USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Rubinologiya”

Azərbaycana mesaj məntiqi və “yuyulmamış çömçə”lik


https://img.baki-baku.az/news/2024/07/photo_13288.jpg

Dünyanın, o cümlədən ABŞ-nin bəzi ekspert dairələrinin Azərbaycan–Ermənistan münasibətləri və ölkələr arasındakı sülh gündəmi ilə bağlı fikirlərini nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən. Düşünürsən: görəsən, bu dairələri təmsil edən şəxslər hər gün nə yeyib, nə içirlər? Nə ilə bəslənirlər ki, dillərinə misli görünməmiş cəfəngiyyatları gətirə bilirlər? Ancaq bir qədər soyuq başla fikirləşəndə mənzərə tam aydın olur. Bəli, belələri ortaya heç də təsadüfən düşmürlər. Onları işə salanlar, əsəbləri tarıma çəkənlər, ən əsası isə Cənubi Qafqazın Azərbaycan tərəfindən haqlı olaraq diktə edilən sülh gündəminə qarşı çıxmağı hədəfləyənlər var. 

Əlqərəz, “yuyulmamış çömçə”lərdən biri də amerikalı politoloq Maykl Rubin­dir. Hesab edirik ki, M.Rubin “Washington Examiner” jurnalında qatı ermənipərəst məqalə yayımlamaqla, digər cəfəngiyyat daşıyıcılarını, müəyyən mənada, geridə qoymağı bacarıb. Əlbəttə ki, özünün hə­yasızlığı ilə. Onun nə çərənlədiyinə diqqət yetirəcəyik. Amma üzərində dayanmağı vacib saydığımız bir məqam var. 

Məlum olduğu kimi, son vaxtlar ABŞ Bakı–İrəvan sülh gündəmi ilə bağlı canfə­şanlıq edir. Bu aktivlikdə başlıca məqam iki Cənubi Qafqaz ölkəsi arasında barı­şın əldə olunmasıdır. Hər halda görüntü budur. Eyni zamanda, Birləşmiş Ştatlar sülhə çatma trayektoriyasını gizlətmir – bir tərəfdən ölkələrin ərazi bütövlüyü və suverenliyi məntiqindən, başqa bir yandan isə qlobal tranzitdən söz açır. O tranzitdən ki, kollektiv Qərb Ermənista­nın orada əsas aktor kimi iştirakına səy göstərir. Hərçənd, bu məqsədin pərdələn­diyi, daha doğrusu, üzərindən keçildiyi nəzərdən yayınmır. Belə nəticəyə gəlirik ki, Vaşinqton regionda sülhün yaranması üzərinə fokuslanır, ancaq prosesin təfər­rüatlarından uzaq durur, yaxud uzaq du­rurmuş kimi görüntü yaradır. Yalnız bir məramı açıqlayır ki, o da Rusiyanın Cə­nubi Qafqazdan sıxışdırılmasıdır... 

Amma Azərbaycanın öz tələbləri var. Başlıca tələb isə budur ki, ABŞ-nin nəzə­rində tutduğu qlobal tranzitin mühüm halqası olan Naxçıvana yol “Azərbaycan­dan Azərbaycana yol” məntiqinə əsaslan­sın. Yəni, həmin yolda heç bir sərhəd və gömrük nəzarəti tətbiq edilməsin. ABŞ-da, o cümlədən kollektiv Qərbdə yaxşı dərk edirlər ki, Ermənistan bununla razı­laşmır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır. 

İndi necə başa düşək? Düşünək ki, Vaşinqton rəsmi İrəvanı razı salmaq əvəzinə, rubinləri ortaya atır? Özü də erməni avantürizminin “Qarabağ inden­tikliyi” məntiqini qabartmaqla? Görəsən, ABŞ-da bu saxta məqam nə üçün qa­bardılır? Düşünə bilərik ki, Azərbaycana təxminən belə bir mesaj verilir: Qarabağı istəmişdin, artıq ərazi sənindir, bundan sonrası ilə işin olmasın. İşin olacaqsa, rubinkimilər danışacaqlar. Nəzərə alaq ki, belələrinin dediklərinin sonradan Ağ evin rəsmi mövqeyinə çevrildiyinin şahidi az olmamışıq.

Bəli, amerikalı politoloq M.Rubin Qa­rabağla əlaqədar uydurma “erməni bağ­lılığını” qabartmaq üçün meydandadır. Proses Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarına da sərfəlidir. On­ların zaman-zaman Bakı–İrəvan ziddiy­yətləri kontekstində Vaşinqtonu günah­landırdıqlarını görmüşük və demək olmaz ki, məsələ təsirsiz ötüşüb. Eləcə də yuxa­rıda haqqında söz açdığımız Azərbayca­na mesaj motivi də aktuallığını saxlayır.

Beləliklə, M.Rubin yada salır: Azər­baycan qoşunlarının İosif Stalinin Azər­baycana verdiyi qədim erməni bölgəsi Qarabağa daxil olmasından bir ildən az vaxt keçib. Göründüyü kimi, politoloq tarixi ya kəlləmayallaq anlayır, ya da qəsdən təhrif edir. Əslində isə ənənəvi stereotiplərə siyasi sərmayə yatırır. Axı Qərbdə yeri gəldi-gəlmədi Stalinin qəd­dar kultunu qabartmaq mərəzi var. Rubin də ölkəsinin ictimai rəyini məhz bu tərz­də manipulyasiya edir, reallıqlara mey­dan oxuyur. 

İkincisi, M.Rubin bildirir ki, Qarabağ iki səbəbə görə tarixi əhəmiyyət kəsb edir. Birincisi, sən demə bölgə Yer kürəsində xristianlığı rəsmi din kimi qəbul edən ilk ölkə olan Ermənistanın ənənəvi mərkəzi imiş. “İkincisi, bu, demokratiyanın qalası­dır. Doğrudan da, SSRİ-nin dağılmasına son qoyan demokratik hərəkat Qarabağın paytaxtı Stepanakertdə (Xankəndi – red.) başladı”, – deyən amerikalı politoloqun gündəmi Qərb düşüncələrinə hakim kə­silmiş saxta tezislərlə doldurduğu göz önündədir. Sən demə, Ermənistan dün­yada xristianlığı ilk dəfə rəsmi şəkildə qə­bul edibmiş. Məgər, xristianlıq yarananda Ermənistan adlı ölkə, yaxud məkan var idimi? Əlbəttə ki, yox! 

Digər yandan, Rubin vaxtilə erməni millətçilərinin Qarabağda başlatdıqları “Miatsum” ideyasına demokratik obraz qazandırmaq kimi miskin və rəzil işə gi­rişir. O “Miatsum”a ki, Qarabağı Ermənis­tana birləşdirmək məramına köklənmişdi. Rubin yarımçıq bildiyi demokratiyanı bu məramın hansı tərəfində görür, məlum deyil. Ancaq fakt faktlığında qalır ki, Qa­rabağda separatçı hakimiyyət “Miatsum” cəfəngiyyatının mümkünsüzlüyünə görə quruldu. Erməni millətçiləri düşündülər: Bir halda ki, Qarabağın Ermənistana bir­ləşməsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir, o zaman ərazi müstəqil ol­sun. 

Qeyd edək ki, vaxtilə Ermənistan­da mövcud olmuş Koçaryan-Sarkisyan xunta rejimi də Qarabağın özünün seçil­miş hakimiyyətinin olduğunu bildirir, onu Azərbaycanla danışıqlar prosesinin tərəfi kimi göstərməyə çalışırdı. Yeri gəlmişkən, bəzi Qərb dairələri də mövcud istiqamət­də qollarını çırmamışdılar. Sonuncu dəfə belə sərsəm ritorikaya Ermənistanın baş naziri Nikol Paşinyan baş vurmuşdu. O, 2023-cü ilin sentyabr ayının əvvəlində bil­dirmişdi ki, Qarabağın özünün seçkili ha­kimiyyəti var. Həmin “hakimiyyətin” necə məhv edildiyi, təmsilçilərinin isə Bakı həbsxanalarına gətirildiyi hər kəsə yaxşı məlumdur. Azərbaycan hərbi birləşmələ­rinin 2023-cü ilin sentyabrında keçirdikləri lokal xarakterli antiterror tədbirləri, necə deyərlər, bütün daşları öz yerinə oturtdu. 

...İndi Rubin öz yerində oturmaq istə­mir. O, SSRİ-nin dağılmasından sonrakı proseslərə diqqət çəkir və elə fon yara­dır ki, guya, Azərbaycan kimi, Qarabağ da sabiq imperiyanın tərkibində ayrılıb müstəqilliyinə qovuşmuşdu. Ən əsası isə Rubin separatizmi demokratik hərəkat qismində təqdim edir. 

Bəli, otuz ilə yaxın Azərbaycan torpaq­larının, o cümlədən Qarabağın işğalını demokratiyanın təntənəsi kimi qiymətlən­dirən amerikalı politoloq 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri məsələsində şivən qoparmağı da unutmur. Guya, rəs­mi Bakı bu tədbirlərlə həm erməni xristian icmasını məhvə məruz qoyub, həm də demokratiyanı boğub. Ən əsası isə Ru­binin fikrincə, Azərbaycanın artıq canını tapşırmış separatçı rejimin Xankəndidəki “parlament” binasını sökməyi demokarti­yaya qarşı düşmənçilik imiş (?). 

M.Rubinin həyasızlığı təkcə bunları bildirməklə yekunlaşmır və məqaləsin­də ABŞ Administrasiyasını günahlandı­rır. Yazır ki, Azərbaycanın 2023-cü ilin sentyabrındakı “Qarabağ işğalı” Dövlət Departamentinin bürokratı Yuri Kimin senatorları Birləşmiş Ştatların bölgə er­mənilərinin “etnik təmizləmələrinə” döz­məyəcəyinə inandırmasından cəmi dörd gün sonra baş verib və Y.Kim yalan da­nışıb. Rubin onu da yazıb ki, “Freedom House” hüquq-müdafiə təşkilatı Azərbay­canın hərəkətlərinin keçmiş Yuqoslavi­yadakı münaqişə kontekstində başa dü­şülən etnik təmizləmə meyarlarına cavab verdiyini açıqlayıb. Ardınca isə belə bir sual verib: “Bəs niyə Blinken (ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken – red.), milli təhlükəsizlik müşaviri Ceyk Sul­livan və USAID-in rəhbəri Samanta Pauer soyqırımla bağlı birmənalı fikir yürütmür? Şübhə yoxdur: ABŞ-nin Azərbaycanı sa­kitləşdirmək qərarı yuxarıdan gəlir”.

M.Rubin ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin üzərinə getməyi yad­dan çıxarmır. Birinci ikincini Şuşaya yol­landığına görə hədəfə alır və bildirir ki, səfir orada etnik təmizləmə, kilsələrin və xristian abidələrinin dağıdılması barədə heç bir söz dilə gətirmədi, yalnız Şuşanın gözəlliyinə heyran qaldığını söyləməklə kifayətləndi. 

Özünün sərsəm fikirlərini davam et­dirən M.Rubin iyunun 26-da ABŞ-nin Av­ropa Komandanlığının Azərbaycan Ordu­suna təbrikinə də fokuslanaraq çərənləyib ki, guya hərbi və mülki cinayətlər törətmiş ordu barədə xoş sözlər işlətmək düzgün deyilmiş. Rubinin Azərbaycan–Ermənis­tan sülh gündəmi, daha doğrusu, həmin gündəmə xələl gətirməyə hesablanmış daha bir fikri isə budur ki, Birləşmiş Ştat­lar Bakı və İrəvan arasında razılaşmanın əldə edilməsinə çalışmaqla, Prezident Co Baydenin siyasi uzunömürlülüyünü artırır. Onun fikrincə, Vaşinqton məhz buna görə sülh sazişinin imzalanmasına səy göstə­rir: “Lakin rəsmi Bakı vaxtı uzadacaq ki, Birləşmiş Ştatlarda prezident seçkilərinin nəticələri məlum olsun”. 

Yekunda M.Rubin Azərbaycan və Er­mənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsini “mənasız kağız parçası” adlandırıb və yenə əvvəlki ritori­kasına qayıdaraq, bu sazişə görə Qara­bağda “etnik təmizləmə” ilə barışmağın yolverilməzliyini vurğulayıb: “Azərbay­can və Ermənistan arasında sülh nəcib məqsəddir. Lakin onun qiyməti etnik tə­mizləmə ola bilməz. Baş verənlərin cəza­sını gələcək nəsil qanla çəkəcək. Huma­nitar faciə daha da dərinləşə bilər”.

Sonda onu da bildirək ki, politoloq M.Rubin və onun kimilərinin yuxarıda diqqətə çatdırdığımız fikirlərinin zərərli tərəflərindən ən başlıcası həmin fikirlərin Ermənistan hakimiyyətində illüziya doğur­masıdır. Daha dəqiq desək, belə fikirlər baş nazir N.Paşinyanın komandasındakı, bütövlükdə isə erməni cəmiyyətindəki il­lüziyanı daha da artırır. Bu isə sülhə ciddi ziyandır. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Əvəz RÜSTƏMOV