USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qafqaz zəhərli separatizmdən xilas edilməlidir

Azərbaycanın bununla bağlı mövqeyinə keçmişin izi ilə sözardı


https://img.baki-baku.az/news/2024/06/photo_12926.jpg

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”. Bəli, Azərbaycan dövlətinin mövqeyi belədir və həmişə də bu cür olub. Qafqazda separatizmin kökü birmə­nalı şəkildə kəsilməlidir. Arxasında hansı qüvvənin dayanmasından asılı olma­yaraq, bölgə dövlətlərinin ərazi bütövlüklərini və suverenliklərini təhdid altına alan heç bir təmayül qalmamalıdır. 

Ölkəmiz öz ərazisindəki separatizmin kökünü kürüyüb tarixin arxivinə atdı. İna­nırıq ki, qonşu Gürcüstan üçün də belə bir şans yaranacaq. Ancaq indi vəziyyət başqadır və hazırda ölkənin Cənubi Ose­tiya və Abxaziya bölgəsində separatizm ocaqları qalmaqdadır. Tsxinvalidə keçiril­miş “parlament seçkiləri” isə mövzunun aktuallığını bir daha göstərməkdədir. Mövzu həm də ona görə aktualdır ki, ona diqqət yetirəndə Azərbaycanın başına gətirilmiş bəlalarla oxşarlıq görmək müm­kündür. Axı bir vaxtlar hazırda canını tap­şırmış separatçı “Dağlıq Qarabağ Res­publikası”nda da “seçkilər” keçirilərdi...

Qeyd edək ki, müstəqillik illərində Gür­cüstandakı münaqişələr 2004-cü ilə qə­dər aktiv fazaya daxil olmamışdı. Həmin il ölkədə “Qızılgül inqilabı” nəticəsində ha­kimiyyətə gəlmiş Mixeil Saakaşvili bildirdi ki, Cənubi Osetiyanı və Abxaziyanı yeni­dən Gürcüstanın nəzarəti altına qaytar­maq onun prioritet vəzifəsidir. Saakaşvili 2004-cü ildə Acarıstandakı separatizm tə­mayülünü yenməsindən, Aslan Abaşidze problemini aradan qaldırmasından sonra ümidvar idi ki, eyni durum Cənubi Osetiya və Abxaziya üçün də keçərli olacaq. Gür­cüstan hökuməti Cənubi Osetiyada olan qaçaqmalçılığa qarşı mübarizəyə başladı da. Ancaq buna qədər olan bir tarix var. 

***

1918-ci ildə Şida Kartlidə məskun­laşmış və bolşevizm hərəkatından ruh­lanaraq öz əkib-becərdikləri torpaqların özlərinə məxsus olduğunu iddia edən torpaqsız osetin kəndlilərlə menşevik hökuməti tərəfindən dəstəklənən, bu tor­paqların qanuni sahibi olan gürcü aris­tokratları arasında münaqişə başlandı. Əvvəllər də osetinlər mərkəzi hökumətin iqtisadi siyasətindən narazı idilər. Tərəf­lər arasındakı narazılıqlar tezliklə etnik münaqişəyə çevrildi. Osetinlər 1919 və 1920-ci illərdə baş vermiş üsyanlarda Sovet Rusiyası tərəfindən dəstəklənsələr də, məğlub oldular.

Müstəqil Gürcüstan Demokratik Res­publikası Qırmızı Ordu tərəfindən işğal olunduqdan və ölkədə sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə Gürcüs­tan SSR-in tərkibində Cənubi Osetiya Muxtar Vilayəti yaradıldı. Halbuki, rus iş­ğalına qədər regionda heç bir separatçı qurum mövcud olmamışdı. Bir sıra tarix­çilərin fikrincə, muxtar vilayət Gürcüstan Demokratik Respublikasına qarşı apar­dıqları mübarizədə dəstək verdikləri üçün bolşeviklər tərəfindən osetinlərə hədiyyə kimi yaradılmışdı.

1989-cu ildə Sovet İttifaqının artıq zəifləməyə başladığı vaxt Gürcüstan­da millətçilik hərəkatı gücləndi. Belə bir dövrdə Rusiyanın bəzi dairələri Cənubi Osetiyadakı həmin millətçilərdən gürcülə­rin müstəqillik hərəkatına qarşı istifadə etdilər. 1990-cı ildə Cənubi Osetiyanın ölkədən ayrılmaq cəhdinə cavab ola­raq, Gürcüstan Ali Soveti bölgənin mux­tar statusunu aradan qaldırdı. 1991-ci ilin yanvarında isə Gürcüstanla Cənubi Osetiyadakı separatçılar arasında hərbi münaqişə başlandı. Gürcüstan 1991-ci il aprelin 6-da müstəqilliyinin bərpasını elan etdi. Həmin vaxt separatçılar bölgədəki rus hərbi birləşmələr tərəfindən dəstək­ləndilər və paytaxt Tbilisini bombaladılar. 

1992-ci ilin iyun ayından etibarən Ru­siya ilə Gürcüstan arasında genişmiqyaslı müharibə ehtimalı daha da artdı. Bunun böyük risk olduğunu düşünən Gürcüstan hökuməti 1992-ci ilin iyununda atəşkəs müqaviləsi ilə razılaşdı. Müqavilənin şərt­lərinə əsasən gürcü, Cənubi osetiyalı, rus və Şimali osetiyalılardan ibarət Birgə Nəzarət Komissiyasının mandatı təsdiq olundu və ortaq sülhməramlı qoşunla­rın Cənubi Osetiya münaqişə zonasın­da yerləşdirilməsi qərara alındı. Keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin əhali­sinin əksəriyyəti etnik gürcülərdən ibarət olan hissəsi Gürcüstanın nəzarəti altında qaldı. Mərkəzi Tsxinvalidə yerləşən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya separatçı hökuməti isə keçmiş muxtar vi­layət ərazisinin üçdə birinə nəzarət etdi. Uzun müddət bu vəziyyət davamlı oldu.

***

Bəli, bildirdiyimiz kimi, M.Saakaşvili hakimiyyətə başladıqdan sonra ölkəsin­dəki separatizmi aradan qaldırmaq qə­rarına gəldi. O, 2005-ci ilin yanvarında Avropa Şurası Parlament Assambleya­sının iclasında çıxış edərkən, sülhün tə­min olunması üçün Cənubi Osetiyanın yenidən Gürcüstanın tərkibinə qayıtması barədə təklif verdi. Təklif Cənubi Osetiya Prezidenti Eduard Kokoyti tərəfindən qə­bul olunmadı. Bu, azmış kimi, 2006-cı ildə Abxaziyada yerli hərbi qruplaşmanın lide­ri də gürcü hökumətinə qarşı çıxdı. Buna cavab olaraq Gürcüstan Silahlı Qüvvələrinin bölmələri Kodori vadisinə daxil oldular. 2007-ci ildə Gürcüstan tərəfin­dən Cənubi Osetiyada keçmiş baş nazir Dmitri Sanakoyevin başçılığı altında mü­vəqqəti idarəetmə sistemi yaradıldı. Sis­tem Rusiya tərəfindən “kukla hökumət” adlandırıldı.

2008-ci ilin mart ayının əvvəllərin­də bir çox Qərb dövlətlərinin Rusiyanın əleyhinə çıxaraq Kosovonun müstəqilli­yini tanımasından sonra, Cənubi Osetiya və Abxaziya separatçıları Rusiyaya öz müstəqilliklərinin tanınması barədə təklif göndərdilər. Gürcüstanın NATO-ya üzv­lüyü istəklərini artdığı bir dövrdə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqil­liyini tanıyacağını bəyan etdi. Elə həmin zaman kəsiyində Rusiya Dövlət Duması Rusiya Prezidentinə və hökumətə başqa bir dövlətin müstəqilliyinin tanıması barə­də səlahiyyət verən yeni qanun qəbul etdi. 

Yeri gəlmişkən, 2008-ci ilin aprelində NATO-nun Buxarestdə təşkil olunmuş sammitində iştirak edən ABŞ-nin o za­mankı Prezidenti Corc Buş Gürcüstana və Ukraynaya Alyansın Üzvlük Fəaliyyət Planına (MAP) qoşulmaq barədə təklif verdi. Maraqlıdır ki, Almaniya və Fransa rəsmiləri bunun Rusiyaya qarşı “lüzum­suz hücum” olduğunu açıqladılar. Onu da deyək ki, sözügedən sammit ərzində Rusiya Prezidenti Vladimir Putin də Buxa­restdə idi. O, tədbirin sonuncu günü çıxış edərək, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin ölkəsinin təhlükə­sizliyinə qarşı birbaşa təhdid yaratdığını bildirdi. Ümumən, Buxarest sammitindən sonra Rusiya Gürcüstanla münasibətlər­də daha aqressiv davrandı. Qarşı tərəfin anti-Rusiya ritorikası fonunda ziddiyyətlə­rin dərinləşməsi qaçılmaz oldu. 

2008-ci il aprelin 16-da V.Putin Ru­siya hökuməti ilə separatçı Abxaziya və Cənubi Osetiya arasında rəsmi əlaqələrin yaradılması barədə fərman imzaladı. Ap­relin 23-də Gürcüstanın istəyi ilə toplan­mış BMT Təhlükəsizlik Şurasının iclasın­dan sonra ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın ortaq bəyannaməsində Rusiya bu qərarı ya ləğv etməyə, ya da həyata keçirməməyə dəvət edildi. Bu dəvət Rusiyanın BMT-dəki o zamankı sə­firi Vitali Çurkin tərəfindən “həddini aşan təklif” kimi adlandırıldı. Beləcə proseslər Avropada XXI əsrin ilk müharibəsinə doğ­ru getdi.

2008-ci il avqustun 1-dən Cənubi ose­tiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladılar. Bölgədə yerləşən gür­cü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı. Nəticədə 1992-ci ildə imzalanmış atəşkəs razılaşması qüvvə­dən düşdü. Avqustsun 7-də Gürcüstanın ordu bölmələri Cənubi Osetiyaya göndə­rildi. Bir neçə saat ərzində separatçıla­rın əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük hissəsi nəzarətə gö­türüldü. Buna Rusiyanın cavabı çox sərt oldu. Moskva Gürcüstanı “Cənubi Oseti­yaya qarşı aqressiyada” təqsirləndirdi və avqustun 8-də “sülhü təmin etmə” əməliy­yatı adı altında havadan, qurudan və də­nizdən Gürcüstan ərazisinə genişmiqyas­lı hücuma başladı. Nəticədə, gürcülər geri çəkilmək məcburiyyətində qaldılar. 

Rus və abxaz qoşunları Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hü­cum edərək ikinci cəbhə açdılar. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillə­rinin bir hissəsini blokadaya aldı. Rusiya Hərbi Hava Qüvvələri münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirdi. Nəhayət, avqustun 12-də Fransanın o zamankı Prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsi imzalandı və müharibə başa çatdı.

Rusiya avqustun 26-da Cənubi Ose­tiya və Abxaziyanın müstəqilliyini tanıdı. Rəsmi Tbilisi buna cavab olaraq Moskva ilə diplomatik münasibətləri kəsdi. Rusi­ya oktyabrın 8-dək öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonası­na aid olmayan ərazilərindən geri çəkdi. Nəzərə alaq ki, müharibə gedişində rus qoşunları tərəfindən Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərləri işğal olun­muşdu, üstəlik, rus qoşunları Tbilisinin həndəvərlərinədək gəlib çıxmışdılar.

***

Sonda Azərbaycanın başına gətiril­miş bəlalarla oxşarlıq məsələsi üzərində dayanaq. Bəli, istər Qarabağ, istərsə də Cənubi Osetiya və Abxaziya problemlə­ri müstəvisində sülhün əldə edilməməsi qlobal güclərin bir-biri ilə rəqabətinin do­ğurduğu acı mənzərədir. Bu mənzərənin ayrı-ayrı epizodları haqq və ədalət anla­yışlarını ikinci plana atır. Nəticədə, hər kəs özünü haqlı hesab edir, böyük haqlar unudulur. Durumdan əziyyət çəkən isə bölgənin xalqlarıdır. Xalqların dinc birgə­yaşamı qlobal siyasi oyunların, avantürist baxışların qurbanına çevrilir. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Əvəz RÜSTƏMOV