USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərb və Rusiya üçün alət tarixi

Yaxud Paşinyanın “dövlətçilik məntiqi”nin iflası


https://img.baki-baku.az/news/2024/09/photo_14642.jpg

Bəri başdan deyək ki, bu yazıda Ermə­nistanın baş naziri Nikol Paşinyanın Ümumdünya erməni sammiti adlandırı­lan tədbirdəki çıxışından bir nüansın üzərində da­yanacağıq. Əlbəttə ki, digər əlaqəli məqamları da diqqətə çatdırmaqla. 

Beləliklə, Nikol yenə tarixdən və dövlətçilikdən danışıb. Əvvəla, onu deyək ki, ümumən, Paşinyanın ayrı-ayrı çıxış­larına diqqət yetirəndə qəribə təəssürat yaranır. Sanki, onun daxilində iki adam var. Biri hayların baş naziridir, digəri bütün siyasi intriqalardan uzaq şəxs. Təxminən belə: Paşin­yan hökumət rəhbəri kimi kabinetə girəndə, yaxud hansısa iclasda iştirak edəndə, xüsusən də beynəlxalq toplantıya qatılanda, belə demək mümkünsə, qatı erməniyə çevrilir. Başqa sözlə, hər cür fitnə-fəsada hazırdır. Bu “ampluada”, o, özündən əvvəlki rəhbərlərdən – Serj Sarkisyandan və Robert Koçaryandan qətiyyən fərqlənmir, hələ bəzən məkrlilik baxı­mından onları geridə qoyur. 

Əlbəttə, ikinci halda da, demək olmaz ki, Nikol Qarabağ müharibəsinə, vəhşilik­lərə və faciələrə görə ermənilərin azərbay­canlılardan üzr istəməli olduğu ideyasını səsləndirmiş, xalqlar arasında dostluğu təbliğ etmiş, bu kimi fikirlərinə görə Ermə­nistanda təqibə məruz qalaraq məcburiyyət qarşısında Gürcüstana sığınmış və ömrü­nün son günlərini Tiflisdə taksi sürməklə keçirmiş Georgi Vanyana bənzəyir. Yox, baş nazir o qədər tərifəlayiq deyil. Ancaq, o, daxili auditoriyaya xitabən erməni varlı­ğına xas reallıqları dilə gətirməyi bacarır. O reallıqları ki, böyük ölçüdə yanaşsaq, hay cəmiyyəti onların dərkindən xeyli uzaqdır. 

Bəli, hazırda erməni cəmiyyəti ona görə Paşinyanın səsləndirdiyi reallıqlardan uzaqdır ki, baş nazir ardıcıl deyil, yuxarıda vurğuladığımız kimi, ikili təbiətə malik­dir. Halbuki, o, hakimiyyətə gələndə du­rum başqa idi. Məsələn, Nikol hələ seçki kampaniyası zamanında bildirmişdi ki, Qarabağ Ermənistanın üzərindən asılmış ağır daşdır və bu daş ölkənin çiyinlərin­dən atılmalıdır. Sıravi ermənilərin Qarabağ klanının təmsilçiləri olan eks-prezident­lər S.Sarkisyana və R.Koçaryana nifrəti fonunda, bu fikir xeyli populyar idi. Pa­şinyan şans qazanmışdı ki, hakimiyyətə gəldikdən sonra sözügedən ritorikanı bir qədər də gücləndirib, erməni cəmiyyətini rasional düşüncəyə, gerçəkliklərin dərkinə çağırsın, cəmiyyətə işğalçılığın doğru yol olmadığını anlatsın. Ancaq baş nazir nə etdi? Paşinyan tipik erməni xislətinə xas tərzdə davrandı. O, sübut etmək istədi ki, Koçaryandan və Sarkisyandan da pis er­məni olmağı bacarır. Ona görə bu tande­min qorxusundan heç zaman dilinə gətir­mədiyi fikri səsləndirdi. Xankəndidə kütlə qarşısındakı çıxışı zamanı bağırdı ki, “Qa­rabağ Ermənistandır və nöqtə”. 

Deyə bilmərik ki, Koçaryan və Sar­kisyan Şuşada şərab içməmiş, sərxoş olub Cıdır düzündə yayxanmamışdılar. Bəlkə onlar da belə etmişdilər. Sadəcə, başları­nı o qədər itirməmişdilər ki, hərəkətlərini ictimailəşdirsinlər, daha doğrusu, gözə soxsunlar. Ola bilər, Birinci Qarabağ mü­haribəsindəki uğurun onların olmadığını anlayırdılar. İnanmırdılar ki, işğal etdikləri torpaqların həqiqi sahibidirlər. Məsələyə mövcud prizmadan yanaşdıqda da, Paşin­yanın daha pis erməni olmaq yarışındakı liderlik əzmini görmək olar. Əlbəttə ki, buna əzm demək mümkündürsə. O, nəin­ki “Qarabağ Ermənistandır və nöqtə” bə­yanatını səsləndirdi, eyni zamanda, Cıdır düzünə sərilərək özünü torpağın əsl sahibi kimi apardı. Sonra nə baş verdi, hər kəsə yaxşı məlumdur – 44 günlük müharibə və Ermənistan üçün fəlakət. 

Əlqərəz, N.Paşinyan Ümumdünya erməni sammitindəki çıxışında tarixdən dərs çıxarılmalı olduğunu vurğulayıb. Bu, əslində, onun diqqətə çatdıracağımız növbəti fikrindən fərqli anlam daşıyan məsələdir. Çünki Nikol ermənilər üçün tarix dərslərini başqalarının yazdığını bil­dirib. İlk baxışdan, onun nə demək istədiyi anlaşılmır. Amma bir qədər diqqət yetirək: Paşinyan başqalarının ermənilər üçün yaz­dıqları tarixdən nəticə çıxarmalı olduğunu dilə gətirirsə, faktiki olaraq, həmin tarixə gerçək mənada sahib çıxılmasının əhəmiy­yətindən danışır. Sahibliyin dövlətçilik pri­oriteti üzərində dayanır. Yəni, dövlətçiliyə malik olmalısan ki, tarixi özününküləşdirə biləsən, ona həqiqi mənada tarix deyəsən. 

Göründüyü kimi, ortada kifayət qədər qəliz məntiq var. Bu məntiqlə yanaşsaq, Paşinyan hələ erməni dövlətinin olmadığı­nı bildirir ki, əslində, belə yanaşma onun əvvəlki bəzi çıxışlarının da leytmotivini təşkil etmiş məqamdır. Məsələn, Nikol bir müddət əvvəl Ermənistan üçün “doğum şəhadətnaməsi” almaqdan danışırdı. Daha sonra, o, orta məktəb şagirdlərinə Azər­baycanla sərhədlərin delimitasiyası nəticə­sində yerə basdırılmış ilk sərhəd dirəyinin maketini nümayiş etdirdi. Yəni, indiyədək Ermənistanın sərhədlərinin olmadığını dedi. Elementar məntiq var: Sərhəd yox­dursa, dövlət də yoxdur.

N.Paşinyan sözügedən sammitdə er­mənilərin öz tarixlərini bilmədiklərini vurğulayıb. Fikrində məntiq var. Bir halda ki, başqaları ermənilər üçün tarix yazıb­lar, həmin tarixi bilməyə ehtiyac yoxdur. Başqalarının nəyinəsə necə sahib çıxasan? Elə götürək torpağı. Ermənistan Qarabağ da daxil olmaqla, digər rayonlarımızı işğal etmişdi. İşğal illərində ərazilərimizdə daş üstə daş qoymamışdı, talançılıq, qarət hə­yata keçirmişdi. Ermənilər bu əməlləri ona görə etmişdilər ki, torpaqlarımızı başqala­rının ələ keçirdiyini bilirdilər. Hesab edir­dilər ki, onlara işğaldan çatacaq yeganə şey qarətdir. Eyni zamanda, istehkamlar qurmağa, səngərlər qazmağa, yerə lağım­lar atmağa girişmişdilər. Axı, başqalarının ermənilər üçün yazdıqları tarixdə onların, guya, döyüşkən, güclü olduqları göstəri­lirdi. Ancaq zavallılar nə üçün, nəyin uğ­runda döyüşdüklərinin fərqində deyildilər. Döyüşməmiş, sakit şəkildə, qonşularla sülh və əmin-amanlıq şəraitində yaşama­ğın mümkünlüyü onlar üçün tamamilə yad idi. Bəs indi nə isə dəyişibmi? Yox!

N.Paşinyan erməni sammitindəki çıxışında onu da bildirib ki, 2018-ci il­dən sonra baş nazir kimi qarşılaşdığı ən böyük problem vətənpərvərlikdir və bun­da heç bir ironiya yoxdur. Əslində, Nikol daha bir həqiqəti vurğulayır. Çünki, ermə­ni vətənpərvərliyi, faktiki olaraq, ironik təmayüllüdür. Axı vətəni olmayan necə vətənpərvərlikdən danışsın? Kimlərsə er­məni qövmü üçün vətənlə bağlı təsəvvürlər aşılayıbsa, başqa cür mümkün də deyildi. Yerdə qalırdı həmin təsəvvürləri mif və əsatir şəklinə salmaq ki, erməni qövmünün məhz bu vəzifənin öhdəsindən layiqincə gəldiyini söyləmək mümkündür. Nəticədə həmin qövm yalanlara özünü inandırma­ğı bacardı. Bu gün də erməni cəmiyyəti cəfəngiyyatlarla yaşayır, onların təsirindən qurtula bilmir. Paşinyanın dediyi də elə bu­dur. O bildirir ki, baş nazir olduqdan sonra hiss edib ki, Ermənistanın və ermənilərin qarşılaşdıqları ən böyük problem vətənpər­vərlik modelinin Vətənə heç bir aidiyyəti­nın olmamasıdır. Nikolun sözlərinə görə, sözügedən model sadəcə kitablar, filmlər, mətnlər, çıxışlar, qəhrəmanlar vasitəsilə er­mənilərin sosial psixologiyasına yeridilib. Sən demə, bu imperiya tipli vətənpərvərlik modeli imiş. 

Paşinyanın “imperiya vətənpərvərlik modeli” ifadəsinin altında nəyin dayan­dığı məlumdur. Onun imperializmlə bağlı baxışları Rusiya üzərinə köklənib. Deməli, ermənilərə tarix yazan başqaları elə rus­lardır. Ancaq Nikolun məntiqində böyük təhrif var. Baş nazir deyir ki, ermənilər üçün vətənpərvərlik modelində Ermənis­tan dövləti mövcud deyil. Reallıq isə bu­dur ki, erməni qövmünə dövlət qazandıran məhz ruslar olub. Bəlkə ayrı-ayrı yerlərə səpələnmiş erməniləri Cənubi Qafqaza yı­ğan onlar deyildi? 

Yada salaq ki, 1830-cu ildə rus çariz­minin köçürmə siyasəti nəticəsində regi­onda erməni vilayəti yarandı. O vilayət ki, sonradan, yəni 1918-ci ildə dövlətə çevrildi. Qədim Azərbaycan şəhəri İrəvan ona paytaxt edildi. Daha sonra məhz ruslar ermənilərə ərazi hədiyyələri verdilər. Yenə əzəli yurd yerlərimizdən kəsdilər. 1929-cu ildə Ermənistan SSR tərkibində Meğri rayonunun yaradılması nəticəsində qədim diyarımız Naxçıvan blokadaya düşdü. Bu, imperiya siyasətinin təzahürü idi. Nikol hazırkı Ermənistanın mövcudluğuna görə ruslara təşəkkür etmirsə, baş naziri nankor da adlandırmırıq. Ancaq onun Qərb impe­rializmindən söz açmaması, yalnız rus im­perializminə köklənib subliminal ritorika­ya baş vurması riyakarlıqdır. Qeyd edək ki, rus imperializmi ermənilər üçün pis-yaxşı dövlət bəxş etmişdisə, Qərb imperializmi terror təşkilatları yaratmışdı. 

Yəni, ikincinin yanaşmasında dövlət amili, ümumiyyətlə, olmamışdı. Hərçənd, Qərb dünyası erməni dövlətinin mövcud­luğuna qarşı da çıxmamışdı. Diqqət yetir­sək görərik ki, hazırda Ermənistan ayrıdır, erməni lobbi və diaspor təşkilatları isə tamam ayrı. Bu fərq o zamandan yaranıb. Əlbəttə, ötən otuz ilə yaxın müddətdə Er­mənistanla erməni lobbi və diaspor təşki­latları arasında bağ var idi. Çünki həm rus, həm də Qərb imperializmi erməni varlığı­na eyni prizmadan baxırdılar. Elə ki, Qərb, necə deyərlər, valı dəyişdi, “erməni kartı­nı” özünün Cənubi Qafqaz avantürası na­minə şəriksiz istifadəyə qərar verdi, balans ciddi şəkildə pozuldu. 

Bəli, N.Paşinyanın hakimiyyətə gəti­rilməsi Qərbin “erməni kartı” xüsusundakı oyun qaydalarını kobud şəkildə pozması idi. Rusiya bunu nə Qərbə, nə də ermənilərə bağışlayır. Axı Cənubi Qafqazda erməni amili baxımından hər iki imperializmin va­hid marağı var idi – türk–müsəlman varlı­ğını parçalamaq, Türk dünyasına “xristian pazı” yeritmək. İndi Rusiya Qərbə göstər­mək istəyir ki, Moskva olmadan sözügedən paz heç nədir. Belə bir durumda Paşinyan nələrisə anlayır, amma tam yox. Məsələn, o, fikirləri ilə erməni vətənpərvərliyinin ma­hiyyətcə saxta olduğunu vurğulayır və dərk edir ki, saxtalıqla dövlətin ayaqda qalması mümkünsüzdür. Ancaq təqdim etdiyi for­mul nədir? Daha doğrusu, onun formulunda hansısa varmı? Əlbəttə ki, yox!

Amma yenilik etmək üçün şansı var idi. Məsələn, Qarabağın Ermənistan üzə­rində asılmış ağır daş olduğunu bildirmiş­disə, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verməməli idi. Yəni, belə bir sərsəmliyə imza atan şəxs dövləti düşün­mədi, Qərbə arxalandı. Daha pis erməni ol­maq yarışında özünü “qladiator” kimi gör­dü, hesab etdi ki, Qərb dünyası Ermənistan dövlətinin “yeni ərazilər uğrunda yeni müharibə” şüarını dəstəkləyəcək. Amma Ermənistanın özünün layihə mahiyyətini unutdu. Bu layihənin Qərb və Rusiyanın müştərək məhsulu olduğunu da həmçinin. 

Yazımızın bu yerində bir müddət əvvəl Fransanın ayrı-ayrı siyasilərinin Ermənis­tana səfərləri zamanı hayların qəhrəman­lığından, müharibə məğlubiyyətini həzm etmədiyindən dəm vuran fikirlər səslən­dirmələri üzərində dayanaq. Qərb imperi­alizminin erməni varlığının əyninə biçdiyi libas budur. Bu libas qırmızı rəngdədir. Görünür, qandan seçilməməsi üçündür. Axı deyim var ki, erməni qandan qorxur. Hər cür naqisliyə hazır qorxaq toplumu isə daim motivə etmək, onun düşüncə­sinə ətrafın, guya, pis olduğunu aşılamaq lazımdır ki, həmişə gözünü qırpmadan əli tətikdə dayansın, özünü səngərdə hiss etsin. Bu təbliğatın nəticəsidir ki, otuz ilə yaxın müddətdə torpaqlarımızda gördük­ləri iş ancaq səngər qazmaq, başqa sözlə, goreşənlik oldu. 

Baxın, hazırda Ermənistan sürətlə si­lahlandırılır və buna rəhbərlik edən, pro­sesə məntiqi don geyindirməyə çalışan, guya, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsini bayrağa çevirən Nikol Paşinyan və komandasıdır. Təfəkkürünün mücərrəd guşəsində dövlətçiliklə bağ­lı nələrisə ara-sıra üzə çıxaran baş nazir durumun fərqində deyil. Fərqində deyil ki, həm Rusiya, həm də Qərb Ermənista­nı dövlət yox, alət kimi görür. Nikol Qər­bin aləti olmağı seçir. Alət olmağa razılıq verən toplumun və cəmiyyətin isə dövləti ola bilməz. 

Rusiyanın nəzərində erməni varlığı qorxaqdır. Dahi Puşkin təsadüfən demə­mişdi ki, “sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”. Qərbin baxışlarında isə ermənilər təxribatçı və hiyləgərdirlər. Fransız yazıçısı və səyyahı Aleksandr Dü­manın bildirdiyi kimi, “ermənilər həmişə başqa dinə xidmət edən hökmdarların ha­kimiyyəti altında olublar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevriliblər”. 

Hazırda Cənubi Qafqaz müstəvisində yaşananlara və Ermənistanın avantürist mövqeyinə nəzərən deyək ki, N.Paşinya­nın Ümumdünya erməni sammiti çərçivə­sində bildirdikləri mənasız ritorikadır. Ti­pik erməni obrazından çıxa bilməyən baş nazirin yazımızın lap əvvəlində haqqında söz açdığımız ikili xarakterində isə bir mo­tiv var. Söhbət hiyləgərlikdən gedir. Hiylə­gərlik isə bir yerə qədərdir. Onunla nə tarix yazılır, nə də dövlətçilik qazanılır. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV