USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransanın məkri sərhəd tanımır

AZƏRTAC əməkdaşının fəaliyyətinin məhdudlaşdırılmasına cəhd söz azadlığına düşmən münasibətin nümunəsidir


https://img.baki-baku.az/news/2024/06/photo_12961.jpg

Fransanın azad sözə qarşı təzyiqləri davam edir. Bu dəfə də təzyiqin hədəfi Azərbaycan jurnalistidir. Parisin sifarişi əsasında AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovanın Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirakının qarşısını almaq cəhdi qeydə alınıb. Buna nə deyəsən? Azərbaycan Mətbuat Şurasının bəyanatında bildirildiyi kimi, belə hərəkət hüquq normalarını pozmaq, söz və ifadə azadlığını məhdudlaşdırmaq istəyidir. Heç şübhəsiz, bu insident ölkəmizə qarşı aşkar qərəzdən qaynaqlanır. 

Əvvəla, onu deyək ki, A.Həsənovanın Bonn şəhərinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə qatılması təmin edilib. Çünki media təmsilçisinin çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədləri qaydasında olub. Nəticədə Azərbaycanın Almaniyadakı səfirliyinin və UNFCCC Katibliyinin səyləri ilə Almaniyanın rəsmi qurumları Fransanın tələbinin əsassız olduğunu görüblər. Ancaq fakt faktlığında qalır. 

Bəli, Fransa azad sözə dözümsüz yanaşmasını bir daha ortaya qoydu. Nəzərə alaq ki, belə yanaşmalar əvvəllər də qeydə alınıb. Məsələn, ötən ilin dekabrında Fransa mediasında AZƏRTAC-ın əməkdaşlarına qarşı qarayaxma kampaniyası aparılmışdı. O boyda dövlət olasan, demokratik ənənələrinlə öyünüb döşünə döyəsən, belə yaramaz qərar verəsən! Lakin Parisin rəzil və miskin hərəkətləri bununla bitmir.

Yada salaq ki, haqqında söz açdığımız hadisədən bir həftə əvvəl jurnalist A.Həsənova fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin nalayiq, qəddar rəftarı, qanunsuz davranışı ilə üzləşmişdi. Şengen vizasının olmasına baxmayaraq, ona qarşı əsassız tələblər irəli sürülmüş, həbslə hədələnmiş və təyyarə ilə üçüncü ölkəyə – Sinqapura yola salınmışdır. Ən pisi isə budur ki, bu özbaşınalığı törədənlər Sinqapura da xəbər vermiş və A.Həsənovanı orada da “arzuolunmaz şəxs” kimi təqdim etməyə çalışmışdılar. Əlbəttə, istəklərinə nail ola bilməmişdilər. 

Qeyd edək ki, azərbaycanlı media təmsilçisinin indi Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirakı kimi, o zaman Yeni Kaledoniyaya səfərində də heç bir yolverilməzlik yox, ciddi ictimai motiv var idi. XXI əsrdə bir ölkə müstəmləkəçilik siyasəti yeridirsə, jurnalist məsələyə maraq göstərməlidir. Eləcə də müstəmləkəçiliklə üzləşmiş xalqın milli azadlıq mübarizəsini işıqlandırmağa çalışmalıdır. Həmin vaxt Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi hadisə ilə bağlı etiraz bəyanatı yayaraq, məsələyə dünya mediasının diqqətini cəlb etmişdilər. 

Bəli, ötən il AZƏRTAC-ın əməkdaşlarına qarşı qarayaxma kampaniyasına rəvac verilməsi etik qaydalara və dəyərlərə zidd davranış idi. Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştiraka yol verilməmək cəhdi də Fransanın media dəyərlərinə, azad sözə dözümsüz münasibətidir. Azərbaycan Mətbuat Şurası bəyanatında bildirib ki, Fransanın jurnalist fəaliyyətini məhdudlaşdırmaq cəhdi, eyni zamanda, demokratizmi, bəşəri prinsipləri heçə saymaqdır: “Təəssüf ki, ölkə hakimiyyətində bu barədə düşünən yoxdur”. 

Əlbəttə, dünyanın media ictimaiyyəti, aparıcı jurnalist təşkilatları AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı yolverilməz hərəkətə biganə qalmamalıdırlar. Mətbuat Şurasının bəyanatında da bununla bağlı motiv var. Şuranın mövqeyi ondan ibarətdir ki, Avropanın mərkəzində jurnalistə qarşı belə siyasi yanaşmanın tətbiqi cəhdinin mənfi presedent yarada bilmə ehtimalı böyükdür: “Ona görə də bu cür halların təkrarlanmaması naminə müqavimət formalaşdırılmalıdır”. 

Bəs Avropanın və dünyanın mütərəqqi çevrələri duruma, Fransanın söz azadlığına qarşı basqısına sərt münasibət göstərəcəklərmi? Bununla bağlı tutarlı ictimai qınaq formalaşacaqmı? Təəssüf ki, belə bir presedent heç vaxt qeydə alınmayıb. Nə vaxt ki, Avropanın mərkəzində söz azadlığına təzyiq halları baş verir, sanki qurbağa gölünə daş atılır və heç kəs bunu görmür. Azərbaycanda və ya digər ölkələrdə media təmsilçisi təsadüfən insidentlə üzləşdikdə isə məsələ dərhal söz və ifadə azadlığı kontekstində dəyərləndirilir, kimlərsə ortaya düşüb ağzıköpüklü fikirlər səsləndirir, bəyanatlar bir-birini əvəzləyir. Bu cür yanaşma onu göstərir ki, dünyada söz və ifadə azadlığına dair məsələlərin qabardılması siyasi manipulyasiyadan başqa bir şey deyil və ikili standartlar siyasətinin tərkib hissəsidir. Çox təəssüf ki, durumun dəyişəcəyinə də heç bir ümid yoxdur. 

Ə.RÜSTƏMOV
XQ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Əvəz RÜSTƏMOV