USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran – Rusiya gərginliyi

Yaxud Tehranın “Zəngəzur dəhlizi” sancısı


https://img.baki-baku.az/news/2024/09/photo_14595.jpg

Azərbaycanın “Zəngəzur dəhlizi” təşəbbüsü, Ermənistanın öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması – “Dünyanın kəsişməsi” avantürası, Rusiyanın mövqeyi, İranın reaksiyası... Əminliklə deyə bilərik ki, bu mövzular son vaxtlar Cənubi Qafqazın siyasi gündəmini daha çox məşğul edib və etməkdədir. 

Hər şey Tehranın Ermənistanın ərazi bütövlüyü və suverenliyi məsələsində ölkə­nin sərhədlərinin dəyişməzliyini nəzərdə tutan “qırmızı xətt” məntiqini işə salmasın­dan başladı, – desək, yəqin ki, yanılmarıq. Daha doğrusu, İranın üzərindən, az qala, bir il keçdikdən sonra yenidən köhnə məntiqə qayıtmasından sonra. Əlbəttə, həssaslığı artıran bir məqam da oldu ki, onu diqqətə çatdıracağıq. Hələlik isə...

Bir çox siyasi ekspertlər Azərbaycan–İran, İran-Azərbaycan münasibətlərində 2023-cü ilin əvvəlindən başlayaraq, təx­minən, doqquz ay davam etmiş gərginlikdən hərbi qarşıdurmanın doğacağını gözləsələr də, sonradan vəziyyət tədricən yumşalan xətt aldı. 2024-cü il mayın 19-da isə gərgin­lik tam aradan qalxdı. Həmin gün Bakı və Tehran arasında görünməmiş səmimiyyət jestlərinə şahidlik etdik. Azərbaycan Pre­zidenti İlham Əliyevlə İranın sabiq dövlət başçısı Seyid İbrahim Rəisinin hər iki ölkə­nin dövlət sərhədindəki görüşündə dostluq ənənələrinin yüksək əməkdaşlıq üçün pri­oritet seçildiyi dolğunluğu ilə vurğulandı. Tarixi anlar yaşandı.

Ölkəmizin lideri mayın 21-də İranın Bakıdakı səfirliyində Prezident Seyid İb­rahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verərkən vurğulamışdı: “Bildi­yiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran–Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlən­mişdir və hər iki tərəfin güclü siyasi iradə­si bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmış­dıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar”.

İndi nə deyək? Deyək ki, xoşbəxtliyin ömrü az imiş? Deyək ki, Prezident Rəisi­nin haqqında söz açdığımız tarixi görüşdən qayıtdıqdan sonra müəmmalı şəkildə heli­kopter qəzasında həyatını itirməsi hər şeyi məhv etdi? Əlbəttə, suallara cavab verərək, hansısa nəticələr çıxarmağa tələsmirik. An­caq indi yaşananlar, istər-istəməz, düşün­məyə vadar edir. Hər halda, İranın “qırmızı xətt” məntiqi fonunda, onun, belə demək mümkünsə, Ermənistan həssaslığının ye­nidən meydana çıxması suallar doğurmaya bilməz. “Zəngəzur dəhlizi”nin qlobal ma­hiyətini, prezidentlərin dövlət sərhədində keçirdikləri görüşün səmimiyyət notlarını nəzərə alsaq, helikopter qəzasına da fərqli prizmadan yanaşmaq üçün əsaslar yaranır. 

Amma konspriologiyaya varmadan, hazırkı reallıqlar üzərində dayanaq. Re­allıq isə budur ki, İran “Zəngəzur dəhli­zi”nə qarşıdır. Yəni ölkə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun “Azərbaycandan Azərbaycana yol” məntiqini inkar edir. Daha dəqiq desək, bu məntiqi Ermənistanın ərazi bütövlüyü və suverenliyinə zidd sayır və bəyan edir ki, regionda sərhədlərin dəyişməsinə yol verməyəcək. Belə görünür ki, Azərbaycan rəsmilərinin Ermənistana ərazi iddiamızın olmadığına dair fikirləri Tehran üçün ma­raqlı deyil. Yəni İrəvan Naxçıvana maneə­siz yolu necə süngü ilə qarşılayırsa, Tehran da eyni yolu tutur. Regiondakı gərginliyin hazırkı qütbünü müəyyənləşdirən elə bu­dur. Gərginlik isə özünü yalnız Azərbaycan – İran deyil, eyni zamanda, İran – Rusiya münasibətləri baxımından da göstərmək­dədir və bu məsələ üzərində dayanmağa daha çox ehtiyac var. 

Yazımızın ilk abzasında haqqında söz açdığımız həssaslığı artıran məqa­ma keçid alaq. Söhbət Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənista­nın regional kommunikasiyaları sabotaj etməsini bildirməsindən gedir. Kremlin baş diplomatı İrəvanın 10 noyabr 2020-ciil tarixli Üçtərəfli bəyanatın icrasından boyun qaçırdığını dilə gətirmişdisə, Ru­siya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova sözügedən bəyanatın 9-cu bən­di üzərində dayanaraq, sabotaj məntiqinə konkretlik gətirmişdi. Həmin bənddə isə bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənis­tan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamət­də maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayon­ları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizli­yinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsa­sında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının in­şası təmin ediləcək”.

M.Zaxarova onu da demişdi ki, Rusi­ya, Azərbaycan və Ermənistan baş nazirlə­rinin müavinlərinin yaratdıqları birgə işçi qrupunun iclasında Naxçıvana yol məsələ­sində Ermənistanın yurisdiksiyasına zərər vurmayan formul hazırlanıbmış, ancaq İrəvan son anda bu formuldan imtina edib. Bəhanəsi belə olub ki, yolda təhlükəsizliyə cavabdeh olacaq Rusiya sərhədçiləri sər­hədin Ermənistan tərəfində olduğu kimi, Azərbaycan tərəfində də dayanmalıdırlar. Lavrovun sabotaj məntiqindəki əsl kon-kretlik budur. Çünki Zaxarova Ermənis­tanın tələbinin üçtərəfli danışıqları dalana dirədiyini vurğulamışdı. Rusiyanın möv­cud istiqamətdəki bəyanatlarından sonra isə İranın Ermənistan məsələsində daha da aktivləşdiyini gördük. Nəticədə İran – Ru­siya gərginliyi aktiv fazaya daxil oldu. 

Ümumən, hazırda İranın bütün da­irələrində “Zəngəzur dəhlizi” məsələsin­də tam konsensusun mövcudluğuna dair təəssürat var. Tehran regional və qeyri-re­gional güclər arasında siyasi rəqabətdə yer alır və bu, Ermənistanın mövqeyi ilə uzla­şan məqamdır. Mövcud müstəvidə İranda nəinki anti-Rusiya, eləcə də anti-Türkiyə və anti-Azərbaycan demarşlarının, həmçi­nin Türk dünyasının birləşməsinin qarşı­sını almağa yönələn cəhdlərin şiddətlənə­cəyini proqnozlaşdırmaq mümkün idi və belə də oldu. 

Bəli, “Zəngəzur dəhlizi”nin İranın mil­li təhlükəsizliyi və ərazi bütövlüyünə təh­lükə yaratdığına dair fikirlər gündəmdə­dir. Bu, əslində, çox qondarma məntiqdir və Tehranın ənənəvi türk xofundan başqa bir şey deyil. İkincisi, İranın regionda sər­hədlərin dəyişdirilməsinin əleyhinə olması fonunda Ermənistanın müdafiəsinə heç bir ehtiyac yoxdur. Üçüncüsü, İslam Respub­likasında belə fikir var ki, İran və Ermənis­tan arasında birbaşa sərhəd əlaqəsi bir neçə min illik tarixə malikdir və bütün ölkələr, o cümlədən, Rusiya bu sərhədlərə hörmətlə yanaşmalıdır. Görəsən, söhbət hansı minil­liklərdən gedir? Axı ermənilərin Qafqaza köçürülmələrinin tarixi cəmi 200 ildir. Di­gər tərəfdən, sərhədlərə hörmətsizlik heç bir vaxt olmayıb və yoxdur. “Zəngəzur dəhlizi”nin mövcudluğu ənənəvi İran–Er­mənistan əlaqəsini inkar etmir və xoş niy­yət olsa, bu istiqamətdə konsensusa gəl­mək mümkündür. 

Ancaq hazırda dövriyyədə olan məlu­matlar konsensus məntiqinin ikinci planda olduğunu söyləməyə əsas verir. Nəinki, bu məntiq ikinci plandadır, eyni zamanda, deyəsən, havadan barıt qoxusu da gəlir. Məsələn, İranın Xarici İşlər Nazirliyindəki mənbələr Londonda yerləşən “Middle East Eye” analitik nəşrinə bildiriblər ki, İslam Respublikası Rusiyanın “Zəngəzur dəhli­zi” ilə bağlı mövqeyini öz maraqları üçün təhdid sayır və İran – Ermənistan sərhədi bağlanarsa, hərbi güc tətbiqinə hazırdır. 

“Middle East Eye” habelə Tehranda­kı mənbəyə istinadən bildirir ki, S.Lav­rovun avqustun 19-da Bakıda “Zəngəzur dəhlizi” ilə bağlı verdiyi bəyanatın İslam Respublikası tərəfindən “strateji təhlükə” kimi qəbul edilib-edilmədiyi dəqiqləşdiri­lir. Bunun üçün Rusiyanın İrandakı səfiri Aleksey Dedov ölkənin Xarici İşlər Na­zirliyinə çağırılıb və Tehranın narahatlığı onun diqqətinə çatdırılıb. “Rəsmi olaraq, biz bunu səfir çağırışı adlandırmadıq”, – deyən mənbə əlavə edib ki, İran hökuməti “Zəngəzur dəhlizi”nin İrəvanın nəzarətin­də qalması mövqeyində ardıcıl və qətiyyət­lidir: “Əks halda, biz Ermənistanla sərhə­dimizi itirəcəyik”.

Bəli, hazırda Moskva ilə Tehran ara­sında Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının açılması və Rusiyanın onlara nəzarəti ssenarisi ətra­fında görünməmiş qarşıdurma yaşanır. Bü­tün bunlar oktyabrda Kazanda keçiriləcək və İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın da iştirak edəcəyi BRIKS sam­miti ərəfəsində baş verir. Sammit çərçivə­sində İranın dövlət başçısı ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında ikitərəfli görüş nəzərdə tutulub. Fikirlərini diqqətə çatdırdığımız mənbə Pezeşkian Putin tə­masının xoş alınacağını proqnozlaşdırsa da, görüşdə ümumi gərginlik ab-havasının təsirinin hiss edilməsi mümkündür. Ancaq tərəflər ortaq məxrəcə də gələ bilərlər. Hər halda, dövlət başçılarının təminatları ta­mam başqa müstəvidir. İndi Rusiya İrana Qərbin regionda üstünlüyə yiyələnmək cəhdlərinin ikinci üçün də müsbət heç bir perspektiv vəd etmədiyini anlatmalıdır. 

Sonda bir daha deyək ki, Ermənistan 44 günlük müharibənin məğlubu kimi üzə­rinə düşən öhdəliyi yerinə yetirmir. Ölkə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bə­yanata əməl etmir. Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yolu təmin etməkdən boyun qaçırır. “Dün­yanın kəsişməsi” adlı avantüranı irəli sürür və bu zaman ərazi bütövlüyü və suverenlik klişesini əldə bayraq edir. Tam aydındır ki, bu, bir oyundur və oyunun sifarişçiləri var. Tehran Qərbin Ermənistan üzərindən axıt­dığı bulanıq sularda üzməməlidir.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Əvəz RÜSTƏMOV