USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qurtuluşun dörd fəsli


https://img.baki-baku.az/news/2024/06/photo_12967.jpg

Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.

Ulu öndər Heydər ƏLİYEVİN Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışından 

İlin dörd fəsli olduğunu bilsəm də, otuz bir ilin neçə fəsli olduğunu hesablamağa maraq göstərməmişəm. Amma bu sətirləri qələmə alanda beynimdə belə bir fikir yarandı ki, xalqımıza möhtəşəm qurtuluş bəxş edən məlum qərarın qəbul edilməsindən keçən dövrün də elə dördcə fəsli olub. 

Birinci fəsli qış idi – ölkəmiz xaos, anarxiya, hərc-mərclik, vətəndaş müharibəsi məngənəsində qalmışdı. Ulu öndərin Naxçıvanda – neft lampasının işığı fonunda çəkilmiş fotosu Qurtuluşdan əvvəlki dövrə aid olsa da, əslində, Qurtuluşun qış fəslini daha çox xarakterizə edirdi.                                                                                                              

İkinci fəsil yaz idi  – cəbhədə atəşkəs elan edilmiş, “Əsrin müqaviləsi” imzalanmış, Yeni Konstitusiya qəbul olunmuş, ilk milli parlament seçilmiş, Azərbaycan Ordusu Horadiz əməliyyatında Ermənistana öz gücünü göstərmiş, ATƏT-in Lissabon Sammitində dünyanın əksər güc mərkəzlərinin dəstəklədiyi Ermənistan Heydər Əliyev qətiyyətinin qarşısında aciz qalmış, Azərbaycan xalqı ikinci dəfə Heydər Əliyevə etimad göstərmiş, o isə öz siyasi varisini elan edərək xalqımızı İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırmışdı. Yəni, Qurtuluşumuzdan keçən ilk on il cəmi iki fəsli – qışla yazı əhatə edə bilmişdi.              

Üçüncü fəsil – yay isə təxminən 17 il çəkdi. Həmin dövr daha çox qızmar yayı xatırladan   qaynar tərəqqi, inkişaf mərhələsi  kimi yadda qalsa da, eyni zamanda, odlu-atəşli  ictimai-siyasi proseslərlə də zəngin oldu. Prezident İlham Əliyevin ardıcıl və prinsipiallıqla həyata keçirdiyi plan, proqram və layihələr Azərbaycanın müasir tarixinə yüzlərlə əlamətdar gün, unudulmaz hadisə və qürurverici faktlar əlavə etdi. Rəsmi Bakı gah beynəlxalq güc mərkəzlərinin (ABŞ – Rusiya və NATO – Rusiya) müzakirələr mərkəzinə çevrildi, gah da sivilizasiyalararası dialoqların keçirildiyi paytaxta.                                                                                                        

Azərbaycan vətəndaşı gah ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə sevindi, gah da dövlətimizin beynəlxalq “Kosmik ailənin” üzvü olmasına. Ölkəmiz gah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ( TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi istiqamətində uzaqmənzilli siyasi strategiyanın reallaşdırılması istiqamətində addımlarını sıxlaşdırdı, gah da Qoşulmama Hərəkatına sədrliyi dövründə bu qurumun instutisional müasirləşdirilməsini, yeni siyasi güc mərkəzinə çevrilməsini təmin etdi.                

Ancaq bu fəsli odlu-atəşli edən Aprel döyüşləri, Tovuz hadisələri və 44 günlük İkinci Qarabağ müharibəsi bizi ulu öndərin ruhu önündə daha üzüağ elədi. Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi təkcə işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediməsi ilə yadda qalmadı. Azərbaycan Ordusu düşmənin silahlı qüvvələrini darmadağın etdi, Ermənistan iqtisadiyyatı çökdürüldü, işğalçı qoşunların 25 faizi fərarilik etməyi xilas yolu kimi gördü, Xocalı qatilləri rəzil edildi, qədim Azərbaycan torpaqlarında yaradılmış separatçı dövlətin rəhbərləri  “özünü byraxıb”  döyüş meydanından qaçdı, separatçıların rəhbərlərinin bəzilərinin qulağından tutub Bakıya gətirildi və sairə. Bütün bunlar Heydər Əliyev siyasi kursunun qələbəsi idi.                                                                                         

Qurtuluşumuzun dördüncü fəsli – payız üzümüzə elə payızda güldü. Biz siyasət meydanında ( tarlasında) 1993-cü ilin yayından bəri əkib-becərdiklərimizin məhsulunu 2020-ci ilin payız fəslinin son ayında yığıb-yığışdırmağa başladıq. Düşmən həmin payızda təslimolma sənədinə imza ataraq əsrlərdən bəri yaradılmış miflərin heç-puç olduğunu təsdiq etdi və Azərbaycan o günlərdən etibarən – artıq dörd ilə yaxındır ki, siyasi mübarizənin, diplomatik mücadilənin və hərbi müdaxilənin bar-bəhərini toplamaqla məşğuldur.                             

Həmin bar-bəhərin siyahısına üç böyük hava limanı, “ağıllı” kənd və şəhərlər, misli-bərabəri olmayan bərpa-quruculuq işləri, ucu-bucağı görünməyən yol infrastrukturu, çoxsaylı qayıdış karvanları, Şuşada keçirilən beynəlxalq və yerli tədbirlər, eləcə də Azərbaycan və Türkiyə prezidentlərinin məhz Şuşada imzaladığı  Şuşa Bəyannaməsi daxildir. Bütün bunlar xalqımıza nicat, milli dövlətçiliyimizə Qurtuluş bəxş etmiş ulu öndəərin ruhunu nə qədər şad edirsə, bir Allah bilir.               

... Moskvada onun siyasi müdrikliyini, idarəetmədəki təcrübəsini, beynəlxalq aləmdəki nüfuzunu, ən başlıcası, Azərbaycan sevgisini və türk təəssübkeşliyini alqışlayanlar da var idi, dəstəkləyənlər də, bundan hürkən, qorxan, narahat olanlar da. Türk kölgəsini qılınclayanlar  bu böyük Azərbaycan sərkərdəsinin uzun illər sədaqətlə xidmət etdiyi dövlətin paytaxtında  ev dustağı kimi yaşamasına nail olmuşdular. Ancaq unutmuşdular ki, o, Heydər Əliyev idi, onu dustaq kimi saxlamaq mümkün deyildi.                                                                      

Bəli, Heydər Əliyev Kremlin labirintlərindən sağ –salamat çıxdığı kimi, Mixail Qorbaçovun “məngənəsindən” də böyük ustalıqla qurtararaq, azadlıq eşqi ilə yanan xalqının yanına qayıtmağı bacardı. Ancaq Bakıdakı bədxahlar Heydər Əliyevin kölgəsindən qorxmaqda SSRİ prezidentindən çox da fərqlənmirdilər. Ona görə də Moskvadan Vətənə qayıtmış liderin təxminən otuz il çalışdığı, 1969-1982-ci ildə az qala başdan-başa yenidən qurduğu, abadlaşdırdığı Bakıda yaşamasına imkan vermədilər. Bu, az imiş kimi, Naxçıvanda da onun fiziki cəhətdən yox edilməsinə  çalışdılar.                         

... Qərəz, Heydər Əliyev Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi qısa müddətdə  çox şeyə, xüsusən, muxtar respublikanın torpaqlarına göz dikən düşmənin  qarşısını aldı, rus hərbçilərinin Muxtar Respublikadan çıxarılmasına təmin etdi, Azərbaycanla Türkiyə arasında “Ümid körpüsü” yaradılmasının təşəbbüskarı oldu, şəxsi nüfuzundan istifadə edərək İran İslam Respublikası ilə ticari-iqtisadi münasibətlər yaratdı və nəticədə Naxçıvana qurtuluş, nicat gətirdi. Bütün bunları yaxşı görən və lazımınca qiymətləndirməyi bacaran Azərbaycan ziyalıları Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini, problemlər girdabında çapalayan respublikanın xilas edilməsində iştirakını istədilər.                                          

... Gəldi. Onun ölkə paytaxtına 9 iyun 1993-cü il tarixli qayıdışı xalqın sönməkdə olan ümidlərinin üstünə səpələnən yaz yağışı oldusa, Milli Məclisin 15 iyun tarixli sessiyasının qərarı gənc müstəqil dövlətimizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi yadda qaldı.                                                        

Həmin məqamı daha yaddaqalan edən faktlardan biri də o idi ki, cəmi il yarım əvvəl Heydər Əliyevin Bakıda yaşamasına razı olmayan AXC-Müsavat iqtidarı indi acizanə şəkildə xahiş edirdi ki, Ulu öndər gəlib ölkəni vətəndaş müharibəsindən qurtarsın.                                

Deputatlar həmin il iyunun 15-də Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər. Böyük dövlət xadimi adı çəkilən iclasda bu etimada cavab olaraq xatırlatdı ki,  Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.             

Dedi və etdi. Birmənalı şəkildə söyləyə bilərik ki, Prezident İlham Əliyevin son 21 ildəki bütün uğurlarının təməlində Heydər Əliyev siyasi kursunun sədaqətlə davam etdirilməsi dayanır. 

Azərbaycanın 1993-2003-cü ildəki uğurlarını gözü götürməyənlər deyirdilər ki, Heydər Əliyevin fəxr etdiyi arəşkəs torpaqlarımızın düşmən əlində qalmasına şərait yaratdı. Anlamırdılar ki, həmin atəşkəs Azərbaycan Ordusunun yenidən qurulmasına və möhkəmləndirilməsinə bugünkü nəticələrin qazanılmasına hazırlıq məqsədi güdürdü.  İlham Əliyev Prezident seçiləndə isə “valın o biri üzünü” oxudurdular: “ Heydər Əliyevin qaytara bilmədiyi torpaqları İlham Əliyev necə qaytaracaq?” Azərbaycan Prezidenti həmin gerizəkalıların dayaz suallarına sözlə yox, əməllə, konkret nəticələrlə cavab verdi.                                                                

Azərbaycan Ordusunun 2020-ci ilin payızındakı uğurlarını gözü götürməyənlər yeni bayatılar quraşdırmağa başlamışdılar: “Biz Xankəndiyə, Xocalıya gedə bilmiriksə, bunun harası Zəfərdir?” Prezident İlham Əliyev sonrakı qətiyyətli addımları ilə Zəfərin nə demək olduğunu da onlara başa saldı. Ancaq cənab Prezident heç bir addımını kiməsə nəyisə başa salmaq üçün deyil, xalqa xidmət, milli dövlətçiliyə sədaqət və Heydər Əliyev siyasi kursunun davam etdirilməsi naminə atır. 

Prezident İlham Əliyev ötən il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın açılış tədbirində demişdir: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir...  10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”.                                   

Bəli, ulu öndərin siyasi fəaliyyətinin bütün dövrləri Azərbaycan xalqına və milli dövlətçiliyimizə xidmətlə keçmişdir. Ancaq bu sətirlər Qurtuluşun növbəti ildönümünə həsr edildiyinə görə yazını elə yuxarıda qeyd etdiyimiz arqumentlə yekunlaşdırmaq istəyirik: 

Biz tarixi Qurtuluşun bütün ildönümlərini ulu öndərin adına layiq uğurlarla qeyd etmişik. Builki ildönümü isə daha möhtəşəm nailiyyətlərlə yadda qalır. Üzün daim ağ olsun, Azərbaycan! 

İttifaq MİRZƏBƏYLİ 




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İttifaq MİRZƏBƏYLİ