USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanda ara qarışdı


https://img.baki-baku.az/news/2024/06/photo_12960.jpg

Erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının üzvləri dünən də gecəni İrəvanın mərkəzindəki Baqramyan prospektində keçiriblər. Etirazçılar ardıcıl üç gündür bağlı olan prospektdə gecə tonqallar qalayıb, çadırlar ətrafında əyləşərək müzakirələr aparıblar. Həmçinin, onlar gecə əsas küçədə quraşdırılan monitorda filmə baxıblar. Yeni günə isə keşişin dua oxuması ilə başlayıblar.

Qeyd edək ki, iyunun 11-də tərəfdarları qarşısında çıxış edən B.Qalstanyan demişdi: “Biz dedik ki, məsələni 96 saat ərzində həll edəcəyik, onlarla üzlüşəcəyik. Sabah səhər müxtəlif yerlərdə aksiyalar keçirəcəyik, bu gecə isə kütləvi şəkildə burada qalacağıq. İyunun 12-də çox insanın burada olması bizim üçün son dərəcə vacibdir, çünki təyin etdiyimiz 96 saat bitəcək. Amma, mən indi nə edəcəyimizi açıqlamayacam”.

Dünən səhər isə Baqrat “Facebook”da canlı yayım açaraq hayları iyunun 12-də, saat 15:00-da Baqramyan prospektində gözlədiyini bildirib. Prospektdəki vəziyyəti canlı efirdə təqdim edən keşiş yenə də xalqı aldatmaq yolunu tutaraq, qələbəyə çox yaxın olduqlarını iddia edib: “Bu gün son dərəcə vacib gündür. İstəsəniz, çox çətin və əlamətdar gün də adlandıra bilərsiniz. Saat 15:00-da biz böyük sayda toplaşmalıyıq, çünki deyəcək sözümüz və edəcək işimiz var. Bu adamlar bizim tələbimizi rədd etdilər. Biz də bu insanları işsiz qoymalıyıq. Hamınızı gözləyirəm. Ruhunda dəyişikliyə ehtiyac duyanlara müraciət edirəm: burada olmaq, son və həlledici sözü söyləmək lazımdır”.

Günortadan sonra vətəndaşlar keşişin çağırışı ilə İrəvanın mərkəzində, Baqramyan prospektində, Ermənistan parlamentinin binası yaxınlığında toplaşmağa başlayıblar. Eyni vaxtda qanunverici orqanın binasına qalxan və dəbilqəli yüzlərlə polis də gəlib. Polislər özləri ilə parlament binasına tikanlı məftillər də gətiriblər.

Radikalların parlament binası yaxınlığına toplaşmaları təsadüfi deyil. Məsələ ondadır ki, dünən saat 16:30-da parlamentdə baş nazir Nikol Paşinyanın iştirak edəcəyi hökumət saatı keçiriləcəkdi. Paşinyan səhər saatlarından etibarən Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirə olunduğu üçün parlamentdə idi.

Baş nazirin parlamentə gəlişi səbəbindən Ermənistan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. “Nyus.am” xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları həm deputat yerlərini yoxlayıb, həm də tribuna üzərindəki su şüşələrini toplayıblar. Bundan başqa, onlar parlamentdəki stulları da diqqətlə yoxlayıblar. Jurnalistlərə isə iclas başlananadək zala buraxılmayacaqları deyilib.

Ermənistan milli təhlükəsizlik xidməti isə “Vətən naminə Tavuş” hərəkatının tərəfdarlarına xəbərdarlıq edib. Xidmət hərəkatın tərəfdarlarını qanunvericiliyin tələblərinə riayət etməyə və ictimai asayişin pozulmasına yol verməməyə çağırıb. Bu barədə çağırış qurumun saytında yerləşdirilib. Məlumatda istənilən qanun pozuntusunun qarşısının bütün qanuni üsullardan istifadə etməklə alınacağı bildirilib.

Paşinyan özü isə etiraz aksiyaları fonunda müxalifətin parlament binasının qarşısında təxribat törədəcəyini istisna etməyib. Hökumət başçısı jurnalistlərə açıqlamasında təhlükəsizlik tədbirlərini məhz bununla əsaslandırıb: “Əgər polis və milli təhlükəsizlik xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirirsə, deməli onların əlində bəzi qrupların burada təxribat törədəcəyinə dair informasiya var”.

Baş nazir parlamentin binası qarşısına çoxsaylı polis qüvvələrinin toplaşması ilə bağlı açıqlamasında isə bunun dövlət binalarının, eləcə də dinc toplantıların iştirakçılarının hüquqlarının qorunması üçün adi prosedur olduğunu deyib.

Nikol onu da bildirib ki, erməni xalqı hökuməti dəyişmək istəsə, bunu edəcək: “Görünür, müxalifət özü hökumətin istefası ilə bağlı çağırışın müzakirəsində iştirak etməyib”.

“Vətən naminə Tavuş” hərəkatının nümayəndəsi, “Daşnaksütyun” partiyasının və Robert Koçaryanın parlamentdəki “Hayastan” fraksiyasının üzvü, son günlərdə xeyli canfəşanlıq edən Qarnik Danielyan isə dünən jurnalistlərlə söhbətində deyib: “Polis canlı yayımları izləyir və etirazların qarşısını alır. Hakimiyyət böyük qüvvə cəmləşdirib və bizim planlarımızı pozmağa çalışır. Onları hətta, bizə düşmən olan dövlətlər də dəstəkləyirlər (?), təəssüf ki, onların burada agentura şəbəkəsi var”.

Günortadan sonra Ermənistan polisi “Vətən naminə Tavuş”un parlament binasının qarşısındakı aksiyasına toplaşanları saxlamağa başlayıb. İrəvan polisi 42 nəfərin saxlanıldığını açıqlayıb. Onlar polisin qanuni tələblərinə tabe olmamaqda təqsirləndiriliblər.

Radikallara Ermənistan cəmiyyətinin böyük əksəriyyətinin dəstək vermədiyinə baxmayaraq, onların aksiyalarının intensivliyinin artması hakimiyyətə istər-istəməz çətinlik törədir. Bir sıra xarici ekspertlər hesab edirlər ki, xarici tərəfdaşları Paşinyana dəstək mesajları verməlidirlər. Məsələn, Xarici Əlaqələr üzrə Avropa Şurasının (ECFR) “Genişlənmiş Avropa” proqramının direktoru Mari Dyumulenin fikrincə, Paşinyan Avropa İttifaqının (Aİ) dəstəyi olmadan, necə deyərlər, sağ qala bilməz.

Dyumulen hesab edir ki, Aİ öz mövqelərini gücləndirmək üçün Nikol Paşinyan hökumətinə açıq dəstək siqnalları göndərməlidir: “Paşinyan erməni cəmiyyəti arasında populyar olmayan kompromislərə getməli oldu. Nə qədər ki, İrəvanın Bakı ilə danışıqlarda mövqeyi möhkəmlənməyib, sabitliyi pozan etiraz aksiyaları daha da güclənə və zorakılığa çevrilə bilər. Bu, Paşinyanın daxili islahat gündəmini həyata keçirmək və Azərbaycanla sülh müqaviləsi üzrə danışıqları davam etdirmək imkanlarına xələl gətirəcək”.

Onun sözlərinə görə, erməni biznesi və sənayesi üçün nəzərdə tutulan 270 milyon avroluq proqram düzgün istiqamətdə atılan addımdır, lakin Macarıstan Aİ-nin Ermənistana öldürücü olmayan silahların tədarükü üçün Avropa Sülh Fondundan istifadə etmək səylərini əngəlləyib: “Avropalı siyasətçilər Azərbaycanla münasibətlərdəki fikir ayrılıqlarını aradan qaldırmağa çalışmalıdırlar. Azərbaycan Aİ-nin bir sıra üzv dövlətlərinin mühüm ticarət və enerji tərəfdaşıdır və “Orta dəhliz” təşəbbüsündə mühüm “oyunçu”dur. Eyni zamanda, Aİ Azərbaycana qarşı təsir vasitələrindən, o cümlədən Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi konfransına (COP29) hazırlıq zamanı, danışıqlarda daha balanslı vəziyyətə nail olmağa çalışmaqdan çəkinməlidir ki, bu da Ermənistana daha güclü qonşusu ilə təkbətək danışıq aparmağa imkan verəcək”.

Bu arada “Armenian Report” saytında yerləşdirilmiş “Parlament müxalifəti və seçki kabusu” sərlövhəli analitik yazı diqqəti cəlb edir. Qeyd edilir ki, son günlər ölkədə növbədənkənar parlament seçkiləri mövzusu aktuallaşıb. Bəzi media orqanları isə N.Paşinyanın özünün bu il növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırdığını və müvafiq qərarın bir neçə gün əvvəl hakim “Mülki müqavilə” partiyasının iclası zamanı verildiyini yazmaqla yanan ocağa yağ töküblər: “Qəribədir, həmin media orqanları hökumətdəki mənbələrinə istinadən izah ediblər ki, Paşinyan bununla müxalifət partiyalarının parlamentdəki yerlərinin sayını azaltmaq istəyir və növbədənkənar seçkilər, guya, siyasi meydanı gözlənilməz şəkildə ələ keçirəcək və yeni müxalifət qüvvəsinin yetişməsinə imkan verməyəcək. Lakin parlamentin vitse-spikeri Ruben Rubinyan iyunun 11-də jurnalistlərə bildirib ki, Ermənistan seçki mexanizminin olduğu demokratik ölkədir. Sivil dünya seçkiləri ona görə icad edib ki, insanlar küçələrə çıxmasınlar və kimsə soruşmasın ki, hakimiyyəti dəyişmək üçün nə qədər adam kifayətdir. İnsanlar sivil şəkildə seçki məntəqələrinə gedib, səs versinlər və buna uyğun hakimiyyət formalaşsın. Rubinyan onu da deyib ki, 2018-ci ildən bəri keçirilən heç bir seçki şəffaflıq və ədalətlilik baxımından mübahisələndirilməyib”.

Yazıda bildirilir ki, bir neçə gün əvvəl səhiyyə naziri Anait Avanesyan da dolayısı ilə hakimiyyətin yeni seçkilər planlaşdırmadığını təsdiqləyib. “Seçkilər xalqın hakimiyyətin uğur qazanıb-qazanmadığını dəyərləndirdiyi mexanizmdir. 2026-cı il seçkiləri gələcək və xalqımız öz qiymətini verəcək” – deyə Avanesyan qeyd edib.

Lakin növbədənkənar seçkilərlə bağlı mətbuatda dolaşan şayiələr müxalifəti çaşdırıb və radikallar dərhal absurd tələblər irəli sürməyə başlayıblar. Deyiblər ki, Paşinyan seçki dövründə baş nazir vəzifəsinin icraçısı kimi qalmasa, bu seçkilərdə iştirak etməyə hazırdırlar. Bu barədə Koçaryanın “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərlə söhbətində bildirib: “Nikol Paşinyan istefa verdiyini və baş nazir səlahiyyətlərini icra etməyəcəyini bildirməlidir”.

Qeyd olunub ki, bu, kifayət qədər absurd tələbdir: “Bu, şübhəsiz ki, bir tərəfdən müxalifətin yeni seçkilərdən qorxduğunu göstərir, digər tərəfdən də cəmiyyəti müxalifətin mandatlardan möhkəm yapışdığına inandırır. Və həqiqətən də belədir. Baxın, 2020-ci ildən bəri Koçaryan, Sarkisyan və erməni apostol kilsəsinin Paşinyanı küçə etirazları ilə devirmək cəhdləri uğursuz nəticələnib. Parlament müxalifəti də hökumətə impiçment elan etmək cəhdlərində uğursuzluğa düçar oldu. Onların bütün hərəkətləri sıfır nəticə verdi. Bu, başa düşüləndir – ölkədə indiki hakimiyyəti nəinki istefaya, heç müxalifətlə dialoqa getməyə məcbur edəcək güclü ictimai təzyiq yoxdur. Robik, Serjik və kilsə bunu başa düşürlər. Onlar çox yaxşı xatırlayırlar ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə cəmi 36 mandat qazana bildilər. Paşinyanın partiyası isə 44 günlük müharibədə məğlubiyyətdən sonra belə, 54 faiz səs və ya parlamentdə 72 yer qazandı. Buna müvafiq olaraq, Paşinyan parlamentdə istənilən qanunu qəbul edə bilər və heç bir şəkildə öz hərəkətlərini məhdudlaşdırmır, birləşmiş müxalifət isə hakimiyyətə təsir etmək üçün heç bir alətə malik deyil”.

Müəllif əmin olduğunu bildirir ki, əgər gələn bazar günü növbədənkənar seçkilər keçirilsə, “Ermənistan” və “Şərəfim var” daha az səs alacaq.

Onu da bildirək ki, erməni apostol kilsəsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Acapaxyan dünən maraqlı açıqlama ilə çıxış edib. O, Ermənistandakı etiraz aksiyalarını kilsənin deyil, Baqrat “srbazan”ın hərəkatı adlandırıb: “Bu hərəkatı bəzi din xadimləri dəstəkləyir, bəziləri bitərəf qalır, bəziləri isə xoş qarşılamır. Deməli, bu, kilsənin hərəkatı deyil”.

Ancaq Paşinyana yaxın media orqanları bunu blef kimi qiymətləndirirlər. Onlar qeyd edirlər ki, gözlənildiyi kimi, Baqratın “siyasi ölümündən” bir neçə saat əvvəl kilsə “srbazan”la əlaqələri kəsməyə çalışır. II Qareginin və kilsənin hərəkata heç bir aidiyyəti olmadığını iddia edir və bununla da bütün məsuliyyəti Baqratın üzərinə atmağa çalışırlar. Bu blef, əlbəttə ki, keçməyəcək. İstər II Qaregin, istərsə də bu prosesi təhrik edən digər qondarma ruhanilər bişirdikləri “sıyığı” son qaşığınadək yemək məcburiyyətində qalacaqlar. Baqratdan imtina onları xilas etməyəcək.

Axşama doğru İrəvanın mərkəzindəki Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində vəziyyət gərginləşib. Parlamentin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Keşişin tərəfdarları qanunverici orqanın binası yaxınlığında polislərin müdafiə səddini yarmağa çalışıblar. Polis isə etirazçıları xüsusi vasitələrin və fiziki gücün tətbiqi ilə hədələyib. Onlar qadın və uşaqları ərazini tərk etməyə çağırıblar, çünki xüsusi vasitələrdən istifadə oluna bilər. Bu zaman etirazçılar asayiş keşikçilərinə butulka atıblar. Polis rezin dəyənəklərdən istifadə edib. Baqrat etirazçıları parlamentin binasına giriş-çıxışı bağlamağa çağırıb ki, baş nazir oranı tərk edə bilməsin.

Buna paralel olaraq parlament binası daxilində də vəziyyət gərginləşib. Baş nazir müxalifət deputatlarına cavab verərkən qışqırmağa başlayıb, qollarını yelləyərək bəyan edib ki, müxalifətin məqsədi Ermənistanı yeparxiyaya çevirməkdir. “Sizin üçün Qarabağ əhalisi mitinqlər üçün materialdır” – deyə Paşinyan əsəbi şəkildə bildirib. Onun bu cavabı hakim fraksiyanın deputatları tərəfindən alqışla qarşılanıb.

Ermənistan paytaxtında gərginlik günün sonunadək davam edib.

Səxavət HƏMİD




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Səxavət HƏMİD