- Daxili siyasət
- 11:41 14.09.2024
İyulun 30-da Türkiyə–Ermənistan sərhədində iki ölkənin münasibətlərinin normallaşması prosesi üzrə xüsusi nümayəndələri – Sərdar Kılıç və Ruben Rubinyan arasında keçirilən danışıqların beşinci raundu siyasi gündəmin əsas məsələlərindən birinə çevrilib. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Rubinyan və Kılıç əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. “Xüsusi nümayəndələr, həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Onlar son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını bəyan ediblər” – deyə qardaş ölkənin XİN-i bəyan edib.
Ermənistan xarici siyasət idarəsi də görüşün nəticələri ilə bağlı oxşar məzmunda açıqlama yayıb. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar xüsusi nümayəndələrin görüşünü vacib adlandırıb. Klaar bu barədə “X” hesabında paylaşım edib. “İyulun 30-da Sərdar Kılıç və Ruben Rubinyan arasında Ermənistan–Türkiyə sərhədində mühüm görüş oldu. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir” – deyə Klaar vurğulayıb.
Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman, o cümlədən Azərbaycan torpaqlarının hələ işğal altında olduğu dövrlərdə sırf öz maraqlarını düşünərək, Türkiyə ilə əlaqələri qaydaya salmağa hazır olduğunu bildirib. İşğal dövründə Ermənistanın Qərbdəki havadarları tərəfindən sərhədi açmaq üçün Ankaraya xeyli təzyiqlər də edilib. Onların məqsədi bir tərəfdən sərhədin açılması vasitəsilə Ermənistanın iqtisadi inkişafını təmin etmək idisə, digər məqsəd Azərbaycanı ən yaxın təbii müttəfiqinin dəstəyindən məhrum etmək idi. Ancaq tarixin bütün sınaqlarından üzüağ çıxan Türkiyə–Azərbaycan dostluğu-qardaşlığı hər dəfə bu oyunları poza biləcək qədər dəyanət nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsindən sonra Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasına ölkəmizin münasibəti də, təbii ki, ayrı məzmun kəsb etməyə başladı. Yeri gəlmişkən, qeyd edək ki, rəsmi Ankaranın yenə də prosesi ölkəmizin maraqlarını nəzərə almaqla apardığı şəksizdir. Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərinin normallaşdırılması prosesi Azərbaycanla koordinasiya olunmuş şəkildə aparılacaq və İrəvanla Bakı arasında sülhün əldə olunmasından asılı olacaq.
Bu çərçivədə 2021-ci ilin sonlarında Türkiyə tərəfdən peşəkar diplomat Sərdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin olundular. Onların ilk görüşü 2022-ci ilin yanvarın 14-də Moskvada keçirildi. Bundan sonra xüsusi nümayəndələrin görüşləri mütəmadi xarakter aldı. Sonuncu dəfə xüsusi nümayəndələr 2024-cü il martın 1-3-də keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində görüşmüşdülər.
İyulun 30-da baş tutan görüşün yekunlarına dair fikirlərini “XQ” ilə bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev bildirdi ki, Türkiyə–Ermənistan sərhədi 1993-cü ildə Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra bağlanmışdı. Diplomatik münasibətlərin qurulmaması isə daha əvvələ – 1991-ci ilə gedib çıxır. Bunun səbəbi Türkiyənin ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmaması ilə bağlıdır. O dövrdə mətbuatda yayılan məlumatlara görə, Türkiyə Ermənistana ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasına dair bir protokol imzalamağı təklif edib. İrəvan isə bundan imtina edib. Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycana qarşı olduğu kimi, Türkiyəyə qarşı da ərazi iddiası var. 2020-ci ildə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində görüşlərin keçirilməsinə başlanıldı. Hər iki tərəfdən xüsusi nümayəndələr təyin edildi. Türkiyə tərəfi ölkənin 2014-2021-ci illərdə ABŞ-də səfiri olmuş Sərdar Kılıçı, Ermənistan hökuməti isə parlament sədrinin müavini Ruben Rubinyanı xüsusi nümayəndə təyin etdi. Xüsusi nümayəndələr arasında 2024-cü il iyulun 30-dək 4 görüş keçirilmişdi. Bunlardan ən vacibi 2022-ci il iyulun 1-də keçirilən görüş idi. Çünki həmin görüşdə xüsusi nümayəndələr Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün ən qısa müddətdə Ermənistan–Türkiyə quru sərhədini keçmək imkanı yaratmaq barədə razılığa gəlmişdilər. Həmin razılaşmadan sonra Sərdar Kılıç Ermənistanla sərhədə getdi. Orada texniki baxış keçirdi. Politoloq düşünür ki, baxışın məqsədi sərhədlərin açılacağı təqdirdə texniki imkanların bunun üçün yetərli olub-olmamasını öyrənmək idi. Çünki sərhəd uzun onilliklər ərzində bağlı qalmışdır, keçid, texniki imkanları yoxdur və onun bərpa edilməsinə ehtiyac var idi.
C.Vəliyev qeyd etdi ki, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş zəlzələdən sonra sərhəd açıldı. Ermənistandan Türkiyəyə zəlzələdən zərər çəkənlərə humanitar yardım aparıldı: “Ötən müddət ərzində xüsusi nümayəndələrin görüşləri olmasa belə, qarşılıqlı olaraq media müstəvisində prosesin müzakirəsi gedirdi. Yəni, Türkiyə–Ermənistan diplomatik əlaqələrinin qurulması, sərhədlərin açılması üçün müzakirələr aparılırdı. Amma, əlbəttə ki, burada Azərbaycanın mövqeyi vacibdir. Əsas məsələlərdən biri ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığının həyata keçirilməsindən ibarət oldu. Telefon danışığı zamanı Türkiyə tərəfdən diplomatik əlaqələrin qurulmasının və sərhədlərin açılmasının heç bir ilkin şərt olmadan həyata keçirilməsi istiqamətində açıqlama verildi. Son iki aydır ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində proses davam edir. İyulun ortalarında Ermənistan tərəfdən bu istiqamətdə bir açıqlama verildi. İyulun 26-da Paşinyan Armavir vilayətinə səfəri zamanı “Marqara” sərhəd-keçid məntəqəsinə gəldi və orada aparılan modernləşdirmə işləri ilə tanış oldu. İyulun 30-da isə xüsusi nümayəndələrin görüşü keçirildi”.
Müsahibimiz bildirdi ki, görüşdən sonra mediaya verilən açıqlamada olduqca vacib məsələlər öz əksini tapdı. Görüşdə yeni razılaşmanın əldə edildiyi açıqlandı. Burada da xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqlədilər. Digər tərəfdən diplomatik pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması, eyni zamanda, ehtiyac yarandığı təqdirdə dəmir yolu sərhəd qapısının texniki imkanlarının yaxşılaşdırılması qərara alındı. Yəni, sərhəd açılmadı, amma sərhədin bir gün açılması üçün bütün texniki və siyasi imkanlar hazırlanır.
Politoloqun sözlərinə görə, vacib nüans odur ki, proses Bakı və İrəvan arasında aparılan sülh danışıqlarına paralel olaraq gedir: “İndiki mərhələdə belə görünür. Çünki Azərbaycanla Ermənsitan arasında müəyyən razılaşmalar əldə olunub. Bura Qazax rayonunun 4 kəndinin qaytarılmasını, COP29-la bağlı əldə edilən razılaşmanı aid etmək olar. Daha sonra Azərbaycanın COP29-a Ermənistanı dəvət etdiyi açıqlandı. Məncə, Ankara İrəvanla bu prosesi Ermənistanla Azərbaycan arasında gedən danışıqlara paralel olaraq aparır. Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanması Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması prosesinə də əlavə təkan verə bilər”.
Onu da bildirək ki, Ermənistanda radikal düşərgəni təmsil edən bir sıra şəxslər görüşlə bağlı ənənəvi mövqelərini ortaya qoyublar. Türkoloq Ruben Safrastyan bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində ciddi irəliləyişlərə ümid etmək olmaz. Onun sözlərinə görə, Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamayana qədər bu baş verməyəcək. Buradan belə nəticə çıxır ki, indiki mərhələdə Ermənistan–Türkiyə sərhədinin açılmasını gözləmək lazım deyil: “Türkiyə başqa varianta getməyəcək, çünki artıq müvafiq qərarı açıqlayıb”.
Politoloq Yervand Bozoyan isə bildirib ki, Rubinyan–Kılıç görüşü Ermənistana yaxşı heç nə verə bilməz və bunu ciddi qəbul etmək olmaz. “Hraparak” qəzetinə açıqlama verən Bozoyan sərsəmləməsini belə davam etdirib: “Türkiyə Ermənistan–Azərbaycan münasibətləri tam nizamlanandan, yəni sülh müqaviləsi imzalanandan sonra İrəvanla münasibətləri normallaşdıracağını deyir. Amma problem bunda deyil, problem Türkiyə və Azərbaycanın Ermənistana münasibətdə yürütdükləri siyasətdədir. Ankara və Bakı Ermənistanın heç bir ciddi müttəfiqinin olmadığını, Nikol Paşinyanın könüllü olaraq potensial müttəfiqlərini tərk etdiyini, onlarla təkbətək qaldığını başa düşürlər. Buna görə də onlar tələblərini artırmaqda davam edirlər. Təbii ki, onlar İrəvanı dərhal deyil, tədricən istəyəcəklər”.
Ermənistanda bu cür düşünən “ekspert”lərin mövcudluğuna baxmayaraq, ölkə hakimiyyəti və cəmiyyətin böyük əksəriyyəti Hayastanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa yolunun olmadığını başa düşürlər. Onlar anlayırlar ki, Ermənistan yalnız Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından imtina etməklə, aqressiv ritorikadan əl çəkməklə, sülh, sabitlik və qonşularla əməkdaşlıq şəraitində inkişaf edə bilər. Elə Paşinyan hökumətinin Rubinyanı görüş üçün sərhədə göndərməsi də bundan xəbər verir...
Səxavət HƏMİD