- Daxili siyasət
- 11:02 02.10.2024
Ermənistanın hazırkı rəhbərliyi ölkəni düşdüyü geosiyasi dalan vəziyyətindən çıxarmaq üçün çıxış yolları axtarır. Çünki rəsmi İrəvan bunun iqtisadiyyata, əhalinin maddi rifahına törətdiyi fəsadları getdikcə daha aydın dərk edir. Ermənistan hökumətinin 2023-cü il oktyabrın sonlarında təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsi bunun göstəricisi sayıla bilər.
Qeyd edək ki, Ermənistan dənizlərə, okeana çıxışı olmayan dünyanın 44 ölkəsindən biridir. Ümumiyyətlə, dünya okeanına çıxışın olmaması istənilən dövlətə siyasi və iqtisadi problemlər yaradır. Bu səbəbdən tarix boyu irili-xırdalı dövlətlər, xalqlar böyük sərvət, qan tökmək və siyasi kapital bahasına olsa belə, açıq sulara çıxış əldə etmək üçün mübarizə aparmışlar.
Ermənistan şərqdə Azərbaycanla, o cümlədən cənub-qərbdə ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, qərbdə Türkiyə, şimalda Gürcüstanla və cənubda İranla həmsərhəddir. Ölkənin 1980-ci illərinin sonlarından Azərbaycana qarşı Qarabağda başlatdığı separatizm hərəkatı və sonradan davam etdirdiyi işğalçılıq müharibəsi səbəbindən Ermənistan–Azərbaycan sərhədi bağlıdır. Eyni zamanda, qardaş Türkiyə Respublikası Kəlbəcər rayonunun 1993-cü ilin aprelində erməni hərbi birləşmələri tərəfindən işğalından sonra Ermənistanla sərhəddəki iki sərhəd nəzarət-buraxılış məntəqələrini bağlayıb. Söhbət Qarsda yerləşən “Akyaka” və İğdırda yerləşən “Alican” sərhəd nəzarət-buraxılış məntəqələrindən gedir.
Türkiyə hökuməti torpaqlarımız işğalda olduğu dövrdə hər zaman bəyan edirdi ki, Qarabağda erməni zülmü bitməyənədək sərhədlərin açılmasından söhbət gedə bilməz. Məlum olduğu kimi Azərbaycan xalqı və dövləti 2020-ci ilin payızında Vətən müharibəsi apararaq, işğal altındakı torpaqlarını 44 gün ərzində azad etdi. 2023-cü ildə isə cəmi bir sutkalıq antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunun bütün ərazisi üzərində suverenliyimiz bərpa edildi. Beləliklə, Türkiyənin Ermənistanla sərhədləri açmaq üçün irəli sürdüyü şərt aradan qalxmış olub. Amma bu şərti yerinə yetirən, BMT-nin müvafiq qətnamələrini icra edən Azərbaycan özüdür. Əgər Ermənistan rəhbərliyi könüllü şəkildə işğal olunmuş ərazilərdən çıxsaydı, bəlkə də vəziyyət başqa cür olardı...
Ölkəmiz Ermənistanın yaratdığı münaqişəni, işğal faktını aradan qaldırsa da, hələ də iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Ermənistan konstitusiyasında hələ də bizə ərazi iddialarını özündə əks etdirən müddəalar qalmaqdadır. İyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev bununla bağlı da fikirlərini bölüşdü. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı bir neçə məsələ hələ də açıq qalmaqdadır. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur. Onların bizə qarşı ərazi iddiaları var idi: “Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə olaraq, mümkün deyil”.
Ancaq Ermənistan xarici işlər nazirliyinin dünən yaydığı açıqlama hayların xəstə təfəkkürdən əl çəkənə bənzəmədiklərini göstərir. Onlar Azərbaycandan əməkdaşlıqla, dinc yanaşı yaşamaqla bağlı səslənən konstruktiv fikirləri sanki, yanlış interpretasiya etməyə öyrəşiblər. XİN-in bəyanatı da onlardan biri hesab oluna bilər. Hayastanın heç bir qonşusuna, o cümlədən Azərbaycanda ərazi iddiasının olmadığının bəyan edildiyi açıqlamada daha sonra deyilib: “Ermənistan Respublikasının konstitusiyası və ona düzəlişlər Ermənistan Respublikasının daxili işləridir və biz rəsmi Bakının bununla bağlı 2018-ci ildə ölkə daxilində başlatdığımız müzakirələrə müdaxilə cəhdlərini daxili işlərimizə kobud müdaxilə kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür söhbətlər sülh prosesini tormozlayır və Azərbaycanın sülhə nail olmaq üçün səmimiyyətini şübhə altına alır”.
Ermənistan XİN-in açıqlaması Azərbaycanın hansı təfəkkürə malik şəxslərin idarə etdikləri dövlətlə müzakirə apardığını aydın şəkildə ortaya qoyur. Məhz belə bir ölkə özünün siyasəti üzündən qeyd etdiyimiz kimi, geosiyasi dalan vəziyyətindədir. Onun dörd qonşusundan ikisi ilə sərhədləri 30 ildən çoxdur ki, bağlıdır. Halbuki, Azərbaycan Prezidenti çıxışında ölkəmizin Ermənistanın daxili işlərinə qarışmaq niyyətində olmadığını aydın şəkildə ifadə etmişdi: “Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”.
Ümumiyyətlə, Azərbaycanın dünyanın bütün ölkələri ilə münasibətləri ərazi bütövlüyünə, suverenliyə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsipləri üzərində qurulub. Rəsmi İrəvanın Bakıdan verilən mesajları doğru-düzgün dərk etməsinə, öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişmələrinə ehtiyac var. Əlbəttə, bu, zaman tələb edən işdir. Onların revanşizm ideyalarından tamamilə imtina etmələri gələcəkdə sülh sazişinin imzalanması, sərhədlərin açılması, beləliklə Ermənistanıın üzləşdiyi çətinliklərdən yaxa qurtarması deməkdir. Əfsuslar olsun ki, biz revanşizm ideyalarının təkcə müxalifətdə deyil, iqtidarda da olduğunu görürük. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq dövlət başçımızın da dediyi kimi, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik.
Onu da bildirək ki, Ermənistan baş nazirinin təklif etdiyi “Sülhün kəsişməsi” layihəsi Azərbaycanla sərhədin bir neçə yerində yeni nəzarət-buraxılış məntəqələrinin yaradılmasını nəzərdə tutur. 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev Ermənistan tərəfinə məsləhət görmüşdü ki, burada manipulyasiyalarla məşğul olmasın. Ölkəmizin prinsipial mövqeyi bundan ibarətdir ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana yol Mehri ərazisindən keçməlidir. Çünki erməni tərəfinin təklif etdiyi digər marşrutlar tamamilə yararsızdır və ilboyu həmin marşrutlardan istifadə etmək mümkün olmayacaq. Ərazidə qışda iqlim və relyef də çox sərtdir. Sovet İttifaqı zamanında da dəmir yolu Mehri ərazisindən keçib. Prezident bildirmişdi ki, əks-təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, Bakının dediyi marşrut açılmasa, biz Hayastanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər.
Baş verən proseslər fonunda 2024-cü il mayın 13-də Hindistan və İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında saziş imzalanması İrəvan üçün göydəndüşmə olub. Qeyd edək ki, sazişə əsasən, razılaşma 10 il sonra yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Hindistan Errmənistana hər cür dəstək verən, son illərdə onunla əməkdaşlığı daha üstün səviyyəyə qaldıran, müxtəlif çaplı silah-sursat tədarük edən ölkədir. İranla Ermənistan arasında da yüksək səviyyəli münasibətlərin olduğu bir gerçəklikdir. Aydın görünür ki, üç ölkə birləşərək regionda “İrəvan–Tehran–Nyu-Dehli oxu” formalaşdırmaq istəyirlər. Bugünlərdə Ermənistanın “CoolCargo” MMC adlı ekspeditor şirkəti öz coğrafiyasının genişləndiyini və İranın şimal (Ənzəli) və cənub (Çabahar) limanlarında yeni filiallar açdığını elan edib. Qeyd edilib ki, bu addım Şimal–Cənub marşrutlarında, eləcə də Asiyadan Ermənistana, Avropaya və MDB ölkələrinə gedən marşrutlarda səmərəli nəqliyyat kommunikasiyasını təmin etmək məqsədini daşıyır. “Baqramyan 26” teleqram kanalı yazıb ki, Ənzəli liman filialı Şimal–Cənub marşrutu üzrə Rusiya və MDB ölkələrini İranla, həmçinin Asiya və Afrikanı (Hind okeanı vasitəsilə) birləşdirən əsas qovşaq rolunu oynayır. Bu isə Xəzər hövzəsi və Cənubi Qafqaz ölkələri üçün logistika imkanlarını genişləndirməyə imkan verir.
Həmçinin, Çabahar limanındakı filialın Asiyadan İran vasitəsilə Ermənistana, daha sonra isə Avropa və MDB ölkələrinə yüklərin daşınması üçün yeni perspektivlər açdığı vurğulanıb. Bu limanın beynəlxalq ticarətdə mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, Asiyanın dəniz marşrutlarına Hind okeanı vasitəsilə birbaşa çıxış malların idxal-ixrac prosesini xeyli asanlaşdıracaq. Habelə, İranın strateji əhəmiyyətli limanlarında filialların açılmasının “CoolCargo” MMC-yə əsas marşrutlar üzrə nəqliyyat kommunikasiyalarının səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasını təmin etdiyi qeyd olunur.
Ancaq hansı limanda filial yaratmaqdan, hansı qapıların erməni şirkətlərinin üzünə açılmasından asılı olmayaraq, bu ölkə başa düşməlidir ki, onun iki ölkə ilə sərhədləri bağlı qaldıqca hər hansı ciddi inkişafdan söhbət gedə bilməz. Eyni zamanda, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin, xüsusən də onun qərb marşrutunun açar dövləti Azərbaycandır. Şimal–Cənub məhz Azərbaycan ərazisində daha bir vacib layihəyə – qlobal Cənubun istehsalçılarını avropalı istehlakçılarla birləşdirən Transxəzər marşrutuna (Orta dəhliz) inteqrasiya olunub.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz “Qafqaz tarixi” mərkəzinin rəhbəri Rizvan Hüseynov bildirdi ki, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi qələbənin mühüm elementlərindən biri üçtərəfli bəyanatda Naxçıvana dəhlizin açılmasına dair bəndin salınması idi. Onun sözlərinə görə, Zəngəzur dəhlizi həm siyasi, həm də iqtisadi cəhətdən strateji əhəmiyyətə malikdir. Dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə birləşdirməkdən əlavə, ölkəmizi qardaş Türkiyə ilə, bütövlükdə Türk dünyasını birləşdirməlidir. Ancaq Ermənistan verdiyi sözü yerinə yetirmir və üç ildən çoxdur ki, bu dəhlizi açmaqdan imtina edir. Bunun əvəzində “Sülhün kəsişməsi” kimi cəfəng təşəbbüslər irəli sürür.
Ekspertin fikrincə, İrəvan indi gözünü İran limanlarına dikib. Bu yolla Ermənistana silah-sursat daşınmasının daha da asanlaşacağına ümid edir. Ancaq 2020-ci və 2023-cü illərin hadisələri Ermənistana dərs olmalıdır. Onlar bundan sonra da ölkəmizə qarşı hansısa addımlar atacaqları təqdirdə artıqlaması ilə cavablarını alacaqlar.
Səxavət HƏMİD