətdir ki, Vaşinqton Ermənistanın köməyi ilə Cənubi Qafqazda yenidən gərginlik ocağı yaratmağa he­sablanmış Qərb ssenarisinin həmmüəllifi və icraçısı rolunda çıxış edir. Dövlət Departamentinin anti-Azərbaycan bəyanatlarının Ermənistanın fəal şəkildə silahlanması fonunda ikiüzlülükdən başqa adı yoxdur. Və bu ikiüzlülük “demokrat” qılafı altından edilir. Bəli, hansı cinahdan baxsaq görürük ki, Dövlət Departamenti anti-Azərbaycan çağırışlarının üfürüldüyü ermənipərəst orkestrin dirijoru rolunda çıxış edir. Vaşinq­ton bir yandan bəyan edir ki, “Birləşmiş Ştatlar Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirmək suveren hüququna hörmət edir”, digər yandan isə İrəvanın militarist siyasətini, Fransa, Avropa İttifaqı ilə birlikdə onun silahlanmasını dəstəkləməklə heç də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına “töhfə” vermir. 

“Kollektiv Qərb”in Ermənistana maliy­yə yardımını artırmasına gəlincə, bu zaman qeyd olunur ki, guya ABŞ-nin yardımları müstəsna olaraq bu ölkənin demokratikləş­məsinə, iqtisadi inkişafına dəstək olmaq, onun regional iqtisadiyyata inteqrasiyasını gücləndirmək, ticarətini şaxələndirmək və mənfi təsirlərə qarşı dayanıqlığını artırmaq məqsədi daşıyır. Gəlişigözəl tezislərdir. Ümumi və mücərrəd siyasi məntiqlə for­mulə edilmiş bu izahların fonunda Ağ ev Azərbaycana qarşı qaraguruhun fəallaşdığı Konqresdə “Dağlıq Qarabağ” mövzusunu gündəmə gətirənlərə, dolayısı ilə, dəstək verməklə yenə ikiüzlülük edir. Üstündən bir qədər keçəndən sonra ABŞ xarici si­yasət idarəsinin aşkar görünənləri təkzib etməyə, Bakı ilə öz günahından pozulacaq münasibətləri “malalamağa” çalışacağı da istisna edilmir. Yaxın keçmişdə bir neçə dəfə bunun şahidi olmuşuq, 

Oxuculara onu da xatırladaq ki, üç ay bundan əvvəl, iyunun 21-də İlham Əliyev­lə Antoni Blinken arasında telefon danışı­ğı zamanı ABŞ Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesini dəstəkləməyə davam etmək əzmini ifadə etmiş, tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa çağırmışdı. İntəhası, Vaşinq­ton bu çağırışı edərkən, Ermənistan konsti­tusiyasına dəyişikliklərlə bağlı Azərbayca­nın haqlı tələbini kənara qoymağa çalışır. Doğrudan da, Dövlət Deparamenti sülh prosesi ilə bağlı özünün məlum açıqlama­larında Azərbaycan və Türkiyəyə qarşı əra­zi iddialarını saxlayan Ermənistanın əsas qanununa yenidən baxılması zərurətini heç vaxt yada salmayıb. Bəlkə Vaşinqton Cə­nubi Qafqazda öz maraqlarını təmin etmək üçün Ermənistana konstitusiyaya dəyişik­lik şərtini qəbul etmədən sülh müqaviləsi­nin imzalanmasında öz yardımını vəd edib? 

Münaqişənin həllinə bu cür yanaşma, təbii ki, Bakının maraqlarına kökündən ziddir. Prezident İlham Əliyev amerikalı diplomatlara İrəvanla sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının məhz bi­zim ölkə olduğunu xatırlatmaqla yanaşı, onun imzalana biləcəyini də açıq şəkildə bildirib. Amma Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından imtina etməsi şərti ilə. Dövlət başçısı bu zaman ATƏT-in Minsk qrupunun ləğvinin vacibliyini də bəyan edib. Başqa sözlə, Azərbaycan lideri Ağ Evin nəzərinə açıq şəkildə çatdırıb ki, sülh müqaviləsinə nail olmaq yalnız o za­man mümkündür ki, Ermənistan Azərbay­canın bu iki tələbini yerinə yetirsin. 

Amma biz son vaxtlar nəyi müşahidə edirik? Ermənistan hakimiyyəti Azərbay­canın tələblərinə əməl etməyə tələsmir, sülh sazişi ilə bağlı bir-birini təkzib edən, avan­türist açıqlamalar verir. Ola bilsin ki, rəsmi İrəvan ABŞ-nin Bakıya təzyiq göstərəcəyi və sülh sazişinin özünün arzuladığı vari­antda imzalanmasını sürətləndirəcəyi ümi­di ilə məlum tələbləri yerinə yetirməkdən yayınır. Başqa bir məqam Vaşinqtonun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin məhz özünün iştirakı ilə imzalanmasında maraqlı olmasıdır. Burada artıq altməqsəd, sadəcə, iki ölkə arasında sülhə nail omaqla məhdudlaşmır, bölgədə özünün dominantlığını təmin etmək plan­ları güdülür. İrəvanı Azərbaycanın ədalətli tələblərini yerinə yetirməyə inandırmaq əvəzinə, onu hərbiləşdirmək, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəni daha da qızışdırmaq həmin planın tərkib hissəsi sayıla bilər. 

* * * 

Hər şeydən göründüyü kimi, ABŞ Cənubi Qafqazda sülhə, sabitliyə və təh­lükəsizliyə nail olmaq məqsədindən xeyli uzaqdır. Elə son vaxtlar Ağ ev və Dövlət Departamenti rəsmilərinin səs-küylü çağı­rışları və bəyanatlarının bəzi hallarda zid­diyyət təşkil etməsini də ictimai rəyi əsas məqsəddən yaynıdırmaq taktikası kimi qəbul edə bilərik. Bununla bağlı Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bu yaxınlarda keçirdiyi brifinqi xatırlatmaq yerinə düşər. “Biz həmişə Er­mənistan və Azərbaycan xarici işlər nazir­lərinin görüşünü keçirmək üçün imkanlar axtarırıq. Biz hər iki ölkənin davamlı və ləyaqətli sülh razılaşmasına nail olmaq səylərini dəstəkləməyə davam edirik” – deyən Miller “sülh sazişinə doğru əhəmiy­yətli irəliləyişin” olduğunu vurğulamağı unutmayıb. Bu irəliləyişin nədən ibarət olduğunu açıqlamayan amerikalı diplo­matın pafoslu nikbinliyi real vəziyyətlə uyğun gəlmir. Əlahəzrət fakt isə inadkar şeydir. O deyir ki, Vaşinqton birbaşa və müttəfiqləri vasitəsilə Ermənistanı nəinki intensiv şəkildə silahlandırır, həm də öz hərbi kontingentini Zəngəzurda yerləş­dirmək istiqamətində konkret addımlar atır. Bu, ayrı yazımızın mövzusu olacaq. Bir sözlə, əgər Bayden administrasiyasına Cənubi Qafqazda real sülh lazım olsaydı, İrəvanı Bakı ilə sülhə gəlməyə çoxdan məcbur etmişdi. Vaşinqtonun bundan ötrü kifayət qədər təsir və təzyiq rıçaqları var. Ermənistana gəldikdə isə, onu “maşaya” çevirən müvəqqəti himayədarlarının si­farişilə gözübağlı hərəkət etmək əvəzinə, Azərbaycanla münasibətləri yoluna qoy­malı, bununla da dövlətçiliyini real təh­lükədən xilas etmək barədə düşünməlidir. Paşinyan komandası regionda gərginliyin artmasının İrəvana yaxşı heç nə vəd etmə­diyinin də fərqində olmalıdır. 

Nə ABŞ-ni, nə də Fransanı Ermənista­nın taleyi maraqlandırır. Vaşinqtona Bakı­nın deyəcəyi budur ki, ABŞ-nin Əfqanıs­tanda apardığı əməliyyatlar zamanı olduğu kimi, yenə də, o, Azərbaycanın köməyinə ehtiyac duyacaq. Bax, onda Bakı həmin müraciətə cavabı üzərində düşünməli ola­caq...

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

Açığını deyim ki, hazırda tam an­ti-amerikan mövqedən çıxış etməyin tərəfdarı deyiləm. Birincisi, əgər seç­kiləri respublikaçılar qazansalar, Ağ evin siyasətində müəyyən dəyişiklik baş verəcək. Bu yeni hökumətlə işləmə­li olacağıq. Ortada tarixi reallıq da var. Misal üçün, ötən əsrin 90-cı illərinin əvvəllərində biz ABŞ-nin dəstəyi sayə­sində transmilli neft və qaz layihələrini həyata keçirdik. Azərbaycanın iqtisa­diyyatının, o cümlədən ordusunun inki­şafı və güclənməsi məhz enerji daşıyı­cılarının satışından əldə edilən gəlirlərə əsaslanır. 

Söhbət Demokrat Partiyası ilə Azər­baycana qarşı işləyən, erməni lobbisi­nin təsiri altında olan qüvvələrdən ge­dir. Bunları da ümumiləşdirmək olmaz. ABŞ-də bizi dəstəkləyən qüvvələr də var. Tənqidimizin hədəfi həmin demok­ratların içində kök salmış anti-Azərbay­can, ermənipərəst qüvvələr, xüsusilə, USAID və Konqres olmalıdır. Doğru­dur, respublikaçıların içində də bədxah­larımız mövcuddur. 

Bəlkə də erməni lobbisi Azərbayca­nın ABŞ-lə münasibətlərinin tamamilə pozulmasına çalışır. Bizə qarşı hansısa sanksiyaların müzakirəsinə başlanması da buna xidmət edir. Deyə bilərik ki, “907-ci əlavə” yenidən qüvvəyə minib. O fikirlə razıyam ki, bütün bunlar rəs­mi Vaşinqtonun bölgəyə ikili standartla yanaşmasının göstəricisidir. Bəli, buna xüsusi diqqət yetirməliyik. Amma, eyni zamanda, ABŞ ilə əməkdaşlığı davam etdirmək lazımdır. Geosiyasi baxımdan, hələ ki, dünyanın supergücü Amerika­dır. Elə Türkiyədə baş verən hadisələrə diqqət yetirsək, qardaş ölkənin iqtisa­diyyatının düşdüyü duruma baxsaq, səbəbin məhz ABŞ–Türkiyə münasi­bətlərinin pozulması olduğuna şübhə etmərik. Əlbəttə, Ankaranın buraxdığı bəzi səhvləri də qeyd etmək şərtilə...

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

İmran BƏDİRXANLI