USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vaşinqtonun “təşəbbüsü” və Bakının qətiyyəti

Ağ evin NATO-nun yubiley sammitini sülh danışıqlarında vasitəçiliyin bərpasına çevirmək cəhdi


https://img.baki-baku.az/news/2024/07/photo_13307.jpg

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, onun erməni həmkarı Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüşün keçiriləcəyi barədə İrəvan məlumat yaymışdı. 

Dünən səhər Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan görüşlə bağlı belə bir məlumat paylaşdı: “Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbayca­nın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Antoni Blinkenin işti­rakı ilə üçtərəfli görüş keçiriləcək”. 

Qeyd edək ki, Azərbaycanın XİN-in bir gün əvvəlki rəsmi məlumatında nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşdüyü, səfər çərçivəsində onun paytaxt Vaşinq­tonda keçiriləcək NATO-nun Zirvə gö­rüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcəyi bil­dirilirdi. Fəqət üçtərəfli görüş barədə rəs­mi açıqlama verilməmişdi.

ABŞ Dövlət Departamentinin sözçü­sü Metyu Miller dünən media mənsub­ları üçün düzənlədiyi brifinqdə bildirdi ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında diplomatik nizamlanma prosesi üzərində işi davam etdirir. Qeyd edək ki, əldə olu­nan ilkin razılaşmaya əsasən, dünən Va­şinqtonda Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan, Cey­hun Bayramov və ABŞ Dövlət katibi An­toni Blinken arasında üçtərəfli görüş ke­çirilməli idi. Amma bu arada Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan yerli mediaya verdiyi açıqlamasında iki ölkənin xarici işlər nazirləri arasında rəsmi görüş və ya sülh danışıqları barədə razılığın əldə olunmadığını bildirdi.

* * * 

“Azərbaycan Ermənistanla sülh pro­sesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqə­rar edilməsində maraqlı tərəfdir”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşündə deyib. Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən mül­ki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, bu ölkənin sürətlə silahlanma­sı faktına diqqət çəkib. O, sülh sazişinin mətni üzrə əldə edilmiş əhəmiyyətli irəlilə­yişə baxmayaraq, Ermənistanın konstitu­siyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların mövcud­luğunu xatırladıb.

Beləliklə, dünən gün ərzində (Bakı ilə Vaşinqton arasında saat fərqi nəzərə alınmaqla –red.) Vaşinqtonda nazirlər arasında və ya Dövlət Departamenti rəs­milərinin iştirakı ilə ikitərəfli danışıqlardan soraq çıxmadı. 

Yada salaq ki, Azərbaycan və Ermə­nistan xarici işlər nazirlərini NATO sammi­tinə dəvəti ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cey­ms O'Brayn bu yaxınlarda Bakıya səfə­rindən sonra elan edib. Ermənistan xari­ci işlər nazirliyi Ararat Mirzoyanın dəvəti dərhal qəbul etdiyini təsdiqlədi, Azərbay­can XİN isə Ceyhun Bayramovun Vaşinq­tona səfərini yalnız iyulun 9-da, nazir artıq təyyarəyə mindikdən sonra elan etdi.

Ceyms O`Brayn Bakıya səfərindən sonra keçirdiyi brifinqdə bəyan edib ki, Vaşinqton NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər na­zirləri arasında sülh sazişi üzrə danışıqla­rın təşkili üzərində işləyir. Amma həmin işin hər iki tərəfin razılığı ilə baş tutacağı əsas şərtdir. Məlum olduğu kimi, təxminən bir il bundan əvvəl ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə baş tutan sülh danı­şıqlarından sonra Vaşinqton formatı da­yandırılmışdı. Doğrudur, o zaman İrəvan danışıqları Qərb məkanlarında aparmağa üstünlük versə də, Bakı vasitəçisiz, birba­şa danışıqları, neytral üçüncü ölkədə apa­rılmasını daha effektiv hesab edib.

* * * 

Yada salaq ki, Bakı hazırda sülhə əsas maneə kimi Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasını görür. Ermənistan haki­miyyəti yeni konstitusiya üzərində işlədiyi­ni bəyan etsə də, bu işin, aydın məsələdir ki, çox vaxt aparacağı məlumdur. Yaran­mış belə qeyri-müəyyən vəziyyətdə tərəf­lərin ilin sonuna qədər sülh sazişini imza­layacağına ümid varmı? Bu suala kənar ekspertin cavabı maraq doğurduğuna görə, onu oxucularla bölüşürük. Karne­gi Fondunun aparıcı analitiki və Cənubi Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal özəl radiolardan birinə müsahibəsin­də suala belə cavab verib: “Şans 50-dən 50-yə qədərdir. Məncə, ortada cavabını gözləyən iki böyük sual var. Birincisi, razı­laşma əldə oluna bilərmi? İkincisi, bu, nə dərəcədə davamlı olacaq? Düşünürəm ki, bu ehtimal yenə 50–50 olacaq”.

Ekspertin fikrincə, Bakının hazırkı tələbi, yəni konstitusiyanın dəyişdirilməsi İrəvan üçün kifayət qədər çətin məsələ­dir. “Düşünürəm ki, digər problem ondan ibarətdir ki, sülh sazişindən danışsaq belə, sonra orada olmayan bəzi məsələr ortaya çıxacaq. Məsələn, hazırda, mənim anladığım qədər, Azərbaycanda Zəngə­zur dəhlizi adlanan Sünikdən Naxçıvana gedən kommunikasiya marşrutu haqqın­da mətndə heç nə yoxdur. Bu, yəqin ki, müqavilənin bir hissəsi olmayacaq. Belə­liklə, deyə bilərik ki, bu, qarşıda həllini gözləyən çox mürəkkəb bir problemdir. Buna görə də, ola bilsin ki, yaxın gələ­cəkdə hansısa razılaşma əldə olunsun. Amma hazırda vəziyyət olduqca mürək­kəb olaraq qalır”.

Bəli, Bakı sülhə əsas maneə kimi Azər­baycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasını görür. Tanınmış ekspert hesab edir ki, hər halda, gələcəkdə hansısa bir sənəd imzalansa, çətin ki, tərəflər bütün məsələləri əhatə edəcək genişmiqyaslı sazişə gəlib çıx­sınlar. Bu cür sənədlər böyük həcmli olur, adətən, onun üzərində hər iki tərəfin işçi qrupları uzun müddət işləyirlər.

* * * 

Aydın məsələdir ki, Ermənistanla Azərbaycan arasında onilliklər boyu yığı­lıb qalmış bir çox tarixi məsələləri tez bir zamanda həll etmək mümkün deyil. Bunu Azərbaycan Prezidenti son çıxışlarının birində birmənalı şəkildə vurğulamış­dı. Ona görə də indi tərəflərin imzalaya biləcəyi sənəd özündə ümumi prinsipləri nəzərdə tutan çərçivə sazişi ola bilər.

Bu qənaəti xarici ekspert də bölüşür. Tomas de Vall söhbətin, əslində, məhz çərçivə sazişindən getdiyini vurğulayıb: “Bu, əsasən iki ölkə arasında münasibət­lərin tənzimlənməsi şərtlərini müəyyən edən sazişdir. Bu mənada prinsiplər üzrə razılaşmanın çox problemli olacağını dü­şünmürəm. Bununla belə, məncə, prob­lemlər ümumi prinsiplərdə deyil, dəqiq təfərrüatlarda yarana bilər”.

De Vaalın sözlərinə görə, yaxın vaxt­larda Bakı ilə İrəvan arasında hansısa razılaşma əldə olunacaq, lakin vəziyyət çox çətin olaraq qalır. Onun fikrincə, bu vəziyyətin müsbət çaları odur ki, heç bir tərəf yeni müharibə istəmir.

Sonda ekspert onu da qeyd edib ki, Azərbaycan danışıqlarda vasitəçilərin olmasını istəmir və bu, başadüşüləndir: “Çünki bütün hallarda vasitəçilər öz ma­raqlarını güdürlər. Ona görə də ideal yol münaqişə tərəflərinin öz aralarında birba­şa razılığa gəlmələridir. Bununla belə, va­sitəçilərsiz sülhə nail olmaq da qeyri-real görünür. De Vaal məhz bu səbəbdən ha­disələrin aşağıdakı inkişafını ən optimal variant hesab edir: “Bakı və İrəvan əvvəlcə çərçivə sazişi bağlayır, sonra üçüncü tərəf­lərin dəstəyi ilə detalları hazırlayırlar”.

Dünən günün sonuna yaxın Vaşinq­tonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xa­rici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilib. Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edib. Antoni Blinkenin təşəbbüsü ilə baş tutan görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşması məsələləri müzakirə olunub.

Hər halda ən nikbin proqnoz ondan ibarətdir ki, ikitərəfli danışıqlarda müəy­yən razılaşma əldə olunacaq, daha son­ra beynəlxalq ictimaiyyət ortaq məxrəcə gəlinmiş bütün detalları dəstəkləyəcək və iş bununla tamamlanacaq. Amma Bakı Qafqazın bu uzunömürlü münaqişəsinə son nöqtənin okeanın o tayında deyil, qonşu ölkələrdən birinin ərazisində, hətta şərti sərhəddə qoyulmasını istəyir. 

Rizvan HÜSEYNOV,
Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi:

– Son dövrlərdə ABŞ-nin regionu­muza marağı artıb. Ötən ay ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Er­mənistana və Azərbaycana səfərləri və NATO sammitinə dəvət bundan xə­bər verir. ABŞ danışıqlar masasında özünü tərəfləri yaxınlaşdıran güc kimi önə çıxarmaq niyyətindədir. Yəni, ABŞ-nin səyləri nəticəsində tərəflərin sülh müqaviləsini imzalamağa daha yaxın olduğunu göstərmək istəyirlər. Halbuki rəsmi Bakı yalnız vasitəçisiz görüşlərdə müsbət irəliləyiş əldə edildiyini, ATƏT-in keçmiş Minsk qrupu formatı və digər gö­rüşlərin problemin həllini illərlə ləngitdi­yini dəfələrlə vurğulayıb. 

Ağ ev Azərbaycanın Ermənistandan tələblərində kompromisə getməsinə ça­lışır. ABŞ-nin fəallaşmasının digər səbə­bi Azərbaycanın konstitusiya tələbində Ermənistana güzəştə getməsinə nail olmaqdır. Bunun qarşılığında, O'Bray­nın ölkəmizə səfəri zamanı dediyi kimi, Ağ ev Orta dəhlizin açılmasına hər cür dəstək verəcəyini bir daha təsdiqləyib. Vaşinqton Ermənistan konstitusiyasın­da ölkəmizə qarşı ərazi iddialarının yer aldığı müddəalarla bağlı dəyişikliklərin sonraya saxlanılmasını istəyir. Amma rəsmi Bakı tamamilə haqlı və qətiyyətli şəkildə bu dəyişikliyin dərhal aparılma­sını tələb edir. Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bu tələbi konkret və qəti şəkildə dilə gətirdi.

Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçi­riləcəyi təqdirdə bu məsələlər müzakirə ediləcək. Azərbaycanın mövqeyi qətidir, Ermənistan isə sözügedən dəyişiklikləri hansı formada aparacağı barədə ABŞ ilə məsləhətləşə bilər.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İmran BƏDİRXANLI