USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan–Çin: münasibətlər strateji tərəfdaşlığa yüksəldi

İki dövlət arasında əməkdaşlıq çoxşaxəli və konstruktivdir


https://img.baki-baku.az/news/2024/07/photo_13224.jpg

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə səslənmiş fikirlər, eləcə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Bakı–Pekin münasibətlərinin yüksək səviyyəsinin növbəti təsdiqi ilə yanaşı, eyni zamanda, ölkəmizin çoxşaxəli siyasət kursunun təntənəsidir. Respublikamız yalnız Qərblə deyil, Asiya regionu ilə əlaqələrin möhkəmləndirilməsinə də müstəsna önəm verir ki, burada Çinin rolu son dərəcə böyükdür.

Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan bi­ridir. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3,1 milyard dollar təş­kil edib ki, bu, ötən illərlə müqayisədə xeyli yüksəkdir. Ancaq təəccüblənməyə dəyməz, çünki vəziyyəti doğuran amillər var. Diqqət yetirək, bu gün Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Digər məqam kimi Çindən Azərbaycana 930,8 milyon dollar, Azərbaycandan Çinə isə 263,3 milyon dollar həcmində investisiya qoyu­luşunu vurğulamalıyıq. 

Eyni zamanda, onu da bildirək ki, Azərbaycan Pekinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstək­ləyənlərdən biridir və Çinlə nəqliy­yat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz mövcud istiqamətdə ciddi prak­tik təşəbbülər də reallaşdırıb, “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta dəhliz infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Hesab edirik ki, Transxəzər Bey­nəlxalq Nəqliyyat Dəhlizi barədə xüsusi söz açılmalıdır. Orta dəhliz Çindən Av­ropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrut­dur. 2023-cü ilin 9 ayı ərzində bu marş­rut üzərindən yükdaşımaların həcmi 88 faiz artaraq, 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75 faiz artıb ki, təqribi hesab­lamalar bu həcmin Zəngəzur dəhlizinin açılmasından sonra ildə 5-8 milyon ton artacağını gözləməyə əsas verir. Onu da qeyd etməliyik ki, Bakı–Tbilisi–Qars də­mir yolunun istifadəyə verilməsi ilə Çin­dən Türkiyəyə yük daşımalarının müddə­ti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması cəmi 18 günə başa gəlir ki, bu da dövriyyənin sürətlənməsini, müvafiq olaraq gəlirlərin artmasını şərtləndirir. 

Bəli, Azərbaycan–Çin əlaqələri çox­şaxəli struktura malikdir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ­rinədək bir sıra məqamlar var. Məsələn, Azərbaycanda elektrik mühərrikli avto­busların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə iş­birliyinə start verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılma­sı planlaşdırılır. Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindaonun, Sumqayıt ilə Sian və Myenyan şəhərlərinin, Çunçin şəhəri­nin Cyancin rayonunun, Naxçıvan Mux­tar Respublikası ilə Çunçin şəhərinin, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonunun əməkdaşlığına dair sənədlərin imzalan­ması isə nikbin mənzərəyə xüsusi ovqat qatır. Habelə, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını, Pekin Dillər Uni­versitetində Azərbaycan dilinin tədrisi kafedrasının mövcudluğunu, ölkəmizin ali məktəblərində Konfutsi institutlarının uğurlu fəaliyyətini də qeyd etməliyik.

Bütün bunlarla yanaşı, bir məqa­mı da xüsusi vurğulamağa ehtiyac var. Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar müba­dilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir. Bundan başqa, 2023-cü ilin aprelində Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Yalnız bir dəfə yaşayır­san” poeziya kitabının Çin dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib. Nəzərə alaq ki, bu nəşr Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən ölkələrin mədəni və humanitar sahələr­dəki əməkdaşlığının gözəl nümunəsi kimi qiymətləndirilib.

Çin bu gün qlobal faktordur, dünya­nın super gücüdür. Onunla 1992-ci ildən qurulmuş münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və in­kişaf təminatıdır, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Nəzərə alaq ki, rəsmi Pekinlə ikitətərli münasibətlə­ridəki dinamika bəzi Qərb dairələrinin, xüsusən Fransanın ökəmizi qlobal pro­seslərdən təcrid siyasətinə verilən ən layiqli cavabdır. Belə nəticəyə gəlirik ki, Azərbaycan və Çin liderlərinin görüşü və imzalanmış bəyannamə cavabın tutarlılıq təbiətinin, bir növ, rəsmiləşdirilməsidir.

Əlbəttə, Bakı–Pekin tərəfdaşlığında­kı yüksək səviyyənin əldə edilməsində Azərbaycan və Çin liderlərinin şəxsi mü­nasibətlərinin də böyük rolu var. Prezi­dent İlham Əliyev ilə Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanmış yüksək səviyyəli dostluq isə indiyədək özünü bir çox məqamlarda göstərib. Cə­nab Cinpin ölkəmizin liderini bu ilin fev­ralında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından olub. 

Son illərin təmaslarına diqqət yetir­sək, onu da deyə bilərik ki, dövlətimizin başçısı 2019-cu ilin aprelində ÇXR Səd­rinin dəvəti ilə İkinci “Bir kəmər, bir yol” forumunda iştirak edib. Liderlər ŞƏT-in 2022-ci ilin sentyabrında Səmərqənddə gerçəkləşmiş sammiti çərçivəsində də bir araya gəliblər. Deməli, əməkdaşlığın inkişaf dinamikasının labüdlüyü nöqte­yi-nəzərdən yanaşsaq, Astana Sammi­tindəki görüşdə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin yeni inkişaf perspektivlərini doğurması məntiqi qanunauyğunluqdur. 

Bəli, Azərbaycan və Çin rəhbərlərinin görüşündə imzalanmış birgə bəyannamə ölkələrin qarşılıqlı münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu, son dərəcə vacib və tarixi məqamdır. Sənəd barədə söz açmazdan əvvəl isə liderlərin səsləndirdikləri fikirlərə nəzər salaq: 

Prezident İlham Əliyev: “Yenidən gö­rüşməyimizə çox şadam. Siz qeyd etdiyi­niz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələ­cəkdə də fəal qarşılıqlı fəaliyyət göstər­mək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik”.

ÇXR Sədri Si Cimpin: “Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin–Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəti­cələr verib və daha zəngin strateji məz­muna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyə­sinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”

Ümumiyyətlə, liderlərin görüşün­də ikitərəfli münasibətlərin ən geniş spektrinə nəzər salındığı vurğulanmalı­dır. Liderlər, prinsip etibarilə, elə bir sahə qalmadı ki, onunla əlaqədar fikirlərini bildirməsinlər. Ancaq daha vacib və prin­sipial görünən məsələlər var ki, onların üzərində xüsusi dayanmalıyıq. Əvvəla, görüşdə ölkəmizin daim “Vahid Çin” si­yasətini dəstəklədiyi vurğulandı. Tayvan­da keçirilmiş seçkilərin Azərbaycanın Xa­rici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olundu. Cənab Cinpin Bakının daim “Va­hid Çin” siyasətini dəstəklədiyini bildirdi və buna görə təşəkkürünü ifadə etdi. 

Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqeləri­nin üst-üstə düşdüyünün xüsusi qeyd olunduğu görüşdə, həmçinin Azərbay­canın ŞƏT-dəki hazırkı statusunun artı­rılmasının Çin tərəfindən dəstəkləndiyi, gələn il Pekinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi vur­ğulandı. Cənab Cinpin ölkəmizin liderini qurumun Çində keçiriləcək Zirvə toplantı­sına, eyni zamanda, bu əsnada ölkəsinə dövlət səfərinə dəvət etdi.

***

Əslində, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strate­ji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapmış müddəalar Azərbaycan və Çin liderlərinin fikirlə­rindəki xoş niyyətin yazılı təzahürü kimi fundamental xassəyə malikdir. Sənədi iki baxımdan dəyərləndirmək mümkündür. Birincisi, Bakı–Pekin əlaqələrinin möv­cud durumu, perspektiv inkişaf trayekto­riyasının vurğulanması, ikincisi isə hər iki dövlətin xarici təsirlərə qarşı birgə müqa­vimət sahələrinin açıqlanması. 

Birincidən başlayaq. Bəyannamədə bildirilir ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, bərabərliyə, etimada, münasibətlər isə ərazi bütövlüyü və su­verenliyə hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq, bir-biri­ni etibarlı tərəfdaş hesab edir. Həmçinin, tərəflər ticarət-iqtisadi əməkdaşlığının in­kişafı üçün nəqliyyat və kommunikasiya, yaşıl enerji, emal və istehsal, infrastruk­tur, rəqəmsal iqtisadiyyat, kənd təsər­rüfatı və s. sahələrdə layihələrə diqqət yetirir, “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib sayır, Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) tikintisində və is­tismarında fəal iştirak edir, ölkə, həmçinin COP29-un Azərbaycanda keçirilməsini alqışlayır və ölkəmizin konfransda sədr­liyini dəstəkləyir. 

***

Bəyannamənin haqqında söz aç­dığımız 2 – birgə müqavimət tərəfinə gəlincə, mövcud xüsusda vurğulanır ki, Azərbaycanla Çin milli, regional və qlo­bal təhlükəsizliyin vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlayır, öz ərazilərindən hansısa bir qüvvənin di­gər tərəfə qarşı istifadəsinə imkan vermir, tərəflər BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləyirlər. Hər iki ölkə BMT Nizamnaməsinin məqsəd və prinsiplə­rinə söykənən beynəlxalq düzənin əsas normalarına riayət edir, real çoxtərəfliliyə sadiqlik göstərir, habelə hegemonluğa və güc siyasətinə, insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiqinə, insan hüquqları­nın müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı çıxırlar. 

***

Deməli, birgə əməkdaşlıq birgə müqavimət də formalaşdırır ki, əsl tərəf­daşlıq da elə budur. Mövcud prizmadan yanaşsaq, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni münasibətlərdəki yüksək səviyyənin pik nöqtəsi kimi də dəyər­ləndirmək mümkündür. Ancaq onu da bildirək ki, sözügedən bəyannamə ilə yanaşı, ŞƏT-in Zirvə görüşü çərçivəsin­də Bakı–Pekin əməkdaşlığının iqtisadi spektri ilə əlaqədar digər sənədlər də imzalanıb. Bütün bunlar ölkəmizin bey­nəlxalq miqyasdakı nüfuzunun və çəkisi­nin daha da yüksəldiyini nümayiş etdirir. Bu isə öz növbəsində Prezident İlham Əliyevin yürütdüyü siyasətin, dövlətimi­zin başçısının şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür. 

Tam qətiyyətlə deyə bilərik ki, Pre­zident İlham Əliyevin Si Cinpin ilə görü­şü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qar­şılıqlı təmasları və dialoqu intensivləş­dirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq. 

Analitik qrup




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Daxili siyasət