- Dünya
- 11:07 10.09.2024
Ermənilərin dünyanın “ən ali irqi” olmaları barədə iddialarının üfiqləri o qədər genişlənib ki, indi də Müqəddəs Taxt-Tacın sahibinə dil uzatmağa başlayıblar. Hayların “Le Mouvement Arménien” adlı saytı Roma papasını Vatikanın Azərbaycandakı “erməni kilsələrinin albanlaşdırılması” ilə bağlı yalan mövqeyinə aydınlıq gətirməyə çağırıb.
Söhbətin hansı “yalan”dan getdiyinə aydınlıq gətirməkdən ötrü əvvəlcə oxucuları ermənilərin qıcığına səbəb olan məqalə ilə tanış edək. Deməli, bu günlərdə Vatikanın yeganə rəsmi mətbu orqanı olan “L’Osservatore Romano” qəzetində “Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət” sərlövhəli məqalə dərc edilib. Azərbaycana səfər edən qəzetin əməkdaşı Rozzella Fabiani məqaləsində Azərbaycanda xristianlıq, qədim alban irsi, burada yaşayan müxtəlif dini icmaların vəziyyəti, eləcə də tarixi faktlara və həqiqətlərə söykənən fikirlərə geniş yer ayırıb. Müəllif 1836-cı ildə çar I Nikolayın Alban kilsəsini ləğv edib Erməni Qriqorian kilsəsinə tabe etmək barədə qərarını diqqətə çatdırıb.
Məqalədə Qafqazda Alban Apostol Kilsəsinin yaranmasının eramızın IV əsrinə təsadüf etdiyi bildirilir. Vurğulanır ki, qədim Qafqaz Albaniyası şimalda dağlardan cənubda Araz çayına, şərqdə Xəzər dənizindən qərbdə Gürcüstan (o zaman İberiya) sərhədlərinə qədər uzanırdı. “Bu gün ərazisində udi icması sayəsində hazırda da mövcud olan bu qədim kilsənin izlərini aşkarlamaq üçün üç min kilometrə yaxın məsafə qət etdiyimiz Azərbaycan yerləşir. Qafqaz Albaniyası dünyada həvari Faddeyin şagirdi vaiz Yeliseyin yaydığı xristian dinini qəbul edən ilk ölkələrdən biri olub”,– yazan müəllif qeyd edir ki, Qüdsün ilk patriarxı Müqəddəs Yaqub tərəfindən Qafqaza göndərilən Yelisey onun öz sözləri ilə desək, Faddeyin ona nəql etdiyi kimi, İsanın həyatından ilhamlanaraq, Qafqazda Şərq ayinli qədim Alban Apostol Kilsəsinin “toxumlarını” səpib.
Bu məqləyə görə “Le Mouvement Arménien” Roma Papasını Vatikanın Azərbaycandakı erməni kilsələrinin albanlaşdırılması ilə bağlı yalan mövqeyinə aydınlıq gətirməyə çağırıb. Sayt Vatikanın “L’Osservatore Romano” qəzetində dərc olunan “Vatikanın yalançı mövqeyini” qəti şəkildə pisləyib. Məqalə müəllifini ittiham tonunda yazılmış müraciətində Qafqaz Albaniyasının tarixi ilə bağlı hər şeyin qədim erməni mənbələrindən götürüldüyü, Azərbaycanın nəzarəti altında olan ərazilərdə qədim erməni kilsələrinin “albanlaşması” fonunda nəşrin belə bir məqaləni çap etməsi “sinizm” adlandırılır.
Vatikanın hayların eyforiya və riyakarlıqla dolu müraciətinə hansı cavabı verəcəyini bilmirik. Amma “Xalq qəzeti” olaraq biz, öz növbəmizdə, cavab əvəzi olaraq, 22 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlmiş Roma papası II İoann Pavelin məhz bu mövzuya birbaşa aidiyyatı olan çıxışını ermənilərin diqqətinə çatdırırıq:
“Mən bu çox qədim məmləkətə onun mədəniyyətinin zənginliyinə heyranlığımı qəlbimdə hifz edərək gəlmişəm. Rəngarəngliyi və Qafqaza xas xüsusiyyətləri ilə zəngin olan bu ölkə bir çox mədəniyyətlərin, xüsusilə fars və Altay-Turan mədəniyyətlərinin sərvətlərini özündə ehtiva etmişdir. Bu torpaqda böyük dinlər olmuşdur və indi də var: zərdüştilik qədimdə çox mühüm rol oynayan xristian Alban kilsəsi ilə yanaşı mövcud olmuşdur. Sonralar, İslam getdikcə daha böyük rol oynarmışdır və bizim günlərdə o, Azərbaycan xalqının çox böyük əksəriyyətinin dinidir. İndiyədək yüksək dəyərləndirilən iudaizm də çox qədim zamanlardan bəri özünün təkrarolunmaz töhfəsini vermişdir. Xristianlar kilsənin ilkin yüksəlişi zəifləyəndən sonra da başqa dinlərə etiqad edənlərlə yan-yana yaşamaqda davam etmişlər. Bu, ölkənizin haqlı olaraq fəxr edə biləcəyi dini dözümlülük və qarşılıqlı rəğbət ruhu sayəsində mümkün olmuşdur. Allaha üz tutur və Ona yalvarıram ki, qalmaqda olan gərginlik ocaqları mümkün qədər tez sönsün və hamı haqq-ədalət və həqiqət şəraitində sülhə qovuşsun”.
Sonda oxuculara onu da xatırladaq ki, II İoann Pavel katolik kilsəsinin mövcud olduğu iki min ilə yaxın müddət ərzində Azərbaycana səfər edən ilk Roma papası olub.
İ.HƏSƏNQALA