USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağ tör-töküntüsü də Baqrata “yox!” dedi


https://img.baki-baku.az/news/2024/06/photo_12816.jpg

Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasına etiraz edən erməni revanşistlər yenə də öz ampluasındadır. Aprelin sonlarından indiyədək keçirdikləri aksiyalarda kütləviliyin olmamasına, xalqın onları rədd etməsinə, sıralarının getdikcə seyrəlməsinə, nəhayət, havanın temperaturunun xeyli yüksəlməsinə baxmayaraq, etirazçılar yenə də təxribatçı hərəkətlərindən əl çəkmirlər. Onlar iyunun 9-da yenidən mitinq keçirmək həvəsinə düşüblər.

Erməni apostol kilsəsinin Tavuş ye­parxiyasının rəhbəri, arxiyepiskop Baq­rat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarla­rı dünən səhər İrəvandakı Müqəddəs Anna kilsəsinin həyətinə toplaşıb. Bun­dan bir gün əvvəl isə arxiyepiskopun qeyri-adekvat danışıq tərzi, dediyi anla­şılmaz sözlər diqqəti cəlb etmişdi. Baq­rat demişdi: “Sabah saat 10:30-da mən Müqəddəs Anna kilsəsinin həyətində olacağam. Oradan çox vacib bir insanla görüşə gedəcəyəm. Kiminlə görüşəcəyi­mi demirəm, çünki dünən polisin istintaq komitəsinin qarşısını necə kəsdiyini gör­dünüz. Bizim polislər yazıqdırlar, onlar dincəlmirlər...”

Bundan sonra aksiya iştirakçıla­rı yenidən İrəvanın mərkəzində yürüş etməyə başlayıblar. Artıq paytaxtdakı, demək olar ki, bütün inzibati binaların qarşısında etiraz aksiyaları keçirən re­vanşistlərin bu dəfə üz tutduqları ünvan ölkənin insan hüquqları üzrə müvəkkili­nin (ombudsman) aparatının ofisi olub. Bu yürüş də Müqəddəs Anna kilsəsin­dən başlanıb. Ancaq etiraz hərəkatının rəhbəri yürüşün məqsədini açıqlamaq istəməyib. Baqrat sadəcə olaraq, getdik­ləri məkanın “çox vacib bir yer” olduğunu söyləyib.

“Biz insan hüquqları üzrə müvək­kilin ofisinə ona görə gəlmişik ki, onlar bizim suallarımıza cavab versinlər. Eyni zamanda, ombudsmanın insan hüquq­larının müdafiəsi işinə xidmət edib-et­mədiyini desinlər. Biz bura ona görə toplaşmışıq ki, ombudsman bütün bu müddət ərzində insan hüquqlarına xid­mət edib, yoxsa kənardan gələn göstə­rişlərə?!” – deyə Qalstanyan artıq ombu­dsman aparatında olarkən deyib.

Ombudsman Anait Manasyan isə Baqratı jurnalistlərin iştirakı ilə qəbul et­məkdən imtina edib. Eyni zamanda, in­san hüquqları üzrə müvəkkil bildirib ki, Qalstanyanı və onunla birlikdə daha 4 nəfərə yaxın şəxsi jurnalistlərsiz qəbul et­məyə hazır olması barədə təklifi qüvvədə qalır. Ombudsman aparatının ictimaiyyət­lə əlaqələr şöbəsinin rəhbəri Artur Aslan­yan bunu qurumun binası yaxınlığında jurnalistlərlə söhbətində deyib.

Öz növbəsində Nikol Paşinyan iqti­darının radikal müxalifətin aksiyaların­dan heç də narahat olmadığı görünür. Baş nazir aparatının rəhbəri Arayik Arutyunyanın keçirilən etiraz aksiyaları barədə fikirləri belə deməyə əsas verir. Ölkənin dövlət informasiya agentliyi – “Armenpress”in məlumatına görə, Arut­yunyan jurnalistlər üçün keçirdiyi brifinq­də “etiraz aksiyaları yolu ilə hakimiyyətə gələn qüvvə nə üçün indi eyni metodla hansısa dəyişikliyə nail olmaq istəyən insanlara qarşı kobudluq edir?” sualına cavab olaraq deyib: “Biz küçədə cərə­yan edən proseslərin qətiyyən əleyhinə deyilik. Siz görürsünüz ki, bizim hakimiy­yətimiz dövründə küçələrdə çoxlu siyasi proses gedir. Hüquq-mühafizə orqanları isə yalnız ictimai asayişin pozulması ha­lında prosesə müdaxilə edərək müvafiq qiymət verirlər”. Onun sözlərinə görə, dinc itaətsizlik aksiyaları keçiriləndə və ictimai qayda pozulmayanda polis həmin hərəkətləri tam dəstəkləyir.

Ermənistan istintaq komitəsi sədrinin müavini Arsen Ayvazyan isə jurnalistlərə açıqlamasında etirazçıların bu quruma ünvanladıqları ittihamlara cavab olaraq deyib: “Biz cinayət işləri düzüb-qoş­maqla məşğul olmuruq, cinayət işlərinə baxılması ilə məşğul oluruq”. O, cəmiy­yəti əmin edib ki, qondarma cinayət iş­ləri açılmır. Ayvazyan hüquq-mühafizə orqanlarının apolitik (siyasətdən uzaq) olduğunu xüsusi vurğulayıb: “İstintaq komitəsi əmrləri yerinə yetirmir, öz işini görür”.

Bu arada “Hraparak” qəzeti yazıb ki, Qarabağdan gedən haylar “Vətən na­minə Tavuş” hərəkatına dəstək vermirlər. Qeyd edilib ki, onlar hərəkatın hansısa uğur qazanmasını mümkünsüz hesab etdikləri üçün ona maraq göstərmirlər. Özlərinin separatçılıq əməlləri üzündən 2023-cü ilin sentyabrında Qarabağdan getməyə məcbur qalmış şəxslərin si­yasiləşmiş təbəqəsi isə “Vətən naminə Tavuş”un əleyhinə fəaliyyət göstərir. “Hraparak”ın özəl mənbələrinə istinadən yazdığına görə, hətta, qondarma “dqr”in “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayanın rəhbərlik etdiyi “Va­hid vətən” partiyası Baqratın hərəkatına qarşı fəaliyyət göstərir: “Samvel Baba­yan arxiyepiskopla görüşündə etiraz hərəkatını dəstəklədiyini bildirsə də, Ba­bayanın adamları gizli şəkildə baş nazir Nikol Paşinyan üçün işləməkdə davam edirlər”.

Qəzet daha sonra yazıb: “Onlar tə­sirləri altında olan media orqanları va­sitəsilə “Artsax xalqı”nı inandırırlar ki, arxiyepiskopun rəhbərlik etdiyi hərəkatın Qarabağdan köçüb gedənlərə aidiyyatı yoxdur və “artsaxlılar” onun qələbəsin­dən yararlana bilməyəcəklər. Babayan özü müsahibələrində hakimiyyəti tənqid edir. Eyni zamanda, daxili siyasi böhran­dan çıxış yolunun növbədənkənar par­lament seçkilərinin keçirilməsi ilə tapı­lacağını bildirir. Yeri gəlmişkən, seçkilər hakimiyyət tərəfindən təşkil edildiyi üçün onun necə bitdiyi də heç kimə sirr deyil”.

Ermənistandakı etirazlarla bağlı “Ar­menian Report”da dərc olunmuş “Boş­boğazlığın günahı: bir populisti digəri ilə dəyişməyə dəyərmi?” sərlövhəli məqalə­də isə bildirilib ki, artıq bir aya yaxındır “yorulmaz” Baqratın bəzən kortəbii, bəzən də süni şəkildə dəstəklənən “Vətən naminə Tavuş” hərəkatı davam edir. N.Paşinyanın siyasətindən nara­zı vətəndaşlar etirazçılara qoşulurlar: “Ermənistanda bir çoxları birbaşa qeyd edirlər ki, vətənpərvərlik şüarlarından is­tifadə edən Tavuş hərəkatı “köhnə” qüv­vələrdən – Paşinyanın 6 il əvvəl devirdiyi şəxslərdən dəstək alır. Əgər hərəkatın liderlərindən biri – deputat Qarnik Da­nielyan Robert Koçaryanın “Ermənistan” fraksiyasının nümayəndəsidirsə, onun fraksiyadakı həmkarı – sabiq preziden­tin oğlu Levon bu qədər səylə hərəkata dəstək verirsə, əksini inkar etmək çətin­dir. Ötən həftənin cümə günü isə Ermə­nistanın digər eks-prezidenti Serj Sarkis­yan birmənalı olaraq baş nazir postuna Baqrat Qalstanyanı dəstəklədiyini bəyan edib. Beləliklə, biz çox gözəl başa düşü­rük ki, “köhnə rejim”in Baqrat “srbazan”ın hərəkatında iştirakı faktdır. Rusiyanın bu qüvvələrə rəğbət bəsləməsi ehtimalı isə yüksəkdir”.

Yazıda qeyd edilib ki, “Vətən na­minə Tavuş” hərəkatı ilə N.Paşinyanın “məxməri inqilabı” arasında müəyyən oxşarlıq var. Məsələn, Nikolun 2018-ci ildə yaratdığı və “Serji devir” şüarı altın­da fəaliyyət göstərən “Mənim addımım” hərəkatı kimi, Baqratın tərəfdarları da yolları, küçələri və dövlət əhəmiyyət­li magistralları bağlayırlar. Bununla da tıxac yaranır və erməni cəmiyyətinin müəyyən hissəsinin haqlı qəzəbinə sə­bəb olur. “Baqratçılar” açıq populizmdən qaça bilmirlər.

Bildirilib ki, Baqrat son vaxtlar xalqın adından danışmağa cəhd edir. Halbu­ki, o heç parlamentin deputatı da deyil. Onun din xadimi kimi xidməti də dayan­dırılıb: “O, xalqın adından, hətta, daha çox dini, mənəvi, əxlaqi deyil, dünyəvi və siyasi mühakimələr səsləndirə bilərmi? Məncə, yox”.

Göründüyü kimi, Ermənistanda me­dia qurumlarında çalışanlar da vətəndaş mövqeyi ortaya qoyaraq “Vətən naminə Tavuş” hərəkatı ilə bağlı sərt tənqidi yazılar yazırlar. Hayastanda cərəyan edən proseslərlə bağlı fikirlərini “XQ” ilə bölüşən Beynəlxalq Münasibət­lərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları ilə bağlı iki ciddi məsələ var idi. Bunlardan birincisi müharibəni uduzan, eyni zamanda, Azərbaycanla diplomatik müzakirələri davam etdirən Nikol Paşinyanın hakimiyyətdə qalma­ğı bacarıb-bacarmayacağı, ikincisi isə Ermənistan cəmiyyətinin ölkəmizlə sül­hə hazır olub-olmayacağı, bunu qəbul edib-etməyəcəyi idi: “Əlbəttə, burada üçüncü sual da ortaya çıxırdı. Bu da beynəlxalq qüvvələrin davam edən pro­sesdə mövqeyinin nədən ibarət olacağı idi. Ermənistan–Azərbaycan sülh prose­si son 3 il yarım ərzində hər üç baxım­dan çox təlatümlü proseslərdən keçdi. Çünki bunlar iki ölkə arasında həqiqi sülhün əldə olunması baxımından vacib məqamlar idi. Aprelin 19-da Bakı və İrə­van arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı əldə olunan razılaşmadan sonra Ermənistanda baş­lanan bu proses qeyd olunan üç məqamı test etmək baxımından da vacib idi”.

C.Vəliyev qeyd etdi ki, revanşistlə­rin mövqeyi əvvəlkitək zəif olaraq qalır. Onlar uğur qazana bilmədilər: “İkincisi, Paşinyan mövqeyini, hakimiyyətini qoru­ya bilir. Üçüncüsü, Ermənistanda müəy­yən bir kütlə – revizionist (əldə edilmiş hər hansı razılığın yenidən nəzərdən keçirilməsinin zəruriliyini bəyan edən qruplar–S.H.) və revanşist qüvvələr olsa da, biz bu cür yanaşmanın mənasızlı­ğını, Azərbaycanla yeni müharibənin daha böyük mənfi nəticələr doğuraca­ğını düşünənlərin də çoxluq təşkil etdi­yini gördük. Son hadisələrdə biz bunun şahidi olduq. Bu səbəbdən onlar nə ölkə daxilində böyük xalq kütlələrindən, nə də xaricdən dəstək ala bildilər. Nəticədə ha­kimiyyəti devirmək də mümkün olmadı”.

Müsahibimiz hesab edir ki, bunun başlıca səbəblərindən biri də Paşinya­nın son 3 il ərzində həm polisdə, həm də orduda öz lehinə etdiyi dəyişikliklərdir. Əgər polisdə, orduda, hətta, məhkəmə sistemində revanşistləri dəstəkləyənlər üstünlük təşkil etsəydi, hazırda vəziyyət Paşinyanın əleyhinə ola bilərdi.

Səxavət HƏMİD




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Səxavət HƏMİD