USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda dövlət çevrilişi hazırlayan kimlərdir?


https://img.baki-baku.az/news/2024/09/photo_14708.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistana təhdid yaratmaqda ittiham edib, Avropa İttifaqına daxil olmaq və Türkiyə ilə diplomatik əlaqələr qurmaq istəyindən danışıb. 

Eyni zamanda, ölkədə milli təhlükəsizlik xidməti dövlət çev­rilişi hazırlayan cinayətkar dəstənin aşkarlanması barədə məlumat yayıb. İstintaq Komitəsinin məlumatına görə, 7 nəfərə qarşı cinayət işi açılsa da, indiyədək yalnız 3 nəfər həbs edilib. Qalanları axtarı­lır. Sui-qəsdçilər arasında Qarabağdan olan qaçqınların da olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sui-qəsdçilər hərbi hazırlıq bəhanəsi ilə Rusiyaya aparılan bir neçə nəfəri Ermə­nistana cəlb ediblər. Ermənistan istintaq komitəsinin məlumatına görə, yaraqlılar Rusiyada Arbat bazasında təlim keçiblər. Üç ay ər­zində onlara 220 min rubl maaş verilib, lakin əvvəlcə təlimçilərin əsl niyyətindən xəbərləri olmayıb.

Öncə insanlara bildirilib ki, kurslardan sonra sərhəddə döyüş tapşırığını yerinə ye­tirmək üçün vətənə qayıda biləcəklər. Sirr bəlli olanda hazırlıq keçənlər baş nazir Ni­kol Paşinyanı devirməyə razı olmayıblar. Milli təhlükəsizlik xidmətinin məlumatına görə, cinayətkar qrupun digər üzvləri on­lardan asılı olmayan şəraitə görə cinayəti başa çatdıra bilməyiblər. 

Saxlanılanlardan biri “Qara Pantera” hərbi-vətənpərvər ictimai təşkilatının sədri Serob Qasparyandır. O, sentyabrın 17-də axşam saatlarında həbs edilib. “Hraparak” qəzetinin məlumatına görə, hüquq-müha­fizə orqanları onu bir neçə ay ərzində iz­ləyib. Eyni zamanda, Qasparyan bunu hiss edib və yaxınlarına bildirib ki, hakimiyyət onu həbs etmək üçün səbəb axtarır. “Hra­parak” yazır ki, təhlükəsizlik qüvvələri təkcə onun evində deyil, İkinci Qarabağ müharibəsində iştirak etmiş digər şəxslərin də evlərində axtarış aparıblar. Ancaq silah və ya pul tapılmayıb. Erməni qəzeti daha sonra yazır: “İttiham mahiyyətcə, Rusi­yada hərbi təlimlər keçən şəxslərə onların gəlib Ermənistanda hakimiyyət dəyişikliyi etməyə hazırlaşdıqlarını söyləməsi ehtima­lı və ifadəsinə əsaslanır”.

Maraqlıdır ki, bu, dövlət çevrilişinə cəhdlə bağlı ilk xəbər deyil. Məsələn, 2023-cü ilin sentyabrında milli təhlükə­sizlik xidməti Paşinyana qarşı sui-qəsd ha­zırladıqlarını açıqlamışdı. İstintaqın məlu­matına görə, cinayətin təşkilatçısı İrəvanın keçmiş meri Albert Bazeyandır. Onunla birlikdə “Səlibçilər” təşkilatından daha 7 nəfər saxlanılmışdı. O vaxt axtarışlar za­manı saxlanılan şəxslərdən odlu silah, dö­yüş sursatı və zirehli əşyalar aşkar edilmiş­di. Nəticədə o, 6 ay həbsdə yatdıqdan sonra ev dustaqlığına buraxılmışdı. 

Erməni jurnalisti Robert Ananyan özü­nün “X” səhifəsində hadisə ilə bağlı yazır ki, həbs olunan qruplaşmanın fəaliyyəti Er­mənistanda davam edən daxili siyasi müxa­lifət səfərbərliyi kontekstində nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik et­diyi siyasi qüvvələrin Nikol Paşinyan haki­miyyətinə qarşı son dərəcə dözümsüz oldu­ğu məlumdur: “2020-ci il müharibəsindən bu yana bu qüvvələr hökuməti dəyişmək üçün 6 dəfə küçə etirazları təşkil etsə də, geniş ictimai dəstək almayıb”.

R.Ananyan vurğulayır ki, Ermənis­tanda parlament müxalifəti radikal mövqe nümayiş etdirir, Paşinyanı Azərbaycana güzəştə getməkdə ittiham edir və onu nəyin bahasına olursa olsun, baş nazir postundan uzaqlaşdıracaqlarını bəyan edir. Ancaq jur­nalist onu da əlavə edir ki, hazırda bu terror qruplaşması ilə erməni müxalifət dairələri arasında əlaqə olduğuna dair sübut yoxdur. “Lakin hakimiyyəti zorla dəyişmək niyyə­tində olan qrupların adətən sponsorları və siyasi dəstəyi olur. Nəzəri cəhətdən silahlı qruplar ölkə liderlərini fiziki olaraq aradan qaldıra və onları himayə edən siyasi qüv­vələr dövlət rəhbərliyini öz üzərinə götürə bilər”, - yazan R.Ananyan silahlı qruplaş­maya Rusiya xüsusi xidmət orqanlarının komandanlığı və koordinasiyası altında, Ermənistanın ifrat müxalif dairələrinin siyasi dəstəyinin olduğuna inandığını da bildirir. 

R.Ananyan yazır ki, Paşinyan hakimiy­yəti Rusiya ilə qarşıdurmadadır. Paşinyan Rusiyanın “qırmızı xətlərini” keçməyə yaxındır. Sentyabrın 18-də baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatını ittiham edib. O, bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır, buna görə də İrəvan bu təşkilata üzvlüyünü dondurub. Erməni jurnalist ehtimal edir ki, Paşinya­nın Rusiyanın xoşuna gəlməyən addımları və bəyanatları dövlət çevrilişinə cəhdi kö­rükləyir və bunun arxasında ruspərəst an­ti-Paşinyan qüvvələri dayanır.

Xatırladaq ki, cari ilin fevralında Fran­ce 24 telekanalına müsahibəsində Nikol Paşinyan demişdi ki, Rusiya birbaşa ola­raq erməni əhalisini Ermənistanda dövlət çevrilişi etməyə çağırıb və Moskvanın təb­liğatı səngiməyib. Nikol Paşinyan müsahi­bəsində rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanmasından narahat olduğunu açıq­lamış və bu kontekstdə qeyd etmişdi ki, İrəvanda bu cür qanunsuz hərəkətlər yol­verilməzdir. 

Lakin Ermənistandan qalxan informa­siya səs-küyünə Moskvadan gələn cavab təmkinli oldu. Rusiya Xarici İşlər Nazirli­yinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində dedi ki, dövlət çevrilişində rus izinin ax­tarılması absurddur. Zaxarovanın sözlərinə görə, bu psevdosensasiyanın arxasında Qərb kəşfiyyat xidmətlərinin məsləhətçilə­ri dayanır: “Onların vəzifəsi Rusiya-Ermə­nistan yaxşılaşmanın qarşısını almaqdır”. Rusiya rəsmisi əlavə edib ki, Ermənistan­dakı bəzi dairələr uzun illərdir xəyali Ru­siya təhlükəsi axtarışına əl atan qərblilərin köhnəlmiş taktikalarını qəbul edirlər. 

S.ELAY




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Səbuhi MƏMMƏDOV