USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Frankofoniya ermənipərəstliyi və İrəvanın “dəvə xisləti”

Qarabağ amili və Cənubi Qafqazda sülhə əngəl təmayüllər


https://img.baki-baku.az/news/2024/07/photo_13309.jpg

Ermənistanın maraqlarına xidmət baxımından özünü göstərən Frankofoniya təşkilatı yenə köhnə ampluasındadır. Qurumun parlament assambleyası “Ermənistan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağ erməniləri haqqında” qətnamə qəbul edib. Bu barədə Ermənistan parlamentinin “Mənim addımım” partiyasından olan deputatı Arman Yeqoyan özünün “Facebook” səhifəsində yazıb. Qətnamədə nədən söz açıldığını diqqətə çatdıracağıq. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq. 

A.Yeqoyanın təmsil olunduğu “Mə­nim addımım” partiyasının yaradıcısı Ermənistanın baş naziri Nikol Paşinyan­dır. Məsələ burasındadır ki, Nikol və onu hakimiyyətə gətirən qüvvələr 2018-ci ildə müxtəlif, belə demək mümkünsə, partn­yor siyasi qurumlar formalaşdırmışdılar. Bunların içərisində hazırda baş nazirin özünün rəhbərlik etdiyi “Vətəndaş sazi­şi” də var idi, “Missiya” adlı təşkilat da, “Mənim addımım” partiyası da. Bu planı quranlar gələcək üçün marionet müxalifə­tin olmasını hesablamışdılar. Məqsədləri demokratik ab-hava görüntüsü yaratmaq, əslində isə parlamentdə üstünlük qazan­maq idi. Sözümüz ondadır ki, “Mənim addımım” elə hakim “Vətəndaş sazişi” kimi bir şeydir və bu partiya Frankofoni­ya təşkilatında anti-Azərbaycan motivli qətnamənin təşəbbüskarı qismində çıxış edir. Deməli, rəsmi İrəvanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütöv­lüyünü tanımasına dair ara-sıra verdiyi bəyanatlar mənasız söz yığınıdır, səmi­miyyətdən uzaqdır. 

Bəli, bir halda ki, A.Yeqoyanın təmsil olunduğu “Mənim addımım” Frankofoniya Təşkilatında “Ermənistan Respublikası­nın ərazi bütövlüyü və Dağlıq Qarabağ erməniləri haqqında” qətnamənin qəbulu­na nail olur, deməli, Ermənistan hakimiy­yətinin ölkəmizlə sülh müstəvisində dilə gətirdiyi fikirlər də əhəmiyyətini itirir, saxta mahiyyət daşıyır. Sözügedən qətnamədə həmin mahiyyəti təsdiqləyən məqamlar kifayət qədərdir. Elə isə mövzuya keçək. 

Frankofoniya Təşkilatının məlum qət­naməsində bildirilir ki, sənəd “Azərbay­canın 2023-cü il sentyabrın 19-da Dağ­lıq Qarabağa hücumu, 100 mindən çox erməninin məcburi köçkünlüyü və Azər­baycanın Ermənistanın ərazi bütövlüyünü pozmaqda davamlılığı” nəzərə alınaraq qəbul edilib. “Qarabağa hücum” mən­tiqinə diqqət yetirək. Sanki Azərbaycan özünün konstitusiya quruluşunu bərpa etməməli, Qarabağdakı separatçı rejimi sıradan çıxarmamalı idi. Görəsən, başqa istəkləri qaldımı?

Əlqərəz, Frankofoniya parlament as­sambleyası beynəlxalq aləmi Ermənis­tanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır. Sanki, kimlərsə ölkənin işğalına çalışırlar, onun müda­fiəsinə ehtiyac duyulur. Göründüyü kimi, təşkilat məzlum erməni obrazı yaratmaq kimi ənənəvi “yola” girişib. Bu obrazda ən böyük “rol” Qarabağ ermənilərinə verilir. Qətnamədə “Azərbaycanın işğalı” nəti­cəsində onların, guya, etnik təmizləməyə məruz qaldıqları, həmçinin erməni mədə­ni və dini irsininin məhvə düçar olduğu vurğulanıb. Yəni sənəd rəsmi İrəvanın zaman-zaman baş vurduğu xarici siyasət ritorikasının ruhundadır. O ruh ki, onun bütün ifadə formalarında anti-Azərbaycan təbliğatının motivləri var. 

Bəs Frankofoniya təşkilatının “Ermə­nistanın müstəqilliyinə və suverenliyinə sarsılmaz dəstəyi” nədir? Bunun üçün də çox düşünməyə ehtiyac yoxdur. Belə ki, qurumun qətnaməsində 1991-ci ilin Al­ma-Atı Bəyannaməsi üzərində dayanılıb. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər həmin bəyannamə­nin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması müddəasına uyğun tənzimlənməlidir. Yəni bu, dolayısı ilə o deməkdir ki, Ermənistan hökuməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyəcək, Naxçıvana maneəsiz yol öhdəliyindən boyun qaçıra­caq. Ancaq buna görə ölkə hansısa çətin duruma düşsə, ona dəstək göstərilməlidir. 

Bəli, Frankofoniya təşkilatının parla­ment məclisi, loru dildə desək, vay-şivən salmaqla, qabaqdangəlmişliklə məşğul­dur. Bu sərsəm ritorika da rəsmi İrəvanın xarici siyasət kursunda başlıca halqanı təşkil etməkdədir. Məsələ burasındadır ki, Azərbaycanın Naxçıvana yol məsələ­sində irəli sürdüyü “Azərbaycandan Azərbaycana yol” məntiqini, yəni orada gömrük və sərhəd nəzarətinin olmaması tələbini heçə sayan Ermənistan hakimiy­yəti sözügedən yolun fəaliyyət göstərmə­sində də maraqlıdır. Ona görə maraqlıdır ki, həm iqtisadi, həm də siyasi dividend götürməyi planlaşdırır. İqtisadi dividend budur ki, Ermənistan rəhbərliyi ölkəni qlobal nəqliyyat xabının əsas aktoruna çevirməyi və bu yolla böyük qazanca sa­hiblənməyi planlaşdırır. Siyasi dividend isə odur ki, mühüm yolların kəsişməsin­də yerləşəcək Ermənistan həm də hə­min yolların işləməsinə maraq göstərən ölkələr qarşısında da müəyyən üstünlüyə yiyələnəcək. Yəni, baş nazir Nikol Paşin­yan heç də əbəs yerə “Dünyanın kəsiş­məsi” ideyasını irəli sürmür. 

Azərbaycanın mövqeyinə gəldikdə, ölkəmiz Naxçıvana maneəsiz yol olma­yacağı təqdirdə, həmin yolun Ermənistan deyil, İran ərazisindən keçməsi üzərində dayanır. Nəticədə Ermənistan otuz il ər­zində olduğu kimi, yenə təcrid durumun­da qalır. Ən əsası, bu təcrid Qərbin Cə­nubi Qafqaz planlarını alt-üst edir. Qərb yaxşı anlayır ki, Ermənistanda 2018-ci il inqilabı ilə əldə edilmiş üstünlüyün qo­runub saxlanılması vacibdir. Deməli, qu­yuya su tökməklə onun sulu olmayacağı barədə yetkin təsəvvür var. Buna görə də Ermənistanın özünü dolandıra bilən sta­tusuna ehtiyac duyulur. Həmin ehtiyacın qarşılanmasında başlıca məsələ Naxçı­vana yolun ölkədən keçməsidir. Qərb, o cümlədən ABŞ Azərbaycan – Ermənistan sülh sazişini məhz bu səbəbdən prioritet sayır. Daha doğrusu, Naxçıvana İran­dan deyil, Ermənistan ərazisi kimi qeyd olunan dəhlizdən yolun keçməsi Qərbin mühüm sülh komponenti kimi çıxış edir. Məsələnin belə qoyuluşu isə Ermənista­nın ərazi bütövlüyü və suverenliyi amilini ön plana çıxarır. Frankofoniya təşkilatının parlament assambleyası Alma-Atı Bə­yannaməsi məntiqini məhz bu səbəbdən qabardır və rəsmi İrəvanın maraqlarının müdafiəsinə qalxır. 

***

Sonda belə nəticəyə gələ bilərik ki, Frankofoniya təşkilatının parlament as­sambleyasının qətnaməsi Ermənistan tərəfindən irəli sürülmüş sülh gündəminin açıq və qapalı tərəflərinin qorunmasını rəhbər tutur. Yəni həm erməni xislətinin Qarabağ avantürasının davamını, həm də Ermənistan hakimiyyətinin sülhün öhdəliklərdən yayınma əzminin müdafiə­sini. Frankofoniya təşkilatı müstəvisində “Mənim addımım” partiyasının, həmçinin qurumdan olan deputat Arman Yeqoya­nın iştirakı isə gözdən pərdə asmaqdır. Əvvəldə də bildirdiyimiz kimi, səmimiy­yətdən uzaqlıqdır. Necə deyərlər, dəvə başını samanlığa salıb, elə zənn edir ki, onu görən yoxdur. Hazırda Ermənistan hakimiyyəti bu vəziyyətdədir.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Daxili siyasət