USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezidentin vətənpərvərlik manifesti – təhsil prioriteti və tarixin ibrəti

Dövlətimizin başçısının Qarabağ Universitetindəki çıxışı ilə bağlı qeydlər


https://img.baki-baku.az/news/2024/09/photo_14704.jpg

Prezident İlham Əliyevin sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı, bu təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşü zamanı səsləndirdiyi fikirlərə iki aspektdən yanaşmaq mümkündür. 

Birincisi, dövlətimizin başçısı milli ruh və ləyaqətin hər bir dövlət və cəmiyyət üçün etalon olduğunu vurğu­ladı. Digər tərəfdən, dövləti­mizin başçısı gənc nəslə ta­rixdən örnək götürülməsinin vacibliyini aşıladı.

Bəli, Qarabağ Universitetinin fəaliyyətə başlaması müqəddəs zəfərimizin müstəsna töhfəsidir. Bu universitet təkcə təhsil müəs­sisəsi deyil, eyni zamanda, elm məbədidir. Dahi Nizami əbəs yerə deməmişdi ki, qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstün­lük eyləyə bilməz. Qarabağ Universiteti zəfə­rimizin bizə qazandırdığı üstünlüyün təsdiq məkanıdır, milli ruhumuzun kəhkəşan ocağı­dır. O ruh ki, 44 günlük müharibə dönəmində əsgər və zabitlərimizi daim irəli səslədi. Ona görə Prezident İlham Əliyev Qarabağ Univer­sitetinin açılışı zamanı gənc nəslə öyüd mani­festi kimi səslənmiş nitqində ilk növbədə sa­vaş günlərini yada salıb, şanlı Ordumuzun hər gün irəli getdiyini, yaşayış məntəqələrini iş­ğalçılardan azad etdiyini vurğulayıb: “Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusun­da 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənə­vi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olun­muşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üs­tünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir”. 

Prezident İlham Əliyev Qarabağ zəfərimi­zi şərtləndirən ən mühüm amil kimi milli ru­hun üzərində dayanıb. Bu yerdə İkinci Qara­bağ müharibəsi günlərində erməni hərbçilərin əsgərlərimiz barədə dilə gətirdikləri fikirlər­dən birini yada salaq. Erməni hərbçilər əllə­rində pulemyot silah ola-ola səngəri qoyub qaçdıqlarını izah edərkən deyirdilər ki, azər­baycanlılar ölümdən qorxmayaraq üzərlərinə sanki ildırım sürəti ilə şığıyırdılar. 44 günlük müharibə neçə-neçə belə qürur dolu epizod­ların tarix yaşantısına çevrildiyi müqəddəs dava idi. Dövlətimizin başçısı milli düşüncəni məhz bu davanın məntiqi uğur sonluğu baxı­mından vacib amil kimi vurğulayır. 

Əlbəttə, davanın uğurunu təmin edən həm də düzgün müəyyənləşdirilmiş siyasət xəttidir ki, bu xəttin müəllifi Prezident İlham Əliyev­dir. Ölkəmizin liderinin sayəsində Azərbay­canda xalq-iqtidar vəhdəti yaranmışdı ki, 44 günlük müharibədəki zəfərimiz həm də həmin vəhdətin təntənəsi idi. Bu səbəbdən də dövlə­timizin başçısı cəmiyyətdə birlik amilini önə çəkir. Həqiqətən, Vətən müharibəsi göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyə­timiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. “Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniy­yətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməmə­lidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar”, - deyən Prezident İlham Əliyevin növbəti fi­kirləri indiyədək keçilmiş yolun ağırlığını bir daha gözlər önündə canlandırır. Bəs ağırlıq nədə idi?

Bildiyiniz ki, işğal illərində dünyanın an­ti-Azərbaycançı, ermənipərəst dairələri düş­düyümüz durumla barışmaq üçün müxtəlif planlar işləyib hazırlayırdılar. Götürək elə, ATƏT-in Minsk qrupu adlandırılan, artıq ca­nını tapşırmış təsisatı. Bu təsisat otuz ilə yaxın müddətdə, guya Azərbaycan və Ermənistan arasında vasitəçilik etdi, sülh danışıqları apar­dı, ancaq işğalçını öz adı ilə çağırmadı. Prezi­dent İlham Əliyev durumu onların “ölkəmizi daim təzyiq altında saxlamaq, daim bu işğal­dan bir təsir amili kimi istifadə etmək, öz ma­raqlarını təmin etmək” istəyi ilə əlaqələndirir. Əlbəttə, bu əlaqələndirmədə vurğu beynəlxalq dairələrin saxta beynəlmiləlçiliyi və ondan da saxta sülhpərvərliyi üzərinə qoyulur. Axı müxtəlif illərdə paytaxtımıza sülh qaranquş­ları qiyafəsində “bayquşların”, “quzğunların” gəldiklərini çox görmüşük. Ağıllı cümlələr qurub, sir-sifətlərinə dahi görkəm verib bizə Qarabağı və digər torpaqlarımızı işğaldan qurtarmanın hərbi yolunun olmadığını təlqin ediblər. Məğlubiyyətlə barışmağımıza çalışan qüvvələr başqa bir tezislə də çıxış edirdilər ki, Prezident İlham Əliyev həmin tezis barəsində də söz açıb. 

Məlumdur ki, müxtəlif beynəlxalq təş­kilatlar zaman-zaman xalq diplomatiyası deyilən məhfumu işə salıb, Cənubi Qafqazı vahid məkan olaraq gördüklərini bildirirdilər. Bizə deyirdilər ki, bu müstəvidə sərhəd an­layışı olmayacaq. Yəni, Avropadakı kimi bir dövlətdən başqa dövlətə asanlıqla keçiləcək. Mövcud trayektoriyada başlıca təbliğat isə bu idi: bir halda ki, sərhəd anlayışı aradan qalxır, torpağın Azərbaycanın və ya Ermənistanın olmasının heç bir əhəmiyyəti yoxdur. Ancaq belə yanaşmanı təlqin edən “beynəlmiləl­çilər” Qarabağın Azərbaycan ərazisi olması reallığını düzgün qiymətləndirmək məntiqin­dən uzaq dururdular. Sanki, bizi şirnikləndirib aldatmaq istəyirdilər. Daha doğrusu, müxtəlif konfrans, seminar, treninq və sair bu kimi toplantılar keçirib, həmin tədbirlərdə səslən­dirdikləri gəlişigözəl ifadələrlə insanlarımızı aldadacaqlarını zənn edirdilər. Beləliklə, işğa­lı leqallaşdırmağa çalışırdılar. 

Çox təəssüf ki, mahiyyətini vurğuladı­ğımız təbliğata qulluq edən sapı özümüzdən olan baltaları da az görməmişik. Ona görə də Prezident İlham Əliyev bildirib: “Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı tə­maslardan söhbət gedə bilərdi?” 

Əlbəttə, dövlətimizin başçısının diqqətə çatdırdığımız sitatdakı sualı ritorikdir. Yuxarı­da sadaladığımız “fəaliyyətin” heç bir nəticəsi olmadı. Ona görə ki, Azərbaycan dövləti və cəmiyyəti Qarabağ köklənişindən ayrı düş­mədi. Bu köklənişin banisi ulu öndər Heydər Əliyev olmuşdusa, barışmazlığımızı ideoloji müstəvidə möhkəmləndirən, eyni zamanda, ideyaya reallıq məzmunu qazandıran Prezi­dent İlham Əliyevin özü idi. 

Digər tərəfdən, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi kurs nəticəsində beynəlxalq dairələrin və erməni beyin mərkəzlərinin sırf zaman amilinə hesablanmış planları alt-üst oldu. Yada salaq ki, həmin dairələr bir çox ge­dişatları düşünmüşdülər. Məsələn, 20, 30, 50 ildən sonra Azərbaycan insanının Qarabağa baxışını. Hesablamışdılar ki, nəsillərin dəyiş­məsi nəticəsində işğal faktı arxa plana keçə­cək, cəmiyyət onunla barışacaq. “Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik”, - deyən Prezident İlham Əliyevin fikir­ləri fonunda Azərbaycandakı cəmiyyət-dövlət vəhdətinin dünyanın riyakar kosmopolitiz­mini də iflasa uğratdığını söyləyə bilərik. Çünki İkinci Qarabağ müharibəsini Qarabağı görməmiş nəsil qazandı. Cənab İlham Əliyev müsahibələrinin birində bildirmişdi ki, sava­şı özünün prezidentliyi zamanında doğulmuş gənclər azad edib. Hesab edirik ki, elə məhz bu amilə görə dövlətimizin başçısı özü ilə nə qədər öyünsə, yenə azdır.

Ancaq indinin özündə də müqəddəs zəfə­rimizi gözü götürməyənlər var. Onlar çalışır­lar ki, Cənubi Qafqazda erməni avantürizmi saxlanılsın. Bu məqsədlə ölkəmizə qarşı müxtəlif təzyiq metodlarını işə salırlar. Prezi­dent İlham Əliyev Qarabağ Universitetində­ki çıxışı zamanı mövcud məqama da diqqət yetirib: “Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qə­buledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qar­şı ittihamlar irəli sürənlər də bunu yaxşı bilir­lər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalı­yıq və gənc nəsil bunu bilməlidir”. 

Dövlətimizin başçısı bu fikirləri səslən­dirməklə həm də sadaladığı mənfi təmayül­lərə qarşı müqavimətin, immunitetin forma­laşdırılmasının vacibliyini vurğulayır, həm də mövcud istiqamətdə vəzifələr müəyyənləşdi­rir. Ən böyük vəzifə isə gənc nəslin vətənpər­vərlik ruhunda tərbiyəsidir. Axı bizə zəfərimi­zi qazandıran məhz bu tərbiyə idi. Prezident İlham Əliyev bildirir. Bildirir və yada salır: “Heç vaxt Qarabağı görməyən gənclər Qara­bağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayan­madılar. Hərbi hospitallara yerləşdirilmiş hərbçilərimizin bir çoxu həkimlərə müraciət edərək deyirdi ki, tezliklə məni sağaldın, aya­ğa qaldırın, yenə də gedim döyüşüm, belələri­nin sayı çox idi. Yüngül yaralanmış hərbçilər müalicədən sonra yenə də könüllü olaraq dö­yüş bölgələrinə gedirdilər”.

Bəli, güclü olmaq, vətənpərvər amallara köklənmək son dərəcə vacibdir və bu köklə­nişdə tarix amili müstəsna əhəmiyyətə malik­dir. Nəzərə alaq ki, tariximiz, eyni zamanda, ibrət mənbəyimizdir. Ona görə dövlətimizin başçısı keçmişdən söz açır. XX əsrin əvvə­lində xalqımıza qarşı növbəti düşmənçilik addımlarının atıldğını, 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin ya­radıldığını, bu vilayətin tabeçiliyinin Sovet İttifaqının mərkəzinə bağlandığını, beləliklə, bölgəni Azərbaycandan ayırmaq üçün əsasın yaradıldığını bildirən Prezident İlham Əliyev, həmçinin Vətənimizi parçalamaq üçün “saat bombası” məntiqi ilə davranıldığını, kütləvi erməniləşmə siyasətinin aparıldığını diqqətə çatdırır: “Ancaq Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bu­rada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Də­mir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı – Sərsəng, Suqovuşan su anbarları. Hansılar ki, ermə­nilər işğal dövründə bizi sudan da məhrum etmişdilər. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtə­lif bölgələrdən, o cümlədən Qarabağ bölgə­sindən gəldilər. Bütün bunlar davam edirdi”. 

O da məlumdur ki, Ulu öndər 1987-ci ildə istefaya göndəriləndən dərhal sonra erməni millətçilərinin Qarabağ avantürası başladı. Sonra yaşananlar da hər kəsə yaxşı məlum­dur. Torpaqlarımızın işğalı fonunda daxildə baş verən hərc-mərcilik dövlətçiliyimiz üçün tənəzzül təhlükəsi yaşatmışdı ki, məhz belə bir məqamda Heydər Əliyev şəxsiyyətinin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə rəhbər­liyə gəlməsi mənfi meyilləri sıradan çıxardı və əvvəldə vurğuladığımız kimi, Qarabağ məsələ­si milli dava halına gəldi. Hesab edirik ki, gənc nəsil bütün bunları unutmamalı və mövcud məqamları, o cümlədən dövlətçilik ideyasını özünün təhsil əzminin prioritetinə çevirməli­dir. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışı bu prioritetin təntənəli manifesti idi. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Əvəz RÜSTƏMOV