- Daxili siyasət
- 11:02 02.10.2024
“Rusiya–Azərbaycan münasibətləri uğurlu, etibarlı və çox praqmatik inkişaf edir”. Fikrin müəllifi Rusiya Prezidenti Vladimir Putindir. Kreml rəhbəri nitqində, kifayət qədər, konkret və korrektdir. Əslində, cənab Putinin ölkəmizlə əlaqədar səsləndirdiyi başqa tezislərdə də qeyd etdiyimiz cəhət özünü göstərməkdədir. Ümumən, o, bütün məsələrlə birmənalı yanaşması ilə seçilən liderlərdən, siyasətçilərdəndir. Nəzərə alaq ki, bu yanaşma asanlıqla formalaşmır...
Onu da bildirək ki, diqqətə çatdırdığımız sitatdakı fikir Kreml rəhbərinin Sankt-Peterburq beynəlxalq forumu çərçivəsində Azərbaycanla bağlı səsləndirdiyi xoş sözlərdən yalnız biridir. Böyük siyasətdə isə xoş sözlər heç də boş yerə dilə gətirilmir və onların hamısının reallıqla dərin uyğunluğu var. Ancaq söhbətimiz yalnız Rusiya Prezidentinin ölkəmizlə əlaqədar hansı məqamları qabartması barədə deyil. Yazımızda dünya liderlərinin son vaxtlar Azərbaycanla, daha doğrusu, respublikamızla münasibətlər haqqında söylədiklərinə diqqət yetirəcəyik.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan dünya miqyasında olduqca dərin düşünülmüş siyasət xətti gerçəkləşdirməkdədir. Balanslaşdırılmış xassəyə malik bu xətt hadisə və proseslərə münasibətdə neytrallığı əsas götürmür. Axı Cənubi Qafqaz coğrafiyasında soyuq bitərəflilik prinsip etibarilə mümkünsüzdür. Bu səbəbdən ölkəmiz özünün balanslı mövqeyini yaşadığımız region və ümumən dünya ilə bağlı proseslərin episentrində dayanaraq tutur. Belə mövqe qlobal siyasətin sərt oyun qaydaları çərçivəsindəki fəaliyyətə əsaslanır. Deməli, həm ön planda dayanmaq, həm də balanslı siyasət ampluasına sadiqlik. Elə bir siyasətə sadiqlik ki, onda passivlik təmayülü qətiyyən yoxdur.
Azərbaycan özünün bəşəri təşəbbüsləri, dünya səviyyəli genişmiqyaslı layihələri ilə daim irəlidədir, necə deyərlər, ona yönəlmiş hücumlardan etibarlı mühafizə sisteminə malikdir. Buna görə qəbul edilir, onunla hesablaşırlar. Əslində, V.Putinin Sankt-Peterburq forumunda səsləndirdiyi fikirlər də qəbuledilmənin və hesablaşılmanın, münasibətlərdəki bərabərtərəfliliyin rasional ifadəsidir.
Cənab Putinin fikirləri, həmçinin qlobal siyasət nəhəngi Rusiyanın Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla təmaslarındakı pozitivliyin, məmnunluq və əminliyin vurğulanmasıdır. Yəni, Moskva özü üçün, kifayət qədər, strateji nöqtə sayılan Cənubi Qafqazla bağlı tam arxayındır. Məsələn, Putin bildirir ki, Rusiya–Azərbaycan dövlətlərarası əlaqələri məhz qarşılıqlı maraqlara və müəyyən dərəcədə qarşılıqlı simpatiyaya əsaslanır.
O, Azərbaycanda rus dilində 300-dən çox məktəbin fəaliyyət göstərməsinə başqa cür izah tapa bilmədiyini dilə gətirir.
Əlbəttə, Rusiyanın dövlət başçısı Azərbaycanla münasibətlər məsələsində digər məqamları da sadalayıb. Bu baxımdan, ikitərəfli iqtisadi əlaqələrin tempinin çox yaxşı inkişafın vurğulanmasından, iki ölkə arasında münasibətlərin diversifikasiyasından tutmuş, logistika sahəsindəki işbirliyinə qədər bir çox fundamental cəhətlərin üzərində dayanmaq mümkündür. Onlardan yalnız birini vurğulayaq: “Bu Şimal–Cənub yoluna gəlincə, o, çox yaxşı və məşhur beynəlxalq dəhlizə çevrilə bilər. Buradan birbaşa, Sankt-Peterburq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və oradan da Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kanalı ilə yüklərin daşınmasından, demək olar ki, 10 gün tezdir”.
Ancaq mövzumuzun girişindəki təqdimatdan göründüyü kimi, Azərbaycanla münasibətlərin önəmindən, ölkəmizin Cənubi Qafqaz müstəvisindəki tutduğu mövqedən bəhs edən yalnız Rusiyanın dövlət başçısı deyil. Bu baxımdan, ABŞ Prezidenti Cozef Baydenin fikirləri üzərində dayanmağı da vacib sayırıq. Cənab Bayden 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrikdə vurğulamışdı: “Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir”.
C.Bayden təbrikində, həmçinin bildirib ki, İlham Əliyevin Prezidentliyinin beşinci müddətinin başladığı bir vaxtda, ABŞ Azərbaycanla regional və qlobal məsələlərdə, o cümlədən, iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə səy göstərəcək. Təbrikdə, eyni zamanda, Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi göz önündədir: “Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq”.
Bəli, Baydenin dedikləri bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial siyasəti faydalarını verir. Bu siyasət ölkəmizin bütün dünyadakı nüfuzunu getdikcə yüksəldir. Əslində, mövcud həqiqət müxtəlif ölkə liderlərinin də dövlətimizin başçısına Müstəqillik Günü münasibəti ilə ünvanladıqları təbrik məktublarının leytmotivini təşkil etmişdi. Ancaq Birləşmiş Ştatlar Prezidentinin iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubdakı fikirlər ölkəmizə dəyər baxımından daha parlaq idi: “Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın”.
Prezident İlham Əliyev 44 günlük müharibə başa çatar-çatmaz bildirmişdi ki, Cənubi Qafqazın tarixində yeni mərhələ başlayır. Dövlətimizin başçısının bütün fikirləri reallıqla ciddi fiksasiya təbiətinə malikdir. Ölkəmizin liderinin səsləndirdiyi nəinki hər bir tezisin, hətta hər cümlənin da arxasında konkret iş dayanır. Belə qənaətə gəlirik ki, hazırda Baydenin Azərbaycan faktorunun əhəmiyyətini vurğulaması heç də təsadüf sayılmamalıdır və deməli, ölkəmizin getdiyi yol doğrudur.
Nəzərə alaq ki, Ağ Ev rəhbərinin düşüncələrində ölkəmiz regionun gələcəyinin, sülh və firavanlığın təminatçısı missiyasındadır. Əslində, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərə də mövcud prizmadan yanaşmaq mümkündür. A.Lukaşenko mayın 16-da Bakıda Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında regional məsələlərdən, Qafqaz coğrafiyasındakı məsuliyyət və inkişaf kateqoriyalarından söz açarkən, ölkəmizin roluna daha açıq tərzdə qiymət vermişdi: “Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. ...Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”.
Bəli, Azərbaycanın dünyadakı nüfuzu artan trayektoriyaya malikdir. Bu isə onu göstərir ki, ölkəmizi perspektiv baxımından daha böyük uğurlar gözləyir. Uğur təminatı Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev amallarına, böyük siyasət nəhənginin müəyyənləşdirdiyi kursa yüksək sadiqliklə reallaşdırdığı genişmiqyaslı fəaliyyət xəttidir. Elə bir fəaliyyət ki, xalqımızın maraq və mənafelərindən irəli gəlməklə, onu zirvələrə daşımaq kimi ali məqsədə hesablanıb. Elə bir məqsədə ki, onun reallaşması naminə görülən bütün işlərin məğzində Azərbaycanın dövlət müstəqilliyinin əbədilik faktoru dayanır. Əslində, dünya dövlətlərinin liderləri də səsləndirdikləri baxışlarla bu faktorun əhəmiyyətini vurğulayırlar. Əminik ki, gələcəkdə daha çox vurğulayacaqlar.
Ə.CAHANGİROĞLU