- Daxili siyasət
- 11:02 02.10.2024
Əslində, Rusiyanın Xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS-a müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər heç də yeni deyil. Qaluzin, ümumən, rus rəsmilərinin son vaxtlar dilə gətirdiklərini təkrarlayıb. Başlıca məqam bu təkrarlanmanın nə üçün indi səsləndirilməsindədir. Səbəb çox sadədir. Çünki Ermənistanda anti-Rusiya ovqatı hər gün daha çox güclənməkdədir.
Baş nazir Nikol Paşinyan iqtidarı ölkədə davam edən “Vətən naminə Tavuş” hərəkatı fonunda Kremlə diş qıcadır. Ermənistan hakimiyyəti arxiyepiskop Baqrat Qalstanyanın başladığı hərəkatda, belə demək mümkünsə, şimal motivlərini qabardaraq, antipatiyanı dərinləşdirir. Elə Qaluzinin söylədiklərinin erməni hakim siyasi dairələrində süngü ilə qarşılanması da antipatiyanı diri saxlamaqdır. Bununla əlaqədar yazımızın sonunda. Hələlik isə...
M.Qaluzin bildirib ki, 2022-ci ildə rəsmi İrəvan Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılaşsaydı, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxu azala bilərdi. Rusiya rəsmisinin nə demək istədiyi ortadadır. O, Ermənistan–KTMT ziddiyyətlərinin kəskinləşməyə başladığı zamandan danışır. Nəzərə alaq ki, 2022-ci ildə rəsmi İrəvan quruma rotasiya qaydasında sədrliyi həyata keçirmişdi. Baş nazir N.Paşinyan isə bu üstünlükdən istifadəyə can atmışdı, özü də cidd-cəhdlə.
Bəli, erməni hökumət rəhbəri KTMT-nin dövlət başçılarının 2022-ci ilin noyabrında İrəvanda keçirilmiş və Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı zirvə toplantısında qurumun Azərbaycana qarşı siyasi qərar çıxarmasına çalışmışdı. Daha doğrusu, Nikol Azərbaycan–Ermənistan şərti sərhədində sentyabrda yaşanmış eskalasiyaya münasibət bildirilməsini və Bakının hərəkətlərinin işğalçılıq kimi qiymətləndirilməsini tələb etmişdi.
Qeyd edək ki, Ermənistanın baş nazirinin istəyi KTMT üzvləri tərəfindən mənfi qarşılanmışdı. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko söz alaraq Paşinyanı qurumun dövlət başçılarını uşaq yerinə qoymamağa çağırmışdı. Belarus lideri, həmçinin tam aydın şəkildə mesaj vermişdi ki, Azərbaycan–Ermənistan münasibətləri KTMT müstəvisində dəyərləndirilə bilməz, rəsmi İrəvan özü Bakı ilə dil tapmalıdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşmədiyindən, KTMT-nin məsuliyyət zonası qeyri-müəyyəndir.
Ancaq sözügedən toplantı çərçivəsində İrəvana kömək məqsədilə addımların atılmasına cəhd göstərildiyini də yaddan çıxarmayaq. Bu baxımdan KTMT-nin hərbi missiyasının Azərbaycan–Ermənistan şərti sərhədində yerləşdirilməsi gündəliyi vurğulana bilər. Rusiya rəsmilərinin, o cümlədən, Xarici işlər naziri Sergey Lavrovun bu yaxınlaradək verdiyi açıqlamalardan belə qənaətə gəlmək mümkündür ki, İrəvan sammitində mövcud istiqamətdə XİN rəhbərləri səviyyəsində razılıq olub. Lakin sonradan baş nazir Paşinyan məsələyə etirazını bildirib. Qaluzin TASS-a müsahibəsində məhz həmin etirazdan da söz açıb.
Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, Ermənistan KTMT-nin deyil, Avropa İttifaqının missiyasını üstün tutdu. Onun söylədiyində həqiqət payı var. Məsələ ondadır ki, 2022-ci ilin dekabrında Azərbaycan–Ermənistan şərti sərhədində Aİ-nin mülki müşahidə missiyası yerləşdirildi və hələ də fəaliyyətdədir. Əvvəl missiyanın qısamüddətli olacağı bildirilsə də, hazırda müşahidəçilərin ərazidə lövbər salmasının nə zaman başa çatacağı məlum deyil. Üstəlik, fəaliyyətə başlayanda cəmi 20 nəfərlik sayın 200-ü keçdiyi nəzərə alınmalıdır. Hələ müşahidəçilərin tərkibində fransız jandarmları və pensiyada olan alman polisləri də var. Habelə, hazırda müşahidəçilərin tərkibinə Skandinaviya ölkələrindən və Kanadadan da təmsilçilərin qatıldığı deyilir. Rusiya XİN rəhbəri S.Lavrov elə buna görə Aİ-nin missiyasını “NATO missiyası” adlandırmışdı. Qaluzin isə müsahibəsində Ermənistan rəhbərliyinin dövlətin sərhədlərini qorumayan, qeyri-ciddi müşahidəçiliyə üstünlük verdiyini qabardır. XİN rəsmisi deyir ki, KTMT məsələsində söhbət ciddi təşəbbüslərdən, o cümlədən, Ermənistana hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən, sərhəd qoşunlarının hazırlanmasına köməkdən gedirdi.
Qeyd edək ki, Qaluzunin mövcud xüsusda vurğuladıqlarında ittiham motivi də var. O bildirir ki, Aİ-nin mülki missiyası monitorinq adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Hesab edirik ki, Rusiya rəsmisinin bu açıqlamasından sonra Aİ-nin müşahidə missiyasının fəaliyyətinə fərqli şəkildə nəzər salmaq lazımdır və şübhəsiz, nəzər salınacaq. Çünki Qaluzin, hər halda, havadan danışmır.
Əslində, Rusiya XİN rəhbərinin müavininin digər fikirlərinə də həssas yanaşılmalıdır. Məsələn, o bildirir ki, Ermənistanın addımları Moskva və KTMT-nin digər ölkələri ilə ümumi müdafiə məkanının yaradılması üzrə birgə fəaliyyətə qayıdılmasını mümkünsüzləşdirə bilər. Onun sözlərinə görə, İrəvan Qərbin təhlükəsizliyə daha çox maraq göstərdiyi şəraitdə onunla qarşılıqlı işbirliyini gücləndirmək fürsətindən yararlanır və bu, açıq-aydın duyulan reallıqdır. Qaluzinin fikrincə, Ermənistan hakimiyyətinin Qərbin milli məlumat bazalarına və təhlükəsizliyə dair həssas məlumatlara tam çıxışını təmin edəcək tələsik qərarları son nəticədə erməni dövlətinin suverenliyini təhdid altına alır. Nazir müavini, həmçinin rəsmi İrəvanın KTMT-nin işində tam şəkildə iştirakının, ilk növbədə, erməni xalqının maraqlarına cavab verdiyinə və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət etdiyinə əminliyini dilə gətirib: “İrəvanla getdikcə daha çox maraqlanan qərblilər nə vəd etsələr də, bu gün Ermənistanın təhlükəsizliyini təmin edən mexanizm kimi KTMT-yə effektiv alternativ yoxdur”.
KTMT-yə üzvlüyün, eləcə də Rusiya ilə hərbi sahədə sıx əlaqələrin son onilliklərdə müstəqil Ermənistanın mütərəqqi inkişafında əsas amilə çevrildiyini deyən Qaluzin onu da bildirib ki, Moskva Cənubi Qafqazda qonşuları arasında davamlı sülhün bərqərar olmasında maraqlı olsa da, Qərbin məqsədi tam əks niyyəti gerçəkləşdirməyə hesablanıb: “Əsas vəzifələrdən biri Avrasiyadakı inteqrasiya proseslərinə, bizim ümumi inteqrasiya layihələrimizə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, Avrasiya İqtisadi İttifaqına xələl gətirməkdir. Bunlar boğazda qalmış sümük kimidir”. Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, həm Vaşinqton, həm də onun müttəfiqləri Qərbin öz məqsədlərinə çatması naminə istənilən addımı atmağa, o cümlədən, Rusiya və qonşu dövlətlərdə daxili siyasi və sosial-iqtisadi vəziyyətin sabitliyini pozmağa hazırdırlar.
M.Qaluzinin müsahibəsində dilə gətirdiyi bir məqam da var. O deyib ki, Ermənistan dövləti xarici işlər nazirliyi və müdafiə nazirliyi çərçivəsində Rusiya ilə əlaqələrə maraq göstərməyi dayandırıb və bu, Qərbin təzyiqinin nəticəsidir. “2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın işlənib hazırlanması təklifimizə tərəfdaşlar (Ermənistan rəsmiləri – red.) maraq göstərmədilər. Müdafiə idarələri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu İrəvanı ölkəmizlə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərblilərin təzyiqinin nəticəsi kimi görürük”, – deyən Rusiya rəsmisi əlavə edib ki, ölkəsi Ermənistan hakimiyyətinin problemli məsələlərin və qıcıqlandırıcı amillərin aradan qaldırılması istiqamətində işləmək barədə ictimaiyyətə açıqladığı niyyəti əməli tədbirlər ilə reallaşdırmaq naminə addımlar atacağına inanır.
M.Qaluzin, eyni zamanda, Moskva ilə İrəvan arasında ikitərəfli təmasların tam kəsilmədiyini də vurğulayıb. Bu baxımdan mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə baş nazir Nikol Paşinyan arasındakı görüşü, Rusiyanın hazırkı baş naziri, o zamankı baş nazir müavini Mixail Mişustinin fevral ayında erməni həmkarı ilə təmasını xatırladıb. “Bizim ən mühüm nəticələrimiz ticarət-iqtisadi sahədədir”, – deyən Qaluzinin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın məhsuldar işlədiyini deməsi, Avrasiya İqtisadi İttifaqı çərçivəsindəki işbirliyindən söz açması Rusiyanın Ermənistanla körpüləri tam yandırmamaq istəmədiyinin göstəricisidir. Ancaq bu, qarşı tərəfdə adekvat qarşılanırmı? Ümumən, Kreml rəsmisinin söylədiklərinə İrəvanda münasibət necədir?
Əvvəldə bildirdik ki, M.Qaluzinin TASS-a müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər ikinci tərəfindən süngü ilə qarşılanıb. Doğrudur, süngü ritorikasına üstünlük verənlər erməni rəsmiləri deyillər. Hərçənd, onların da vaxtilə hazırda Qaluzinin sadaladıqları məqamlar ilə əlaqədar əks– mövqe tutduqları məlumdur. Məsələn, ikincilər təxminən belə bir ritorik və ironik sual səsləndirirlər: Qaluzin Ermənistanın üzləşdiyi çoxsaylı risklər dedikdə, ölkəsinin Ermənistanda dövlət çevrilişi gerçəkləşdirmək və onu suverenlikdən məhrum etmək üçün daimi cəhdlərini nəzərdə tuturmu?
Bəli, Rusiya XİN başçısının müavininin dilə gətirdikləri Ermənistanda açıq şantaj kimi qiymətləndirilir. Mövcud xüsusda baş nazir Paşinyana yaxın “Telegram” kanalları pafosa üstünlük verərək yazırlar ki, erməni xalqı belə şantajların da öhdəsindən gələcək: “Rusiya rəhbərliyi başa düşmür ki, Ermənistanda hakimiyyət kriminal klanlara deyil, xalqa məxsusdur və xalq Rusiyanın öz marionetlərini lider kimi göndərməsi planı artıq işləməyəcək. Ermənistanda kimin hakimiyyətdə olub-olmamasına xalq qərar verir”.
Erməni “Telegram” kanalları Qaluzinin müsahibəsinə münasibət baxımından onu da bildirirlər ki, Rusiya rəhbərliyi hələ də Ermənistana xəyanət edəcəyinə, xalqı vətənindən məhrum salacağına və mövcud müstəvidə dividend qazana biləcəyinə inanır, təzyiq, şantaj, yalan və təhqirlər yaymaqla, özünü xilaskar kimi göstərməyə, minnətdarlıq və müttəfiqlik tələb etməyə çalışır. Erməni blogerlər, habelə, təkcə KTMT-nin deyil, Rusiyanın özünün də Ermənistan qarşısında götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməkdən imtinası ritorikasını qabardırlar. “Avropa İttifaqının müşahidəçilərinə gəlincə, onların sizdən fərqli olaraq, Ermənistan qarşısında heç bir öhdəliyi yoxdur” kimi fikirlər səsləndirən erməni hakim “Telegram” şəbəkəsi Rusiyaya xain damğası da vurmağı yaddan çıxarmır.
Ə.CAHANGİROĞLU