USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ANCA sülh yolunda əngəldir

ABŞ-dəki erməni diasporu ölkəmiz­lə bağlı növbəti təxribata hazırlaşır


https://img.baki-baku.az/news/2024/09/photo_14594.jpg?v=MjAyNC0wOS0xOSAwOTo1NjoxMQ==

Sentyabrın 19-da ermənipərəst kon-qresmenlər – Respublikaçılar Partiyasının üzvü Kristofer Smit və Demokratlar Par­tiyasının üzvü Ceyms Makqovernin həm­sədrliyi ilə Nümayəndələr Palatasının Tom Lantos adına İnsan Hüquqları Komissiya­sında Azərbaycanla bağlı dinləmələr keçi­riləcək. Gözlənildiyi kimi, tədbir Amerika Erməni Milli Komitəsinin (ANCA) təşki­latçılığı ilə baş tutacaq.

Dinləmələrdə əsas müzakirə möv­zusu Bakıda saxlanılan və ədalət müha­kiməsinin barələrində çıxaracağı hökmü gözləyən Qarabağdakı keçmiş separatçı rejimin “qlavar”larının və digərlərinin (ya­yılan məlumatda onlar “erməni hərbi əsir­lər” adlandırılır–S.H.), guya, ölkəmizdəki siyasi məhbusların vəziyyəti, Qarabağdakı erməni mədəniyyət nümunələrinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ və sair məsələlər olacaq.

Bədnam ANCA-nın canfəşanlığı bu­nunla bitmir. Elə həmin gün komitənin təşəbbüsü ilə erməni lobbiçilərinin çoxluq təşkil etdiyi ABŞ Konqresində lokal xarak­terli antiterror tədbirlərinin birinci ildönü­mü ilə bağlı genişmiqyaslı tədbir keçirilə­cək. Əlbəttə, komitənin yaydığı məlumatda antiterror tədbirlərinin adı belə təhrif olu­nub. Ölkəmizin zərurətdən, separatçıların təxribatlarına son qoymaq məqsədilə ke­çirdiyi tədbirlər “Azərbaycanın “Artsax”a amansız hücumunun ildönümü” kimi qələmə verilib. ANCA-nın yaydığı məlu­matda deyilir: “Konqress liderləri, ictimai fəallar və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsi adlandırılan yerdə Azərbaycanın “Artsax”da 2020–2023-cü illərdə törətdiyi “soyqırımı”na görə mə­suliyyətə cəlb edilməsinə həsr olunmuş tədbirdə iştiraka toplaşacaq və yerli er­mənilərin qlobal mandat və beynəlxalq müdafiə altında təhlükəsiz qaytarılması­na çağıracaqlar. “Cavabdehlik 2024” adlı tədbir Azərbaycanın 2023-cü il sentyabrın 19–20-də on aylıq mühasirədən (?) sonra etnik təmizləmə və 120 min (?) etnik ermə­ninin öz tarixi vətənlərindən qovulması (?) ilə başa çatan “Artsax”a hərbi hücumunun birinci ildönümünə təsadüf edir”.

ANCA-nın icraçı direktoru Aram Ambaryanın sözlərinə görə, onlar Ame­rikanın hər yerindən Vaşinqtona ona görə toplaşırlar ki, Azərbaycana hərbi yardıma qanunvericilik yolu ilə qadağa qoyulsun və ölkəmizə sanksiyalar tətbiq etməklə bizi məsuliyyətə cəlb etsinlər: “Birləş­miş Ştatlar BMT Təhlükəsizlik Şurasının “Artsax”ın yerli ermənilərinin beynəlxalq himayəyə alınmasını tələb edən qətnamə­sinin icrasına rəhbərlik etməklə bu prosesi geri qaytara bilər və qaytarmalıdır”.

Qeyd etmək lazımdır ki, ANCA bun­dan əvvəl də həm Tom Lantos adına İn­san Hüquqları Komissiyasında, həm də Konqresin özündə tədbirlər keçirib. Amma onların tədbirlərinin heç bir real nəticəsi olmayıb. Özləri və dəvət edilmiş bir neçə şəxs yığışıb ölkəmizin qarasına danışıb, şər-böhtanlarını səsləndirib, sonra da da­ğılışıb. Erməni diasporunun pulu müqa­bilində lobbiçilik edən konqresmenlər və senatorlar bununla da işlərini bitmiş hesab ediblər. Əslində, bu tədbirlərin nəticə verə­cəyi də gözlənilən deyildi. Məsələ ondadır ki, konqresmen və senatorlar hər yerdə özlərini təmsil edirlər və öz adlarından danışırlar. Onların daşıdıqları məsuliyyət dövlətlərin məsuliyyət yükü ilə müqayisə oluna bilməz. Bizim üçün əsas olan dünya dövlətlərinin mövqeyidir. Antiterror təd­birlərinin mahiyyətini başa düşən dövlətlər bizə qarşı hansısa sanksiya tətbiq etmə­yi heç xəyallarına gətirmədilər. Çünki bu tədbirlərin məqsədinin ölkəmizin ərazi bü­tövlüyünü bərpa etmək olduğunu və sank­siya tətbiq edəcəkləri təqdirdə bunun hansı mənfi nəticələr doğuracağını anladılar.

Əlbəttə, bu cür tədbirlərin keçiril­məsinin ölkəmizdə xoş qarşılanması da mümkün deyil. Bununla hər halda ölkəmi­zin imicinə xələl gətirilməsinə çalışırlar. Zənnimizcə, Türkiyədə çox yayğın olan bir deyimi burada işlətmək yerinə düşər: “Çamur (palçıq–S.H.) at, özü qalmasa da, izi qalsın”. Bu deyim bir hadisənin, əməlin yalan olduğu isbatlansa belə, onun təsiri­nin uzun müddət davam etməsini özündə ehtiva edir.

Amma dahi Lev Tolstoy da yaxşı de­yib: “Birinə çamur atmadan öncə yaxşı düşün və heç unutma: öncə sənin əllərin çirklənəcək!”. Bizi nüfuzdan salmağa, ləkələməyə çalışan konqresmen və sena­torlar da bununla öz reputasiyalarına xələl gətirdiklərinin fərqində olmalıdırlar. On­lar müxtəlif qara-qura işlərlə məşğul olan senator Robert Menendezin aqibətindən nəticə çıxarmalıdırlar. Çünki onun yolu ilə getməyin sonu uçuruma yuvarlanmaqdır.

Ermənilərə, necə deyərlər, “züy tutan” dairələr, nəhayət, qəlblərinin dərinliklərin­də bildikləri həqiqəti dilə gətirmək cəsarəti də tapmalıdırlar. Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi təd­birlərin ərazi bütövlüyümüzün tam təmin edilməsi, Qarabağ iqtisadi rayonunun hər yerində suverenliyimizin bərpa olunması, separatçı rejimin varlığına son qoyulması məqsədi daşıdığını dilə gətirə bilməsələr də barı sussunlar. Onlar haylara havadar­lıqdan, revanşistlərə dəstəvüz verməkdən əl çəkməlidirlər. Senator və konqresmen­lər bu hadisələri Azərbaycana qarşı hansı­sa sanksiyaların tətbiqi, ölkəmizin, guya, “etnik təmizləmə” həyata keçirməsi kimi heç kəsin inanmadığı yalanları gündəmə gətirmək üçün istifadə etməyə cəhd göstər­məməlidirlər.

Onu da qeyd edək ki, ANCA adlanan qurum bu kimi əməlləri ilə Ermənistan hakimiyyətinin mövqeyinə qarşı da çıxır. Bu gün rəsmi İrəvan Bakı ilə sülh müqa­viləsi üzrə danışıqlar aparır. Bir neçə gün öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəlin­diyini, 3 maddənin isə qismən razılaşdırıl­dığını bildirmişdi. Qeyd etmişdi ki, sazişin tezliklə imzalanması üçün real şans var. Dünən isə baş nazir Nikol Paşinyan dünya erməni sammiti zamanı sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycandan qaz idxalını və ya tranzitinin mümkünlü­yünü istisna etmədiyini bildirib: “Biz qazı Rusiya və İrandan idxal edirik. Bir müddət əvvəl Azərbaycandan açıqlamalar gəldi ki, gələcəkdə sülh yaranarsa, Ermənistan Azərbaycandan da qaz idxal edə bilər. Ermənistan ərazisindən Naxçıvan və ya Türkiyəyə tranzit qaz kəmərinin keçdiyini təsəvvür edərək, o zaman bu variantları da istisna etmək olmaz”.

Ümumiyyətlə, Ermənistan hakimiyyə­ti son vaxtlar leksikonuna ciddi düzəlişlər edib. Paşinyanın və onun hökumət üzv­lərinin istifadə etdikləri sözlər diasporda cəmləşib işi-gücü aranı qızışdırmaq olan ermənilərin istifadə etdikləri kəlmələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu isə Ha­yastan baş nazirinin Azərbaycanın “dəmir yumruğ”unun gücünü 2020–2023-cü illər­də dəfələrlə görməsindən irəli gəlir. Xaricə qaçıb, gizlənib oradan, necə deyərlər, xo­ruzlananlar isə zərbəni bilavasitə öz üzər­lərində hiss etmədikləri üçün danışdıqları sözün məsuliyyətini də anlamırlar. Onla­rın əməlləri, obrazlı desək, bölgədə suyu bulandırmağa xidmət edir. Bu çərçivədə ANCA-nın bədnam fəaliyyəti xüsusilə se­çilir.

Qeyd edək ki, ANCA ABŞ-də geniş fəaliyyət göstərən erməni diasporunun əsas təşkilatı olmaqla, Azərbaycan torpaq­larında etnik separatizm ocağının yaran­masında, sonrakı dövrdə rayonlarımızın işğal olunmasında və bu işğalın uzun illər davam etməsində özünəməxsus rol oy­nayıb. Yaxşı təşkilatlanmış komitə bütün digər erməni diaspor qurumlarından daha çox nümayəndəliyə və ofis şəbəkəsinə malikdir. Təşkilatın mənzil-qərargahı Va­şinqtonda yerləşir. Həmçinin onun İrəvan­da da ofisi var. İşğalın davam etdiyi müd­dətdə ANCA Xankəndiyə də soxulmuşdu. ANCA müxtəlif gənclər təşkilatlarının, mətbu orqanların və institutların təsisçi­sidir. Qurum “Massis Weekly”, “Arme­nian Liberty”, “Snark News Agency” və “Armenian News” kimi media resursları ilə yaxın əlaqələrə malikdir. ANCA-nın fəaliyyətinin müəyyən mənada buxov­lanması, onun rəhbərlərinin Ermənistana buraxılmaması Paşinyanın Azərbaycanla sülh istəyində səmimi olmasının daha bir göstəricisi ola bilər. Ermənistan hökuməti Fransa erməni təşkilatlarının əlaqələndir­mə şurasının həmsədri Murad Papazyanı, “Daşnaksütyun” partiyasının Fransa böl­məsinin gənclər birliyinin sədri Njde Ka­rakavoryanı arzuolunmaz şəxs elan edib ölkəyə buraxmadığı kimi, fəaliyyəti ilə sülh prosesində tormozlayıcı rol oynayan ANCA liderləri barəsində də tədbirlər gör­məlidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev məsələ ilə bağlı bildirdi ki, ABŞ Konqresində vaxtaşırı anti-Azərbaycan tədbirləri keçirilir. Onun sözlərinə görə, erməni diasporu və lobbisi bu prosesdə xü­susi aktivliyi ilə seçilirlər. Diaspor və lob­bi ölkəmizin ünvanına “etnik təmizləmə”, “mənəvi terror”, “mədəni irsin dağıdılma­sı” kimi absurd ittihamlar irəli sürür, bu kimi fikirləri təbliğ edir: “Bundan əlavə, hansısa hərbi cinayət məsələsini də tez-tez qabardırlar. İddia edirlər ki, guya, Azər­baycan hərbi cinayətlər törədib. Uydurma­larla ermənilərə qarşı hərbi cinayətin törə­dildiyini deyirlər. Onlar qondarma rejimin süqut etməsindən sonra onun saxlanılan sabiq başçılarını da “əsirlər” adlandırırlar”.

F.Şəfiyev qeyd etdi ki, Qarabağdakı “erməni mədəni irsi”nin aqibəti məsələ­si də onların tez-tez müraciət etdiyi məsələlərdəndir: “Halbuki, ermənilərə məxsus olmuş mədəniyyət nümunələrinin dağıdılması məsələsi yoxdur. Buna bax­mayaraq, erməni yalanları, dezinformasi­yaları və diaspor–lobbi tandeminin aktiv fəaliyyəti davam edir”.

Mərkəz rəhbərinin fikrincə, onların aktivliyi həm də bizim passivliyimizdən qaynaqlanır: “Yəni bu məsələdə bizim bəzi boşluqlarımız var. Bu, bir-iki anali­tik mərkəzin görəcəyi iş deyil, kompleks tədbirlərə ehtiyac duyulur. Erməni yalan­ları ilə kollektiv mübarizə aparılmalıdır. Bütövlükdə, erməni diaspor və lobbisinin fəaliyyətinin Ermənistan dövləti və onun vətəndaşları üçün müsbət nəticələnəcəyini düşünmürəm. Erməni diaspor və lobbisi­nin fəaliyyəti 44 günlük Vətən müharibəsi zamanı nəticəsiz qaldı, eləcə də post-mü­haribə dövründə də nəticəsiz qalacaq”.

Səxavət HƏMİD




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD