- Daxili siyasət
- 11:02 02.10.2024
Azərbaycanla Macarıstan arasında istər siyasi, istər iqtisadi, istərsə də mədəni əlaqələr ən yüksək səviyyədədir. Son illər iki ölkə arasında müxtəlif xarakterli tədbirlərdə, platformalarda qarşılqılı hörmətə söykənən sağlam və faydalı dialoqa şahidlik edirik. Doğrudan da, bu münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf etməkdədir. Macarıstan Azərbaycanın Avropa İttifaqında (Aİ) ən çox güvəndiyi və etibar elədiyi tərəfdaşlarından biridir. “Qoca qitə”nin qədim mədəniyyətə və Azərbaycanla soykökü bağlılığına malik bu ölkəsi ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətlərindən sayılır.
Macarıstan Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesində özünün ədalətli mövqeyi ilə daim seçilib və sülh danışıqlarında əldə olunan irəliləyişləri alqışlayıb. Bunu həm Baş nazir Viktor Orbanın, həm də Xarici işlər naziri Peter Siyartonun çıxışlarındakı fikirlər, səsləndirdikləri bəyanatlar sübut edir.
Bakıya iki gün əvvəlki səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında nazir Siyarto Azərbaycan və Ermənistanın sülh yolunda atdıqları ciddi addımları dəstəklədiyini, bölgədə anlaşma və sabitliyin bərqərar olmasını arzu etdiyini dilə gətirib. Hər iki xalqın sülh şəraitində yaşamağa layiq olduğunu diqqətə çatdıran cənab nazir Macarıstanın Aİ-yə sədrliyi dönəmində Cənubi Qafqazda bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Macarıstan Aİ-də özünün sanballı mövqeyi və çəkisi ilə fərqlənən ölkədir. Budapeşt yeri gələndə bu qurumda dominantlıq statusuna malik Fransanın anti-Azərbaycan siyasətinə qarşı çıxmağı, ikili standartlı qərarların qəbuluna veto qoymağı da bacarır. Elə Xarici İşlər naziri Siyartonun Bakıda verdiyi açıqlaması bunun bariz nümunəsi sayılmalıdır. Nazirin sözlərinə görə, Macarıstan Aİ-nin Cənubi Qafqaz regionu ilə bağlı balanslaşdırılmış siyasət yürütməsinə və “ocağa yağ tökməməsinə” diqqət yetirəcək: “Biz hesab edirik ki, Aİ-nin Sülh Fondu minalardan təmizləmə üçün Ermənistana 10 milyon avro ayırmaq istəyirsə, Azərbaycana da oxşar yardım ayrılmalıdır. Qurum sülh prosesinə heç bir halda mane olmamalıdır”.
ARAYIŞ: 2004-cü ildən Avropa İttifaqının üzvü olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa beynəlxalq təşkilatların üzvüdür.
* * *
Oxuculara xatırladaq ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxt Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orbanın 2018-ci ildə verdiyi tarixi bəyanatı da yadımızdadır. Baş nazir çıxışında bildirmişdir ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.
Son illər Bakının evsahibliyi etdiyi beynəlxalq miqyaslı bütün tədbirlərdə rəsmi Budapeşt yüksək statusda iştirak edir. Budapeştin Aİ üzvü olan bəzi ölkə liderlərində qısqanclıq yaradan Bakı və Ankara, eləcə də TDT ilə ilıq təmasları təkcə siyasi xarakterli deyil. Macarıstanın Azərbaycanla enerji daşıyıcıları ilə bağlı əməkdaşlığı da mövcuddur. Artıq bu ölkə Bakıdan mavi yanacağı qəbul edir. Bundan başqa, Macarıstan şirkətləri Qarabağda aparılan geniş bərpa və quruculuq layihələrində yaxından iştirak edirlər.
“Avropa İttifaqının (Aİ) Türkiyəyə ehtiyacı var”. Bunu isə Macarıstan Xarici İşlər naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. Cənab nazir onu da vurğulayıb ki, təbii qaz tədarükü Türkiyəsiz mümkün deyil: “Ankara bu məsələdə bizim əsas tərəfdaşlarımızdandır. Onun terrora qarşı mübarizəsini də dəstəkləyirik”.
Mühafizəkar avropalıların qitənin “türkkökənli ölkəsi” adlandırdıqları Macarıstanın məhz Türk Birliyinin bir parçasına çevriləcəyi gün uzaqda deyil. Bunun üçün tarixi şərait və bütün zəruri şərtlər göz qabağındadır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Avropa İttifaqı işğalçı dövlət olan Ermənistana bir avro da maliyyə ayırmamalıdır. Əgər ittifaq indiki İrəvan rejimini demokratik rejim kimi qələmə verirsə, onda ortaya belə bir sual çıxır: Paşinyana qədər Koçaryan və Sarkisyan prezident olanda da Ermənistanın demokratik dövlət sayılmırdısa, niyə onlara münasibət adekvat deyildi? Bu münasibət Avropanın Cənubi Qafqaz respublikalarına ikili yanaşmasının bariz nümunəsidir. Yəni, Aİ burada ikiüzlü, riyakar siyasətini nümayiş etdirir. Bu qurumun rəhbərliyi korrupsiyada ittiham olunur, bəzi yetkililəri həbs olunub, bir çox deputatlara qarşı cinayət işləri açılıb. Onlar özlərini çox obyektiv yanaşmaya mailk subyektlər hesab edirlərsə, kökündən səhv edirlər, ciddi şəkildə yanılırlar.
Macarıstan obyektivliyi, şəffaflığı və ədaləti yüksək qiymətləndirərək, eləcə də Azərbaycanla münasibətlərin inkişafında maraqlı dövlət kimi, Ermənistana birtərəfli qaydada 10 milyon avro maliyyə ayrılması ilə, əlbəttə, razılaşa bilməzdi. Bu zaman rəsmi Budapeştin veto hüququndan istifadə etməsi olduqca düzgün addımdır.
Azərbaycan–Macarıstan münasibətləri çox yüksək səviyyədədir və bundan sonra da yalnız yüksələn xətlə inkişaf edəcək. Macarıstan Xarici İşlər naziri Peter Siyartonun Bakıya səfəri və burada verdiyi ismarıclar ikitərəfli münasibətlərin keyfiyyət göstəricisi sayıla bilər.
İ.HƏSƏNQALA