- Daxili siyasət
- 11:02 02.10.2024
Ermənistanda radikal müxalifət təmsilçilərinin aprelin 19-da Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası sahəsində əldə olunan razılaşmaya etiraz əlaməti olaraq yaratdıqları “Vətən naminə Tavuş” hərəkatının fiaskoya uğradığını radikallar özləri də getdikcə dərk etməkdədirlər. Hərəkatın başlanmasından artıq ay yarımdan çox vaxt keçir və revanşistlər başa düşürlər ki, “Vətən naminə Tavuş” uğur qazanmağı bacarsaydı, bunu indiyədək edərdi.
Artıq nəinki etiraz aksiyalarının sıravi iştirakçıları, onun rəhbəri, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan da jurnalistlərə açıqlamasında Nikol Paşinyan iqtidarını tezliklə devirəcəyini bəyan etməklə tələskənliyə yol verdiyini etiraf edib. Onun bu açıqlaması radikalların işlərinin rəvan getmədiyinin göstəricisi sayıla bilər: “Mənə çox deyirlər ki, uğur qazanmaq üçün 7-10 günə ehtiyac olduğunu demisən. Bəli, demişəm. Çünki bizim düşüncəmiz belə idi. Amma biz həmin 7-10 günlük müddətdə anladıq ki, hakimiyyəti dəyişməkdən daha ciddi problemlərimiz var”.
Baqratın digər etirafı hakimiyyət dəyişikliyinə nail olmağa yol açacaq kütləvilik yarada bilmədikləri ilə bağlı olub: “Qarşımıza min cür problem çıxdı, indi də var. Əlbəttə, istəyimiz hədəfə çatmaq idi. Biz heç kimi aldatmamışıq, aldatmırıq və aldatmayacağıq”.
Artıq keçmiş zamanda danışan Qalstanyanın bu açıqlaması erməni media resurslarında revanşistlərin məqsədlərinə çatmadan geri çəkilmələri kimi şərh olunur. Qeyd edilir ki, keşiş aprelin sonlarında aksiyalara başlayanda qarşıdakı 7-10 gün ərzində baş naziri devirəcəklərini bəyan etmişdi. Hayastan jurnalistləri Baqratın, təxminən, bir ay əvvəl verdiyi “Aylarla küçələrdə dolaşmaq istəmirəm. Uzağı 7-10 günə məqədimizə çatacağıq. Söz verirəm, konkret tədbirlər görəcəyik” sözlərini xatırladaraq həmin sözlərin küləklə havaya sovrulduğunu qeyd ediblər.
Buna baxmayaraq, revanşistlər ortalığı qarışdırmaqdan, iğtişaş salmaqdan əl çəkənə bənzəmirlər. Onlar iyunun 9-da İrəvanın mərkəzindəki Respublika meydanında növbəti mitinq təyin ediblər. Bunu iyunun 1-də Gümrüdə keçirilən mitinqdə Baqrat özü bəyan etmişdi. Onun sözlərinə görə, iyunun 9-dan hərəkatın yekun mərhələsinə başlanılacaq ki, bu məsələni yekunlaşdırsın: “Biz iyunun 9-da böyük mitinq keçirəcəyik və bu, yəqin ki, həqiqətin qələbəsinin (?) son möhürü olacaq”.
Revanşistlərin öz hərəkətlərini “müqəddəs mübarizə” adlandırmaları da diqqətdən yayınmır. Hərəkatın sosial şəbəkə hesablarında “Əziz həmvətənlər, qələbə çox yaxındır” sərlövhəsi ilə yerləşdirilmiş elanda deyilir: “Bu günlər çox mühüm iş günləridir. Biz sıralarımızı artırmalı, informasiya resurslarının imkanlarını genişləndirməli, yeni insanları cəlb etməli və iyunun 9-da keçiriləcək böyük mitinqə hazırlaşmalıyıq”.
Elanda erməni xalqından “Müqəddəs mübarizə”, “Milli cəbhə” adlı teleqram kanallarının və “Facebook” sosial şəbəkəsində “Vətən naminə Tavuş” adı ilə yaradılmış səhifənin paylaşılması xahiş olunur ki, onların sıralarına daha çox şəxs qoşula bilsin. Həmçinin, vətəndaşlardan “böyük mitinq” haqqında məlumat verən plakatlar paylaşmaq xahiş olunur: “Bizim artıq bildirdiyimiz kimi, ən böyük mitinqimiz iyunun 9-da Respublika meydanında olacaq. Əziz həmvətənlər, qələbə çox yaxındır. Biz birlikdə arzularımızın “ruhani Ermənistanı”nı quracağıq”.
Dünən onlar növbəti dəfə İrəvandakı hökumət binası qarşısında etiraz və məlumatlandırma aksiyası keçiriblər. Təşkilatçılar hamını iyunun 9-da keçiriləcək mitinqdə iştirak etməyə çağırıblar. Bildiriblər ki, ölkədə uzun müddətdir baş verənlər indiki hakimiyyətin destruktiv siyasətinin nəticəsidir və “Azərbaycanın xeyrinə davamlı birtərəfli güzəştlər” (?) Ermənistanın dövlətçiliyinə ziddir. Fəallar özləri ilə içərisində buz parçaları olan qab gətiriblər. Deyiblər ki, bu buz parçaları Günəşin hərarətinə dözmədiyi və əridiyi kimi, indiki hakimiyyət də ədalətli etiraz hərəkatı dalğasına tab gətirməyəcək.
Ancaq radikalların hansı şüarla çıxış etmələrindən, əhaliyə nə kimi çağırış ünvanlamalarından asılı olmayaraq, onların fiaskoya uğradıqları gerçəklikdir. Eyni zamanda, onların etiraz aksiyaları keçirdikləri müddət ərzində Qazaxın 4 kəndinin işğaldan azad olunması prosesi baş tutub. Mayın 24-dən etibarən həmin kəndlərdə dövlət bayrağımız dalğalanmaqdadır. Bu isə revanşistlərin arxasınca gedənləri ruhdan salan, onların sıralarını seyrəldən amildir. Onlar artıq başa düşürlər ki, iş işdən keçib və heç nəyə nail ola bilməyiblər.
Bu həqiqəti Ermənistanın ictimai-siyasi sektorunda təmsil olunan az qala bütün rasional düşüncəli şəxslər qeyd etməkdədirlər. Politoloq Armina Manukyan da B.Qalstanyanın rəhbərlik etdiyi hərəkatın baş naziri devirə bilməyəcəyi qənaətindədir. Manukyan “Panorama.am” saytına açıqlamasında deyib: “Müxalifət çətin ki, Nikolun istefasına nail ola bilsin. Etirazların miqyası geniş olsa da, sistemli deyil. Məsələn, Paşinyanın 2018-ci ildə keçirdiyi aksiyalar sistemli idi. Bunun nəticəsində o, hakimiyyətə gələ bildi. Üstəlik, Paşinyan belə durumlarda necə davranmaq lazım olduğunu bilir. O, hakimiyyət uğrunda sona qədər mübarizə aparmağa öyrəşib. Hətta, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra da indikindən daha güclü olan müxalifətə müqavimət göstərə bilmişdi”.
“Hraparak” qəzeti isə yazıb ki, hakim “Mülki müqavilə” partiyasında erməni apostol kilsəsinin gəlirlərinin və əmlakının vergiyə cəlb edilməsi ilə bağlı qızğın müzakirələr gedir. Qəzet partiyadakı mənbəyə istinadən bildirib ki, bu barədə təklif baş nazirdən gəlib. Təklif edilən qanun layihəsinə görə, kilsə vergiyə cəlb olunmalı, qanunsuz mənimsənilmiş pullar qaytarılmalı və şəffaflıq təmin edilməlidir. Hakim fraksiyada kilsənin ianələrdən, şam satışından, vəftizdən (xaç suyuna salınma), toylardan və digər mərasimlərdən əldə etdiyi gəlirlərdən, habelə ritual aksesuarların idxalından və satışından vergilərin tutulması istiqamətində müxtəlif təkliflər səsləndirilib. Qəzet qeyd edib ki, layihənin parlamentin növbəti payız sessiyasında müzakirəyə təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, kilsənin vergiyə cəlb edilməsi ilə bağlı Paşinyan parlamentlə hökumət arasında qanunverici orqanda bir neçə həftə əvvəl keçirilən sual-cavab sessiyası zamanı danışmışdı. Buna səbəb isə kilsənin və katolikos II Qareginin öz iş-gücünü bir tərəfə ataraq, son vaxtlar siyasi proseslərə qarışması, o cümlədən etiraz aksiyalarına üstüörtülü dəstək verməsidir. Təsadüfi deyil ki, Nikolu devirməyə çalışanlara hazırda kilsənin yeparxiyalarından birinin rəhbəri başçılıq edir.
“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Ermənistandakı aksiyaların uğursuzluğa düçar olmasının səbəbləri barədə “XQ”-nin sualına cavab olaraq bildirdi ki, etirazçıların hakimiyyətə gələ bilmələri üçün daxili və xarici faktorlara ehtiyac var. Onun sözlərinə görə, xüsusilə daxili faktorların rolu əhəmiyyətli olur. Xarici faktorlar isə prosesə müəyyən dəstək verir. Ancaq Ermənistandakı aksiyalar zamanı biz həm daxili, həm də xarici faktorların yetərli effekt vermədiyini gördük: “Daxili siyasət baxımından məsələyə yanaşsaq, görərik ki, bu dəfə keyfiyyətcə yeni fiqurlar – keşiş üzərindən kilsə dövriyyəyə girmişdi. Mövzu kimi, Azərbaycanla sərhədyanı kəndlər məsələsini gündəmə gətirmişdilər. Regiondan başlayan proses gəlib paytaxt İrəvana çatmışdı. Müəyyən aktivlik var idi. Amma keşiş və onun arxasındakılar kütləni yetərincə səfərbər edə bilmədilər. Həmçinin, onlar sərhədyanı bölgədə gedən prosesi dayandıra bilmədilər. Zatən dayandıra da bilməzdilər. Bu da onlarda inamsızlıq yaratdı. Onların təbii müttəfiqi ola biləcək Koçaryan və Sarkisyan da prosesə kənardan yanaşmağa çalışdılar. Risk etmək istəmədilər. Çünki ən azı indiki mərhələdə onun uğuruna inanmadılar”.
N.Cəfərsoy qeyd etdi ki, proseslərdə əsas fəallıq göstərəcək qüvvə Qarabağ klanı və ya bölgədən getmiş ermənilər ola bilərdi. Hazırda ölkənin daxili siyasətində Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında ciddi inamsızlıq var: “Erməni xalqı hazırda bu cür kasıb yaşamasının və problemlərinin çox olmasında iki səbəb göstərir. Onlar qeyd edirlər ki, birinci səbəb Qarabağ klanının 20 il ölkəni talan etmiş korrupsioner və rüşvətxor rejimidir. İkinci səbəb isə klanın Ermənistana “miras” qoyduğu Azərbaycan və Türkiyə ilə münaqişədir. Buna görə də erməni xalqının böyük əksəriyyəti bu məsələlərə passiv, seyrçi və neqativ yanaşır. Bu kimi səbəblər üzündən etiraz hərəkatı xalq tərəfindən yetərincə dəstək ala bilmədi”.
Müsahibimiz bildirdi ki, digər tərəfdən müxalif siyasi qüvvələr prosesdə lazımınca fəallıq göstərə bilmədilər. Bundan əlavə, hakimiyyət bloku da monolit qaldı. Hakim düşərgədən heç kim istefa verib müxalifətə qoşulmadı. Eyni zamanda, proseslərin nəzarət altında saxlanılması üçün ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları ciddi əmək sərf etdilər. Onlar açıq mövqe ortaya qoydular və etirazçıların mümkün təxribatlarını əngəllədilər. Hakimiyyət ordunun proseslərdən kənarda qalmasına da nail oldu. Bundan əlavə, Paşinyan ictimaiyyəti yaxşı idarə edə, ictimai rəyi yaxşı yönəldə bildi. Nikol həmin dövrdə cəmiyyətlə dialoq qurdu, ictimai televiziyaya çıxdı, regionlara getdi. Paşinyan xüsusilə, mayın 26-da Lori və Tavuş bölgələrində sel fəlakətindən dərhal sonra həmin bölgələrə getməklə, təbii fəlakətin nəticələrinin operativ şəkildə aradan qaldırılmasına dair göstərişlər verməklə özünün populyarlığını gücləndirdi. Bir sözlə, Paşinyan ictimai diplomatiya yönündə vacib addımlar atdı. Bütün bunlar daxili siyasət baxımından Nikolun uğurunu təmin edən səbəblərdir.
Prosesin xarici amilləri barədə fikirlərini bölüşən N.Cəfərsoy dedi ki, Qərbin Paşinyana daha çox dəstək verdiyi aydındır: “Qərb, sadəcə olaraq, bəyan etdi ki, etirazçıları sərt şəkildə dağıtmayın, demokratiyaya xələl gəlməsin. Ancaq etirazçılara açıq dəstək vermədilər. Hətta, keşişin vətəndaşı olduğu Kanada da proseslərdə çox səssiz davrandı. Paşinyan isə onsuz da ehtiyac olmadığı təqdirdə sərt gücdən istifadə etməyərək Qərbin dəstəyini qazanmış oldu”.
Politoloq, həmçinin bildirdi ki, Rusiya da ən azı indiki mərhələdə Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyil. Moskvanın istəyi Paşinyanın Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atması, Rusiya–Ermənistan münasibətlərinin inkişaf etdirilməsi və İrəvanın KTMT-dən uzaqlaşmamasıdır.
Səxavət HƏMİD