USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

USAID işğalçının “dəyirman”ına pul tökür

Dağıdılan Azərbaycan, yardımlar alan isə dağıdan ölkədir


https://img.baki-baku.az/news/2024/09/photo_14641.jpg

Fransa, Avropa İttifaqı, ABŞ Konqresi və Senatı, bir də onla­rın yedəyində gedən USAID. Bir mərkəzdən koordinasiya olunan bu er­mənipərəst düşərgə son vaxtlar özünün anti-Azərbaycan fəaliyyətinin aktiv fa­zasına keçib. 

ABŞ Dövlət Departamentindən Bakıya intensivləşən telefon zəngləri, Konqresdə “Qarabağ ermənilərinin hüquqları” ilə bağlı dinləmələr və USAID-in qərəzli və diplo­matik etiketə sığmayan açıqlamaları Azər­baycanı sülh danışıqlarında güzəştə məcbur etməyi, eləcə də digər məqsədləri daşıyır.

ABŞ Beynəlxalq İnkişaf Agentliyin­də (USAID) inzibatçının İzobel Koulman adında bir xanım müavini var. O, sentyab­rın 16-da Ermənistanın ABŞ-dəki səfirli­yində təşkil olunan tədbirdəki çıxışında reallığı kobud şəkildə təhrif edərək, Azər­baycanın ünvanına yalan və böhtan dolu ifadələr işlədib. İ.Koulman Azərbaycanı “Qarabağa hücum edərək orada nəzarəti ələ keçirməkdə”, “100 mindən çox etnik ermənini öz evlərini tərk etməyə məcbur etməkdə” suçlayıb. Əlbəttə ki, həqiqətlə daban-dabana zidd məlumatları tirajlamaq­la, aşkar dezinformasiya yaymaqla ictimai rəyi çaşdırmağa hesablanmış bu çıxış, sa­dəcə, Azərbaycanın beynəlxalq hüquq çər­çivəsində ölkənin ərazi bütövlüyünü bərpa etməyə yönəlmiş antiterror tədbirlərinin mahiyyətini təhrif etmək, İrəvanın “dəyir­manına su tökmək” cəhdidir.

Koulmanın iftiraları

USAID rəsmisinin qərəzli fikirlərinin ABŞ–Azərbaycan münasibətlərinə mən­fi təsir göstərəcəyi birmənalıdır. Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşündə onun nəzərinə çatdırıb. İzobel Koulmanın mə­lum çıxışında Azərbaycanın ərazi bütövlü­yü və suverenliyinə hörmətsizlik etdiyini, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudlu­ğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etdiyini yüksək qonağa xatırladan C.Bayramov belə açıqlamaların ikitərəfli münasibətlərdə müsbət dinami­kanın yaradılması, əməkdaşlıq perspektiv­lərinin müəyyənləşdirilməsi istiqamətində səylərə xələl gətirdiyini diqqətə çatdırıb. İ.Koulmanın bəyanatları faktların təhrif olunması ilə yanaşı, İrəvanın destruktiv siyasətini müdafiə xarakteri daşıyır, bey­nəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. USAID rəsmisinin çıxışında Azərbaycanın Qarabağa hücum etməsi, ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsinə səbəb olması ilə bağlı dedikləri ağ yalan və iftiradır. Başı ABŞ-dəki ermə­ni lobbisinin sifarişlərini yerinə yetirməyə qarışan Koulman, ola bilsin ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında Xankən­didəki separatçı rejimin silahlı erməni qul­durları ilə birgə bölgəni tərk etməsi barədə bənddən xəbərsizdir. Ermənistanın 3 il ər­zində bu öhdəliyi yerinə yetirməməsi rəs­mi Bakını məlum addımı atmağa məcbur etdi. Azərbaycanın lokal antiterror tədbiri həmin separatçılara, onun sərəncamındakı qeyri-qanuni silahlı qruplaşmalara qarşı həyata keçirilib və yalnız hərbi obyektlər hədəfə alınıb. Yəni, bu tədbir heç bir hal­da dinc əhaliyə qarşı yönəlməmişdi. Axı, rəsmi Bakı dəfələrlə Qarabağda yaşayan erməni etnik qrupun təhlükəsizliyini və hüquqlarını təmin etməyə hazır olduğunu bəyan etmişdi.

Paradoks… 

Guya, İ.Koulman bunları bilmir? Çox yaxşı bilir. Amma, o, Ermənistanın ABŞ-dəki səfirliyində çıxışında USAID-in Qarabağdan köçən ermənilərə yardım məqsədilə 18 milyon dollar vəsait ayır­dığını şəstlə vurğulayıb. Biz də bilirik ki, adı bu cür, istifadə istiqaməti fərqli olan bu maliyyə yardımı Qarabağ ermənilərinin ehtiyaclarını ödəməyə deyil, 30 il Azər­baycan ərazilərini işğal altında saxlayan Ermənistanın bölgədə mövqeyini güclən­dirməyə hesablanıb. 

Bu məqamda Azərbaycan Prezidenti­nin köməkçisi – Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iki gün əvvəl jurnalistlərə açıqlamasında dediyi sözləri oxucuların diqqətinə çatdırırıq: “Azər­baycan hökuməti bərpa-quruculuq və ye­nidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistan, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”. 

H.Hacıyevin sözlərinə görə, Azər­baycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoy­mağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”. Azərbaycan 30 il ərzində münaqişənin dinc yolla həllinə çalışıb, Ermənistan isə bütün beynəlxalq qaydaları və normaları ayaqlar altına atıb. İndi yardımın işğaldan əziyyət çəkən və onun fəsadlarının aradan qaldırılması ilə məşğul olan Azərbayca­na deyil, işğalçı Ermənistana ayrılması, həqiqətən də, paradoksdur. Bununla işğalçı dövlətin “dəyirman”ına pul tökən USAID-in bəyan etdiyi kimi, bu vəsaitlərin erməni köçkünlərinə yardım məqsədilə verilməsi də şübhə doğurur. Sayını 100 min göstər­diyi erməni köçkünlərə səxavət kisəsinin ağzını açan USAID nədən 4 il əvvələ qədər sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərə eyni “xeyirxahlığı” nümayiş etdirmədi? Sual ritorikdir. 

Separatizmə dəstək 

Birmənalı şəkildə deyə bilərik ki, USAID-in fəaliyyəti Ermənistanda sepa­ratizm və revanşizm meyillərini dəstək­ləməyə yönəlib. Ermənipərəst Koulman kimilərin bəyanatları bölgədə sülhün və sabitliyin bərpasına töhfə vermir, əksinə, gərginliyin daha da artmasına səbəb olur. Ermənistanın separatizmi və hərbi təxri­batları onilliklər boyu bölgədə sülhün və sabitliyin bərqərar olmasının qarşısını alıb. 

Hazırda USAID-in Ermənistana göstər­diyi əlavə yardım paketləri həm maliyyə həcminin, həm də müxtəlif sahələri əhatə edən layihələrin genişlənməsi baxımından maraq doğurur. Son iki ildə ABŞ hökumə­tin və müxtəlif təşəbbüslərin dəstəklən­məsi üçün Ermənistana 50 milyon dollar həcmində maliyyə dəstəyi göstərib. Həmin vəsaitin xeyli hissəsi, guya, “Qarabağ mü­naqişəsi ilə bağlı humanitar və sosial proq­ramlara” ayrılıb. Bu faktın özü USAID-in tərəflərə ikili yanaşmasını açıq şəkildə ortaya qoyur. Bütün bunlara baxmayaraq, rəsmi İrəvan bu gün də sülh danışıqlarında sabotajı davam etdirir, cəmiyyətdə revan­şist meyilləri gücləndirir. 

USAID-in “yardım kampaniyası”nın digər bir qolu köçkünlərin dəstəklənməsi proqramı olub. Bu proqram çərçivəsində 18 milyon dollar vəsait ayrılıb ki, onun 5 milyon dolları təcili humanitar yardıma, 12 milyon dolları isə erməni köçkünlərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün uzunmüddətli layihələrə yönəldilib. Amma bəlli olur ki, bu tədbirlər heç də münaqişə­nin həllinə kömək etmir, əksinə, rəsmi İrə­vanı Bakıya qarşı siyasi təzyiqləri davam etdirməyə şirnikləndirir. 

Sülhə qarşı himayə

Başqa bir prioritet istiqamət Ermənis­tanın hökumət institutlarının gücləndiril­məsi olub. USAID Ermənistanda demok­ratik islahatlar və korrupsiya ilə mübarizə tədbirlərinə 20 milyon dollardan çox vəsait ayırıb. Kənar müşahidəçi bu addımı müs­bət dəyərləndirə bilər. Amma yaxından nəzər yetirəndə məlum olur ki, bu proq­ramlar, əslində, Ermənistan hakimiyyəti­nin vəziyyətə nəzarəti gücləndirmək, eləcə də Azərbaycanın əleyhinə revanşist ritori­kanı artırmaq üçün istifadə olunur. 

Bu qurumun Ermənistanda müxtəlif sahələrə göstərdiyi yardımların siyahısı, bir növ, “Marşal planını” xatırladır. Çox əhəmiyyətli maliyyə vəsaiti Ermənistan iqtisadiyyatının “bərpasına” yönəldilib. 2023-2024-cü illərdə kiçik və orta bizne­sin inkişafını nəzərdə tutan proqrama təx­minən 10 milyon dollar vəsait xərclənib. Guya, bu vəsait Ermənistan müəssisələ­rinə Qarabağ münaqişəsinin iqtisadi nə­ticələri ilə mübarizədə kömək məqsədilə ayrılıb. Bəs, nəticəsi nə oldu? İrəvanın bölgə ölkələri ilə əməkdaşlığının inkişafı­na xərclənməli olan vəsait, faktiki olaraq, Ermənistanın qonşu ölkələrə münasibətdə qarşıdurma mövqeyini bir az da güclən­dirib.

Görünən odur ki, ABŞ-nin humanitar və demokratik proqramların maliyyələş­dirilməsi Ermənistan hökumətinin tutduğu antisülh mövqeyinin doğruluğuna əminli­yini daha da möhkəmləndirir. Bu zaman vəsait ayıran tərəf təcavüzkarın siyasətini həm dəstəkləyir, həm də onu haqlı çıxa­rır. Son nəticədə USAID-in belə şühbəli və qərəzli xeyriyyəçilik fəaliyyəti Cənubi Qafqazda sülhə nail olmaq üçün göstərilən bütün cəhdləri təhlükə altına alır, sülhün özünü sarsıdır. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI