USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şərti sərhəd və “torbada pişik” məsələsi

ABŞ-nin sülh canfəşanlığına sözardı


https://img.baki-baku.az/news/2024/07/photo_13242.jpg

Çoxdandı belə məsələlər gündəmdə deyildi. Söhbət Ermənistana gələn xaricilərin Azərbaycanla şərti sərhədə aparılmalarından gedir. Daha doğrusu, onların şərti sərhədə getmələrindən. Hər halda, kimsə buna məcbur edilmir. İndi gedənlər isə İrəvanda səfərdə olan ABŞ Konqresinin Helsinki Komissiyasının təmsilçilərindən ibarət nümayəndə heyətinin üzvləridir. Onların şərti sərhəddə nə iş gördükləri barədə söz açacağıq. Ancaq hələlik başqa məqama diqqət yetirək. 

Ermənistan hakimiyyətinin ölkəyə gələn hər bir yüksək səviyyəli xarici qo­nağı Azərbaycanla şərti sərhədə apar­ması hansı məqsədi daşıyır? Əlbəttə ki, ikincilərə ölkəmizin, guya, işğal etdi­yi əraziləri göstərməyə. Bununla rəsmi İrəvan nəyə nail olur? Cavab sadədir – Azərbaycanın təcavüzkar obrazını ya­radır. Bəs bu obrazı yaratmaq nə üçün lazımdır? Burada da qeyri-adi heç nə yoxdur. Erməni iqtidarı Azərbaycanla sülhdə maraq göstərmədiyindən real­lıqları təhrif etməyə çalışır, manipulyasi­yaya əl atır. Eyni zamanda, yeni reallıq formalaşdırmağa və onu sülh prosesinə sırımağa cəhd göstərir. Beləliklə, erməni iqtidarı, öz aləmində, üstünlük qazanaca­ğını düşünür. 

Digər tərəfdən, nəzərə alaq ki, Ermə­nistan hakimiyyətinin Azərbaycanı işğal­çı kimi təqdim etmək niyyətlərində daha böyük məntiq əsas götürülür. Yəni, bu­rada başlıca məsələ heç də neçə hektar ərazinin, hansısa kəndin ölkəmizin silahlı qüvvələri tərəfindən ələ keçirildiyinə dair iddialarda deyil. İşğalçı obrazı Azərbay­canın bütövlükdə 44 günlük müharibə nəticəsində əldə etdiklərinə köklənir. Belə rəy formalaşdırılır ki, sanki, ölkəmiz müharibə ilə nəyə nail olubsa, hamısı qəsbkarlıqdır. Erməni siyasəti bunu xa­ricilərin düşüncələrinə yeritməyə çalışır. Təxminən belə: 2020-ci ildən başlayaraq Ermənistana qarşı təcavüz reallaşdırılır və Azərbaycan bu gün də siyasətinə sa­diqdir. 

Bəli, “mövzu” bu qədər geniş götürü­lür. Diqqət yetirək, rəsmi İrəvanın təmsil­çiləri dilə gətirməsələr də, yalnız 2022-ci ilin sentyabr hərbi eskalasiyası zamanı, guya, Azərbaycanın Ermənistanın əra­zilərini tutduğunu bildirməklə məhdudlaş­salar da, dünya erməniliyinin nümayən­dələri, eləcə də erməni ekspert-politoloq cameəsi 44 günlük müharibə zamanı itirdikləri bütün əraziləri eyni müstəvidə tuturlar. Bu yolla beynəlxalq hüquq prin­siplərini heçə sayırlar. Əlbəttə, onlar Qa­rabağ itkisini xüsusilə qabardırlar. “Nəti­cə” isə göz önündədir. 

İndiyədək ABŞ-nin ən müxtəlif da­irələrində səslənmiş bəyanatlarda Azər­baycanın Qarabağa, Qarabağ ermə­nilərinə qarşı təcavüz gerçəkləşdirdiyi vurğulanır. Nəinki vurğulanır, hətta, bu barədə bar-bar bağırılır. Ölkənin bəzi konqresmenlərinin və senatorlarının mövcud məsələdə dilə gətirdiklərinə heyrətlənməyə bilmirsən. Düşünürsən ki, görəsən, adamlar bu qədərmi avam­dırlar? Yəni, onların beynəlxalq hüquq barədə təsəvvürləri yoxdurmu? Əlbəttə, suallar çox olduğu kimi, şübhələr də az deyil. Ayrı-ayrı məqamları təhlil edərkən isə yekunda belə qənaətə gəlirsən ki, ABŞ-dəkilər hər şeyin gözəl fərqindədir­lər. Onlar nə zaman nəyi deməyi, nə vaxt hara getməyi çox yaxşı bilirlər. Deməli, ABŞ konqresmenlərinin Ermənistanın Azərbaycanla şərti sərhədində peyda ol­maları təsadüfi sayıla bilməz.

Qeyd edək ki, son zamanlar Birləşmiş Ştatların Cənubi Qafqaz fəallığı artıb. Bu fonda Vaşinqtonun Azərbaycan – Ermənistan sülh prosesində, bir növ, vasitəçilik missiyası yerinə yetirdiyinə dair təsəvvür var. Aydındır ki, ABŞ bölgədə təşəbbüsü öz əlinə almağa çalışır. Məqsədi də bəllidir: Bakı – İrəvan sülh anlaşmasını Rusiyaya qarşı yönəltmək. Daha dəqiq desək, bu anlaşma ilə Kremlin Cənubi Qafqazdan sıxışdırılmasına nail ol­maq. Mövcud kontekstdə isə Naxçıvana yol amili aktual xassəyə malikdir. Çünki bu amil hazırda sülh prosesinin başlıca komponenti rolunda çıxış edir. Ölkəmiz Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqini irəli sürür. Bu zaman Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri­ni yerinə yetirməsinin vacibliyinə diqqət yönəldir. Bəyanatda isə bildirilir ki, İrəvan Naxçıvana yola təminat verməlidir, həmin yolda təhlükəsizlik Rusiya Federal Təhlükə­sizlik Xidməti tərəfindən təmin edilməlidir. Ermənistan hakimiyyəti bununla razılaşmır, özünün “Dünyanın kəsişməsi” ideyasını or­taya atır, mövcud xüsusda ərazi bütövlüyü və suverenlik amilini önə çəkir. Bu amilin qa­bardılması ona hesablanıb ki, Naxçıvana ma­neəsiz yol Ermənistan ərazisinə təcavüz kimi qiymətləndirilsin. 

Mövcud siyasi labirintdə ABŞ-nin mövqeyinə diqqət yetirək. O mövqeyə ki, onun nədən ibarət olması ötən il konkret bilindi. Aydın idi ki, Vaşinqton Orta dəh­liz ideyasının başlıca komponenti sayılan Zəngəzur dəhlizinin, yəni Naxçıvana gedən yolun Ermənistan adlı dövlətin ərazisindən keçməsində maraqlıdır. Belə bir maraq özünü Ermənistanın şərtlərə əməl etməyəcəyi hal­da, Azərbaycanın Naxçıvana yolun İrandan keçəcəyini və mövcud istiqamətdə Tehranla razılaşmanın əldə olunduğunu açıqladıqdan sonra göstərdi. Vaşinqton bunu, necə deyər­lər, süngü ilə qarşıladı – Naxçıvana yol İran­dan keçməməlidir, vəssalam! O zaman sual olunur: ABŞ Naxçıvana yolun Azərbaycanın müəyyənləşdirdiyi qaydada Ermənistandan keçməsi üçün nə isə edibmi və ya edirmi? Cavab yoxdur, ortada olan isə Vaşinqtonun qeyri-müəyyən notlarla dolu canfəşanlığıdır. 

Bakı ilə İrəvan arasında, belə demək mümkünsə, sülhyaratma missiyasını gerçək­ləşdirməyə qol çırmayan Birləşmiş Ştatların əvvəlki mövqedə qalıb-qalmadığı müəyyən deyil. Çünki ölkə rəsmiləri ümumi fikirlər səsləndirirlər. Onlar Orta dəhlizin işə düşmə­si ilə Cənubi Qafqazın iqtisadi faydalarından danışırlar. Ancaq həmin faydalar konteks­tində regionun Rusiyadan asılılığını aradan qaldırmaq məsələsindən söz açılırsa, deməli, Vaşinqton elə əvvəlki ampluasındadır. Yəni istəyir ki, Naxçıvana yol Ermənistan ərazi­sindən keçsin. Orada gömrük və sərhəd nə­zarətini erməni hərbçiləri gerçəkləşdirsinlər. 

***

İndi isə keçək ən əsas məsələyə. Bəli, ABŞ Konqresinin üzvləri Azərbaycan – Er­mənistan şərti sərhədinə heç də əbəs yerə yollanmamışdılar. Çoxdandır o tərəfə ge­dən yox idi. Hazırda gedənlər tapılırsa, özü də onlar amerikalılardısa, düşünə bilərik ki, “torbada pişik” var. Görünür, Konqresin Helsinki Komissiyasının təmsilçiləri əraziyə köhnə gündəmin işə salına biləcəyi mesajını vermək üçün gəliblər. Nəzərə alaq ki, köhnə gündəmin köhnə oyunçuları var. Söhbət Av­ropa İttifaqının şərti sərhəddəki mülki müşa­hidə missiyasının üzvlərindən, yəni “binokl diplomatiyası”nın banilərindən gedir. Nəzərə alaq ki, ABŞ Konqresinin nümayəndələri onlarla görüşüb, guya ki, durumla bağlı mə­lumat alıb, biliklərini zənginləşdiriblər. Onu da nəzərə alaq ki, rəsmi İrəvan Aİ-nin mülki missiyasına “Ermənistanı Azərbaycanın işğa­lından qoruyan” sipər kimi yanaşır. 

Sonda bir vacib məqamı vurğulamağa ehtiyac var. Əvvəldə də bildirdik ki, Ermə­nistan hakimiyyəti Cənubi Qafqazda sülhə səmimi yanaşmır, bunun hansısa əlavə sübuta ehtiyacı yoxdur. Bəs ABŞ? Əlbəttə, sadəlövh olub deyə bilmərik ki, Vaşinqton prosesdə yalnız bəşəri dəyərləri və humanizmi əsas tutaraq iştirak edir. Şübhəsiz, onun öz maraq­ları var. Eləcə də bu maraqları təmin etmək metodları da müəyyən mənada təbii qarşılana bilər. Ancaq hər bir halda səmimiyyət önəmli faktordur. Ona görə də Birləşmiş Ştatlar rəh­bərliyi ölkədən Ermənistana səfərlərə diqqət yetirməlidir. Elə etməlidir ki, bu səfərlər, elə­cə də onlarla bağlı heç nə ölkənin hazırkı sülh canfəşanlığına, ümumən sülhə xələl gətirmə­sin. Bilavasitə “torbada pişik” məsələsinə gə­lincə, ABŞ Konqresinin təmsilçilərinin Azər­baycan – Ermənistan şərti sərhədinə səfəri və keçirdiyi görüşlərlə bağlı məlumatı yayan Birləşmiş Ştatların İrəvandakı səfirliyidir. Yəqin, əlavə şərhə ehtiyac yoxdur.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Əvəz RÜSTƏMOV