USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Səhər adamı”nın gecə qarabasmaları


https://img.baki-baku.az/news/2024/07/photo_13275.jpg

İranın “Sahar TV” (bəzən “Seher Azeri” adlandırırlar–red.) telekanalının “Səhər adamı” yenə gül ağzını açıb, Azərbaycanın ünvanına hədyanlar yağdırmaqla məşğuldur. Ötənlərdə bu anti-Azərbaycan teletribunanın ölkəmizə və xalqımıza qarşı məzhəbçi-təxribatçı çıxışlarına uyğun cavabımızı oxucuların diqqətinə çatdırmışdıq. Amma SEPAH-ın maliyyə dəstəyi verdiyi deyilən bu “əyri güzgü”nün efir qələtləri birib-tükənmək bilmir. 

Bu dəfə telekanalın “Səhər adamı” proqramında çarşablı aparıcı, əslində, efir formatına görə qonaqla söhbət əvəzinə, öz ifasında “bir aktyorun monoloqu”nu izləyicilərin üzünə üfürüb. Həm də bu solo-ifa, bir növ, ərəb vəznində, nəzmə çəkilmiş ritorikada, heç bir diplomatik etiket və əndazə tanımadan icra edilib.        

Azərbaycan mediasını anti-İran təbliğatında təqsirkar kimi qələmə verən zənən aparıcı Azərbaycanı sərhədi iranlıların üzünə qapatmaqda ittiham edir. Guya, bu azmış kimi, bizim hökumətimiz rüsumları artırır, rüşvət alıb qapıları açır. Amma bunun müqabilində biz qardaş Türkiyə ilə vizasız rejim tətbiq edirik və aparıcı mövcud olmayan fakta görə sicilləmə suçlamasını ta “aldığı pensiya ilə güclə dolanan ikinci qrup əlilin “halına acımağa” qədər taftoloji gəlişmələrə baş vurur. Bu zaman eyforiyaya düşdüyü aşkar hiss olunan teleaparıcı Azərbaycanın Avropaya qaz verməsindən, yanacaqla təmin etməsindən, Türkiyənin, Gürcüstanın və İsrailin alqışını qazana bilməyindən ağızdolusu hədyanlar yağdırır. İş o yerə qədər uzanır ki, ittihamlar efirdən nəzm şəklində “qanadlanır”:  

 

İsrailə ağıllı kənd tikdiribsən,

Arazın suyunu içdiribsən...

 

İndi durub buna hansı tərzdə və üslubda cavab verəsən? Daha çox “dadlı mətbəx” formatlı verilişlərin aparıcılığına yararlılığı şübhə doğurmayan teleaparıcı bizi mühakimə üzərində quraşdırdığı siyasi həcvlərinə mal-qaranı da qatır. Guya biz bəslədiyimiz heyvanatın, yetişdirdiyimiz bar-bəhərin hamısını İsrailə və Qırmızı qəsəbəyə göndəririk. 

Sözün düzü, “Səhər adamı”nın hədyanlarını dinlədikcə, yadımıza alabaşla karvan məsəlini salıb, bunlara baş qoşmaqdan vaz keçmək istədik. Efirdən normal cavaba belə gəlməyən məişət səviyyəli nifrinləri, əttökən ahu-zarları, yəni ağzına gələni üfürən “teleulduz Fatmanisə”yə nəyisə anlatmaq asan deyil. Biz bunu əvvəlki təcrübəmizdə çox görmüşük. 

Müəllimin, məktəblinin də “halına yanmağı” unutmayan qadın “teleulduz”un təhqir və hədə üzərində köklənmiş fars ritorikası, əlbəttə ki, malik olduqları səviyyəyə uyğun cavaba layiqdir. Bizi bu məqamda, sadəcə, məsələnin görünməyən tərəfi, altqatı maraqlandırır: əcaba, dini siyasi tiryəkə çevirmiş bu qövm nədən Azərbaycanın nüfuzunun artmasından, “böyük güclərin” onunla hesablaşmasından bu qədər narahatdır?

Teleşousunu “Azərbaycana necə inanaq?” xitabı üzərində kökləmiş “Sahar TV”dən, öz növbəmizdə, biz də soruşa bilərik: Tehrana hər səfərində xaçpərəst Paşinyana qardaşcasına qucaq açan İran rəhbərliyinin müsəlman səmimiliyinə inanmaq üçün bircə arqument göstərin! Axı, siz qalib xalqın qalib liderinin bölgədə və dünyada artan nüfuzundan niyə bu qədər əndişələnirsiniz? 

Təkcə reallıq hissindən deyil, elementar məntiqdən məhrum bu cür avantürist mülahizələri, hədyanları efirdən üfürənlərin məqsədi nədir? Amma, fikrimizcə, əsas sual budur: ikiüzlülüyün, riyakarlığın zirvəsinə dırmaşan “Səhərin adamı”nın ədəbi ricətlərlə bəzədiyi bəlağətli avazı kimlərin menyusu üçün düşünülüb? Onların kimlərə və hansı məzhəbə qulluq etdikləri bizə çoxdan məlumdur. 

Sonda bir mühüm mətləbə də toxunmağı əşhədü-vacib sayırıq. Maraqlı nəticələri dünya mediasının gündəmindən hələ də düşməyən İrandakı prezident seçkilərindən sonra yaşıl bayrağın hansı səmtə əsəcəyi, çoxları kimi, bizim də marağımızdadır.

İmran BƏDİRXANLI

İmranbedirxanlı[email protected]




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İmran BƏDİRXANLI