USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Oskanyanın “siyasi şizofrenliyi”

Yaxud Ermənistanın keçmiş XİN rəhbərinin “5 dəqiqə” məntiqi


https://img.baki-baku.az/news/2024/07/photo_13185.jpg

Bu aralar yaşadığımız Cənubi Qafqaz coğrafiyasında havalar bu­ludlu, yağışlı keçir. Ermənistanda da güclü yağışlar yağır. Ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan isə obrazlı desək, ya­ğışdan sonra çıxmış göbələk kimi­dir. Bu qeydlərimizdə onun “News.am”ın “Güc faktoru” proqramında söylədiklərinə diqqət yetirəcəyik. Oskanyan bir çox şeyləri qarışdır­dığı, necə deyərlər, kəlləmayallaq anladığı üçün biz də borclu qal­mayıb, ilk növbədə onun ən sonda söylədiklərinə nəzər salaq.

Beləliklə, sabiq erməni XİN rəhbəri Azərbaycan və Ermənistan arasında ge­dən delimitasiya və demarkasiya ilə bağlı danışarkən bildirib ki, prosesin öz qanun­ları var, indi yaşananlar isə blefdir, bir növ, imitasiyadır. Onun sözlərinə görə, delimitasiya iki ölkə arasında diplomatik münasibətlər və sülh olduqda həyata ke­çirilir və bunun üçün beynəlxalq istinad nöqtələri olur. “Haqlı olaraq bizə aid ol­mayan və onlara verilməli olan sahələr varsa belə, danışıqlar yolu ilə hər zaman müxtəlif mübadilə variantları mümkündür. ATƏT-in təlimatlarında belə qeyd olunub. Bunu təkcə təzyiq altında deyil, normal sülh yarandıqda etmək olar. Biz isə ara­banı atdan qabağa qoymuşuq. Azərbay­canın bütün tələblərini yerinə yetirmək istəyirik ki, yalnız bundan sonra sülhə gedək. Bu, sülh deyil, kapitulyasiyadır”, –deyən V.Oskanyanın köhnə şakərində olduğu göz qabağındadır. Sanki, 44 gün­lük müharibə yaşanmayıb, Ermənistan acınacaqlı məğlubiyyətə uğramayıb. 

Əlbəttə, indiki durum Vardanın haqqında söz açdığı kapitulyasiya­dan qaynaqlanır. Keçmiş XİN rəhbəri, görəsən, vəziyyətdən xəbərdar deyil? Çox yaxşı xəbərdardır. Sadəcə olaraq, müəyyən revanşist-şovinist dairələrin və onların Ermənistandan kənardakı hamilə­rinin sifarişlərini yerinə yetirməkdədir. Öz aləmində, erməni xalqının hisslərinə təsir göstərməyi düşünür. Kapitulyasiya mən­tiqini qabardıb sıravi insanlarda ölkələri­nin alçaldıldığına dair rəy formalaşdırır ki, onlar ayağa qalxaraq iqtidarı devirsinlər. Ümumən, Oskanyanın dediklərinin hamı­sında bu iş üçün ideoloji baza hazırlamaq niyyəti var. 

Bəli, V.Oskanyan siyasi spekulyasiya ilə məşğuldur. Ancaq erməni xalqı real­lıqlardan yaxşı xəbərdardır. Yəni, sadə ermənilər 44 günlük müharibəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanatın, əslində, kapitulyasiya aktı mahiyyətinə bələddirlər. Ən əsası isə indi Oskanyan buna görə baş nazir Nikol Paşinyan iqtidarını ittiham edən ritorikaya üstünlük verirsə, müharibəyə görə özünü də günahlandırmalıdır. Axı bu məxluqun vaxtilə təmsil olunduğu komanda haki­miyyətdə qalsaydı, yenə savaş qaçılmaz idi. Çünki Azərbaycanın səbri tükənirdi və Oskanyanın “diplomatikliyi” heç nəyə yaramayacaqdı. 

Məsələn, 2016-cı ilin Aprel müharibə­sini xatırlayaq. O vaxt Azərbaycanın qar­şısı diplomatik yolla deyil, Ermənistanın Rusiyaya yalvarması ilə alındı. Nəzərə alaq ki, yalvarmağın da bir qaydası var və davamlı şəkildə ola bilməz. Nikol isə yalvarmadı, Qərbdəki ağalarına güvəndi, axırda yalvarmaq məcburiyyətində qaldı. Amma bu da bir faktdır ki, hazırda Ermə­nistan iqtidarının bəzi hərəkətləri onun dörd il əvvəl yaşananları, sanki, unutdu­ğu təəssüratını formalaşdırır... 

Ümumən, Ermənistan Qarabağı və digər ərazilərimizi öz gücü ilə tutmamış­dı. İllər ərzində davam etmiş işğal rəsmi İrəvanın diplomatik davranışının məhsu­lu deyildi. Yəni ki, V.Oskanyanın bu mə­nada deyəcək hansısa sözü olmamalıdır. Ancaq, çox arsız adam olduğundan, da­nışmağa üstünlük verir, susmur. Elə Nax­çıvana yol məsələsində sərsəmləyərkən də belə demək mümkünsə, arsız diplo­matiyasını işə salır. Deyir ki, sözügedən məsələ Qarabağda ermənilərin mövcud olduqları dövrün məhsuludur. 

Oskanyanın bildirdiyinə görə, Azər­baycan tərəfindən vaxtilə Naxçıvana yol məntiqi ona görə qaldırılmışdı ki, Laçın dəhlizi söhbəti var idi və guya, hazırda o söhbət sıradan çıxdığından, Naxçıvana yol da tələb kimi irəli sürülə bilməz. “Belə­liklə, güzgü vəziyyəti yaratmaq üçün (Azərbaycan) bu məsələni müzakirəyə çıxardı. İndi nə Qarabağ, nə də Qarabağ erməniləri var. Amma problem (Naxçıva­na maneəsiz yol – red.) danışıqlar masa­sında qalır. Məsələ ətrafında düşünməyə başlayanda, deyirlər (erməni iqtidarı nəzərdə tutulur - red) ki, mən nə edim, ABŞ-a bu lazımdır, Rusiyaya bu lazımdır, Türkiyəyə, İrana, Çinə, Hindistana lazım­dır, əlinizi yuxarı qaldıra bilərsiniz. Ancaq başa düşürsən ki, onlar heç bir səbəb olmadan ərazinizdən kiməsə yol vermək­dən danışırlar. Mübaliğə etmirəm, amma bu gün Ermənistanın xarici işlər naziri ol­saydım, beş dəqiqə ərzində bu məsələni gündəmdən çıxarardım. Mənə bir səbəb göstərə bilərsinizmi ki, niyə bu yoldan im­tina edək?”

Göründüyü kimi, V.Oskanyan bu fik­rini gündəmə gətirərkən də özünü darta­raq, guya, hansısa fövqəladə bacarığa sahibliyini iddia edir və spekulyasiya yo­lunu tutur. Əvvəla, üçtərəfli bəyanatın Er­mənistan tərəfindən yerinə yetirilməyən şərtlərindəki Qarabağ amili bölgənin Azərbaycana məxsusluğundan geri dur­maq deyildi. Yəni, rəsmi Bakı heç bir hal­da Naxçıvana yol məntiqini Laçın dəhlizi məntiqi ilə paralel tutmayıb. Məsələlərin hər birinin öz yeri olub. Ölkəmizin rəh­bərliyi hər zaman bildirib ki, Qarabağda ermənilər Azərbaycan yurisdiksiyası al­tında, vətəndaş olaraq yaşaya bilərlər. Bilavasitə Naxçıvana yola gəldikdə isə bu, həm Ermənistanın Azərbaycana otuz il ərzində yaşatdığı işğalın təzminatı­dır, həm tarixi ədalətin bərpasıdır, həm də ölkəmizin regional düzən üçün tək­lif etdiyi yeni iqtisadi layihədir. O layihə ki, bütövlükdə, dünya üçün önəmlidir. Oskanyan isə ayrı-ayrı ölkələrin adları­nı çəkir və başa düşmür ki, Ermənistan nə indi, nə də onun nazir olduğu dövrdə həmin ölkələrin iradəsinə qarşı çıxacaq gücdə olmayıb. Bir qədər də konkret ifa­də etsək, Vardan nazir postunu tutanda, ölkəsi Rusiyanın forpostu ampluasında idi. İndi də tamamilə Qərbin patronajlığı altına keçmək planları quraraq “dividend” götürməyi düşünür. 

Digər yandan, V.Oskanyan hələ də özünü Azərbaycanın regional lider, söz sahibi mövqeyini anlamamış kimi apa­rır. O, ölkəsinin müharibədən sonra da­nışıqların gündəliyini dəyişmək üçün bir çox imkanları əldən verdiyini bildirir. Görəsən, hansı imkanlardan söz açır? Məsələ burasındadır ki, Paşinyan iqtida­rı 44 günlük müharibədən sonra bütün mümkün vasitələrdən istifadə etdi ki, re­allıqları dəyişsin. Amma buna müyəssər ola bilmədi, çünki Azərbaycan qətiyyətli və prinsipial davrandı. 

Bəli, ölkəmizin qətiyyəti və prinsipi­allığı nəticəsində rəsmi İrəvanın qaldır­dığı Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsi puça çıxdı. Ermənis­tan rəhbərliyi bölgədəki separatçı rejimi saxlamaq üçün də cidd-cəhd göstərdi. Amma yenə istəyinə çata bilmədi. Belə olan halda Oskanyanın səsləndirdiyi bu fikirlər cəfəngiyyatdan başqa bir şey deyil: “Ancaq danışıqların gündəliyini dəyişmək mümkündür. Qarabağ ermə­nilərinin beynəlxalq zəmanətlə kollektiv şəkildə geri qaytarılması məsələsini gün­dəmə gətirmək tamamilə mümkündür. Uorlik (ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik nəzərdə tutu­lur – red.) son müsahibəsində deyib ki, Qarabağ ermənilərinin öz evlərinə qay­tarılmaları məsələsi sülh müqaviləsinin gündəliyinə daxil edilməlidir”.

Əvvəla, Uorlik kimdir ki, onun dilə gətirdiyi hansısa söz ciddiyyət immuni­teti qazansın? Bu adam canını tapşırmış strukturda vaxtilə təmsil olunmuş birisi­dir. O strukturda ki, heç nəyə yaramadı, erməni işğalını leqallaşdırmaq yolunu tutdu. İkincisi, görəsən, Oskanyan C.Uorlikin Fransanın Ermənistanı silah­landırmasının sülh prosesinə zərər vur­duğuna dair fikirləri ilə tanışdırmı? Yəni, keçmiş XİN rəhbəri rahat olsun ki, hər zaman günahlandırdığı Paşinyan iqtidarı ən pis erməni olmaq yarışından geri dur­mayıb. Yəni, necə ki keçmiş XİN rəhbəri sülh prosesini pozmağa girişib, eyni istək az və ya çox dərəcədə Nikol və koman­dasında da var. Bu mənada Oskanyan ona da arxayın olsun ki, hazırda dilə gə­tirdiyi bütün cəfəngiyyatları rəsmi İrəvan sınaqdan çıxarıb, yuxarıda da vurğuladı­ğımız kimi, istəyinə çatmağı bacarmayıb. Elə ona görə də müxbir Oskanyana Azər­baycanın prinsipiallığına söykənmiş sual verir. Soruşur ki, rəsmi Bakı, həqiqətən də, Qarabağ ermənilərinin qaytarılması­na razı olacaqmı? 

Erməni keçmiş XİN rəhbərinin hansı cavabı verdiyini diqqətə çatdırmazdan əvvəl təkrarlayaq ki, Azərbaycan Qara­bağ ermənilərinin bölgəni tərk etmələrini istəməyib. Bunu tez bir zamanda gerçək­ləşdirən Paşinyan iqtidarı olub. Ermənis­tan hakimiyyəti istəmişdi ki, onların böl­gədən, guya, zorla çıxarıldıqlarına dair beynəlxalq rəy formalaşdırsın və bu yolla Azərbaycana təzyiq göstərilsin. Məqsəd aydın idi – haqqında söz açdığımız bey­nəlxalq təminatı qazanmaq. Elə bir təmi­natı ki, Qarabağdakı erməni varlığına, faktiki olaraq, məxsusi status versin. 

Nikol və komandası belə fikirdə idi ki, Qarabağda ermənilərin Azərbaycanın qoyduğu şərtlərlə yaşamaları qeyri-müm­kündür. Həm də ona görə ki, bu şərtlər 1988-ci ildə ortaya atılmış “Miatsum” ide­yasını, yəni Qarabağın Ermənistana bir­ləşdirilməsi ambisiyasını mümkünsüzə çevirir, separatizm üçün fürsət tanımırdı. 

Bəli, məhz qeyd etdiyimiz məqamlara görə Qarabağda erməni qalmadı. Azər­baycan prosesin özünə qarşı yönəldiyi­ni, şübhəsiz, bilirdi. Ona görə də hazırda qayıdış şərtləri də dəyişib. Yəni, əvvəlki şərtlər işlək deyil. Bir halda ki, Ermənis­tan rəhbərliyində, ümumən ölkədə və dünya erməniliyində və onun xaricdəki havadarlarında Qarabağ ermənilərinin bölgəyə qayıdışını sülh müqaviləsinin tərkib hissəsinə çevirmək istəkləri var, o zaman 1988-1991-ci illərdə Ermənis­tandakı ata-baba yurdlarını tərk etmiş azərbaycanlıların da eyni qaydada evlə­rinə dönmələri məsələsi aktual olmalıdır. Azərbaycan rəhbərliyinin tələbi budur. Oskanyan isə nədənsə hesab edir ki, İrəvan tərəfindən sülh müqaviləsinə Qa­rabağ erməniləri ilə bağlı müddəa əlavə olunsa, Bakı bunun qarşılığında heç nə edə bilməyəcək. Sabiq XİN rəhbəri daha sonra bunları bildirir: “Azərbaycan hər gün yeni gündəm irəli sürür, amma biz müharibədən sonrakı danışıqlarda heç vaxt öz gündəmimizi diktə etməmi­şik. Bu problemdir. Məsələləri gündəliyə qoymalısınız, lakin onlar məntiqli, pro­ses üçün əlverişli olmalıdır ki, kənar mü­şahidəçilər dərhal rədd edə bilməsinlər. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı var. Avropa Parlamentinin bu ilin mart ayından başlayaraq qərarları var. On­larda deyilir: biz Azərbaycanı Qarabağ nümayəndələri ilə danışıqlar masası arxasına oturmağa, münaqişəni müza­kirə etməyə çağırırıq”.

Bəli, Oskanyan manipulyasiyaya yol verir. Əvvəla, Avropa Parlamentinin qərəzli, ermənipərəst qətnamələri yolve­rilməzdir. İkincisi, Azərbaycan Qarabağ nümayəndələrini danışıqlara dəvət et­mişdi, lakin onlar bundan boyun qaçır­mışdılar. Artıq, necə deyərlər, iş-işdən keçib. Zamanında Azərbaycanın danı­şıqlar çağırışlarına məhəl qoymaq lazım idi. Oskanyanın “diktə məntiqinə” gəlin­cə, görəsən, bu məxluq beyin qıcqırma­sının hansı həddindədir? Azərbaycanla, özü də diktə dilində danışmaq? Vardan, deyəsən, ağlını tam itirərək, siyasi şizof­renliyə keçib. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Əvəz RÜSTƏMOV