USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan – Misir münasibətləri siyasi həmrəylik müstəvisində

Qarabağ və Şərqi Zəngəzurun bərpasında Şimali Afrika ölkəsi də iştirak edəcək


https://img.baki-baku.az/news/2024/06/photo_12920.jpg

Azərbaycan xalqı ilə Misir ərəblərinin dostluq və əmək­daşlıq münasibətlərinin çoxəs­rlik tarixi olsa da, iki ölkə arasındakı rəsmi-siyasi mü­nasibətlərin əsas stimulu ulu öndər Heydər Əliyevin 1994-cüilin sentyabrındakı Qahirə səfəri olmuşdur. Ümummilli liderimiz həmin tarixdə BMT tərəfindən keçirilən “Əhali və inkişaf” məsələlərinə həsr olunmuş beynəlxalq konfrans­da iştirak edirdi. 

Yeri gəlmişkən, xatırladaq ki, Ulu öndərin həmin səfərindən təxminən 6 il sonra Azərbaycan hökuməti ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlıq çərçivəsində 2000–2004-cü illər üçün ölkə proqramı üzrə “Əhali və inkişaf” la­yihəsi həyata keçirilmişdir. Layihə üzrə müxtəlif demoqrafik, əhali və gender göstəriciləri hazırlanmış, müvafiq məlu­mat bazası təşkil olunmuş, məlumatlar toplusu paylanmış, 4 min ədəbiyyat­la təchiz edilmiş milli kitabxana, Bey­nəlxalq İnformasiya və Resurs Mərkəzi yaradılmışdır.

Ümummilli liderimizin Qahirə səfə­ri çərçivəsində (sentyabrın 5-də) Misir parlamentindəki Misir – Azərbaycan Dostluq Cəmiyyətinin numayəndələri ilə görüşdə çıxış edən Heydər Əliyev xüsusilə vurğulamışdır ki, xalqlarımız arasında əlaqələrin tarixi çox böyüklur. Uzun əsrlər boyu bir-biri ilə əlaqə sax­layıb, kömək ediblər. Bizim milli, dini, ta­rixi ənənələrimizdə çox oxşarlıq, eynilik vardır: “Bunlar hamısı Azərbaycan Res­publikası ilə Misir Ərəb Respublikası, bi­zim xalqlarımız arasında dostluq və qar­daşlıq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək üçün, hər bir sahədə əlaqələrimizi daha səmərəli etmək üçün çox böyük əsasdır”.

Fikrimizcə, keçən il Prezident Əbdül­fəttah əs-Sisinin Azərbaycana, bu il iyu­nun 8-də isə Prezident İlham Əliyevin Misirə rəsmi səfərləri məhz ümummmilli liderin “xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmlən­dirmək, inkişaf etdirmək üçün, hər bir sahədə əlaqələrimizi daha səmərəli et­mək üçün çox böyük əsas” adlandırdığı dəyərlərin müsbət nəticəsidir. 

Təbii ki, dövlət başçılarının səfərlə­ri zamanı təşkil olunan rəsmi qarşılan­ma, təkbətək və geniş tərkibdə görüş, sənədlərin imzalanması, digər tədbirlər olduqca böyük əhəmiyyət kəsb etsə də, mətbuat təmsilçiləri daha çox “bir­gə mətbuat konfransı”na önəm verir və gözləyirlər. Çünki bütün müzakirələrin, imzalanan sənədlərin əsas qayəsi məhz dövlət başçılarının mətbuat üçün verdik­ləri birgə bəyanatdan aydın olur. 

Elə buna görə də Misir və Azər­baycan prezidentlərinin iyunun 8-də jurnalistlərə verdikləri bəyanatdan iqti­bas gətirməyi məqsədəuyğun saydıq. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi xatırlatdı ki, Azər­baycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilmə­sinə xidmət edir: “Eyni zamanda qarşı­lıqlı maraq kəsb edən regional və bey­nəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələ­rində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik”.

Azərbaycan Prezidenti İlham Əliyev isə misirli həmkarının “qarşılıqlı ma­raq kəsb edən regional və beynəlxalq məsələlər” adlandırdığı gündəlik barədə daha açıq şəkildə danışdı: “Fələstin–İs­rail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyi­miz dövründə hər zaman diqqət mərkə­zində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır”.

Onu da əlavə edək ki, Azərbaycan Prezidenti bu mövqeyini təkcə Qahirə­də dilə gətirmədi. Dövlət başçımız həm İstanbulda keçirilən Fələstin mövzulu beynəlxalq tədbirdə, həm də 2022-ci il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlət­ləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimindəki çıxışında dilə gə­tirmişdi. 

Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycan Fələstin məsələsinin 1967-ci il sərhədləri şərqi əl-Qüds pay­taxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır. Azərbaycan QH sədri olarkən də bu prinsiplərin təş­viqinə daim töhfə verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq Azərbaycanın Ərəb İslam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin ələhiddə əhəmiyyəti var.

Yeri gəlmişkən, cənab Prezident Qahirədə olduğu kimi, Əlcəzairdə də ölkəmizin haqq işini dəstəkləyən ərəb dövlətlərindən gördüyümüz həmrəyliyi yüksək qiymətləndirərək demişdi: “Biz Ərəb Dövlətləri Liqasının üzv dövlət­lərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisat­larda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik”. Əlavə edək ki, dövlət başçımız Fransa ordusunun Əlcəzairdə törətdiyi soyqırımında azadlıq uğrunda şəhid olmuş ərəblərin məzarını da zi­yarət etmişdi. 

Fikrimizcə, “Nəyi, nə zaman, necə etməyi” hamıdan yaxşı bilən dövlət baş­çımızın 3 gün əvvəl – iyunun 8-də re­allaşdırdığı Misir səfəri məhz “birliyimizi daha da möhkəmləndirmək üçün əlimiz­dən gələni edəcəyik”– vədinin gerçək­ləşdirilməsi istiqamətində atılan addım­lardan biridir. Ekspertlərin fikrincə, ötən il Misir Prezidentinin Azərbaycana səfər etməsi, bu il isə Azərbaycan Prezidenti­nin Misirə səfəri ikitərəfli əlaqələrin inki­şafına növbəti təkan oldu.

Onu da əlavə edək ki, Misir Azər­baycanın çoxtərəfli əməkdaşlıq çərçi­vəsində ən çox tribunaya malik oldu­ğu ölkələrdəndir. Yəni Qahirə ilə Bakı bir-birinin mövqelərini BMT, Qoşulma­ma Hərəkatı, İslam Əməkdaşlıq Təşkila­tı, EKO, Ərəb Dövlətləri Liqası ( Türkiyə və Azərbaycan orada müşahidəçi statu­suyla təmsil olunurlar) və digər qurum­ların tribunasından dəstəkləyirlər. Bu zaman xüsusilə vurğulanmalı məqam­lardan biri də Azərbaycan və Misirin İs­lam həmrəyliyinin güclənməsinə xüsusi töhfələr verməsidir. 

Elə dövlət başçımızın iyunun 8-də Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, bö­yük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü də Azərbaycan dövlətinin İslami dəyərlərə böyük önəm verdiyinin göstəricisi kimi qəbul edilir. Prezident İlham Əliyev həmin görüşdə, bütövlükdə ərəb dövlətləri ilə əlaqələ­rin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlə­rindən biri olduğunu vurğuladı. Eləcə də ölkəmizdə dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, Azərbaycanın dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirdi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət etdi.

İslami dəyərlərə daim böyük önəm verən bir dövlətin ərazisindəki məscid­lərdən 65-nin işğalçı dövlət tərəfindən tamamilə dağıdıldığını diqqətə çatdıran Prezident Azərbaycanın özünümü­dafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini dedi. Dövlətimizin başçısı azad olunmuş əra­zilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçiril­məsinə başlandığını, artıq 5 məscidin bərpa olunduğunu bildirdi. Qahirədə o da vurğulandı ki, Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhəri İslam mədə­niyyətinin paytaxtı elan olunmuşdur. 

Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tay­yib Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu dilə gətirərək bildirdi ki, o, Azərbaycanda keçiriləcək COP29-a dəvət almaqdan məmnundur və həmin tədbirdə iştirak etməkdən də məmnun olacaq.

Beləliklə, Azərbaycan dövlətinin ye­ritdiyi xarici siyasət təkcə öz ölkəmizə uğur gətirmir, həm də beynəlxalq aləm­dəki dost və tərəfdaşlarımızın nüfuzu­nun artmasına kömək edir. Ölkəmizin istər ABŞ, istər Rusiya, həmçinin regi­on ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə əlaqələ­ri birmənalı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Dövlət başçımızın Misirə səfəri də həmin dü­şünülmüş xarici siyasətin mühüm tərkib hissələrindən biri kimi qəbul edilir. 

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

İttifaq MİRZƏBƏYLİ