USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

NATO doğru seçim etməlidir

Vaşinqtonda 75 illiyini qeyd edən Şimali Atlantika Alyansı çətin dönəmini yaşayır


https://img.baki-baku.az/news/2024/07/photo_13287.jpg

Dünyanın gözü Vaşinqtona dikilib. Amerika Birləşmiş Ştatla­rının hegemon olduğu planetin ən böyük hərbi alyansının yara­dılmasının 75 illiyi münasibətilə dünən başlayan Zirvə görüşünə NATO üzvlərindən başqa, bir çox ölkələrin dövlət və hökumət baş­çıları da dəvət alıblar. 

Siyasi ekspertlərin proqnozlarına görə, NATO liderlərinin Vaşinqton Zirvə görüşünün gündəliyində üstünlük təşkil edəcək mövzular Ukrayna, Rusiya və Avropanın hərbi xərcləri olacaq. Yubi­ley sammitin gündəmində NATO-nun 5 il bundan əvvəl xatırlamağa ehtiyac duymadığı uzaq bir coğrafiya –- Çin də var. Vaşinqton Sammiti ərəfəsində bu barədə “Wall Street Journal” məlumat yayıb. Dərginin analitikləri belə bir qə­naətə gəliblər ki, Çin Ukraynaya qarşı müharibədə Rusiyaya gizli yardım edir. Bu səbəbdən son vaxtlar NATO ölkələ­ri Çini öz sərhədləri daxilində casusluq, kiberhücumlar və dezinformasiya kam­paniyaları aparmaqda ittiham edirlər. Bu zaman Çin Tayvanı dəstəkləyən Avropa ölkələrini cəzalandırmaqdan ötrü iqtisa­di gücündən sui-istifadə edir. Hətta, jur­nal alyansın adlarını açıqlamadığı diplo­matlarına istinadla yazıb ki, NATO-nun yubiley sammitinin bəyannaməsində Rusiyanın Ukraynaya müdaxiləsini dəstəklədiyinə görə Çinin kəskin tənqid edilməsi də yer alacaq. 

Alyans ümidləri doğrultmur

Şimali Atlantika Alyansının yubiley sammitində Azərbaycanı Xarici işlər na­ziri Ceyhun Bayramov təmsil edir. XİN-dən verilən məlumata görə, sammit çər­çivəsində C.Bayramovun bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulub. O, həmçinin alyans tərəfdaşları ilə keçiriləcək tədbirdə işti­rak edəcək. 

“NATO Türkiyənin gözləntilərini doğ­rultmur. Bu, bəzi məsələlərdə, o cümlə­dən Yaxın Şərqlə bağlı durumda özünü göstərir. Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yu­biley sammitində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl İstanbu­lun Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ-də keçirəcəyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayacaq. R.T.Ərdoğan NATO-nun sammitindən gözləntilərini də dilə gətirib: “Ümid edi­rik ki, müzakirələr nəticəsində alyans daxilində həmrəylik və birlik ruhunu güc­ləndirmək üçün konkret qərarlar qəbul ediləcək”. 

NATO-nun terrorla mübarizə is­tiqamətində səylərini gücləndirməyin vacibliyinə diqqətçəkən Türkiyə lideri, həmçinin Ukraynada davam edən mü­haribə barədə də danışıb: “NATO bu müharibədə tərəf olmamalıdır. Biz Tür­kiyə olaraq müharibənin ilk günündən etibarən ədalətli sülhün tərəfdarı olmu­şuq və indi də bunun üçün çalışırıq”. 

Alyansa etirazlar

Şimali Atlantika Müqaviləsi Təşkila­tının dünyada yeritdiyi siyasətə ən çox ABŞ-nin özündə etiraz edilir. NATO-nun yubiley Sammiti ərəfəsində Vaşinqtonun mərkəzindəki kilsəyə toplaşmış vətən­daş fəalları hərbi alyansın ləğvi, NA­TO-nun dünyanın müxtəlif nöqtələrində­ki bazalarının bağlanması ilə əlaqədar çağırışlar səsləndiriblər. Yerli mətbuatın eks-prezident Donald Trampın tərəfdar­ları kimi qələmə verdiyi aksiya iştirak­çıları, həmçinin ABŞ-nin bu alyansdan çıxmasını tələb ediblər. Əllərində “ABŞ imperializmini dayandırın!”, “NATO-nun dəstəklədiyi müharibələrə son!”, “ABŞ bazalarını bağlayın!”, “Asiya, Afrika və Latın Amerikasından çıxın!” kimi radikal şüarlar yazılmış plakatlar tutan etirazçı­lar alyansın ölkənin təhlükəsizliyinə risk yaratdığını bildiriblər. 

Yeri gəlmişkən, oxucuların nəzərinə çatdıraq ki, Donald Tramp seçkiqabağı təbliğat kampaniyasının gedişində bir neçə dəfə ABŞ-nin NATO-dan çıxması­nın zəruriliyi barədə açıqlamalar verib. O, ümumiyyətlə, Ağ evin bu hərbi alyan­sa, eləcə də Ukraynaya maliyyə dəstə­yini dayandırmağın ən düzgün addım olduğunu bəyan edib. 

Bu məqamda, düşünrük ki, NA­TO-nun tarixinə və eləcə də Azərbay­can–NATO əməkdaşlığına qısa ekskurs etməyimiz yerinə düşər. 1949-cu ildə 12 dövlətin qurduğu, indi üzvlərinin sayı 32-yə çatan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ilkin missiyası dün­yada, o cümlədən strateji maraqlarının təminat məkanı kimi gördüyü Avropada təhlükəsizlik məsələlərində aparıcı rol oynamaq idi. Fəqət “soyuq müharibə” mərhələsi başa çatandan və SSRİ adlı “qırmızı imperiya” süquta uğrayandan sonra alyansın elan etdiyi prinsip və dəyərlərində dəyişmələr, hərbi-siyasi mövqeyində deformasiyaya uğramalar müşahidə olunmağa başladı. NATO-nun üzvlərin artırılması, daha geniş coğrafi­yaya genişlənməsi yönündə planları bir çox hallarda, xüsusilə, Şərqi Avropada yeni qaynar nöqtələrin yaranmasına, ölkələr və xalqlar arasında faciələrlə müşayiət olunan hərbi qarşıdurmalara gətirib çıxardı. Bunlar yaxın tarixin hələ yaddaşlardan silinməyən sənədli xroni­kasıdır. 

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçünün NATO dövləti (ABŞ, Fransa və İngiltərə) olduğuna diqqət yetirsək, onda son otuz ildə Şərqi Av­ropada, Yaxın Şərqdə, Şimali Afrika­da, ərəb coğrafiyasında cərəyan edən xoşagəlməz hadisələrin mahiyyəti üzə çıxar. Həmin hadisələrin ilhamverici, hərəkətverici və hərbi təminatçısı qis­mində çıxış edən NATO qüvvələrinin ayrı-ayrı ölkələrin daxili işlərinə qarış­maq kimi xoşagəlməz təcrübəsi də var. Fəqət, bütün bunların alyansın bu gün Vaşinqtonda öz işini davam etdirəcək yubiley sammitində müzakirə predmeti olacağına inanmaq çətindir. 

NATO–Azərbaycan əməkdaşlığında yeni dönəm 

Bu əməkdaşlığın tarixi otuz ili aşıb. 1994-cü il mayın 4-də Brüsseldə Azər­baycan Prezidenti Heydər Əliyev NA­TO-nun “Sülh naminə tərəfdaşlıq” Proq­ramını imzalayıb. Məhz həmin dövrdən başlayaraq NATO–Azərbaycan əlaqələ­rinin inkişaf etdirilməsi üçün münbit şə­rait yaranıb. 

1999-cu ilin aprel ayında Vaşinqton­da NATO-nun 50 illik yubileyinə həsr olunmuş dövlət və hökumət başçıları­nın sammitində alyansın yeni strateji konsepsiyasının qəbul edilməsi əhə­miyyətli hadisə olub. Alyansın həmin zirvə görüşündə çıxış edən Ümummilli lider Azərbaycanın “Sülh naminə tərəf­daşlıq” Proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və ölkəmizin Şimali Atlantika Müqavilə­si Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə hər cür kömək göstərəcəyini bildirib. 

Üstündən bir ay keçəndən sonra, 1999-cu ilin may ayında NATO Par­lament Assambleyasının Polşada ke­çirilən sessiyasında Azərbaycana bu qurumda müşahidəçi statusu verilib, 2001-ci il noyabrın 19-da isə ölkəmiz NATO-nun Parlament Assambleyasına assosiativ üzv qəbul edilib. 

Xüsusilə qeyd etməliyik ki, Azərbay­can – NATO əlaqələri Prezident İlham Əliyevin dövründə daha sürətlə inkişaf edib. İlham Əliyev 2004-cü ilin mayında Brüsselə səfəri zamanı Bakının hazır­ladığı “Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planı”nı NATO-nun baş katibinə təqdim edib. Həmin plana görə, Azərbaycan Şimali Atlantika Blokunun 300-ə yaxın proqramında iştirak etmək hüququ qa­zanıb. Bu planda iştirak Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində dönüş nöqtəsi, yeni mərhələyə keçid rolunu oynayıb. Ölkəmiz bu qurumun imkan­larından istifadə edərək beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya im­kanı qazanıb. Son dörd ildə NATO ilə Azərbaycanın ikitərəfli əlaqələri daha da intensivləşib. Azərbaycan Ordusunun NATO standartlarına uyğun formalaşdı­rılması prosesi davam etdirilir. Azərbay­canın nümayəndə heyəti alyans çərçi­vəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Bu sırada Azərbaycan Ordu­su birləşmələrinin NATO ilə əməkdaşlıq çərçivəsində Kosovo və Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını ayrıca vurğulamağa dəyər. 

Bu gün 75 yaşını qeyd edən NATO ilə Azərbaycan arasında əməkdaşlı­ğın yeni mərhələsi başlayıb. Ən müa­sir standartlara cavab verən Silahlı Qüvvələrə sahib ölkəmiz bu hərbi-siyasi alyansla münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsipi ilə davam etdirməyə hazırdır. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Yetmiş beş il bundan əvvəl NATO güclü hərbi-siyasi blok kimi yaranıb. Bu blok SSRİ və onun so­sialist düşərgəsinə daxil olan dövlət­lərə qarşı konkret addımlar atmağa başladı. Çünki “soyuq müharibə” ge­dirdi, ABŞ ilə SSRİ arasında onilliklər ərzində soyuq münaqişlər baş verir­di. Doğrudur, indi vəziyyət kökündən dəyişilib. Hazırda, təbii ki, NATO-nun tamamilə yeni prioritetləri cızılmalı­dır. Bu nöqteyi-nəzərdən yanaşan­da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqlıdır. Yəni, bu hərbi al­yans keçmişlə yaşamamalı, müasir geosiyasi məqamları nəzərə alaraq, öz siyasətini daha çevik formada yü­rütməlidir. Amma biz nəyi müşahidə edirik? Ərdoğanın dediyi kimi, NATO rəhbərliyi qəbul etdiyi qərarların yek­dilliklə yerinə yetirilməsinə çalışır. Bu yanaşma, əlbəttə ki, mövcud reallığa uyğun deyil. 

Misal üçün, Türkiyə NATO üzvü kimi alyansın ən vacib, ən güclü oyunçularındandır. Fəqət, bir çox hallarda qardaş ölkə NATO-nun bəzi standartlarını qəbul etməklə yana­şı, eyni zamanda, özünün müstəqil, suveren siyasətini həyata keçirir. An­kara kiminsə diktəsi ilə hərəkət etmir. Vəziyyət və geosiyasi amillər bunu tələb edir. Bütün bunları nəzərə al­maq lazımdır. 

Azərbaycanın da NATO-nun yu­biley sammitində iştirakı normal sa­yılmalıdır. Çünki ölkəmiz bu alyansın bir sıra proqramlarında tərəfdaş kimi iştirak edir. Rəsmi Bakı otuz ildir da­vam edən bu əməkdaşlıqdan heç vaxt imtina etməyib. Bundan sonra da belə bir fikrimiz yoxdur. Amma onu da açıq deməliyik ki, NATO-nun bəzi məsələlərə ikili yanaşması, ikili standartları Azərbaycanı qane edə bilməz. Əslində, Azərbaycan üzləşdi­yi bir çox problemləri öz gücünə artıq həll edib. Ərazi bütövlüyümüzü kə­nar heç bir kömək olmadan özümüz bərpa etmişik. Buna baxmayaraq, güclü hərbi-siyasi blok olaraq NATO ilə əməkdaşlığımızı bundan sonra da davam etdirməyə hazırıq.

Fərhad MƏMMƏDOV, 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

– Məsələnin maraq doğuran tərə­fi odur ki, NATO-nun Vaşinqtonda keçirilən yubiley sammitinə Cənubi Qafqaz ölkələrinin üçünün də XİN başçıları dəvət olunub. Bu, o demək­dir ki, Azərbaycan ilə NATO arasında normal münasibətlər var və digər ge­osiyasi mərkəzlərlə əməkdaşlıq onu məhdudlaşdırmır.

ABŞ hazırda Ermənistan–Azər­baycan sülh danışıqlarında özünü vasitəçi kimi önə çıxarmaq niyyətin­dədir. Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşünün olub-olmama­sına gəldikdə isə mətbuata verilən məlumata diqqət yetirsək, orada an­caq sammitdə iştirakdan və ikitərəfli görüşlərdən bəhs edilir. ABŞ tərəfi müxtəlif spekulyasiyalara yol verərək, özünü tərəflər arasında vasitəçi kimi göstərmək istəyir. Amma həqiqətdə, bu, belə deyil. Orada görüş baş tut­sa da, ikitərəfli olacaq. ABŞ-nin hər hansı bir formada iştirakı nəzərdə tutulmur. Əgər Vaşinqtonda nazirlərin görüşü təşkil edilməsə, bu, Azərbay­canın belə görüşlərin yalnız özünün məqbul hesab etdiyi məkanlarda keçirilməsinə razı olduğu mənasına gələcək. 

Bəli, ikitərəfli görüşlərin keçirilmə­sində hamı üçün məqbul sayılan yer­lərin seçilməsi önəmlidir. Vasitəçisiz görüşlər yalnız Almaniya və Qazaxıs­tanda baş tutub. Əgər ABŞ-nin adı da bura əlavə edilsə, sabah Moskva və Tehrandan da belə dəvətlərin gəlmə­si mümkündür. Fikrimcə, bu, o qədər də düzgün yanaşma deyil. Çünki gö­rüşlər üçün elə məkanlar seçilməlidir ki, danışıqlarda əlavə gərginlik və rəqabətə səbəb olmasın.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İmran BƏDİRXANLI