USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Simonyanın “topu”

Erməni spiker harada  və nə “oynadığını” bilmir


https://img.baki-baku.az/news/2024/07/photo_13273.jpg?v=MjAyNC0wNy0wOSAxMjozMjowOQ==

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, sülh müqaviləsinin imzalanması baxımından İrəvan tərəfindən hansısa ləngimə yoxdur, top Azərbaycan tərəfindədir. Onun sözlərinə görə, ölkəsi prosesin uğurla başa çatacağına ümid bəsləyir. A.Simonyanın belə münasibətinin spekulyativ xarakter daşıdığını söyləmək üçün əsaslar yetərincədir. 

Birincisi, erməni spikerin “top Azərbaycan tərəfindədir” fikrinə diqqət yetirək. Sanki, dörd ildir sülhə gəlməyən Ermənistan deyil, Azərbaycandır. Simonyan unudur ki, 44 günlük müharibədən sonra məhz Azərbaycan Ermənistana sülh əlini uzadıb. Halbuki, qalib ölkə kimi bunu etməyə də bilərdi. 

İkincisi, Bakının İrəvana sülh əlini uzatmasına baxmayaraq, ikinci dörd il müddətində ən müxtəlif variantlara əl atdı ki, sülhdən uzaqlaşsın, yeni reallıqlar formalaşdırsın. Bu baxımdan Qarabağda separatçı rejimi saxlamaqdan tutmuş, bölgəyə silah-sursat, mina daşınmasınadək bir çox məqamların üzərində dayanmaq mümkündür. Hələ Qarabağ ermənilərinə beynəlxalq status məsələsini də sülh gündəminə daxil etmək kimi separatçı niyyət də var idi. 

Üçünsüsü, Ermənistan ötən müddətdə beynəlxalq müstəvidə Azərbaycana qarşı çeşidli anti-təbliğat üsullarına baş vurdu ki, sülhün gerçək trayektoriyasına zərər gəlsin. Rəsmi İrəvan xaricdəki ermənipərəst dairələrlə birləşərək, ölkəmiz əleyhinə müxtəlif qərəzli qətnamələrin çıxarılmasına nail oldu. Bütün bunlar da sülh gündəminə ciddi zərbə idi. 

Dördüncüsü, Azərbaycanın istəyi göz önündədir. Ölkəmiz 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl olunmasını tələb edir. Yəni, Naxçıvana maneəsiz yolu. Rəsmi Bakının mövqeyi budur ki, həmin dəhliz “Azərbaycandan Azərbaycana yol” məntiqinə söykənsin, orada hansısa sərhəd və gömrük nəzarəti olmasın. Bəs İrəvan bununla razıdırmı? Xeyr! Nəticədə ölkəmiz Naxçıvana yolun İrandan keçəcəyini bildirir və mövcud istiqamətdə Tehranla razılaşma əldə olunub. 

Ən pisi də budur ki, hazırda Bakının Naxçıvana yol məsələsində irəli sürdüyü şərtin yerinə yetirilməyəcəyi təqdirdə, İrəvanın sülhə gəlməyəcəyinə dair ritorika hakimdir. Bunu Azərbaycanla-Ermənistan arasında vasitəçiliyə can atan ABŞ rəsmilərinin fikirlərindən duymaq mümkündür. Əlbəttə, bununla bağlı konkret ismarıc indi səslənməsə də, vaxtilə məsələ barədə söz açılıb. Birləşmiş Ştatların Dövlət Departamenti rəhbərinin köməkçisi Ceyms O’Brayn ötən ilin sonlarına doğru, kifayət qədər, açıq tekstlə bildirmişdi ki, Vaşinqton Naxçıvana yolun İrandan keçməsinə qarşıdır. Hərçənd, indi ABŞ da birbaşa bu məntiqin üzərində dayanmır. Sadəcə, O’Brayn Naxçıvana yolun Orta dəhliz mahiyyətini qabardır və onun sözlərindən çıxan qənaət budur ki, yalnız Bakı-İrəvan sülhü nəticəsində sözügedən dəhliz işə düşə bilər. Belə çıxır ki, sülh olmasa, Naxçıvana yol da olmayacaq. Necə olmayacaq, məsələ açıq qalır. 

Ancaq bir şey dəqiqdir ki, əgər Ermənistan Naxçıvana yol məsələsində Azərbaycanın irəli sürdüyü şərti yerinə yetirməsə, həmişə olduğu kimi, yenə də təcrid durumunda, dalan vəziyyətində qalacaq. Bu, İrəvanın regional iqtisadi layihələrdən kənar düşməsi olacaq. Məsələyə mövcud prizmadan yanaşsaq, əslində, top Simonyanın bildirdiyi ki, Azərbaycanın deyil, məhz Ermənistanın tərəfindədir. Düşünmək növbəsi rəsmi İrəvanın təmsilçilərinindir. 

Bəli, Simonyan reallıqları yaxşı bilir. Ancaq bildiyi halda da yenə siyasi spekulyasiyaya əl atır, erməniliyindən qalmır. Nəzərə alaq ki, Azərbaycanın Ermənistanla sülh məsələsində irəli sürdüyü daha bir şərt var. Söhbət Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir. O konstitusiya ki, əsasını Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı İstiqlaliyyət bəyannaməsindən götürür. 

Yada salaq ki, Ermənistan baş naziri Nikol Paşinyan da bu günlərdə ölkənin əsas qanununun dəyişdirilməsindən söz açmışdı. Onun sözlərindən belə nəticə hasil olmuşdu ki, hazırkı konstitusiya erməni xalqının maraqlarına deyil, vaxtilə mövcud olmuş hakim elitanın mənafelərinə xidmət edən sənəddir. Belə olan halda da Simonyan topu Azərbaycanın tərəfinə “ötürməyə” tələsir, yumşaq desək, düz eləmir. 

Üstəlik, sülh gündəminə zidd daha bir tendensiya da var. Ermənistan silahlanma yolu tutub. Daha dəqiq desək, Fransa Ermənistanı silahlandırmaqla məşğuldur. Belə görünür ki, hazırda rəsmi Paris başda olmaqla, Cənubi Qafqazda sülhə qarşı çıxan qüvvələr aktivləşiblər və heç bir təminat yoxdur ki, Paşinyan hakimiyyəti özündə iradə nümayiş etdirib həmin qüvvələrin planlarına qarşı çıxmağı bacaracaq. Ermənistanın illüziya bataqlığında qovrulub ölkəmizə cəbhə açmayacağına dair təminat da yoxdur. Bakının tələbi isə bu təminatı formalaşdırmaqdır. 

Onu da deyək ki, Ermənistan əvvəllər olduğu kimi, yenə Azərbaycanla sülhdə maraqlı deyil. A.Saimonyanın açıqlaması, böyük ölçüdə bundan xəbər verir. Sadəcə, erməni spiker “topu” Azərbaycan tərəfində görməklə ölkəsini məsuliyyətdən uzaq tutmaq fikrindədir. Guya ki, sülhə razı olan tərəf İrəvan, sülhə gəlmək istəməyən isə Bakıdır. Belə yanaşma səmimiyyətdən tam uzaqdır. Ona görə ki, sülh yolunda yuxarıda haqqında söz açdığımız və həlli vacib olan məsələlər var.

Sonda bir məqamın da üzərində dayanaq. Ermənistan rəhbərliyinin reallığı dərk etməməsi, müxtəlif spekulyasiyalara baş vurması, guya ki, “diplomatik”  davranması həmişə fəsadlara yol açıb. İrəvan Bakı ilə sülhə gəlmədiyi hər gün itirməkdədir. Ona görə də Simonyanın hazırda “topla” harada oynadığının fərqində olmadığını söyləyə bilərik. Yaxşı olar ki, nəinki erməni spiker, eləcə də bu şəxsin tərkibində yer aldığı hakim komandanın hər bir üzvü  yaxşı düşünsün. Sülh pəncərəsi həmişə açıq qalmaya da bilər. 

Ə.RÜSTƏMOV 




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Əvəz RÜSTƏMOV